“Keçmiş Dağlıq Qarabağ ərazisinin bəzi yerlərində və sərhəddə tez-tez atəşkəsin pozulması və təxribatlar müharibəyə səbəb olmayacaq”.
Bunu son günlər 3-cü Qarabağ müharibəsinin başlayacağı yönündə səsləndirilən iddialara münasibət bildirən Hərbi Polis İdarəsinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Rövşən Məhərrəmov bildirib ki, nə Rusiya, nə də Ermənistan müharibə aparmağa hazırdır:
“Bu iddialar təxribatdır. Rusiyanın qurduğu bir oyundur. Yaxın vaxtlarda müharibə ola bilməz. Ancaq kəskin atəşkəs pozuntuları ola bilər. Atəşkəsin pozulmasının intensivləşməsi gözləniləndir. Bu. müharibə səviyyəsinə gəlib çıxmayacaq. Lokal döyüşlər mümkündür. Bu iddiaların başında duran Rusiyadır. Sülhməramlılar orada ola-ola Ermənistanın deputatları, vəzifəli şəxsləri Xankəndidə nə gəzir? Onlar öz vəzifəsinin öhdəsindən gələ bilmirlər. Hətta deyərdim ki, bunu istəmirlər.
Bir dəfəlik anlamaq lazımdır ki, nə Ermənistan, nə də Rusiya risk edib, müharibə başladacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında dedi ki, işağaldan azad edilmiş torpaqlarda təhlükəsizliyin təminatına qarant veririk. Yəni sabah müharibə başlasa, Türkiyə tərəf olacaq. Ermənistana görə isə Rusiya Türkiyə ilə heç vaxt müharibə etməz”.