“Ölüm tısbağaları”nın qatili: TAMKAR nələrə qadirdir – Hərbi ekspert

“Ölüm tısbağaları”nın qatili: TAMKAR nələrə qadirdir – Hərbi ekspert backend

Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən Qarabağda ən aktual məsələlərdən biri ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Bu məqsədlə hazırda bir neçə növ mexaniki minatəmizləmə vasitələrindən istifadə edilir.

Qarabağda aparılan döyüş əməliyyatları zamanı istifadə edilən vasitələrdən biri də TAMKAR sistemidir. Türkiyənin məşhur atıcı silah ixracatçısı olan “Makina ve Kimya Endüstrisi Kurumu” (MKEK) şirkəti tərəfindən istehsal olunan TAMKAR minalanmış ərazilərdə keçid açmaq üçün nəzərdə tutulur.

İlk dəfə 8-10 may 2017-ci il tarixində Türkiyə Silahlı Qüvvələrinin 28-ci mexaniki piyada diviziyasının komandanlığının Tabor Əməliyyat Qrupu tərəfindən həyata keçirilən döyüş atışlı təlimlərində TAMKAR sistemi təyinatı üzrə tətbiq edilib.

İlk sınaqları və döyüşlərdə tətbiqi

Türkiyənin cənub-şərqi Anadolu bölgəsininin Silvan, Hakkari, Dargeçit, Silopi, Cizrə və Bitlis rayonlarında PKK-ya qarşı də aparılan "Xəndək Əməliyyatı"nda ilk dəfə döyüşdə istifadə edilən bu sistem Suriyanın Afrin şhərində keçirilən "Zeytin Budağı" əməliyyatı ilə yenidən gündəmə gətirildi. TAMKAR minalanan əraziləri təmizləməklə təhlükəsiz keçidlər açır. Bu isə güc strukturlarının həmin ərazilərdən təhlükəsiz keçidini təmin edir.

Konstruksiyası

Sistem asanlıqla daşına bilən qoşqu platforması üzərində qurulub. Qoşqunun istənilən təkərli və ya tırtıllı nəqliyyat vasitəsilə döyüş əməliyyatları zonasına daşınması mümkündür. TAMKAR sisteminin quraşdırılması və istifadəsi çox asandır, Atıcı qurğunun sursatla doldurulması qısa müddət tələb edir. Atəş açılmadığı təqdirdə sursat boşaldıla bilır.



TAMKAR ilə minalı ərazilərin təmizlənməsi prosesi

MKEK şirkətinin TAMKAR sisteminin raketi, arxasına bağlanan zəncirvari partlayıcılardan ibarət mina məhvetmə sursatıdır. TAMKAR sistemi təmizlənmək üçün nəzərdə tutulan minalanan əraziyə gətirildikdən sonra sistemdəki raket ilə həmin ərazi atəşə tutulur. Raket buraxıldıqdan sonra parabola şəklində uçuş həyata keçirir, arxasındakı partlayıcılar da bu kurs üzrə onun tarayektoriyasını izləyir. Raket yerə toxunanda partlayıcılar da torpaq səviyyəsinə enir və yerlə təmas etdiyinə görə partlayır. Minalar uzaqdan atəş açmaqla, partlayışların heyətə və atıcı qurğuya təsir zonasından kənarda baş verməsi ilə məhv edilir. Təmizlənən ərazi yer səthində qeyd olunur.

Texniki imkanları

TAMKAR yerləşdiyi nöqtədən 200 metr məsafədə, 10 metr enində və 100 metr uzunluğinda ərazidə yerləşən minaları təmizləyə bilir. Sistem ardıcıl 8 raket buraxır. Ərazinin minalardan tam təmizlənməsi ehtimalı 99 faizdir.

Texniki xüsusiyyətləri

Ümumi kütləsi: 2800 kq (Qoşqu, atıcı qurğu, partlayıcı fitil, raketi daxil olmaqla);
Raketin istismar və saxlama temperaturu: -40 ilə +50 dərəcə arasında;
Raketin anbarda saxlama müddəti: 10 il;
Təmizlənən mina növləri: TM45, TM57, TMKR-2, MK-56 və bunların analoqları;
Daşınması: Qoşquda;
Raket növü: 2.75 ”G1;
Raket sayı: 8 ədəd;
Uçuş məsafəsi: 200 m;
Təmizləmə sahəsi: 100 m x 10 m;
Təmizləmə dərinliyi: 1 metr;
Partlayıcı tip: C-4;
Partlayıcı kütləsi: 400 kq;
Təmizləmə əmsalı: 99%;
Effektiv təmizlənən mina növü: təzyiq tipli;
Atəş metodu: xüsusi detonator;
Qurğu tipi: Aktiv atıcı.



Nəticə

MKEK şirkəti TAMKAR-dan başqa TAMGEC adlı sistemin də istehsalçısıdır. Hər ikisi əvvəl qeyd edildiyi kimi, raketin arxasına bağlanan zəncirvari partlayıcılarla minaları məhv etməklə funksiyalarını yerinə yetirir. Bölmələrin minalı ərazilərdən keçməsi üçün ideal sistemdir.

Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində əks hücum əməliyyatlarının mühəndis təminatında Türkiyədən əldə edilən TAMKAR mexaniki vasitələrdən geniş istiadə edib.
 


Türkiyə PUA-larının Qarabağdakı döyüş əməliyyatlarında uğurlu tətbiqi kimi, TAMKAR-ın da istifadəsi bu vasitələrə olan tələbatı bir neçə dəfə artırıb. Bundan başqa, Azərbaycanın minatəmizləyən bölmələri qardaş ölkələrin mexaniki mina təmizləmə vasitələrindən, o cümlədən, MEMMAT sistemlərindən uğurla istifadə edir. Bu isə Türkiyənin silah bazarında mövqelərinin möhkəmlənməsinə Azərbaycanın verdiyi mühüm bir dəstək hesab edilir.

Bir raketlə 1000 kv.metr, 8 raketlə isə 8000 kv.metr ərazidə 1 metr dərinliyində minalardan təmizlənməsi və keçidlərin açılması ciddi bir göstərici olaraq Silahlı Qüvvələrimizin hücum potensialını artırır. TAMKAR-ın tətbiqi müharibə zamanı qoşunlarımızın hücum templərini maksimuma çatdırmağa imkan verib. TAMKAR-ın Qarabağda uğurlu tətbiqi yaxın gələcəkdə Türkiyə PUA-ları kimi, bu vasitələrin də ixrac potensialını bir neçə dəfə artıracağı şübhəsizdir.

Ədalət Verdiyev, hərbi ekspert
azvision.az

Diaspora