Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıb - FOTO

Ermənistanla sərhəddə daha bir hərbi hissə fəaliyyətə başlayıb -  FOTO backend

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılma­sı, hərbi qulluqçuların maddi-texniki təminatı, sosial şəraitinin yaxşılaşdırılması üzrə təd­birlər davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, may ayının 24-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sər­hədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bununla əlaqədar təşkil olunan mərasimdə DSX rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Xidmət rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda işğaldan azad edilmiş dövlət sərhədlərinin müdafiəsi və mühafizəsi məsələlərinə ali dövləti qayğı sayəsində qısa müddət ərzində bu ərazilərdə zəruri infrastrukturun yaradılması üzrə işlərin sürətlə davam etdirildiyi, hazırkı hərbi hissənin də xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədlərinin mühafizəsi üçün böyük əhəmiyyət kəsb etməsi bildirilib.

Tədbir iştirakçıları yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliy­yətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitə­lərə, avtomobil texnikasına baxış keçiriblər.

Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənmiş hərbi qulluqçular təltif olunublar.

Diaspora