Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7315

Digər sorğular

Şəhid ailələri və qazilərin sosial təminatı ilə bağlı qazilərdən yeni təkliflər

11:47  |    03 Dekabr 2020  |   E-mail  |  Çapa göndər


Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqladı.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi statusu almış hərbçilər üçün psixoloji və maddi güzəştlərin tətbiqi nəzərdə tutulur. Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq. Belə ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edildi.

Qeyd edək ki, bu rəqəmlər cəmiyyətdə narazılığa səbəb oldu və əsasən də sosial şəbəkədəki aktiv kəsim vətən üçün canından, sağlamlığından, doğmalarından keçənlərin aylıq təminatında bu məbləğin yetərsiz olduğunu qeyd etdilər.

Müzakirələrin ardınca, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı açıqlama yayaraq bildirdi ki, bu rəqəmlər, sadəcə, təqaüdlərin məbləğini müəyyən edir. Lakin şəhid ailələri, müharibə əlilləri və döyüş iştirakçıları üçün başqa ödənişlər də nəzərdə tutulur: “Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.

Bəzi sosial şəbəkə istifadəçilərinin şəhid ailələri və müharibə əlillərinin yalnız təqaüdlə təmin edildiyi barədə fikirləri isə məlumatsızlıqdan irəli gəlir. Onlar digər sosial ödənişlərlə (pensiya, müavinət) və sosial proqramlarla da əhatə olunurlar.

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir.

- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir.

Əlavə olaraq, şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə:

- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);

- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;

- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;

- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;

- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;

- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;

- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;

- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;

- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.

Ən önəmlisi isə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər və fərdi evlər, habelə müharibə əlillərinə avtomobillər dövlət tərəfindən təqdim edilir. İndiyədək bu kateqoriyadan olan şəxslərə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dək avtomobil verilmişdir. Bu proqram hazırda uğurla davam etdirilir.

Beləliklə, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır".



Qaziler.az xəbərinə görə, şəhid ailələri və Qarabağ əlillərinin dövlət təminatı ilə bağlı “Yeni Müsavat”a danışan “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlu bildirdi ki, əslində nazirliyin açıqladığı rəqəmlər bütün qazilərə və şəhid ailələrinə aiddir, biz illərdir həmin təqaüdü alırıq: “27 sentyabr döyüşünə qədər qazilərin və şəhid ailələrinin aldıqları pensiya və Prezident təqaüdüdür. Yeni heç nə yoxdur. Ümid edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni dönəm üçün yeni artım paketi hazırlayıb Ali Baş Komandan, cənab Prezidentə təqdim edəcək. Açıqlanan rəqəmlər yeni deyil, neçə ildir ki, həmin pensiya və təqaüdü alırıq, artım olduqca gəlib həmin məbləğə çatıb.

Burada digər bir məsələ odur ki, bizim 18-20 yaşlı qazilərimizə pensiya verilmir. Çünki pensiya haqqında qanunda iş stajı olan şəxslərə əmək pensiyası hesablanır. Onlar müavinət alacaqlar, müavinətin məbləği isə çox cüzidir. I qrup əlillər üçün müavinət 150 manat, II qrup üçün 130 manat, III qrup üçün isə 110 manatdır. Yəni əmək stajı olmayan gənc qazilərimiz müavinət+təqaüd alacaqlar. Bu məbləğ isə azdır. Bundan başqa bir vəsait də verilmir".

