Onun sözlərinə görə, birgə təlimlərin əsas məqsədi çoxsaylı döyüş əməliyyatları zamanı qardaş ölkələrin Xüsusi Təyinatlı Qüvvələrinin (SFU) peşəkar və taktiki hazırlığını artırmaq, sülh və müharibə dövründə əməliyyatlara hazırlaşmaq, bilik və təcrübə mübadiləsi aparmaqdır.
"Sürətlə dəyişən geosiyasi və geostrateji ssenarilər hər hansı bir xarici təcavüz və ya hücumun qarşısını almaq üçün Azərbaycan, Pakistan və Türkiyə arasında sıx əlaqə yaratmağı tələb etdiyi üçün bu həm regional, həm də bölgələrarası siqnal və jestlərə malikdir. Bu onların rəqibi cilovlamaq qabiliyyətini daha da gücləndirəcək. Önümüzdəki günlərdə hərbi təlim, təhsil, araşdırma və əlbəttə istehsal baxımından birgə müəssisələrin yaradılması üçün müxtəlif imkanlar araşdırılacaq. Onun uğurla tamamlanmasından sonra regional və trans-regional hərbi situasiya daha çox Azərbaycanın xeyrinə dəyişəcək", - politoloq deyib.
Əlavə edib ki, bu həqiqətən də iqtisadiyyat, mədəniyyət, təhsil, parlament, o cümlədən, müdafiə və təhlükəsizlik sahələrində sıx əlaqələri vurğulayan məşhur "Şuşa Bəyannaməsi"nin davamıdır və üç ölkə arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığı daha da möhkəmləndirəcək
"Ümid edirik ki, təlimlər üç ölkə arasında ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığı daha da gücləndirəcək. Azərbaycanın Müdafiə Nazirliyi hər üç ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin döyüş qabiliyyətini yaxşılaşdırmaq, sülh və müharibə vaxtında əməliyyatlara hazırlaşmaq, bilik və təcrübə mübadiləsi etməyi vacib və ilk addım adlandırıb. Doqquz günlük təlim sentyabrın 12-də başlayır. Bu çərçivədə ilin əvvəlində Türkiyə və Azərbaycandan olan qoşunlar Bakıda birgə hərbi təlimlər keçirdi. Düşünürəm ki, "Üç Qardaş-2021" beynəlxalq təlimləri bilik və təcrübə mübadiləsi üçün əlverişli mühitin yaradılmasında, eləcə də dost və tərəfdaş ölkələrin hərbçilərinin sülh və müharibə dövründə əməliyyatlara hazırlanmasında mühüm rol oynayacaq", - o vurğulayıb.
Həsən Xan söyləyib ki, 2021-ci ilin iyulunda Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin spikerləri ilk dəfə Bakı Bəyannaməsini imzaladılar: "2020-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələri Azərbaycan mülkilərinə və ordusuna hücum etdi. 44 gün davam edən və Azərbaycanın qalib gəldiyi müharibə noyabrın 10-da atəşkəs razılaşması ilə başa çatdı. Müharibə dövründə Azərbaycanın daha yaxşı hərbi hazırlığı, taktiki və peşəkar üstünlüyü, yenilikçi və qabaqcıl müharibə texnologiyalarından istifadəsi, insanla süni intellektin effektiv və ideal birləşməsi, ən vacibi də Prezident İlham Əliyevin uzaqgörən liderliyi son nəticədə faşist Ermənistanın işğalına son qoydu, Qarabağ azad edildi.
Bundan başqa, Azərbaycanın müzəffər Ordusu "müharibə təhdidi" anlayışını kökündən dəyişdirdi, üstəlik, Prezident İlham Əliyevin regional və qlobal miqyasda möhtəşəm diplomatik manevrləri Ermənistan və tərəfdarlarının məğlubiyyəti qəbul etməsindən və qeyri-qanuni olaraq işğal etdikləri ərazidən çıxamalarından başqa heç bir seçim qoymadı. Azərbaycan Dağlıq Qarabağın bir neçə şəhərini və 300-ə yaxın qəsəbə və kəndini təxminən 30 illik işğaldan azad etdi".
