Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

Yəhudi alimdən çağırış: "Koronavirus bizim xilaskarımızdır"

17:31  |    15 Sentyabr 2020  |   E-mail  |  Çapa göndər

Son illərin ən çox sensasiya yaradan filosoflarından biri, Dünya Müdrikləri Birliyinin fəxri üzvü Mixael Laytmanın vacib tövsiyələrindən faydalanmaq üçün müsahibəmizi oxumağa başlayın.

Qazilər.az xəbər verir ki, Publika.az-ın özəl müsahibi yəhudi filosof Mixael Laytmandır.

-Cənab Laytman, bir həftə sonra yaşadığımız pandemiya epoxasının ilk tədris ilinə başlayırıq. Karantin dönəmi ən çox da övladlarımızın psixoloji durumuna təsir etdi. İstərdim, uşaqlar haqda danışaq…

-Alimlərin hesablamalarına görə 98% körpələr fövqəltəbii bacarıqla doğulurlar. 5 il sonra bu göstərici fantastik şəkildə azalıb, 30 faizə düşür. 15 yaşadək isə yerdə sadəcə 12 faiz dahi uşaq qalır.

-Bu mərhələli kütləşmənin səbəbi nədir?

-Yəqin, mənimlə hamı razılaşar ki, bugünkü təhsil sistemi idealdan çox uzaqdır. Bizim üçün nəticə prosesdən üstündür. Gah deyirik ki, məktəb yalnız təhsil verməlidir. Təlim-tərbiyə valideynin boynuna düşən vəzifədir. Gah da valideynlər müəllimlərdən şikayətlənir ki, bu qədər ev tapşırığı verdiyiniz müddətdə, tərbiyəni tək bizim boynumuza qoymağa haqqınız yoxdur. Hələ də hamımızı məmnun qoyacaq ortaq məxrəcə gəlməmişik. Mənim üçün məktəbi bitirən hər bir şagirdin şüurunda da, qəlbində də yalnız bir həqiqət olmalıdır-bərabərlik. Bura həm xalqların, həm də cəmiyyətin birliyi, bərabərliyi aiddir.

-Əsrlər boyu irq, din, bir qarış artıq torpaq uğrunda qan tökən planet sakinləri bu bərabərliyə necə nail olacaqlar?

-Axı biz ədalətə, bərabərliyə nail olmaq üçün heç vaxt güc sərf etməmişik. Hər şeyin kökündə doğmalarına məhəbbət, nəvaziş durur. Adi mehriban ünsiyyətin kökü kəsilmək üzrədir. Uşaqlarımıza yaxşı nümunə ola bilmirik. Məktəblərdə insan təbiətinə bələd olan mütəxəssislər çalışmalıdır. Formalaşan şəxsiyyətləri doğru məcraya yönəltməlidirlər. Məhz həmin peşəkarlar uşaqlara və valideynlərə təlqin etməlidirlər ki, bərabərlik eqoist insan təbiətinin itələdiyi dəyərdir. Çünki biz çox vaxt münasibətləri öz gəlirlərimiz üzərində qururuq. Hər şeydən öncə qarşı tərəfin bizə verə biləcəklərini hesablayırıq.

Zövq aldıqlarıma can atıram, mənə faydası olmayanları itələyirəm.

Məhz bu eqoizm bizi yanlış yöndə formalaşdırır. Qarşılıqlı sağlam, isti münasibət qurmağımıza mane olur. Qardaşlıq, dostluq prinsiplərini tapdayıb keçirik. Yeni proqram bizi insan kimi yenidən proqramlaşdırmalıdır. Özü də tək uşaqlarımızı yox, elə biz valideynləri də. Əks halda bütün təhsil ocaqları dahi potensialı ilə doğulmuş uşağı məhv edir. Bunu mən demirəm. NASA-nın mütəxəssisləri deyir.

Təhsil sisteminin zərrə-zərrə öldürdüyü uşaqlardan biri də mən olmuşam. Təhsilimiz bizə özümüzə sərf edən kimi düşünüb danışmağı aşılayır. Kövrək eqoizmimizi sərt qəliblərə doldurub, istəyəndə istifadə etməyi öyrədir. Cəhd edib, daha azad düşüncəli, şablondan uzaq şəxsiyyət böyütməyə səy göstərsək, doğrunu, yalnışı öz öhdəsinə də buraxsaq, əmin olun, cəmiyyətimiz daha xoşbəxt olacaq.

