Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Ermənilərə yanacaq satan keçmiş Azərbaycanlı məmur vətəndaşların mülkiyyətini mənimsəyir

17:33  |    15 İyun 2015  |   E-mail  |  Çapa göndər

Neft Kəmərləri İdarəsinin sabiq rəisi 7 nəfərin haqqına girməkdə ittiham olunur; “Guya onun vaxtilə süpürgəçi işləmiş 80 yaşlı qayınanası 4 milyona yaxın pulu verib o obyektləri alıb”

Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabovun adı yeni qalmaqalda hallanır. Redaksiyamıza müraciət edən Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamik Əhmədov, Əhliman Alıyev və Adil Kazımov deyirlər ki, keçmiş məmurun qanunsuz hərəkətləri bu gün də davam edir.

Şikayətçilər 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. A.Əsədovun sözlərinə görə, onunla birgə Zamiq Əhmədov həmin binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi alıb: “Bütün alqı-satqı əməliyyatı bank üzərindən həyata keçdi. Mənim də, Zamiqin də aldığı əmlaklar İlqar adlı şəxsə məxsus idi. Qanunun tələb etdiyi kimi sənədlər BTİ-yə təqdim olundu, 2 ay ərzində bizə təzə ”kupça" (mülkiyyət haqda çıxarış) verildi. Heç bir problem olmadı. Az sonra Yasamal Rayon Məhkəməsindən çağırış gəldi. Məlum oldu ki, 80 yaşlı Anna Sergeyevna Qoloveşkina Zamiqlə mənə və həmin ünvanda olan bütün obyekt sahiblərinə qarşı iddia qaldırıb. İddiasında göstərib ki, binada olan bütün qeyri-yaşayış sahələri və bəzi mənzilləri müqavilə əsasında “Volbak” MMC-dən alıb. Buna görə MMC-yə 3 milyon 682 min dollar ödəyib. İddia 8 nəfərə qarşı qaldırılmışdı. Yasamal məhkəməsinin hakimi Abbas Rzayev dövlət orqanlarından bizə verilən sənədlərə baxmayıb A.Qoloveşkinanın iddiasını təmin etdi”.

Şikayətçilər deyirlər ki, A.Qoloveşkina milyonçu, keçmiş Dövlət Yanacaq Komitəsinin 1-ci müavini, sonradan ARDNŞ-in Neft Kəmərləri İdarəsinin baş direktoru işləmiş Rizvan Vahabovun qayınanasıdır. Bu baxımdan vaxtilə süpürgəçi işləmiş A.Qoloveşkinanın arxasında məhz R.Vahabovun dayandığına da şübhə etmirlər: “Məhkəmə prosesinin gedişində bizə aydın olub ki, obyekt aldığımız həmin binanın tikintisini “Volbak” MMC həyata keçirib. Bu MMC-nin sahibi Əflatun Piriyev olub. Faktiki isə binanın tikintisini və satışını Hümbət Məmmədovla Rizvan Vahabov həyata keçiriblər. Əflatun Piriyev öldürüldükdən, bu qətlə görə Hümbət Məmmədov həbs olunduqdan sonra Rizvan Vahabov baş verənləri fürsət bilərək bizə qarşı qanunsuz iddialarla çıxış etməyə başladı. O, özü birbaşa deyil, qayınanası A.Qoloveşkinanı qabağa verməklə yaşlı qadını da yalan danışmağa sövq edir. Yasamal Rayon Məhkəməsinin çıxardığı qanunsuz və əsassız qətnamədən apelyasiya şikayəti verdik. Hakim Mehdi Əsədov apelyasiya şikayətini obyektiv araşdırdı. Məhkəmədə R.Vahabovun qayınanasının yalanı çılpaqlığı ilə üzə çıxdı.

A.Qoloveşkinanın vəkili məhkəmədə deyirdi ki, pulu 80 yaşlı qadın özü “Volbak” MMC-yə apararaq ödəyib. Hakim vəkilə sual verib dəqiqləşdirdi ki, pulu məhz 80 yaşlı qadın ora aparıb və ödəyib. Bundan sonra hakim aydınlaşdırdı ki, 3 milyon 682 min dollar təxminən 80 kiloqrama yaxındır. Vəkilə sual etdi ki, 45 kiloqrama yaxın çəkisi olan 80 yaşlı qadın belə ağır yükü necə daşıyıb? Vəkil suala cavab verə bilmədi.

