“Müharibə silahlı qüvvələr üçün bir imtahandır. İmtahanı biz verdik, lakin bizi imtahana Türkiyə Silahlı Qüvvələri hazırlayırdı. Bizim zabitlər orada hərbi təhsil alırdılar”.
Bu sözləri “REAL TV”-yə müsahibəsində Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Z.Həsənovun sözlərinə görə, Azərbaycan ordusunun hissə və birləşmələri orada təlimlər keçirdilər:
“Prezident İlham Əliyev öz çıxışında da bildirib ki, Türkiyə ilə hərbi əməkdaşlıqdan danışanda yalnız 2019-cu ildə 13 irimiqyaslı birgə təlimlərin keçirildiyini vurğulayıb. Bu təlimlərdə Türkiyə Silahlı Qüvvələrinin zabitləri, bizim zabitlərin, hərbi birləşmələrin döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırılması üçün dəstək olaraq təlimlər keçirdilər. Hətta bir-iki tabor tam şəkildə Türkiyəyə göndərilərək orda təlim keçiblər. Bilin ki, orduda minlərlə peşələr var. Ona görə də döyüş və mənəvi hazırlıq çox önəmlidir.
Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularından biridir. Bizim onlarla dilimiz, dinimiz birdir və biz bundan bəhrələnirik. Təbii ki, müharibə hazırlığında Türkiyə Silahlı Qüvvələrinin dəstəyi əvəzsizdir”.
Z.Həsənov Pakistanın da dəstəyindən danışıb:
“Bizə yaxın olan dövlətlərdən biri də Pakistandır. Bizim onlarla yaxşı hərbi əməkdaşlığımız var. Mən özüm də bir neçə dəfə Pakistanda olmuşam, paradda iştirak etmişəm. Onların bizi necə dəstəklədiyini görmüşəm. Pakistan xalqı bizə qardaş xalqdır. Müharibə zamanı və müharibədən sonra Azərbaycan xalqı bizim bayraqlarla yanaşı Türkiyə və Pakistan bayraqlarını da dalğalandırdılar”.