İran ordusunun Quru Qoşunları ölkənin şimal-qərb rayonlarına öz bölmələrini və hərbi texnikalarını yerləşdiriblər.
Axar.az xəbər verir ki, bu məlumatı İran Quru Qoşunlarının komandanı Kiomərs Heydəri yayıb. O, sabahdan etibarən bölgədə hərbi təlimə start veriləcəyini bildirib.
Heydəri təlimin “Xeybəri fəth edənlər” adı ilə keçiriləcəyini söyləyib.
Təlimdə zirehli texnika, artilleriya, PUA-lar və radioelektron mübarizə vasitələrinin istifadə ediləcəyi vurğulanıb.
Heydəri təlimdə əsas məqsədin ordunun döyüş qabiliyyətini artırmaq olduğunu bildirib. O, İran ordusunun ölkənin fərqli hissələrində silah və texnikanı yoxlamaq, eləcə də döyüş qabiliyyətini artırmaq üçün planlı təlimlər keçirdiyini bildirib.
Qeyd edək ki, İranın şimal-qərb bölgəsi Güney Azərbaycanı - Ərdəbil, Zəncan, Şərqi və Qərbi Azərbaycan ostanlıqlarını əhatə edir.
Maraqlı məqam təlimə verilən adla bağlıdır.
Xeybər Səudiyyə Ərəbistanının Mədinə şəhərinin şimalında yerləşən oazisdir. VI-VII əsrlərdə bu ərazidə yəhudilər yaşayıblar. Bir sıra yəhudilər Mədinədən qovulduqdan sonra Xeybərdə məskunlaşaraq, burada Məhəmməd peyğəmbərə qarşı ətrafdakı tayfalardan ibarət koalisiya yaratmaq istəyiblər. 628-ci ildə Məhəmməd peyğəmbərin rəhbərlik etdiyi qüvvələr Xeybərə daxil olaraq bu koalisiyanı məğlub edib. 640-cı ildə isə Ərəb xilafətinin xəlifəsi Ömər yəhudilərin Xeybər də daxil olmaqla, Ərəbistan yarımadasının şimal və mərkəzi hissəsini tərk etməsini tələb edib. Yəhudilərin bu ərazidə məskunlaşması indiyə qədər qadağandır.