Növbəti prosesdə R.Vahabovun qayınanasının vəkili onun dilindən daha bir yalanı ifadə etdi. Dedi ki, A.Qoloveşkina həmin obyektlərə və mənzillərə görə pul ödəməyib. Torpaqla barter ediblər. Bakı Apelyasiya Məhkəməsi iddiaçı tərəfin yalanlarını, saxta sənədlərini araşdırıb bizim xeyrimizə qərar verdi. Bununla yanaşı, A.Qoloveşkinanın vəkili proses zamanı vəsatət verib onun mübahisə obyekti olan qeyri-yaşayış sahələrinə və mənzillərə görə pul ödəyib-ödəməməsini aydınlaşdırılmasını istəmişdi. Hakim xüsusi qərardadla həmin vəsatətin araşdırılması üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə (KQMİ) yolladı.

Qarşı tərəfin vəkili bu vəsatəti verərkən işin uzadılması məqsədini güdürdü. İstəyirdilər ki, iş uzansın, biz şikayətçilər bezib geri çəkilək. Lakin öz vəsatətlərinə əsasən özlərini ifşa etdilər. KQMİ-də aparılan araşdırma zamanı bir daha üzə çıxdı ki, A.Qoloveşkinanın adına olan “Volbak” MMC ilə bağlanmış müqavilələr, kassa mədaxil orderləri saxtadır. Bu qadın tərəfindən “Volbak” MMC-yə bir qəpik belə pul ödənilməyib. Rizvan Vahabov 80 yaşında qadını məcbur edir ki, yalan ifadə versin. O da məhkəmələrdə yalan danışır, deyir ki, 3 milyon 482 min dollar və 200 min dolları şəxsən nağd pulla ödəyib. Qadın KQMİ-də ikinci dəfə yalan ifadə verib ki, o, pul ödəməyib, bu müqavilədəki pulun əvəzinə torpaq verib. İdarədə bu məsələ də araşdırılıb. Məlum olub ki, həmin torpaq dövlətindir. A.Qoloveşkina iddiasında göstərdiyi mülklərə görə heç bir pul ödəməyib, heç bir əvəzləşmə də olmayıb. KQMİ-də aparılan araşdırmanın nəticəsində çıxarılan qərarla da A.Qoloveşkinanın iddiasında göstərdiyi mülklərə heç bir aidiyyətinin olmadığı təsdiqləndi. Bütün bunlara baxmayaraq qadının barəsində heç bir tədbir görülmədi. Baxmayaraq ki, qadın hər dəfə ifadə verməyə çağırılanda yalan ifadə verməmək barədə iltizama qol çəkib.

Rizvan Vahabov KQMİ-nin çıxardığı qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət verdi. Məhkəmə şikayəti araşdıraraq qərarın qanuni olduğunu təsdiqlədi. R.Vahabov məhkəmənin qərardadından apelyasiya şikayəti verdi. Apelyasiya instansiyasında qərardad qüvvədə saxlandı.

Bir daha R.Vahabovun qayınanasının iddiasının əsassız və saxta olduğu təsdiqləndi.

Qarşı tərəf Ali Məhkəməyə müraciət etdi. R.Vahabov əlaqələrindən istifadə edərək işi apelyasiya instansiyasına qaytartdırdı. Hakim Elnur Həsənov 2 ay müddətində işi yenidən araşdırdı və Yasamal Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı. R.Vahabovun kürəkəni Elvin hər yerdə deyir ki, bizim arxamızda ədliyyə nazirinin müavini Azər Cəfərov dayanıb. Hesab edirik ki, məhkəmənin qanunsuz qərar verməsində nazir müavininin təsiri olub. Biz Ali Məhkəməyə müraciət edib əsassız və qanunsuz olan qərarın ləğvini tələb etmişik. Şikayətçilər prezidentə müraciət edərək R.Vahabovun qanunsuzluqlarının araşdırılmasını da istəyiblər.
İşə iyunun 19-da baxılacaq".

Şikayətçilər deyir ki, 4 ildir ki, məhkəmələrdədirlər və Rizvan Vahabovun qanunsuzluqları haqda çoxsaylı məlumatlar öyrəniblər.

