Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7300

Digər sorğular

Adı dillərdə dastana dönən Şəhid - Dastan Xudayar

21:32  |    02 Dekabr 2020  |   E-mail  |  Çapa göndər


Bərdədə doğulub, Zəngilanda şəhid olan, Ağdamı görməyən ağdamlı

Bu gün şəhid olmasından 40 gün keçir dastan Xudayarın...

Təsadüflər təkcə romanlarda, kinolarda olmur. Həyat təsadüflərlə doludur. Xudayarın həyatı kimi... Onun dünyaya gəlməsi bəlkə bu zərurətdən idi...

Bərdədə doğulub. Dünyaya gəlişi ilə həyat ona ilk "sürprizini” atasını əlindən almaqla edib. Qarmon ifaçısı olan atası Müslüm Yusifzadə 32 yaşında ürək qüsurundan dünyadan köç edib. Ailədə üç qardaş, bir bacı anaları ilə qalıblar nənə, baba himayəsində.

Qarşıda hələ neçə-neçə sürprizlər olduğunu bilmirdi Xudayar. Yaman dəcəl və ərköyün idi. Babasıyla nənəsi o dörd uşağın yolunda, ayaqları altında canları ilə döşənərdilər ki, gözlərində yaş görünməsin, yoxsa nakam atalarının ruhunu incitmiş olarlar. Uşaqlar da qayğısız böyüyürdülər, ailə onların var içində böyüməsinə çalışdığından yox nədir bilmirdilər.

Xudayar Bərdə 1 saylı Musiqi Məktəbinin xanəndəlik sinfində oxuyurdu, evdə də işi-gücü oxumaq olardı. Daha bir təsadüf onun orta məktəbin birinci sinfinə gedəndə hərbçi olmaq arzusu ilə nənəsinə aldırdığı hərbi formanı geyinməsi olub.



Əsgəri xidmətdən qayıdanda isə görüb ki, yaşadıqları ev elektrik naqillərinin qısa qapanmasından yanıb kül olub. Ailənin belə ağır vəziyyətində Xudayar işləmək üçün Bakıya gəlib. Marketlərdən birində mühafizəçi işləyirmiş. Bir gün marketin sahibi ona darvazanı açmadığı üçün Xudayarı azarlayıb. Xudayar cavab verib ki, "əvvəla, görmədim gəldiyinizi, ikinci də mən qapı açan işləmirəm, mühafizəçiyəm". Bu dialoqa təsadüfən qulaq müsafiri olan market müştərisi Xudayarın çiyninə ehmalca vurub qulağına bayırda səni gözləyirəm deyib. Təbii ki, müdirlə olan mübahisədən sonra işini itirdiyinə əminliklə Xudayar marketdən çıxıb həmin adama yaxınlaşır. Bayırda gözləyən Orxan adlı adam ona sabah sənədlərini də götür gəl Sərhəd Qoşunlarına deyir.



Xudayar qəbul olub, oxuyur, amma ailəsini kirayələrdən qurtarmaq üçün tez bir zamanda işləmək istəyirdi. Tezliklə Astarada Sərhəd Qoşunlarında gizir kimi fəaliyyətə başlayıb.
Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılır.



Anası Radə Yusifzadənin dediyinə görə, ailəsi onun döyüşlərdə olduğunu bilməyib: "Bizə demirdi, zəng edəndə gülə-gülə zarafata salıb deyirdi, bizi döyüşə aparmırlar, təlim keçirlər. Bir dəfə telefonda güllə səslərini eşitdim, anladım anlamağa, amma dedi ki, Zəngilanı almışıq deyə, əsgərlər atəşfəşanlıq edirlər. Dedim bala, Allah səni də, yoldaşlarını da qorusun. Təkcə, balaca dayısına demişdi ki, döyüşə gedirəm. Dayısı dedi onu saxlamaq olmazdı”.

