Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6997

Digər sorğular

86 yaşlı anam "bala, məni Ağdama, evimə apar!" deyəndə ölüb yerə girirəm...

10:26  |    23 İyul 2020  |   E-mail  |  Çapa göndər


23 iyul Ağdamın işğalı günüdür!

Rey Kərimoğlu | [email protected]

Minlərlə şəhid verən şəhərin özü də 1993-cü ilin bu günü şəhid oldu!

Biz Ağdama mütləq qayıdacağıq! Buna zərrə qədər şübhəm yoxdur! Amma o Ağdamdakı ağdamlılar bu dünyada yoxdur daha! Onlarsız Ağdam bir başqa məşəqqət olacaq bizə! Kəndimizin, şəhərimizin xaraba qaldığını fotolarda görmək necə ağırdı, ilahi!

Ömrümün 25 ili, o illərin ən gözəl xatirələri işğaldadır! Orta məktəbimiz, ilk məhəbbətim də o uzaq, şirin günlər kimi işğal olunub! Çoxları (rayonları, kəndləri işğal olunmayanlar) bəlkə də bitirdikləri orta məktəbin yanından keçəndə heç ağlına da gəlməz ki, biz öz məktəblərimiz üçün necə darıxırıq, içimiz göynəyir! Sevdiyimiz qıza gecə xəlvətdə hisslərimizi etiraf edib yanağından öpdüyümüz ilk sevgimizin yeri də işğaldadır!

Ən dəhşətlisi odur ki, canımı fəda etməyə hazır olduğum Ağdamı müdafiə edə bilmədim, bilmədik! Xainlər oyunu, işi elə qurdular ki, həmin günlərdə aciz, çarəsiz, gücsüz olduq, oldum! Bu dünyada özümə bağışlaya bilmədiyim yeganə şey şəhid olub şəhid qardaşlarımla Ağdamda qala bilməməyimdir! İndi də aciz və xoşagəlməz durumdayıq. Torpağımızı istəyirik deyirlər, "təxribatçıyıq", "dövlətə qarşı çıxırıq", "erməni dəyirmanına su tökürük"... Məcbur olub susuruq, deyirlər "qorxağıq", cənnət yurdumuzu elə özümüz qoyub qaçmışıq!

Xəstə, huşu başından getmiş 86 yaşlı anamın yaddaşı hər dəfə itəndə, "Bala, məni Ağdama, Şıxbabalıya, evimə apar!" deyəndə ölüb yerə girirəm, təklikdə ağlayıram da! Ağdamın, bütün Qarabağın işğalına görə bütün Azərbaycan xanımları qarşısında başım həmişə aşağıdır, üzüm qaradır! Bu qədər şəhidi, qəhrəmanı, alimi (Azərbaycan elmini dünyada tanıdan alimləri), ziyalısı, sənətçisi olan bir rayona "maşın alverçiləri" deyən, dedizdirən haramzadələrin dövləti çaqqal kimi sökdüyünü, dağıtdığın görüb Ağdamsız yaşamaq çox ağırdır! Dünyanın dinc vaxtında, ağdamlı adının hər yerdə, hər qapıda keçərli olduğu illərdə ağdamlı bildiklərimiz dar gündə: "Mən ağdamlı deyiləm ha, əslim filan yerdəndir" - söyləyənləri görəndə bizlər çox üzüldük! Və sadəcə, təəssüfləndik!

Biz Ağdamı azad edə bilərik! Bax, arxasında hazırda rusun durduğu ermənini vurub Ağdamdan çıxarmağa gücümüz çatar! Yetər ki, dövlət bizə güvənsin, mane olmasın, silahımızı versin, qalanı bizlikdir! Biz Ağdamımızı qaytaraq! Buna gücümüz, qüvvəmiz çatar!

Ağdamsız biz eləcə quru bədənik, ruhsuz kimi yəni...Ruhumuz Ağdamdadır axı!..

P.S. 1993-cü ildə - Ağdam işğal olunana qədər 40 gün üç cəbhədə tək döyüşüb erməniyə qarşı! Arxamızda isə Azərbaycan idi! O Azərbaycan ki, Ağdama sursat aparmağı da qoymurdu! O Azərbaycan ki, 4 iyunda Qarabağın işğalını reallaşdıracaq qiyam etmişdir! O Azərbaycan ki, məmləkəti Rusiyanın itlərinə verməyə hazır idi! Təsəvvür edirsiniz?! Ağdamı düz 40 gün üç tərəfdən ermənidən, bir tərəfdən isə özümüzdən qorumuşuq! Allah bəlalarını versin, həm ermənilərin, həm də öz xainlərimizin!

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
22.01.2018 Polkovnik Rəhim Əliyevin dəfnindən özəl reportaj – “Tale vətən taleyi, yazı vətən yazısı...”
09.03.2017 Müharibə fotoları
28.02.2016 14 tank vurub, amma utanır
15.05.2015 “Ya zdes umer. Kuqay”
08.05.2015 Şuşa