Politoloq söyləyib ki, "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Türkiyə ilə Azərbaycan arasında sıx münasibətlər var. Prezidentlik dövründə dövlət başçısı Rəcəb Teyyub Ərdoğan Azərbaycana 20 dəfədən çox səfər edib, heyət ziyarətlərinin sayı isə 100-ü keçib.
Onun sözlərinə görə, "Üç Qardaş-2021" hərbi təlimlərinin keçirilməsi gələcəkdə Pakistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli strateji dialoqun və tərəfdaşlığın, hərbi əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı bir əlamətdir.
"Bundan əvvəl Azərbaycan, Pakistan və Türkiyə arasındakı hərbi əlaqələr bölgədə yeni müdafiə tərəfdaşlığının ortaya çıxdığına işarə edirdi. Birgə təlim istehsal, texniki təhsil və taktiki hazırlıq baxımından əslində ikitərəfli və üçtərəfli müdafiə əməkdaşlığını daha da gücləndirəcək. Xüsusilə, Baş Qərargah rəisi general Qamar Cavad Bacvanın Bakıya səfərindən sonra Pakistanla Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi perspektivləri hərbi əməkdaşlıq baxımından da aydınlaşdı. Öz növbəsində, İslamabad Pakistanda hərbi dəniz və hava qüvvələrinin təlimi baxımından Azərbaycana kömək edir. Hər iki ölkə, hazırda ilkin mərhələdə olan “JF-17 Thunder”in satışı ilə bağlı ciddi danışıqlar aparır.
Pakistan Hərbi Hava və Hərbi Dəniz Qüvvələr Rəislərii, general Nadim Raz Bakıya səfər etdilər, Qarabağın işğaldan azad edilmiş bütün ərazilərinə köçürülmə, orada yenidənqurma işləri aparılması, bölgəyə sərmayələr qoyulması ilə bağlı təcrübə mübadiləsi apardılar.
Azərbaycanın Hərbi Dəniz Komandanı Pakistana səfər etdi, Hərbi Dəniz və Silahlı Qüvvələrinin rəisləri ilə görüşdü, iki ölkə arasında hava qüvvələri və hərbi-dəniz sahəsində əməkdaşlığın əhatə dairəsini, sahəsini və perspektivlərini daha da gücləndirən regional sülh və sabitliklə əlaqədar qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər. Pakistanın Sərhəd İşləri Təşkilatının Baş direktoru da Bakıya səfər etdi, infrastruktur layihələrində, minaların təmizlənməsində və qızıl hasilatında gələcək əməkdaşlığın müxtəlif yolları araşdırıldı".
Ekspert onu da deyib ki, bundan əvvəl Pakistan və Azərbaycan "ikitərəfli hərbi əməkdaşlıq müqaviləsi" imzalayıb və bu müqavilə iki ölkə arasında hərbi əməkdaşlığa təkan verib: "Azərbaycan və Pakistan nisbətən oxşar silah və hərbi maşın sistemlərinə sahibdirlər ki, bu da gələcək inkişaf üçün ortaq bir işarədir. Hər iki ölkənin hərbi əməkdaşlıq sahəsinə silahlı qüvvələrin müntəzəm hərbi təlimlərinin əlavə ediləcəyi də güman olunur. Azərbaycan və Cənubi Qafqaz üzrə regional mütəxəssis olaraq "Üç Qardaş-2021" hərbi təlimlərinin keçirilməsini yüksək qiymətləndirirəm və bunu tarixi, müsbət və məhsuldar adlandırıram. Bu tədbir Azərbaycan, Pakistan və Türkiyə üçün çoxsaylı geosiyasi və geostrateji üstünlüklərə malikdir. Bölgədə sürətlə dəyişən tendensiyalar iqtisadiyyat, ticarət və əlbəttə, hərbi əməkdaşlıq baxımından sıx əlaqələri təşviq edir. Bəşər sivilizasiyasının tarixi və təkamülü güclü müdafiənin, milli qürurun və ərazi suverenliyinin əsl qarantı olduğunu ortaya qoyur. Beləliklə, “Üç Qardaş-2021” hərbi təlimi doğru istiqamətdə doğru bir addımdır". (azvision.az)