Gəlirəm yenə təsadüfün üstünə, niyəsini indi siz də biləcəksiniz. Şəhidliyindən iki gün əvvəl sosial şəbəkələrdə onun ifasında yayılan mahnının sözlərinə fikir verin:

"Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum,
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar içində duman görünür".



Xudayarın Murovdağdan başlayan döyüş yolu Zəngilandan, Qubadlıdan, Cəbrayıldan, Füzulidən keçir. Həmin dumanlı dağ onun yurdudur. O dağlarda başının üstündə həqiqətən dumandan xeymə qurmuşdu döyüş yoldaşları ilə.

Nənəsi Tovuz Məmmədova danışır ki, döyüş yoldaşları Xudayarın şəhid xəbərini gətirən dostlarının dediyinə görə, düşmən mühasirəsində qalmış yoldaşlarından birinə deyib, "Qorxma, gəlib səni xilas edəcəm. Ölsəm də şəhid olmağa gəlirəm. Dostunu mühasirədən çıxarıb sağ-salamat qayıtmışdı. Biz dostları danışana qədər bilmirdik ki, Xudayar Füzuli, Hadrut, Zəngilan, Kəlbəcər, Qubadlı uğrunda qaynar döyüşlərdə iştirak edib. Oktyabrın 23-də ağır yaralanıb, şəhid olub. Mən balamla fəxr etmişəm həmişə. Yenə fəxr edirəm”.



Balası ilə fəxr edən ana nənəsi ağdamlıdır. Xudayarın ana tərəfi ağdamlıdır. Ona görə də babasına zəng edib gəlib səni yurduna - Ağdama aparacam deyib.

"Xülyalar içində sanki bihuşdum,
Vətən arzusu ilə nəğmələr qoşdum,
Tufanlar gözümdə dastan görünür.
Könüllər cəlb edən bu xoş mənzərə,
Şövqümü artırdı şerə qəzələ,
Çatdıqca vətənim, elim nəzərə,
Təbiət də mənə heyran görünür".

Xudayar Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşlərdə şəhidliyə yüksəlib. Ondan sonra silahdaşları həmin yerə bayrağı Xudayarın şərəfinə sancıblar – rahat yat deyiblər, uğrunda şəhid olduğun məntəqəni azad etdik...

"Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsan üçün laləzar Vətən yaxşıdır,
Vahid, sorma vətən nədən yaxşıdır,
Adı gəlcək könlüm xəndan görünür".



Beləcə dastana döndü 22 yaşlı Xudayar Yusifzadə. Hərbiçi də oldu, döyüşçü də, şəhid də... Dünyadan köçməzdən əvvəl xanəndə kimi tanınmaq istəyi də ürəyində qalmadı. Tək bircə "Vətən yaxşıdır” mahnısını ifa etməklə bütün xanəndəliyin fövqünə qalxdı. Xəyalımıza, qəlbimizə, gözlərimizə köçdü batıq yanaqları, parlaq gözləri, gözəl ifası və qəhrəmanlığı ilə. Bütün şəhiddaşları ilə birgə nur içində yatsın...

Ifasının sonunda dediyi söz qulaqlarımda səslənir – elə bil, həyatının da o kəlmə ilə nöqtəsini qoyurmuş. Həmin son kəlməsi ilə bitirirəm onun haqqında ağı-yazını - bu da belə... Vətən uğrunda canlarından keçənlərin ruhu qarşısında təzimlə...

Ramilə Qurbanlı
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.01.2021
Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
17.01.2021
Şəhid ailələrinə və müharibə əlillərinə qayğı bundan sonra da artacaq - Deputat
17.01.2021
Qənirə Paşayeva Vətən Müharibəsinin bir qrup qazisi ilə görüşüb - FOTO
17.01.2021
Rusiyada qəhrəman deputat vəfat etdi
17.01.2021
Türkiyə dünyada ən çox peyvənd tətbiq edən ilk on ölkədən biridir