-Gəlin, xəyal edək ki, sizin ideal təhsil prinsiplərinizə uyğun məktəb açıram. İlk növbədə, nələrə əməl etməliyəm?

-Partaları yığışdırın. Uşaqlara müəllim gərginliyinizi ötürməyin. Sərbəstliklərini, rahatlıqlarını təmin edin. Hətta bəzən otaqlara müxtəlif yaş qruplarından olan şagirdlər toplayın ki, söhbətləşəcəkləri mövzular da rəngarəng olsun. Özlərini eyni vəziyyətin içərisində hiss edib, xəyali qərar verməyi bacarsınlar. Bundan savayı öyrədilən hər şey, bizi bir-birimizdən üstün etmək üçün formalaşdırılan bacarıqlardır.

İstər məktəb olsun, istərsə universitetlər, hamısının fəaliyyəti insanların digərləri üzərində pul, nüfuz, pərəstiş qazanmağına köklənib. Uşaqların azadlığını parta arxasında çürütməsəydik, planetin 98 faizi anadangəlmə dahiliyini itirməzdi. Bəli bu çox çətin prosesdir. Ona görə daxili harmoniyamızın balansını təmin etməkdən başlamalıyıq.

-Yəni insan doğulduğu andan etibarən yaşadığı cəmiyyətin xarakterini canına hopduran ən aciz canlıdır?

-İrsi informasiyamıza, genetikamıza rəğmən formalaşdığımız cəmiyyətə tabe olan canlıyıq. Faciəvi təsadüf nəticəsində meşədə itən körpələr onları böyüdən heyvanların "cild”inə bürünür. Xarakterləri, rəftarları, hətta xəstəlikləri də həmin heyvanlara xas formalaşır. İndi isə əsrlər boyu insanla yaşayan heyvanlara itə, pişiyə və s. diqqət edək. Doğrudur əhilləşiblər, meşə həyatı onlar üçün yaddır. İnsana daha çox bağlıdırlar. Lakin insana təbiəti qədər tabe olmurlar. Düşdükləri ortam talelərini həll etmir. Yəni insanın xarakteri, istəkləri əhatə dairəsindən asılıdır.

-Bəzən valideynlər uşaqlarının dərrakə sərhədlərini aşan fəlsəfi ədəbiyyat oxumaqları ilə qürur duyurlar. Şikəst zehni inkişafın işıq sürəti ilə uçmasının nə kimi fəsadları var?

-İstənilən müəllim şagirdinin azad şəkildə onun fənnini seçməsi üçün şərait yaratmalıdır. Bəzən bütün dərslərini yaxşı oxumağa məcbur edilən uşaqlarda qəribə xarakter formalaşır. Tələb dozası artdıqca, gərək oldu-olmadı bütün kitabları oxumağa meyil edirlər. Elə bilirsiniz, ədəbiyyatın zərərlisi olmur? Bəzi kitablar yaddaşda sadəcə lazımsız yükdür. Baxın, bu zərərli vərdiş də insanın gələcəkdə yanlış qərarlar verməsinə, təshil səviyyəsinin bərbad duruma çatmasına səbəb olur. Uşaqları öz xarakterinə, həvəsinə, ən əsası yaş həddinə uyğun bədii, elmi və fəlsəfi ədəbiyyata yönləndirməyi tövsiyə edirəm. Hətta heç bir sahədə uğur əldə edə bilməyən, yaddaş problemi olan uşaqlara ifa etdiyiniz musiqi ilə, oxuduğunuz hekayə və nağıllarla gözəl örnək olub, istedadını üzə çıxara bilərsiniz.

-Bütün valideynlər kimi mən də övladımı dünyagörüşlü, mədəni, sülhsevər vətəndaş kimi böyütmək istəyirəm. Ona nələri aşılamalıyam?