Şikayətçilərin redaksiyamıza təqdim etdiyi sənədlərdə R.Vahabovun Ermənistana neft məhsulları satması kimi ciddi bir ittiham da yer alıb. Onun saxtakarlıqla deputat seçilməyə cəhd etməsini ifşa edən sənəd də redaksiyamıza təqdim olunub. Növbəti saylarımızda həmin şikayətləri təqdim edəcəyik.

Mülkləri Rizvan Vahabov tərəfindən mənimsənilən 7 vətəndaş redaksiyamıza sabiq məmurun Ermənistana neft satmasının şok detallarından bəhs edən sənədlər təqdim etdi

Şikayətçilər 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar.

Sonradan onlar Rizvan Vahabovun qanunsuz iddiaları ilə rastlaşıblar. Bu yazıdan sonra şikayətçilər redaksiyaya R.Vahabovla bağlı bəzi materiallar təqdim ediblər. Həmin materiallarda Neft Kəmərləri İdarəsinin (NKİ) keçmiş rəisi Rizvan Vahabovun ünvanına olan çox ilginc ittihamlar yer alır.

Şikayətçilər redaksiyamıza 2004-cü ildə “Təzadlar” qəzetində R.Vahabovun fəaliyyətinə həsr olunan silsilə yazılar dərc olunmuş bir qovluq təqdim ediblər. “Təzadlar”ın 11-18 may 2004-cü il tarixli sayında manşetdən dərc olunan “Azərnefttəchizat”da korrupsiya" sərlövhəli, “Azərbaycan benzini Ermənistan bazarlarına hansı yollarla və kimlər tərəfindən göndərilib?” yarımsərlövhəli yazıda düşmən ölkəyə yanacaq göndərilməsindən bəhs olunur.
Aktuallığını, maraqlı olduğunu nəzərə alıb həmin yazılardan bəzi özətləri təkrar dərc edirik:

“...Azərnefttəchizat”ın müfəttişi S.Quliyev Gəncə Paylayıcı Neft Bazasını yoxlayarkən, 57 milyon dollardan çox yanacaq oğurluğunun üstünü açıb...

Bu yoxlama-təftişlə məlum olub ki, neçə illər imiş yanacaq talanı baş alıb gedirmiş. Təxminən 1200-ə yaxın vaqon-sistern (120 tonluq, təxminən 144 min ton yanacaq) yanacaq Gəncə Paylayıcı Neft Bazasının adına yazılıb. Bu yanacağın az bir qismi Gəncəyə gedib çatıb. Qalanı isə başqa yerlərə göndərilib. Hətta Ermənistana da bu yanacaqdan gedib çıxıb. Bu barədə az sonra.

Lakin ən maraqlı cəhət həm də budur ki, bu qədər yanacağı Gəncə Neft Bazasının adına silənlər başa düşməyiblər ki, bu qədər yanacaq Gəncənin yanacaq tələbatından 8-10 dəfə çoxdur. Elə şübhə doğuran də bu olub, ölkənin ali hüquq-mühafızə orqanlarından birinin adının çəkilməsini istəməyən məsul əməkdaşının sözünə görə, o vaxt şübhə doğuran da elə bu olub. Rizvan Vahabovun başı bu yanacaq əməliyyatına necə qarışıbmışsa, baş verənləri təhlil etməyə vaxtı və imkanı belə olmayıb.

Hətta vəziyyət o qədər mürəkkəb olub ki, o, Bakıdan Gəncə adı ilə çıxan benzin dolu sisternlərin Ermənistana getdiyinin də fərqinə varmayıb. Təki benzin Bakıdan çıxıb gözdən-könüldən uzaq olsun və pulu gəlsin!

Ziya Məmmədovu susduran nə imiş?

İndi sual doğur, bəs Azərbaycan Dəmiryol İdarəsinin o illərdə rəisi olmuş Ziya Məmmədov niyə susurmuş?

Doğrudanmı, yüksək çinli dövlət məmurları üçün fərqi yox imiş ki, Azərbaycandan gedən bu yanacaq erməni tankına, təyyarəsinə doldurulub, sonra üstümüzə hücumun hərəkətverici qüvvəsi olacaq...

Bəs milli hiss, dövləti maraqlar, vətənpərvərlik? Doğrudanmı, bunlar yalnız kağız üzərində olur?

İndi məlum olur ki, dəmiryolu mütəxəssislərinin imzaladığı müraciət hələ 1998-ci ildə mərhum eks-prezident Heydər Əliyevə ünvanlanıb və göndərilib.