R.Kərimoğlunun sözlərinə görə, nazirlik verilən evləri və avtomobilləri nəzərdə tutsa da, bu heç də hamıya verilmir: “Mənzil və maşın növbəsinə durmaq buna hüququ çatan insanlara aiddir. Ümid edirəm ki, bu məsələdə də dəyişiklik olacaq. Çünki avtomobili bütün Qarabağ əlillərinə vermirlər. Qazilər Birliyinin sədri, mərhum baş qazimiz Etimad Əsədovun rəhbərliyi ilə Heydər Əliyevlə 1994-cü ildə görüş oldu və həmin ilin 26 avqustunda 193 saylı fərman imzalandı. Avtomobillərin verilməsi o vaxtdan başladı və dövlətin büdcəsi zəif olduğu üçün Qarabağ əlillərinin hamısına yox, ancaq hərəkət məhdudiyyəti olan şəxslərə verildi. Bu gün bir gözünü itirən qazilərə komissiya maşın almaq hüququ vermir və deyir ki, sənin başında travma var, maşın sürə bilməzsən. Ancaq hər iki gözdən əlil olana verirlər ki, həyat yoldaşı, oğlu və ya qardaşı onun üçün sürə bilər. O məntiqlə bir gözü əlil olanın da qardaşı, oğlu sürə bilər. Bu, Nazirlər Kabinetinin qərarıdır və dəyişilməlidir. Avtomobillər əlillik dərəcəsindən asılı olmayaraq bütün Qarabağ əlillərinə verilməlidir. Necə ki, sovet dövründə II Dünya müharibəsi əlillərinə verilirdi”.

Qarabağ qazisi qeyd etdi ki, şəhid ailələrinə verilən aylıq 300 manatlıq təqaüd də azdır: “Çünki bir çox hallarda həmin vəsait bölünür. Əgər şəhid ailəli idisə, xanımı varsa, valideynləri də həyatdadırsa, 300 manat 3 yerə bölünür. Şəhidin atası və anasına hərəsinə 100 manat, xanımına da 100 manat verilir. Şəhid övladları da 18 yaşına çatana qədər müəyyən ödəniş alır. Bu qaydalar mütləq yenilənməlidir, Milli Məclisdə qazilərlə bağlı, veteranlar və şəhid ailələri ilə bağlı qanun qəbul edilməlidir. Bu yoxdur. Şəhidlik haqqında qanun var, veteranlarla bağlı var, qazilərlə bağlı qanun isə yoxdur. Bütün bunları ümumiləşdirib şəhid, qazi və veteranlar haqqında vahid qanun qəbul etmək lazımdır. Bu qanunda da dediyimiz məsələlər öz əksini tapmalıdır. Müavinət məsələsi aradan qalxmalı, Qarabağ qazilərinə verilən pensiya və ya Prezident təqaüdü qrupundan asılı olaraq eyni olmalıdır. 18-20 yaşlı gənclərimiz var ki, müharibədə ayağını itirib gəlib, lakin o 30 yaşlı qazi ilə bərabər sayılmır, pensiya ala bilmir. Bu ədalətsizlikdir. Milli Məclisdə bu məsələ öz həllini tapmalıdır”.

Rey Kərimoğlu bu sosial qrupun problemlərinin operativ həlli üçün dövlət komitəsinin yaradılmasını vacib sayır: “Bütün bu problemlərin köklü həlli üçün şəhid ailələri, müharibə veteranları və qazilərin problemləri ilə bağlı dövlət komitəsi olmalıdır. Bu komitə olmasa biz hər gün icra hakimiyyəti və ya hansısa qurum tərəfindən bir qazinin, şəhid ailəsinin hüququnun pozulduğunu görəcəyik. Bütün bunların həlli üçün bir dövlət komitəsi olmalıdır. Necə ki, qadın və uşaqlar üçün var, qaçqın və məcburi köçkünlər üçün var. O komitə yarandıqdan sonra problemlərin 90 faizi həllini tapacaq. Bu gün şəhid ailələrinin, qazilərimizin qarşılaşdığı problemlər hamısı həll edilə biləndir. Sadəcə, onları həll etmək üçün bir dövlət komitəsi və ləyaqətli bir neçə məmur lazımdır. Biz də Qarabağ Qaziləri Birliyi olaraq təmənnasız, o komitənin fəhləliyini etməyə, işçi qrupu kimi fəaliyyət göstərməyə hazırıq”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.01.2021
Dövlət uşaq müəssisələrinə verilmiş 38 uşaq doğma ailəsinə qaytarıldı
26.01.2021
Vətən müharibəsində əlil olan şəxslər avtomobillə təmin olunacaq
23.01.2021
Qubadlıda xidmət edən hərbçilərə ərzaq məhsulları göndərilib - VİDEO
23.01.2021
2 783 şəhidin ailə üzvünə sosial ödənişlər təyin olunub
22.01.2021
Bu ay ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib