Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7315

Digər sorğular

Müharibədən qayıdan jurnalist: “Həmin vaxt Şuşada olardımsa...” - MÜSAHİBƏ

11:34  |    09 Yanvar 2021  |   E-mail  |  Çapa göndər


44 günlük Vətən müharibəsinin döyüşçüləri arasında qələməni süngü ilə əvəz edən jurnalistlər də oldu.

Onlardan biri də Oxu.az-ın əməkdaşı, jurnalist Aqşin Kərimovdur. Yeri gəlmişkən, Aqşin daha əvvəl Modern.az saytında çalışıb. Əməkdaşımız onunla söhbətləşərək, müharibə xatirələrini öyrənib.

- Aqşin, müharibə başlayarkən sizi də Ordu sıralarına çağırdılar. Bunu gözləyirdinizmi?

- Əlbəttə gözləyirdim. Səhv etmirəmsə, 2015-ci ilin fevral ayı idi, Orduda təlimlər keçirilirdi. Bu həm də səfərbərliyə hazırlığı yoxlamaq üçün güman edirəm ki, bir test idi. Məni də təlimlərə çağırdılar və canla-başla getdim. O gündən bu yana düşünürdüm ki, müharibə başlasa, çağırılanlardan biri də mən olacam. Belə də oldu. Tovuz döyüşlərindən sonra - sentyabrın əvvəllərində gümanlarımın reallığa çevrildiyini hiss edirdim. Sentyabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev qismən səfərbərliklə bağlı detalları mətbuat nümayəndələrinə açıqladı. Mən də həmin brifinqdə idim, onun dediklərini yazdıqca, özümü müharibənin içərisində hiss etməyə başladım. İntuisiyam məni yanıltmadı, axşam atam zəng edib dedi ki, sənə çağırış gəlib. Mən də böyük inam və fəxrlə yollandım, əmin idim ki, Azərbaycan bu müharibədən qalib çıxacaq. Amma ona əmin deyildim ki, mən qalib Ordunun şəhid əsgəri olacam, yoxsa evinə sağ-salamat qayıdacaq əsgəri.

- Ən çox qorxduğunuz nə idi?

- Düzü, nə şəhid olmaq, nə də yaralanmaq məni qorxudurdu. Məni ən çox qorxudan düşmən əlinə əsir düşə bilmək ehtimalı idi.



- Döyüş zamanı hansı istiqamətlərdə oldunuz?

- Goranboyun Ballıqaya adlanan ərazisində. Kəlbəcərlə sərhəddir. Rayondan 50 kilometr uzaqlıqda dağlıq yerdədir. Orada Birinci Qarabağ Müharibəsi zamanı dağıdılmış evlər var, bir hissəsi xarabalığı xatırladır.

- Döyüş xatirələrinizdən danışa bilərsinizmi?

- Mən həmlə taborunda idim, digər batalyonlar isə müdafiədə idi. Ermənilər oktyabrın 8-də səhər tezdən yerləşdiyimiz briqadanın ərazisini intensiv artilleriya atəşinə tutdular. Necə deyərlər, top səsləri, mərmilərin partlayışı “qalx” komandasını əvəz etmişdi. Meşəlik ərazilərə dislokasiya olunduq, orada şəraitsiz şəkildə qaldıq. 3 gün palatkasız, torpağın üstündə gecələdik, amma bu normal idi. Elə həmin vaxtlarda bizə təlimlər keçməyə başladılar. Təsəvvür edin, intensiv artilleriya atəşinin səsi altında təlimlər… Taborun qərargah rəisi var idi, Mamed Bəşirov. Təlimlərdə qabaqda gedirdi, bizi yorurdu və yaxşı da edirdi. Top atəşləri eşidilən kimi bizə yerə uzanmaq əmri verirdi – bunun adını real atəş altında təlim qoyardım.

Gəncə ilk dəfə vurulan gecə raketlər bizim üstümüzdən keçdi. İkisi dalbadal, səhv etmirəmsə birini Mingəçevirə atmışdılar. Hamımız meşədə idik, səsə və işığa çıxdıq. Əsgər yoldaşlarım və komandirlər hamısı bir ağızdan dedi – ermənilər ya Gəncəyə ya da Mingəçevirə raket atdılar. Bir saat sonra isə bəlli oldu ki, Gəncə vurulub. Bu hadisə bizdə düşmənə qarşı nifrəti və torpaqlarımızın azadlığı uğrunda apardığmız mübarizəni daha da gücləndirdi.