-Onun davranışlarına ailə daxili münasibətləriniz, sizin əhatənizdəki insanlar birbaşa təsir edəcək. Münaqişə, mübahisə şəraitində böyütdüyünüz övladınızdan nəzakət, humanistlik gözləməyin. Ailə qurmusunuzsa, övlad dünyaya gətirmisinizsə, vacib vəzifələriniz var. Maddi durumuzdan çox mənəvi rahatlığınıza önəm verməlisiniz. İstənilən məkanda, hətta mağazada, küçədə, təsadüfi insanlarla münasibətdə insansevərliyinizi, təmkininizi, bərabərlik prinsipinizi qorumalısınız. Gözünün önündə sizin kimi müsbət nümunəsi olan övladınız daha kobud, mənəviyyatı kasad insanların ortamına can atmayacaq. Əksər hallarda mərhəməti, dürüstlüyü seçəcək. Çünki meymunun böyütdüyü insan ağacdan-ağaca dırmanıb banan yeyəcək, canavarla böyüyən uşaq ovunu parçalacaq, sivil, mərhəmətli ortamda yetişən insan isə şəxsiyyət olacaq. Bu minvalla irəliləyən cəmiyyətdə yeni nəsil əvvəlkinə nisbətən daha mükəmməl yetişəcək. Uşağın öyrənməli olduğu əsas dərs düzgün qurulmuş qarşılıqlı münasibətdir. Yalnız bu halda peşə seçimində belə cəmiyyətə verə biləcəyi faydanı və yalnız vicdanla pul qazanmağı düşünəcək.

-Etiraf edək, mükəmməl ailədə doğulub, nümunəvi ətrafı olan insanlar da bəzən yolunu aza bilir. Hətta bəzən ideal ailələrdə bədheybətlər böyüyür.

-Baxın, mən seçim azadlığı deyəndə sərhədsiz, çərçivəsiz özbaşınalıq nəzərdə tutmuram. Xüsusən indiki dövrdə hamımızın uşağı məktəbdə, unversitetdə təhlükə içindədir. Bu gün orta sinif şagirdlərinin böyük faizi spirtli içki və digər zərərli vərdişləri artıq dadıblar. Hazırda demək olar ki, bütün dünya qondarma "demokratiya”nın qurbanına çevrilib. Övladınızın gündəlik problemləri, dostları, əhatəsi, dərslərindəki sıxıntıları ilə maraqlanmayacaqsınızsa, dünyaya gətirməyin. Məktəbdə fiziki, mənəvi zorakılığa uğrayırsa, ilk xəbər tutan siz olmalısınız. Təmkininizi, tolerantlığınızı qoruyaraq, uşaqlarınızın taleyində iştirak edin.

-Son günlər acı insan talelərindən bəhs edən silsilə sənədli filmlərə baxıram. Bütün bəlaların, narkotik aludəçilərinin, cinayətkarların ən böyük düşmənləri problemli uşaqlıqları, valideynlərinin yanlışlarıdır.

-Rusiyanın məşhur kriminalisti Amurxan Yandiyev belə bir fikir irəli sürdü ki, bütün qatı cinayətkarlar ailədə şiddətlə qarşılaşmış, arzuolunmaz övladlardır. Yandiyevi cinayət aləminin professoru adlandırırlar. Kitablarında da yazır ki, insanları bu qəddarlığa sövq edən əsas səbəb natamam uşaqlıq və qəddar valideynlərdir. İnsanları doğru yola çəkməkdən usanmayın. Məsələn oğruya bankda mühafizəçi vəzifəsini etibar edin, qatili qəssab olmağa razı salın. Amma onun dəyişəcəyinə özünüz də qəlbən və davranışınızla inanın. Özünü müsbət yöndə göstərməyi üçün imkan yaradın. Amma yenə deyirəm uşaqlıqdan bünövrəsi zorakılıq üzərində qurulan tərbiyə sonradan dəyişdirmək sonsuz əmək tələb edir. Hətta valideynlərin özlərində yarımçıq formalaşdırdıqları mənfi cəhətləri belə uşağın irs yaddaşına hopur.

-Yeni tədris ilində bizə arzularınızı eşitmək istərdim...

-Müəllimlərdən rica edirəm, şagirdlərdən dərs alın. Yeni tədris ilində onlar üçün bir-birinə yaxınlaşmaq qadağası biz böyüklərin qarşımızdakı insana davranışımız qədər anlaşılmaz olacaq. Çox vaxt ən yaxınlarımızın da duyğularını, istəklərini anlamaqda eyni çətinliyi çəkirik. Axı bəzən sevdiklərimizə yanlış davranaraq, onları "virus”a yoluxdura bilərik. Arzu edirəm ki, müəllimlər şagirdlərdə ən çox da bu xüsusiyyəti formalaşdırsınlar. Uşaqlardan heç nə tələb etməyin. İzah edin ki, müvəqqəti şərtlərə əməl etməsək, hələ uzun müddət bu vəhşi ağızyuman vasitə ilə gəzmək məcburiyyətində qalacağıq. Onlara yaxınlarını, doğmalarını, sinif yoldaşlarını özü kimi sevib qorumağı təlqin edin.

