Türkiyə milli hərbi sənayesi pilotsuz döyüş sistemləri sahəsində daha bir nailiyyət əldə edib.
Virtualaz.org xəbər verir ki, TÜBİTAK SAGE şirkəti tərəfindən işlənib hazırlanan, termobarik başlıqlı “Togan” mini-bombasının dünyada atıcı silahla silanlanmış ilk dron olan “Songar” a inteqrasiyası tamamlanıb. Şirkətin saytında yer alan xəbərdə bildirilir ki, “Songar” dronundan atılan döyüş başlıqlı “Togan” mini-bombası hədəfi yüksək dəqiqliklə vurub. Bununla da döyüş sursatının silahlanmaya qəbul edilmək üçün hazır olduğu sübuta yetirilib.
TÜBİTAK SAGE şirkətinin icraçı direktoru Gürcan Okumuş bildirib ki, “Togan” müxtəlif platformalarda istifadə edilən “hava-yer” tipli döyüş sursatıdır və NATO ordularında istifadə edilən 81 millimetrlik minaatan mərmisinin bazasında hazırlanıb. Olduqca aşağı maya dəyərinə malik olsa da termobarik başlıqla təchiz edildiyi üçün böyük dağıdıcı gücə malikdir.
“Songar” silahlı dronu Türkiyənin ASİSGUARD şirkəti tərəfindən istehsal edilir və bu dronlar zirehli avtomobillərə inteqrasiya edilib. Yəni zirehli transportyorların üzərindən havaya qalxa, bir neçə kilometr radiusda uça və aşkarlanan hədəfə pulemyotla atəş aça bilir. Dron pulemyotla yanaşı avtomatik qumbaraatanla da təchiz olunub.