“Üç Qardaş - 2021” təlimi mühüm mesajdır - Türkiyəli general

“Üç Qardaş - 2021” təlimi mühüm mesajdır -  Türkiyəli general backend
Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçirilir. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatların hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır.   "Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Bundan əvvəl Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlim keçirilib. Ardınca Pakistanın iştirakı ilə ilk dəfə olaraq hərbi təlimlərə start verilməsi isə üç ölkənin qardaşlıq münasibətlərini bütün istiqamətlərdə daha da möhkəmləndirmək əzmini göstərir.

Mövzunu Azvision.az- a şərh edən türkiyəli general Yücel Karauz xatırladıb ki, Türkiyə, Azərbaycan və Pakistanın ortaq hərbi təlimləri tarixdə bir ilkdir. Bu təlimlər bir neçə səbəbdən böyük əhəmiyyət daşıyır. Birinci əhəmiyyəti isə məhz onun ilk dəfə keçirilməsidir.

"Təlimlərin adının “Üç Qardaş – 2021” olması da mühüm mesajdır. Çünki bu üç dost, qardaş ölkə hər zaman bir-birinə dəstək olub, beynəlxalq müstəvidə ortaq mövqe nümayiş etdiriblər. Tarix boyu mövcud olan qardaşlıq bağları bu gün də davam edir və gələcəkdə də yüksələn xətlə davam etdiriləcək. Eyni zamanda siyasi münasibətlərin inkişafı fonunda qardaşlıq münasibətlərinin, strateji ortağlığın silahlı qüvvələr arasında da mövcudluğu vacib məqamdır. Başqa bir əhəmiyyətli nüans bu təlimlərin ilk dəfə Azərbaycanda keçirilməsidir. Azərbaycanın bölgədə lider dövlət, real güc olaraq hərbi tədbirə ev sahibliyi etməsi onun uğurlu inkişafının göstəricisidir. Türkiyə Avropada və bu coğrafiyada bir gücdür, Azərbaycan Qafqaz bölgəsinin, Pakistan isə Asiyanın gücüdür. Dolayısı ilə bu üçlüyün arsındakı körpü, hərbçilərin ortaq təlimləri, silah sistemlərinin sınaqdan keçirlməsi və ortaq qərarlılığın nümayişi həm Qafqazda sülh, təhlükəsizlik və sabitlikdir, həm də qlobal səviyyədəki bütün fəaliyyətlər üçün önəm daşıyır. Yəni Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsi kimi beynəlxalq layihələr baxımından güvən və təhlükəsizliyin təmininə töhfə verəcək", - general deyib.

Onun sözlərinə görə, hərbi təlimin xüsusi təyinatlıların iştirakı ilə keçirilməsi İkinci Qarabağ müharibəsinin, xüsusi təyinatlıların Şuşanı qanla, şərəflə, tarix yazaraq almasının ildönümü ərəfəsinə təsadüf etməsi əhəmiyyətlidir:

"Bu təlimlər Qarabağda atəşkəsə dair 10 noyabrda əldə edilmiş üçtərəfli razılaşmanı yerinə yetirməyən Ermənistana və onun havadarlarına da bir mesajdır. Üç ölkə silahlı qüvvələri arasında koordinasiya, ortaq təlimlər, müdafiə sənayesində əməkdaşlıq, hərbi gücün birləşdirilməsi həm bölgə, həm də qlobal miqyasda meydana gələcək inkişaflar baxımından da çox önəmlidir".
Diaspora