“Ermənistan ayaq altda qalmaq istəmirsə...” - Türkiyədəki poliqondan kritik xəbərdarlıq

“Ermənistan ayaq altda qalmaq istəmirsə...” -  Türkiyədəki poliqondan kritik xəbərdarlıq backend

Bakı və Ankaranın İrəvana daha bir ortaq mesajı: “Çaşmaq limitin bitib!”;  Azərbaycan kapitulyant ölkəyə qarşı artan iqtisadi təzyiq rıçaqlarını bir-bir işə salır...

“Ermənistanın 2-ci Qarabağ müharibəsində maddi itkisi 4 milyard dollara yaxın olub”. Belə bir açıqlamanı srağagün ölkənin Konstitusiya Məhkəməsi aparatının sabiq rəhbəri, ekspert Edqar Kazaryan verib. Bu rəqəm təxminən Ermənistanın illik büdcəsinə bərabərdir. Yəni özləri də etiraf edir ki, cəmi 44 günlük savaşda hansı fəlakətli nəticəyə tuş gəliblər.

Azərbaycan tərəfi buna bənzər rəqəmləri çoxdan açıqlamışdı. Həmçinin o da bildirilmişdi ki, təkcə dronların məhv elədiyi erməni hərbi texnikasının dəyəri 1 milyard ABŞ dollarıdır. Təbii ki, yeri heç vaxt dolmayacaq canlı itkilər də öz yerində.

Uzağı 3 milyon əhalisi olan, dünya okeanına çıxışdan və real iqtisadi inkişaf perspektivindən məhrum cırtdan bir ölkə üçün əlbəttə ki, olduqca böyük itkilərdir. Erməni işğalçı ordusu faktiki darmadağın edilib və onu təzədən və qısa müddətdə bərpa eləmək üçün indi bu “izqoy” ölkənin nəinki yetərli maliyyə resursu, heç canlı qüvvəsi, yəni kifayət qədər sayda əli silah tutan əhalisi də yoxdur. Əksinə, çağırışçı yaşda olan və gələcək üçün perspektiv görməyən ermənilər ölkəni sürətlə tərk edirlər. Bunu Ermənistanın Statistika Xidmətinin ildə iki dəfə açıqladığı məlumatlardan da görmək olar. 

Fərarilər (onların rəsmi sayı 10 mindir) üzərində davam edən məhkəmələr ölkədən kütləvi köçü bir qədər də intensivləşdirib. Erməni valideynlər övladlarının Qarabağ bir yana, heç Ermənistanda hərbi xidmət keçməsini istəmirlər. Bu, həm də o anlama gəlir ki, bir ovuc avantürist istisna olmaqla, erməni xalqı əslində müharibə istəmir. 20 iyun parlament seçkilərində Nikol Paşinyan və partiyasının qələbəsi də müstəsna olaraq, ölkədə müharibədən sonra hökm sürən bu ovqatla bağlı idi...  

*****

Zəngəzur dəhlizinin açılması regionun gələcək inkişafı üçün mühüm amildir

Təəssüf ki, “mötədil” Paşinyan hökuməti də ictimai ovqatı və sifarişi neçə aydır qulaqardı edir. Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalamağa tələsmir, sülh adına oyunbazlıq edir. 10 noyabr üçtərəfli kapitulyasiya sənədindən irəli gələn öhdəliyi - Zəngəzur dəhlizinin açılmasını süni şəkildə yubadır. Hələ harasıdır, altdan-altdan bəzi xarici güclərin, erməni lobbisinin, Rusiyanın fitnəsinə gedərək, yenə yoxsul əhalinin boğazından kəsib təzə ordu qurmaq arzusu ilə yaşayır. Bilə-bilə ki, buna uzun illər, bəlkə də on illər, üstəgəl, böyük paralar lazım olacaq.

Diqqət edin, Azərbaycan Gorus-Qafan yolunu cəmi bir neçə günlüyə bağlamaqla Ermənistanı az qala iflic duruma saldı. Özləri də etiraf edir ki, 2-ci Qarabağ savaşındakı acınacaqlı məğlubiyyətdən sonra Bakının İrəvana qarşı iqtisadi təzyiq rıçaqları birə-on artıb. Əlavə olaraq, Azərbaycan öz üstün maliyyə imkanları hesabına silahlı qüvvələrinin döyüş qabiliyyətini, maddi-texniki bazasını günbəgün artırır. Bütün strateji yüksəkliklər, strateji əhəmiyyətli yollara nəzarət də ordumuzun əlində.

O zaman düşmən tərəf (sülh müqaviləsi imzalanmadıqca Ermənistan düşmən ölkə sayılacaq), onun rəhbərliyi hansı ağılla revanşist planlar qurur, aylardır hərbi toplanışlar həyata keçirir? Paralel surətdə ölkədə Türkə nifrət isteriyası körüklənməkdədir. Qonşularla sülh və əmin-amanlıq içində yaşamağı niyyət edən bir ölkə bu kursu - erməni faşizminin təbliği yolunu tərcih edə bilməz.

Söz düşmüşkən, nasizmi qəhrəmanlaşdıran, Hitlerin əlaltılarının - Qaregin Njde və ya Dramastat Kanayanın İrəvanda abidələrini ucaldan Ermənistan bu işdə daha irəli getməyə qərar verib. Belə ki, gələn xəbərlərə görə, paytaxtın mərkəzində “Daşnaksütyun” Partiyasının təşəbbüsü ilə Osmanlı İmperiyasının və Azərbaycan Demokratik Respublikasının liderlərinin terror yolu ilə öldürülməsi ilə bağlı “Nemezis” terror əməliyyatını təcəssüm etdirən abidə ucaldılması planlaşdırılır.

