Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

İtaliyada çalışan həkim: “Koronavirus yalnız ağciyərlərə deyil, beyin və qaraciyərə də zərbə vurur” - MÜSAHİBƏ

17:40  |    18 Aprel 2020  |   E-mail  |  Çapa göndər


İrina Şvıçkova 20 ildən çoxdur İtaliyada, Porretta-Terme şəhərində (Boloniya əyaləti) yaşayır və işləyir.

O, Sankt-Peterburqdakı Uşaq Tibb Akademiyasını bitirib, 1997-ci ildə italiyalı ilə evlənib və ora köçüb. Son aylarda koronavirus xəstələrini xüsusi təyin olunmuş tibb müəssisələrinə çatdırmağa kömək edib.

Media.Az-a verdiyi müsahibədə İ.Sviçkova COVID-19 koronavirusuna necə yoluxduğu, niyə testlərin həmişə xəstəliyi müəyyən edə bilmədiyi və bir çox başqa məsələlər barədə danışıb.

- Hansı xəstəxanada çalışırsınız?

- İndi mən Boloniya xəstəxanalarından birində - “Azienda USL di Bologna”da işləyirəm.

- Sizin tibb müəssisəniz COVID-19-un mərkəzidir?

- Bura COVID-19-un mərkəzi deyil, əksinə, xəstəxanamız burada deyildiyi kimi, “təmizdir”. Axı, tibbi yardıma ehtiyacı olan digər xəstələr də var. Biz onların müalicəsinə diqqət yetiririk. Ancaq buna baxmayaraq, bizə süni tənəffüs cihazına qoşulması, xüsusi rejimli tibb müəssisələrinə göndərilməsi lazım gələn COVID-19 simptomları olan ağır xəstələr də çatdırılır. Düşünürəm ki, mən məhz onlardan yoluxmuşam.

- Diaqnoz təsdiqlənib?

- Ötən həftə özümü pis hiss etdim, başağrısı, əzələ zəifliyi, diarreya meydana gəldi. Əvvəlcə hər şeyi stresslə əlaqələndirdim. Daha sonra xəstəxananın bütün həkimləri, o cümlədən məndən qan analizi götürdülər. Məndə yeni xəstəliyin anticismləri tapıldı və evə, təcridə göndərdilər. Daha sonra iki dəfə yaxma götürüldü, ancaq nəticələr mənfi oldu.

- Bəs bu mümkündürmü?

- Buna görə hamımız çaşqınıq. Məsələ burasındadır ki, hələ COVID-19-u müəyyən edən dəqiq diaqnostika yoxdur. Kompüter tomoqrafiyasında “buzlu şüşə” simptomu aşkar edildi, yaxşı ki, bu, bütün ağciyərlərə təsir etməyib. Bu, ağciyər toxumasında alveol səviyyəsində müxtəlif patoloji dəyişiklikləri əks etdirən xüsusi radioloji simptomdur. Buna görə də, ən dəqiq diaqnostikanın kompüter tomoqrafiyası zamanı əldə olunduğu qənaətindəyəm.

- İndi özünüzü necə hiss edirsiniz?

- Heç də çox yaxşı hiss etmirəm: zəiflik, nəfəs darlığı, başağrısı...

- Ancaq bununla belə, sizdə hər kəsin barəsində yazdığı əsas simptomlar yoxdur...

- Öskürəyim yeni başlayıb, temperatur 37 dərəcə və bir az daha yüksək səviyyədədir. Ancaq ən əsası xüsusi “buzlu şüşə” simptomu mövcuddur. Koronavirus xəstələrində ən çox müşahidə olunan simptomlara gəldikdə isə, bunlar yüksək temperatur, quru öskürək və nəfəs darlığıdır.

- Nə üçün sizi xəstəxanaya yerləşdirmədilər?

- Yalnız ağır xəstələr xəstəxanalara yerləşdirilir. Xəstəliyin mövcud dinamikasını nəzərə alaraq, ev şəraitində keçirəcəyimə ümid edirəm.

- Sizcə, virus daha yüngül formaya mutasiya edə bilərmi?

- Artıq mutasiya edib, çünki virusun üç növü ortaya çıxıb: “A”, “B” və “C”. Lakin onun aqressiv virulentliyi hələ də qalmaqdadır. Səthi zülal örtüyü daim mutasiyaya uğrayır, buna görə də, peyvəndin yaradılmasına ümid bağlamayın! Daim mutasiya edən bir virus üçün necə peyvənd hazırlamaq olar?!

Qeyd edək ki, “A” tipinə Uhan şəhərində yarasa ilə insanlara ötürülən ilk yaranan virus aiddir. Üstəlik, ABŞ və Avstraliyada məhz bu növ virus aşkarlanmağına baxmayaraq, Çinin özündə bu tip üstünlük təşkil etməyib. Alimlərin fikrincə, Çində koronavirus epidemiyasının başlanğıcında virus “B” tipinə qədər mutasiya edib və məhz həmin tip genişmiqyaslı epidemiyaya səbəb olub. Şərqi Asiyanın əksər hissəsi “B” tipi ilə yoluxub və həmçinin, Almaniya, İsveçrə, Belçika və Niderlanddakı xəstələrdə də bu tip aşkarlanıb.

