Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7078

Digər sorğular

Qarabağdan danışmaq yasaqlanır?..

10:23  |    02 İyun 2020  |   E-mail  |  Çapa göndər

Sən demə, bu Milli Məclis müharibəyə səfərbər edən yox, göstəriş gələrsə xalqı təslimçiliyə sürükləyəcək bir məclismiş.

Vahid Qazi | [email protected]

Qarabağ doğumlu elm, sənət, ədəbiyyat adamı, ictimai-siyasi fəallar olaraq, ölkə prezidentinə müraciət hazırlamışdıq. Surətini Qarabağ camaatına, Azərbaycan xalqına ünvanlayasıydıq.

Yazmışdıq ki, vətən torpağının uzun müddət işğalda qalması və son vaxtlar baş verən hadisələr Qarabağın taleyi ilə bağlı böyük həyəcan doğurub: “İranla 2016-cı ildə imzalanmış müəmmalı sazişin üzə çıxan nəticələri, Dağlıq Qarabağ rejimində keçirilən seçkilər, 21 mayda andiçmə mərasiminin nümayişkaranə şəkildə, Azərbaycanın qürur və heysiyyətinə meydan oxuyurmuşlar kimi Şuşada təşkili və bütün bunların fonunda dövlətimiz adına tutarlı cavabların verilməməsi ciddi narahatlıq yaradıb. Olaylar insanlarda haqlı suallar doğurub: nə baş verir, Qarabağ danışıqlarında mövqelər bu qədərmi əldən verilib, hətta Şuşa şousunu dayandırmağa da gücümüz yoxmuş?

1994-cü ildə adına “Əsrin müqaviləsi” deyilən neft kontraktları bağlananda böyük ümidlər verildi ki, bu, dünya güclərini tərəfimizə çəkib müttəfiq etməyə, güclü ordu yaradıb torpaqların işğaldan azad olunmasına imkan verəcək. O vaxtdan 26 il keçib, gördüklərimiz isə başqa mənzərədir.

Görünür, münaqişənin dinc həllinə ümid etdiyimiz bu illərdə işğalçılar mövqelərini o qədər gücləndiriblər ki, tək Dağlıq Qarabağa deyil, “təhlükəsizlik zolağı” dedikləri ətraf rayonlara da iddialarını açıq şəkildə bildirirlər. Torpaqlarımızda məskunlaşmanı davam etdirir, yeni yaşayış məntəqələri salır, SES və digər iri obyektlər tikir, təbii sərvətlərimizi istismar edir, beynəlxalq tədbirlər keçirir, yeni infrastruktur qurur, müxtəlif layihələr gerçəkləşdirirlər.

Biz Qarabağın işğalı ətrafında mövcud durumu, perspektiv proseslərin hansı istiqamətdə davam edəcəyi haqda müəyyən bilgilər əldə etmək istəyirik. Artıq 20 ilə yaxındır Qarabağla bağlı parlament müzakirəsi, ictimai dinləmələrin keçirilmədiyini nəzərə alaraq hesab edirik ki, müəyyən informasiyalar almaq, real vəziyyəti bilmək xalqın haqqıdır.

Qarabağın işğaldan azad olunması dövlətlə xalqın vəhdətindən keçir. Bu birliyə həyatımız bahasına nail olmağa hazırıq”.

Müraciətə tərəfdar çıxanlar prezidenti Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı xalqa dürüst bilgi verməyə, yaxud geniş ictimai Qarabağ müzakirəsi təşkil etməyə çağırmaq niyyətində idi.

***

Belə bir müraciətin əhəmiyyəti olacaqmı deyə tərəddüdlərimiz vardı. Mayın 31-i Milli Məclisdə baş verən hadisə – ermənilərin “Şuşa andiçməsi”nə ordu səviyyəsində seyrçi qalmağı qəbul etməyən bir millət vəkilinin etirazı və bu etirazı Məclis rəhbərliyinin, “növbətçi deputatların” süngü ilə qarşılaması tərəddüdlərin əsassız olmadığını göstərdi. Qoyduq bu ideyanı kənara.

Sən demə, bu Milli Məclis müharibəyə səfərbər edən yox, göstəriş gələrsə xalqı təslimçiliyə sürükləyəcək bir Məclismiş. Belə millət vəkillərindən, onları idarə edənlərdən Qarabağın azad olunmasını gözləmək, yüngül desəm, özünü aldatmaq olar.

Müraciətdən imtinanın bir səbəbi də Qarabağla guya məşğul olan səlahiyyətli şəxslərin ictimaiyyətlə açıq söhbət nümunəsinin olmamasıdır. Bizə tarixdən monoloq dinləmək yox, sabah haqda aydın təsəvvür yaradacaq yol xəritəsinin təqdimatı gərəkdir.

Hakimiyyət rəsmilərinin ağız büzdüyü Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları yoxdan dövlət yaradıb, heçdən ordu qurub Qarabağı azad etmiş, Xankəndində qələbə paradı keçirmişdilər. Bu tarixi qələbəyə Şəki, Ağdam, Cavanşir, Tərtər, Bakı, Tatar, Zaqatala, Şirvan alayları imza atmışdı.

Onlarla ictimai xadimin imzalayacağı müraciətdən vaz keçdik. Əvəzində soruşuruq: 27 il keçib, hanı vəd etdiyiniz Qarabağ? Artıq hesabat vaxtıdır!

Xalqı və dövləti torpaqların azad olunmasına səfərbər edin.

Ya da… acizliyinizi etiraf edin!

Vahid Qazi

2 iyun 2020
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
23.07.2020 Ağdam qatarı Bakıdan gedir - İşğalın 27-ci ili
26.05.2020 Vəzirovun tamamlanmış yarımçıq portreti
20.05.2020 Şuşa inauqurasiyası, mən, qarğalar…
01.05.2020 Şuşalı foto - 1 may düşüncələri
30.03.2020 Divarın o üzündən gələn səs