- Cənab Laytman, istərdim, mənə sevginin formulunu izah edəsiniz...

- Baxın, ana ilə döl arasında fasiləsiz dövr edən ünsiyyət, duyğu çarxı fırlanır. Yaradanın içindəki yaranan dəyişdikcə, inkişaf etdikcə bətnin ona münasibətini duymağa başlayır.

- Və bu məqamdan etibarən qarşılıqlı mühafizə və nəhəng sevgi formalaşır?

- Döllə ananın bir-birinin qeydinə qalmağından təbii heç nə ola bilməz. Bir-birindən asılı olan iki canlı orqanizm düşünün. Döl bütün imkanlarını səfərbər edir ki, ana onun zəifliyini, eyni zamanda fədakarlığını hiss etsin. Bu gerçəyi qəbul edib, övladının tale yükünü öz boynuna götürsün. Digər tərəfdən isə həm ana, həm də döl var olduqları mühitin harmoniyasını, sonsuz sevgilərini bir-birinə siqnal vasitəsilə ötürür. Məhz bu durmadan güclənən duyğular, bağlılıq dölün saniyəbəsaniyə irəliləyən inkişafına xidmət edir.

Döl anaya böyük məsuliyyətlə, itirmək qorxusu ilə, "ona bir şey olsa, mənim də orqanizmim məhv olar" təlaşı ilə yanaşı, səmavi güc bəxş edir. Ana özünü Yaradan, körpəsini isə şah əsəri kimi hiss etməyə başlayır.

- Yəni Yaradanımız bizi həm də öz məhvindən qorxduğu üçün qoruyur?

- Biz özümüzü Yaradanımıza tam təslim etdiyimiz müddətcə onu özümüzdən çox hiss edirik. Bu təslimiyyət bizi addım-addım ona yaxınlaşdırır.

- Bu təslimiyyət ruhumuzu zəncirləmir?

- Mənəviyyatımızın zirvəsinə çatmağın başqa yolu yoxdur. Bu baxımdan koronavirus xilaskarımızdır. Cəmiyyət qarşısında "mən" epidemiyasından qurtulub, ətrafımızdakıları düşünməsək, bu virusa qalib gələ bilməyəcəyik. Təsəvvür edin, Yer üzünün bütün sakinləri özünü, əhatəsini, şəhərini, ölkəsini, ən əsası dünyanı qurtarmaq üçün var qüvvəsini sərf edir. Ruhunu sağaltmayan cəmiyyət dünyəvi xəstəliklər qarşısında çox acizdir.

- Bəs döl (biz) özünü bətnindəki anasına (Yaradana) tabe etmək istəmirsə?

- Ta qədimdən yaxın keçmişədək aborta cəhd edən qadınları və onlara bu yolda kömək edən həkimləri qanun qarşısında ağır cəza gözləyirdi. Məsələn, İrlandiyada bətnindəki körpəni tələf edən qadın 14 il azadlıqdan məhrum edilirdi. Bəli, yaxın keçmişə qədər bu, çox sərt cəza sayılırdı. Getdikcə irland milli referendumunda abortun leqallaşmasına səs verənlərin sayı günbəgün artırdı. İrlandiyanın da baş nazirinin dediyi kimi, bu "səssiz inqilab" çağdaş dünyamızın formalaşmasına öz töhfələrini verdi. Bəli, tədricən insanlar öz qəliblərini qırmağa başladılar. Monarxiya, ən qəddar hakimiyyətlər və diktatorların idarəçiliyindən bugünkü qəribə demokratiyaya qədər uzun yol gəlmişik. İnsan artıq öz bədəni, ailəsi, pulu, davranışı ilə bağlı qərarları daha müstəqil verir. Bu gedişlə gələcəyin sakinləri azadlığı maksimum dadacaqlar. İnsanlıq əsrlər boyu azadlığa qovuşmaq üçün çox qurban verib. Lakin həqiqi azadlığın ləzzətindən, iradə azadlığının tamından hələ də xəbərsizik. Və bu məqamın kökünə çatmaq istədikcə, onu tamam itirəcəyik. Çünki ən vacib məqamı unuduruq. Azadlıq, sərbəstlik, rahatlıq tərbiyə ilə müşayiət olunmalıdır. İnsan qadağalarından qurtulduqca, özündə İNSAN tərbiyə etməlidir. Odur ki, cəmiyyətdə hansısa dəyişikliyə cəhd etmədən öncə özümüzdən soruşmalıyıq: Özülü qoyulan münasibətlər sağlam olacaqmı? Ətrafıma qarşı hansı öhdəliklərim olacaq? Mənim həqiqətim başqalarına zərər verəcəkmi?

