İranın “Harop”la müqayisə etdiyi “sarışın”ı - Bu raketə nişan vurun...

İranın “Harop”la müqayisə etdiyi “sarışın”ı -  Bu raketə nişan vurun... backend

Azərbaycan ordusunun döyüş meydanında yazdığı tarix İranda hələ də qıcıq yaratmağa davam edir. İran tərəfi şimal qonşusu Azərbaycan ordusunun qüdrəti fonunda öz ordusu ilə bağlı yeni miflər formalaşdırmağa çalışmaqla daxili auditoriyaya yönəlmiş pafoslu gedişlərdən əl çəkə bilmir.

Şübhəsiz ki, ortada müqayisəyə gələ biləcək bir mövzu yoxdur. Müzəffər Azərbaycan ordusunun döyüş qabiliyyəti, keçdiyi döyüş yolu, istifadə etdiyi müasir üsul və taktikalar bir çox qabaqcıl dünya ölkəsinin marağını cəlb edir. İran ordusu ilə müqayisədə Azərbaycan Silahlı Qüvvələri ən müasir texnika və avadanlıqlarla təchiz olunub. İran ordusunun “qüdrəti”ni isə yaxın 100 ildə təsdiq edə biləcək bir fakt belə yoxdur.

Ancaq İran tərəfi bununla barışa, reallığı qəbul edə bilmir. SEPAH – İslam İnqilabı Keşikçiləri Korpusu çox çalışıb, bütün imkanlarını ələk-vələk etdikdən sonra sosial şəbəkə hesabında Azərbaycan ordusunun bütün dünyanın gözü qarşısında təsdiq etdiyi qüdrətinə, hər kəsə aydın olan bir həqiqətə əks arqument olaraq sadəcə bir foto ortaya çıxara bilib.

Sözügedən fotoda Azərbaycanın “Harop” PUA-ları “plastik gücü”, SEPAH-ın raketləri barədə isə guya kinayə ilə “raket gücü” kimi təqdim olunub. Açığı bu fotoda iranlı generalın fonundakı raketin hansı əzəməti, hansı gücü nümayiş etdirməsi böyük sual doğurur.

Bəlkə də, İran tərəfi həmin raketlərin düşməndən çox öz texnikalarını vurduğunu (İrandakı hərbi təlimlər zamanı) unudub, həmin raketlərlə Ukraynaya məxsus sərnişin təyyarəsini məhv etdiyini isə xatırlamaq belə istəmir.

Bu cür “taktiki-texniki xüsusiyyət” ürəkaçandırmı? Bunu demək də çətindir. Hər halda ABŞ-ın terror təşkilatları siyahısına saldığı SEPAH-da belə düşünürlər və ya İranın Azərbaycanın qüdrətli ordusuna qarşı özünü təsəlli etmək üçün əlində başqa “məhsul”u yoxdur. Bu silahla kimi qorxutmağı düşündüklərini də çətin ki, izah etmək mümkün olsun. Ancaq bir şeyi yəqin deyə bilərik ki, o raketlər buraxılarkən ilk növbədə İran hərbçilərinin özləri qorxuya düşür ki, görəsən “bu dəfə hansı bölməmizi vuracağıq”, yenə “bizi qorxuya salan hədəfin ucunda dinc sakinlər yoxdur ki?”

Sözügedən “böyük əzələ nümayişi” hansı əsası özündə ehtiva edir ki, SEPAH bunu bəh-bəhlə nümayiş etdirməyi ağlına gətirir? Bunun adı sadəcə acizlikdir. Çünki İran ordusunun real gücü və imkanları elə o fotodakı qədərdir. Hərbi nöqteyi-nəzərdən o qədər ürküdücü görünməsə də, fotodakı “sarı dəmir”dən başqa təyinatla istifadə edilə bilər.

Məsələn, ən ağıllı variant bu cür gözoxşayan “sarışın”dan yol kənarlarında istifadə etməkdir. Yol nişanlarını çox asanlıqla bu dəmir parçasından asmaq olar. Bu zaman ən azı dinc sakinlərə təhlükə yaratmaz, həm də İran hərbçilərini qorxuya salmazsınız...

İndi keçək İranın “sarı dəmiri” ilə müqayisə etmək kimi gülünc bir fikrə düşdüyü “Harop”larımıza. Yəqin ki, bütün dünya Azərbaycanın ən son texnologiyaları özündə ehtiva edən bu silahla necə məharətlə əməliyyatlar icra etdiyini və düşmənə sarsıdıcı zərbə endirdiyini görüb. İranın tənə etməyə cəhd göstərdiyi “plastik gücü” döyüş meydanında öz hədəfindən yayınmadı, dinc sakinləri hədəf almadı, İranın bu qaranlıq təcrübəsi Azərbaycan üçün heç zaman nümunə olmadı. Bütün düşmən hədəfləri sərrast zərbələrlə darmadağın edildi. “Harop”ın gücü Azərbaycan ordusunun qüdrəti və peşəkarlığı ilə birləşib döyüş meydanında düşmənə qan qusdurdu.

Bu gün İranda kiminsə çıxıb “Harop”u öz yararsız raketləri ilə müqayisə etməsi sadəcə gülüş və ikrah hissi doğura bilər. Çünki ortada bütün dünyanın gözü qarşısında təsdiqini tapmış həqiqətlər var.

Sonda tövsiyəmizi bir daha xatırladaq ki, cənub qonşumuz düşdüyü gülünc vəziyyətdən belə hansısa qazanc əldə edə bilsin. Bəşəriyyətin və ordunuzun təhlükəsizliyi naminə qürrələndiyiniz raketin təyinatını düzgün seçin. Hər halda İranın baxımsız və ürəkağrıdan mənzərələrlə dolu küçələrinə “sarı rəngli dirəklər” rəng qata, zövqləri oxşaya bilər. Bu cür fürsəti əldən vermək olmaz... Bu raketlə nişanları vura bilmirsiniz, heç olmasa nişanları bu raketlərə vurun... (oxu.az)

loading...
Aydinyol.az