Üçüncü mutasiya növü – “C” tipi Avropada, demək olar ki, bütün xəstələrdə rast gəlinir. Bu müxtəliflik İtaliya, Fransa, Böyük Britaniya və İsveçdəki xəstələrdə aşkarlanıb. Honkonq, Cənubi Koreya və Sinqapurda tək-tük hallar qeydə alınıb.

- İtaliyada yaşlı insanlar çox olduğundan bu ölkənin çətin vəziyyətə düşdüyü doğrudurmu?

- İtaliya uzunömürlülər ölkəsidir. Koronavirusdan ölənlərin çoxu 60-90 yaş arasındakı insanlardır. Ancaq gənclərin ölmədiyini düşünmək olmaz. Qeyd etmək istəyirəm ki, burada virus kişilərə daha çox təsir edir. Boloniya əyaləti üzrə məlumatlara əsasən, xəstələrdən 63 faizini kişilər, 37 faizini isə qadınlar təşkil edir.

- Koronavirus xəstələrinin müalicəsi necə keçir?

- Xəstəliyin patogenezi hələ tam öyrənilməyib. 11 apreldə İtaliyada heparin preparatlarından istifadə etməyə icazə verildi. Məsələ burasındadır ki, yarılma bu xəstəlik zamanı damardaxili qan laxtalanması baş verdiyini göstərir. Bu baxımdan trombozun profilaktikası koronavirus infeksiyasının müalicəsində zəruri məqam təşkil edir. Bundan əlavə, COVID-19 yalnız ağciyərlərə deyil, həmçinin digər orqanlara - qaraciyərə, baş beyinə də zərər vura bilər. Ancaq əsas hədəf ağciyərlərdir.

- Belə çıxır ki, sağ qalmış bir çox ağır xəstə fəsadlarla yaşayır?

- Koronavirusu ağır keçirənlərdə xüsusilə ağciyərlərdə müxtəlif dərəcədə fəsadlar olur. Bunu kompüter tomoqrafiyası sübut edir.

- Karantin yoluxma sürətini azaltmağa imkan verən yeganə tədbirdir?

- Bəli! İnsanlar sosial məsafəni qorumağın lazım olduğunu başa düşsəydilər, hakimiyyətə karantin elan etmək lazım gəlməzdi. İtaliyada yalnız iki aylıq karantindən sonra vəziyyət nisbətən stabilləşib. İndi xəstəxanalarda boş yerlər var, yeni tibbi cihazlar alınıb. Sosial məsafəyə gəldikdə isə, buna ən azı bir neçə il əməl edilməlidir. Bütün epidemioloji normalar üzrə kütləvi immunitet iki ildən sonra inkişaf edir.

- İtaliyada epidemiyanın pik həddi artıq geridə qalıb?

- Deyərdim ki, artıq stabil mərhələyə çıxmışıq. İndi burada 10 gündür ki, ölüm səviyyəsi gündə 500 nəfər civarında dəyişir.

- Ölkədə məhdudlaşdırıcı tədbirlər yumşalır?

- Çərşənbə axşamından başlayaraq, ölkədə tikinti işləri bərpa ediləcək, bəzi mağazalar işə başlayacaq. Lakin İtaliya karantindən dərhal çıxmağı planlaşdırmır. Məsələn, mənim həyat yoldaşım uzun müddət qapalı olan və nə vaxt açılacağı bilinməyən restoran-barın sahibidir. Hazırda ailəm tamamilə mənim maaşım hesabına yaşayır. Bununla yanaşı, ev almaq üçün götürdüyümüz böyük həcmdə krediti ödəməliyik.

- Hökumət yardım etmir?

- Sözdə edir, əməldə isə bu, hələlik az hiss olunur. Kredit güzəştləri maydan etibarən qüvvəyə minəcək, buna qədər isə hər şeyi ödəmək lazım gəlir. Yoldaşım bu yaxınlarda epidemiya ərzində ilk dəfə olaraq 600 avro məbləğində maddi yardım aldı. Baxmayaraq ki, heç bir güzəşt olmadan bütün vergiləri ödəməyə davam edirik.

- Necə düşünürsünüz, epidemiya nə vaxt zəifləyəcək və insanlar vərdiş etdikləri həyat tərzinə qayıda biləcəkmi?

- Ümid edirəm ki, yayın gəlişi ilə. İsti hava virusu ətrafa yayılmağa başlamazdan əvvəl qurudacaq. Xoşbəxtlikdən, virusun çəkisi ağırdır və prinsip etibarilə predmetlərin üzərinə çökərək uzun məsafələrə yayılmır. Ancaq sentyabrda yoluxmanın yenidən artması mümkündür. Amma ikinci dalğanın o qədər də təhlükəli olmayacağına ümid edirəm.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
“İyunun 2-də Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”
02.06.2020
“Əli Həsənov kimdir ki?..” – Azər Həsrətdən sensasion açıqlamalar
29.05.2020
Şeyxinizin bir arvadı var, ikincisinə ehtiyac duymuram - Allahşükür Paşazadə
27.05.2020
“Prezident belə biabırçılığa dözən adam deyil” — Çingiz Abdullayev
26.05.2020
“Kremlin ermənilərə dəstək verməsi...” - Tofiq Zülfüqarov