- Atəş səsləri altında yatmaq mümkün idimi?

- Düzünü deyim ki, hamı ayıq idi. Çünki hər an vurulmaq ehtimalı var idi, top və raket atəşlərinin səsi altında meşədə rahat yuxuya getmək o qədər də asan məsələ deyil. Təsəvvür edin, nə bir işıq yandırmağa icazə var idi, nə ocaq qalamağa, nə də ki soba qalamağa. Artıq orqanizmimiz soyuğa, torpağın üstündə gecələməyə öyrəşmişdi. Elə gün olmurdu ki, mərmi səsləri eşidilməsin, ermənilər daha çox səhər 6-dan sonra və gecə 10-dan sonra atəşləri daha da gücləndirirdi. Bizim artilleriyanın adekvat cavab atəşləri bizi sakitləşdirirdi. Əlimizdə silahlar meşədə gəzişirdik, çünki diversiya ehtimalları da güclənirdi. Şükür ki, ayıq-sayıqlıq, vaxtında və düzgün verilən komanda və əmrlər sayəsində mərmi qəlpələrinə tuş gəlmədik. Ancaq yaxın ərazilərə düşdüyü üçün dalğanın yaratdığı təzyiq bizə təsir edirdi. Buna görə də bizə əlavə ilkin müdafiə mövqeyi qazdırırdılar. Yəni belə deyim, mini-səngərlər.



- Zabitlərlə, komandir heyəti ilə münasibətlər necə idi?

- Tabor komandiri Mübariz Novruzov əsgərlərin yanında idi, müavinləri Mamed Bəşirov, Azər Verdiyev də ondan geri qalmırdı. Ümumiyyətlə, bütün zabit heyətimiz bu cür idi. Mübariz Novruzov bir çox istiqamətlərdə olmuşdu, özü də həmişə qabaqda gedirdi. Elə Mamed Bəşirov da. Mən bütün zabitlərdən razı idim. Fürsətdən istifadə edib bölük komandirim Qoşqar Məmmədova, digər komandirlərim Oruc Həsənova, Şəmsəddin Həsənova, Elçin Ataşzadəyə, Natiq Muradbəyliyə salamlarımı çatdırıram. Onlar müharibə zamanı da, ondan sonra da bizimlə qardaş kimi oldular. Zabit və qardaşlıq – hər iki anlayış komandirlərimin xarakterlərində təcəssüm edirdi.

- Siz jurnalistsiniz, yəqin ki, döyüş yoldaşlarınız sizinlə söhbət etməkdə maraqlı idilər.

- Bəli, mənə suallar ünvanlanırdı, “sən jurnalistsən bilərsən, bu işlərin axırı necə olacaq” kimi suallar verilirdi. Müxtəlif mövzularda söhbətlər edirdik, əsasən da siyasi sahəyə aid suallar ünvanlanırdı. Əsgər yoldaşlarım hamısı “sən jurnalistsən, özün də bu qədər şey bilirsən, niyə bura gəlmisən, arxa cəbhədə lazımsam” kimi fikirlər səsləndirirdilər. Mənsə çağırıldığıma görə Orduya gəldiyimi, şərəfli missiyadan kənarda qalmağı özümə yaraşdırmadığımı, heç kimdən fərqlənmədiyimi deyirdim. Axıra qədər də özümü fərqləndirmədim, bütün işlərdə də özümü qabağa verdim. Çünki orada jurnalist yox, əsgər idim. Sizə maraqlı bir hadisəni də danışım.

Sən demə ilk vaxtlar bəzi əsgər yoldaşlarım məndən şübhələniblər. Düşünüblər ki, mən guya onların arasına yerləşdirilmiş xüsusi bir adamam. Sonradan görəndə ki, mən də onlar kimi xidmət edirəm, heç bir şeydə özümü fərqləndirmirəm, düşüncələrini dəyişiblər. Bunu müharibə bitəndən sonra mənə dedilər, həmin yoldaşlarla sonradan yaxşı münasibətim yarandı.



- Qələbə xəbərini eşidəndə harada idiniz?

