Nazir Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik edib

Nazir Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti  təbrik edib backend

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!
Müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzi olan Qurban bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı insanlar arasında bərabərliyin, birliyin daha da artırılmasının və eyni zamanda cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığın, humanizmin, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təntənəsinə çevrilib.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq adət və ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərmişdir.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin bu gün davam etdirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan dövlətinin iqtisadi dayaqları möhkəmlənib. Ölkəmiz demokratik dövlət quruculuğu və dinamik inkişaf prosesində böyük nailiyyətlər qazanaraq, dünyada islami və bəşəri, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır.

Cənab Ali Baş Komandan tərəfindən atılan inamlı addımlar sayəsində Azərbaycan Respublikasının müdafiəsi və təhlükəsizliyinin təminatçısı olan ordumuz gündən-günə qüdrətlənir, dünyanın ən güclü orduları sırasında yer alır.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz Vətən müharibəsində zəfər qazandı. Ali Baş Komandanın qətiyyəti, müdrik və uzaqgörən siyasəti, eyni zamanda ordumuzun vətənpərvər, peşəkar zabit və əsgərlərinin şücaəti, qəhrəmanlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilən  torpaqlarımızda əzəmətlə, qürurla dalğalanır.

Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, şəhidlərimizin valideynlərini və ailə üzvlərini, şəxsi heyəti bayram münasibətilə təbrik  edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və Vətənə, xalqa, orduya şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığınızı daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəksiniz.

Sizi Qurban bayramı münasibətilə  bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Qurban bayramı həyatınıza  əmin-amanlıq, firavanlıq, süfrələrinizə xeyir-bərəkət gətirsin.

Bayramınız mübarək olsun".

 

Diaspora