Bilmirik, həmin müraciət və sənədlər o vaxt dövlət başçısına çatdırılıb, ya yox, amma əlimizdə olan sənədlər həqiqətən də düşünməyə imkan verir ki, “Azərnefttəchizat"ın bölüşdürdüyü benzin həm də Ermənistana daşınıb, göndərilib.

Ermənistanın “Ayq” şirkətinin Bakıdakı “qohumları”

Müraciətdə deyilir:

“Doğrudanmı, yüksək dövlət məmurları üçün fərqi yox imiş ki, Azərbaycandan gedən bu yanacaq erməni tankına, təyyarəsinə doldurulub, sonra üstümüzə hücumun hərəkətverici qüvvəsi olacaq...”

“...Azərbaycan Dəmiryolu İdarəsinin rəisi Ziya Məmmədov (hazırda nəqliyyat naziridir - E.M) nəinki Ermənistan tərəfindən bizim vaqonlardan istifadə edilməsinin qarşısını almış, əksinə, hətta Gürcüstanın ermənipərəst ”Mari" firmasına qanunsuz olaraq 200 vaqon-sistern ən ucuz qiymətə satılmışdır. Bunların nəticəsidir ki, hazırda bizim vaqonlarla Batum və Poti limanlarından mütəmadi olaraq işğalçı Ermənistana neft məhsulları daşınır. Z.Məmmədov məlumat verir ki, guya yük Batum limanına gedir, orada da azad satışdır, hər hansı şirkət yanacaq ala bilər. Əslində isə Azərbaycandan gedən yanacaq dolu qatarlar elə Tbilisi stansiyasından Yerevana göndərilir”.

Müraciət müəllifləri daha bir maraqlı məqamı qeyd edirlər:

“Respublikanın milli təhlükəsizlik naziri N.Abbasovun (1994-2004-cü illərdə bu vəzifəni tutub - E.M), Milli Məclisin iclasında respublikanın baş prokuroru Eldar Həsənovun (1995-2000-ci illərdə bu vəzifəni tutub-E.M), YAP-ın Siyasi Şurasının iclasında isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Aslan Aslanovun (1993-2005-ci illərdə bu vəzifəni tutub -E.M) dəmir yolunun rəhbərliyinin vasitəçiliyi və təşkilatçılığı ilə işğalçı Ermənistana qatarlarla neft məhsullarının göndərilməsini ifşa etdilər...

Təəssüflə qeyd etməliyik ki, Azərbaycandan Gürcüstan adı altında Ermənistana yüzlərlə vaqon neft məhsullarının (yadımıza Gəncə Neft Bazasında it-bata düsən 1197 vaqon (120 tonluq) yanacaq düşür- red.) göndərilməsi, vaqonların orada boşaldılması yol-qaimə (peresıloçnaya-nakladnaya) sənədlərindən də aydın görünür. Aşkar olunur ki, Bakıdakı hansı firmalar Ermənistana yanacaq göndərir...

Hətta MTN əməkdaşlarının əvvəlcədən xəbər vermələrinə baxmayaraq, 3 qatar (hərəsi 4 min ton, cəmi 12 min ton) neft məhsulları Şirvan və Ağstafa stansiyalarından Ermənistana göndərilmişdir ...”

Bu da sənədlər: Azərbaycana məxsus 72125511, 73025777, 73624, 736, 71559132, 72061831 və s. çoxsaylı benzin dolu vaqonların Ermənistan Dəmiryolu İdarəsinin ştampı vurulmuş yol-qaimə sənədləri.

Tarixlər də təzədir: 03.06.1998, 03.11.1998, 24.11.1996-cı il və s. illər.
Baxın və nəticə çıxarın!

*****

Bunlar “Azərnefttəchizat”dakı korrupsiyanın Azərbaycan Dəmiryolu İdarəsindən keçən izləridir.

Ermənistana göndərilən yanacaq yükləri, məsələn, necə ola bilər ki, Gəncə Paylayıcı Neft Bazasının adına yazılan və Bakıdan yola salınan yanacaq dolu vaqonlar səlahiyyətli şəxslərin diqqətindən kənarda qalsın.

Çünki ən azı göndərilən yükün hesabat - qaimə, yükün boşaldılması, yük göndərənin həmin yükün ünvanına çatmasını təsdiqləyən yekun hesabat sənədləri və s. görməyə və bilməyə əsas verir ki, belə bir strateji yük hara gedib çıxır?