- Qələbə xəbərini eşidəndə, noyabrın 10-u gecə biz hücuma hazırlaşırdıq. Özümüzü şəhid ya da qazi olmağa kökləmişdik, avtomobillər hazır vəziyyətdə idi. Bizi ağır və çətin sınaq gözləyirdi, hücum üçün keçilən təlimlər elə-belə deyilmiş. İş elə gətirdi ki, qəfildən müharibənin Azərbaycanın qələbəsi ilə başa çatdığını dedilər və hücum əmri geri götürüldü.

- Müharibədə yaşadıqlarınızı, xatirələrinizi qələmə almağı düşünürsünüzmü?

- Bəli, axı mən həm də jurnalistəm. Sağlıq olsun, bu fikrimi reallaşdırmağı düşünürəm.

- Hər zaman arxa cəbhədə jurnalist kimi fəaliyyət göstərmisiniz. İndi isə ön cəbhədə oldunuz, bu necə hissdir - bizimlə də bölüşə bilərsinizmi?

- Hərbi sahəyə həmişə həvəsim olub. Hərbi jurnalistikanı da sevirəm, qaynar nöqtələrdəki hadisələri də işıqlandırmışam. Söhbət Tovuz döyüşlərindən gedir. Görünür ki, tale, qismət elə hərbi sahəni sevdiyimə görə, müharibədə iştirakımı da lazım bildi. Çox gözəl hissdir, həqiqətən qalib Ordunun əsgəri olmaq, üstəgəl jurnalistlik fəaliyyəti ilə bunun koordinasiyası möhtəşəm hissdir.

- Geri döndüyünüz zaman heç kövrəldinizmi?

- Dekabrın 7-də üç günlük məzuniyyətə gəlmişdim. Yalnız qardaşıma demişdim, gəldim, məni aşağıda qarşıladı, evimizdə çıxdıq. Qapını döydü, yoldaşı da bizdə idi. Elə bildilər ki, yalnız qardaşım gəlib. Mən hərbi formada içəri girdim, hamı mənə baxırdı amma reaksiya yox idi. Birdən yoldaşım da, qızım da reaksiya verdilər, məni tanımışdılar. Qucaqlaşdıq, özümdən asılı olmadan hönkürdüm, ağladım.

Dekabrın 26-da isə tərxis olundum və ailəmin yanına qayıtdım, bütün hərbi xidmətdə olanlara bu günü arzu edirəm.

Qayıtdıqdan sonra hər gün şəhid Xudayar Yusifzadənin döyüş zamanı ifa etdiyi “Vətən yaxşıdır” mahnısına qulaq asıram. Hər dəfə də qulaq asanda ağlayıram. Şəhid valideynlərinin videolarına baxanda ağlayıram, qazilərin ailələrinə qovuşmasını görəndə göz yaşlarımı saxlaya bilmirəm.

- Müharibədə nəyi etmək istədiniz, amma edə bilmədiniz?

- Çox şeyləri. Birincisi, ən açıq döyüşlərdə iştirak etmək istəyirdim, amma orduda əmr və komandasız nəsə etmək mümkün deyil. İkincisi, Şuşa azad olunanda ora ilk girən əsgərlərdən biri olmaq istəyirdim. Həmin vaxt Şuşada olardımsa, Şuşa məscidində həyatımın ilk namazını qılacaqdım, amma qismət olmadı. Bu namazla milli birliyimizin təcəssümünü və qürurumuzun qaytarılmasını, mübarizliyimizi göstərmək niyyətində idim. Axı milli-dini abidəmiz illərdir düşmən tapdağı altında inildəyib. İndi isə bu iniltini yalnız namaz aradan qaldıra bilərdi. Amma Şuşaya getmək qismət olmadı.





Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.01.2021
Cənubi Qafqazda daha bir müharibə proqramlaşdırılıb və bu, qaçılmazdır - rusiyalı ekspert
23.01.2021
“Hər kəs peyvənd olunmayanadək pandemiya bitməyəcək” - Amerikalı həkim
21.01.2021
“Lavrovun bəyanatında təhlükəli məqamlar var...”
18.01.2021
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib
14.01.2021
“Daş düşsün o Harvardın başına ki, bu cür ”student"lər yetişdirib" - Siyavuş Novruzov