İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməyə qərar verib. Təlimlərə özünün ən güclü ordu birləşmələrini və hərbi texnikasını, xüsusən SEPAH hərbi birləşmələrini də cəlb edib. Bu təlimlərin İranın sərhədləri daxilində keçirildiyini, üstəlik İran Xarici İşlər Nazirliyi vasitəsi ilə ölkəmizin məlumatlandırıldığını nəzərə alsaq, ilk baxışdan hər şeyin yolunda getdiyini düşünmək olar. Ancaq sən saydığını say, gör İran nə sayır...
İran hərbi təlimləri məhz Azərbaycanla ən yaxın sərhəd ərazisində keçirir. Eyni sərhəd xətti Ermənistan əraziləri boyunca da uzanır. Amma İran Ermənistanla sərhəddə deyil, məhz Azərbaycanla sərhəddə təlim keçirməyi vacib sayıb.
Üstəlik təlimlərin Azərbaycan, Türkiyə və Pakistan arasında birgə hərbi təlimlərin baş tutduğu vaxta təsadüf etməsi də niyyətin xoş olmadığına işarə edir.
Daha dəqiq desək, bu təlimlər 30 ilə yaxın erməni işğalı dövründə Ermənistanı açıq şəkildə dəstəkləyən, yardımlarını əskiltməyən, işğal olunan torpaqlarımızın ermənilər tərəfindən talanıb, yağmalanmasına dəstək verən İranın öz aləmində “əzələ gücü” nümayiş etdirməsi düşüncəsini də yaradır.
Politoloq Araz Aslanlının sözlərinə görə, Azərbaycan və İran münasibətlərinin ciddi potensialı var. Tarixi bağlar, dini dəyərlər və qonşuluq münasibətləri düzgün dəyərləndirilsə, münasibətləri daha fərqli müstəviyə gətirmək mümkün olar. Ancaq təəssüf ki, həm işğal dövründə ermənilərin xalqımıza qarşı törətdikləri faciələrə münasibətdə, həm də 44 günlük müharibədə əldə etdiyimiz qələbəyə yanaşmada İranın düzgün mövqeyinin şahidi olmadıq.
İran bununla nəyinki, qonşuluq münasibətlərinə uyğun davranmadı, qonşuluq münasibətlərinin ruhuna zidd hərəkət elədi, həm də beynəlxalq hüquqa zidd hərəkət elədi və üzərinə götürdüyü guya islam təəssübkeşliyinə zidd hərəkət elədi. Regionda quruculuq işlərinin getdiyi bir vaxtda sərhəddə hərbi təlimlərin keçirilməsi yaxşı hal deyil. Azərbaycan hər zaman İranın ərazi bütövlüyünə, İrana xaricdən hansısa kənar müdaxilənin iştirakçısı olmamağa çalışır. İrandan da gözlənilən odur ki, Azərbaycanın ərazi bütövlüyünə tam dəstək versin.
Araz Aslanlı deyir ki, İranda müəyyən dairələrin bu cür təlimlər vasitəsilə Azərbaycana və Azərbaycan-Türkiyə əməkdaşlığına qarşı mesajlar verdiyi ehtimal olunandır.
Eyni zamanda bu ehtimal da var ki, müəyyən qərb dövlətləri var və hansı ki onlar maraqlı deyillər 44 günlük müharibənin nəticəsinin möhkəmlənməsinə. Müəyyən provokasiya məqsədləri var. İranı da buna cəlb etməyə çalışırlar. Lakin Azərbaycan regionda xüsusən quruculuq işlərində böyük uğurlar əldə edib. Bundan sonra da İranın bu cür hərbi təlimlər keçirməsi və hansısa dövlətin müəyyən pozucu mövqe tutması Azərbaycanı öz yolundan döndərməyəcək. Eləcə də Azərbaycan Türkiyə iqtisadi, siyasi hərbi əməkdaşlığının qarşısında ciddi maneəyə çevrilə bilməyəcək.
Hərbi ekspert, İbrahim Rüstəmli də bildirdi ki, İranın hərəkətlərində ölkəmizə qarşı müəyyən təhdid elementlərini görmək mümkündür.
İran öz sərhədləri daxilində hərbi təlimlər keçirir. Beynəlxalq hüquq buna yetərincə icazə verir. Ancaq bu cür həssas bir dövrdə İranın bu cür genişmiqyaslı hərbi təlimlər keçirməsi, Azərbaycana və bizə müttəfiq olan dövlətlərə, məsələn, Türkiyəyə, Pakistana və s. dövlətlərə güc nümayiş etdirməkdir. Təbii ki, bu Azərbaycan və İran münasibətlərinə çox ciddi ziyan vuran haldır. İranın bu cür addımlar atması istər İrana İstərsə də Ermənistana heç bir üstünlük verməyəcək. Həm hüquqi, həm də hərbi baxımdan Azərbaycan sıradan bir dövlət deyil. 44 günlük vətən müharibəsində ki qələbəsi, beynəlxalq arenada olan nüfuzu onu göstərdi ki Azərbaycan kifayət qədər güclü bir dövlətdir.
İbrahim Rüstəmli onu da qeyd etdi ki, son 30 ildə Ermənistanın qeyri-qanuni yolla silahlandırılmasında əsas rolu məhz İran oynayıb.
Bəli!! Ekspertlər də hesab edir ki, 30 ildə əli körpə uşaqların qanına batan, 20 faiz torpağımızı işğal edərək tarixi, mədəni abidələrimizə qarşı misli görünməyən vandallıqlar edən, Gəncə, Bərdə, Tərtər kimi iri yaşayış məntəqələrini raket atəşinə məruz qoyan, məscidlərimizdə donuz saxlayan Ermənistanı hər addımda müdafiə edən İrandan təhdid gözləniləndir. Ancaq özünü dünyanın ən güclü islam ölkəsi hesab edib, haqqı ədaləti car çəkdiyini deyən İran, eyni anda bu cür davranışlar göstərərkən bilməlidir ki, iki qibləyə namaz qılmaq olmaz.
apa.az