Yenə sual yaranır: Ermənistan həqiqətən də Azərbaycan və Türkiyə ilə sülh anlaşması istəyirsə, Nikol Paşinyan “poztiv siqnallar”dan danışırsa, onda bu nədir bəs? Məgər Türk xalqına qarşı bir əsrdən çoxdur davam edən ksenofobik siyasətin, aşırı ədavətin erməni xalqını hansı kökə saldığı dərs olmadı? Nədən erməni tərəfi, daha sorğusu, onun yetkililəri və “siyasi xadimləri” heç cür qəbul eləmək istəmirlər ki, erməni xalqının xoşbəxtliyi həmsərhəd olmayan Rusiyaya deyil, qapıbir qonşulara - Azərbaycan və Türkiyəyə bağlıdır? Daha hansı faciələr, müsibətlər yaşamalıdır ki, Ermənistan qlobal güclərin oyununda qonşulara qarşı maşa olmağın onu hara apardığına əmin  olsun?    

Hulusi Akar Ermənistana kükrədi: “Sakın çaşma!”

Əlbəttə ki, bu dərkə gəlmək Azərbaycanla Türkiyənin problemi deyil. Ortaq hərbi təlimləri faktiki ara verməyən iki qardaş dövlət isə paralel surətdə Ermənistana həm əməkdaşlıq əli uzatmaqda, həm də xəbərdarlıq mesajları göndərməkdədir. Yəni “qamçı və kökə” taktikası.

*****

“Bölgədə həssas vəziyyət hökm sürür. Türkiyə bütün qonşularının ərazi bütövlüyünə, suverenliyinə hörmət edir. Bizim başqa ölkələrin sərhədlərini pozmaq kimi niyyətimizdən söhbət gedə bilməz. Ancaq digər tərəfdən, quruda, havada və dənizdə heç bir halda nə öz ölkəmizin, nə dost və qardaşlarımızın haqqının, hüququnun tapdalanmasına imkan vermərik”.

VİRTUAL AZƏRBAYCAN

Bunu Türkiyə müdafiə naziri Hulusi Akar Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Konyadakı 3-cü aviabazada keçirilən “TurAz Şahini-2021" hərbi hava təlimləri ilə bağlı deyib.

Xəbər verildiyi kimi, təlimləri Hulusi Akarıa yanaşı onun azərbaycanlı həmkarı Zakir Həsənov, habelə Baş qərargah rəisləri Kərim Vəliyev və Yaşar Gülər, iki ölkənin hərbi hava qüvvələrinin komandanları Hasan Küçükakyüz və Ramiz Tahirovu qırıcı aviasiya qüvvələrinin komandanı, ordu generalı Atilla Gülan, aviabazanın komandiri, general Önder Şensöz və digər rəsmilər də izləyiblər.

Türkiyənin milli müdafiə naziri deyib ki, Azərbaycanla birlikdə keçirilən bu uğurlu təlimlər düşmənləri qorxuya salır, dost və qardaşları təlaşlandırır. “Azərbaycana qarşı təhdidləri bizə qarşı təhdidlər kimi qəbul edirik”, - nazir bildirib.

Hulusi Akar həmçinin iki ölkə prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən iyunun 15-də imzalanan Şuşa Bəyannaməsini xatırladaraq, bildirib ki, bu sənəd Türkiyə və Azərbaycan arasında bundan sonrakı yol xəritəsini müəyyən edir. Yada salaq ki, həmin sənədə görə, 2021-ci il iyunun 15-dən sonra Azərbaycana hücum Türkiyəyə hücum, Türkiyəyə hücum isə Azərbaycana hücum kimi qiymətləndiriləcək.  

“Hörmətli prezidentimizlə hörmətli Əliyevin Ermənistana uzatdıqları barışıq əlinin, sülhə, sabitliyə yönəlmiş təklifə qarşılıq verilməsi önəmlidir. Amma təəssüf ki, bu günə qədər konkret cavab alınmayıb, hərçənd bəzi əlamətlər var. Bizim təmənnamız Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir yanlışlığa yol verməməsi və bölgədə atəşkəsin davamlı hala gəlməsi, sabitliyin təmin olunmasıdır”.

Bunu da  birgə təlimlər zamanı net şəkildə Hulusi Akar bildirib.

*****

Beləliklə, iki qardaş ölkə adından sərt mesaj bu dəfə Ankaradan gəlib, daha dəqiqi, ortaq təlimlərin davam elədiyi hərbi poliqondan gəlib . Mesajın qayəsini isə bu ismarış təşkil edir: “Ermənistan ayaqaltı ölkə olmaq istəmirsə, ağlını başına yığsın, yekə iddialarla yaşamaqdan vaz keçsin”.

Düşmən tərəfin özünü yığışdırması üçün xəbərdarlıq daha necə olmalıdır ki. Görəsən, Ermənistan gerçəkdənmi bölgədəki yeni geosiyasi arxitekturanın fərqində deyil? O zaman növbəti və daha ağrılı “dəmir qapaz”a hazır olmalıdır!..


“Yeni Müsavat”

Diaspora