- Cavablar hava proqnozu kimi ehtimal nəzəriyyəsinə dayanacaq axı?

- Bu sualların cavabını nə kilsədə, nə məsciddə, nə konstitusiyada, nə də cinayət məcəlləsində axtarın. Təkrarlayıram, cavablarınızı aydınlandıqca, özünüzdə tapacaqsınız. Sualların yaranması üçünsə daim dövr edən tərbiyə prosesi vacibdir.

- Yəni, döl və ana formulu...

- Bəli. İnsan artıq öz təbiətini, Yaradanla qarşılıqlı münasibətini uzlaşdırıb doğru qərar verməyə, dünyanı qorumağa, özünü bu yolda fəda etməyə başlayacaq ki, ötürdüyü sevgi özünə dönsün. Həmin günə qədər isə dünyamızda azadlıq, demokratiya adı ilə zorakılıq, terror hökm sürəcək. Mən azadam, varlıyam, qarşımdakı kasıbdır, əsarətdədir. Onu xilas etmirəmsə, hansı insanlıqdan danışırıq?!

- Elə bu xaosun mərkəzində bizi "Tanrı” adlı sehrlə susdurmağa çalışırlar...

- Tanrı materiyanın bütün qatlarını özündə cəmləşdirən qüvvədir. Kainatın bu ümumi gücü də Yaradan adlanır. Biz Yaradanı özümüzə olan münasibəti, mərhəmətinə görə dəyərləndiririk. Digər işlərinə qarışmırıq. Bizdən başqa hansı öhdəlikləri var, başqa dünyada onu necə adlandırırlar, hansı zirvəyə qoyurlar - bu haqda heç nə bilmirik. Yaradan kainatdakı bütün yaradılışın düşüncə gücüdür. Biz də o düşüncənin zərrəsiyik. Bəzən kortəbii şəkildə bu gücə tabe oluruq, sırf onun iradəsindən çıxmamaq üçün düşünülməmiş addımlar atırıq. Qısası belə deyim, Yaradanı dərk gücümüz, həyat istiqamətimiz müəyyən edir. Yəni, Yaradan bütün həyatımızı proqramlaşdırıb idarə edən düşüncədir. O, hər şeydir, hamıdır. Ömür boyu şüuraltı çatmaq istədiyimiz ən böyük zirvədir. Həyatımızın ali məqsədi Yaradana yetişməkdir. Kabbalada "Tanrı" və "Təbiət" eyni anlayışdır. Bizim üçün O, bizi hər yerdə, hər şeydə sevən, bətnində gəzdirəndir. Biz onun sevgisinin təzahürüyük. Zahirini görmürük. Amma bəxş etdiyi maddi, mənəvi nə varsa, hamısına görə məhəbbət borcunu özünə qaytarırıq. İndi siz deyin, hansı din, hansı müqəddəs bizə onu olduğu kimi xarakterizə edə, çərçivələyə, qorxu yarada bilər?!

Onunla bütövləşən ali insan Yaradanının yaratdıqlarını da sevəcək, qoruyacaq, özündən sayacaq. Xırda sevgilərdən ən nəhənginə doğru iləliləməyə can atacaq. Odur ki, Tanrının fotorobotunu elmi araşdırmalarla deyil, içinizdəki məhəbbətlə, mərhəmətlə çizin. Biz onu dinlərdə, mistikada, təbiətdə, elmdə, hətta ondan üz çevirənlərdə axtarırıq. Bir şeyi unuduruq. O, bizim ən mükəmməl halımızdır.

Tanrıya təmas etmək üçünsə dərk etməli olduğumuz əsas həqiqət var. Nə var-dövlətdə, nə də hakimiyyətdə axtarın gücü... Yalnız düzgün tərbiyədən əlac umun.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.09.2020
Hansı nazirliklər vətəndaşı binaya şortla buraxır?
21.09.2020
Dövlət qurumları şortikə qadağa qoya bilər? - Açıqlama
21.09.2020
Tarixçi “Arsak”la bağlı müzakirələrə nöqtə qoydu
19.09.2020
DYP-də şortik qalmaqalı - polis “olmaz”, vəkil “olar” deyir
12.09.2020
Azərbaycanda boşanma qaydaları dəyişdi