Mənbənin sözlərinə görə, həmin yüklər Gürcüstandan keçərək, həm Ermənistana, həm də Türkiyəyə, oradan bir qismi Naxçıvana gedib. Təbii ki, gömrük yoxlama-nəzarət məntəqələrində xırdaca araşdırma kifayətdir ki, yanacaq dolu vaqonların Gəncə adı ilə haralara gedib çıxdığı məlum olsun...

Çoxsaylı yanacaq vaqonları aylarla Azərbaycana niyə qayıtmırmış?

Gəncə Neftbazasında boşaldılmayan yanacaq dolu yük vaqonlarının 5-6 aylarla yoxa çıxması faktları da diqqətdən kənarda qala bilməz. Bunlar o vaqonlar olub ki, Ermənistana gedib çıxıb, yukü boşaldılıb, sonra geri qayıdıb.

R.Vahabov, yaxud Z.Məmmədov deyə bilər ki, biz yanacağı Rusiyanın fırmalarına şatmışıq, onlar kimə istəsələr sata bilərlər. Yəni bazar iqtisadıyyatıdır.

Sual edirik: Rizvan müəllim, əvvəla, siz məlumatlı idiniz ki, bu yanacaq dolu vaqonlar Ermənistana gedib boşalıb qayıdır. Alıcı firma qarşısında tələb qoya bilərdiniz ki, Azərbaycan benzini Ermənistana satıla bilməz! İkincisi, tutaq ki, bu benzin satılıb getdi. Bəs pulu dövlətə niyə ödənilmirdi? Bəlkə burada da bəhanə gətirilən azad ticarət prinsipi hakim idi? Bəs sizi vəzifəyə qoymuş prezident H.Əliyevin hələ 1996-cı ildə verdiyi pulu əvvəlcədən ödənilmədən yanacaq buraxılmasının qadağan olunması barədəki məlum sərəncamına niyə sayğısızlıq göstərmisiniz? Axı bu məbləğ yüz milyardları vurub keçirdi. Yəni dövlət əmlakını, xalq malını belə talamaqmı olardı?

Ermənistana benzin satanları ifşa edən təftişçini tutublar...

Halbuki hələ vaxtilə Tacikistandakı məşhur pambıq “pripiska”sında təftişçi kimi iştirak etmiş Salman Quliyev 57 milyon dollardan çox yeyintinin üstünü açmışdı. Onu mükafatlandırmaq əvəzinə, hələ bir 9 ay istintaq təcridxanasına saldıranda, düşünmürdünüzmü ki, hər şeyin üstünün açıldığı gün də olacaq?!”.

*****

“Təzadlar” qəzetində illər öncə dərc olunmuş bu yazını redaksiyamıza təqdim edən vətəndaşlar deyirlər ki, bu cür ciddi ittihamların o dövrdə araşdırlmaması R.Vahabovun daha yeni qanunsuzluqlara getməsini şərtləndirən əsas məqam hesab etmək olar. Şikayətçilər deyir: “Cəzasızlıq yeni cinayətlərə yol açan başlıca amildir. Sənədləri saxtalışdırıb düşmənə yanacaq gönədrilməsi ittihamı ortada ikən R.Vahabovun illər sonra bizə (Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamik Əhmədov, Əhliman Alıyev və Adil Kazımova) qarşı etdiklərini cinayətə bərabər qanunsuzluqların məntiqi davamı hesab etmək olar”.

Yada salaq ki, adıçəkilən vətəndaşlar 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. Az sonra isə R.Vahabov qayınanası A.Qoloveşkina vasitəsi ilə vətəndaşların qanuna uyğun şəkildə əldə etdikləri əmlakları onlardan almağa çalışıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı məlum olub ki. R.Vahabovun 80 yaşlı qayınanasının məhkəmələrə təqdim etdiyi sənədlər saxtadır. 4 il davam edən məhkəmə çəkişmələrindən sonra iş növbəti dəfə Ali Məhkəməyə göndərilib. Vətəndaşlar inanırlar ki, bu məhkəmə instansiyasında nəhayət ki, ədalətli qərar veriləcək. Bununla da R.Vahabovun bir qanunsuzluğunun qarşısı alınmış olacaq...

P.S. Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.

musavat.com

QAZİLER.AZ-dan: Axı Azərbaycan Respublikasının qanunları vətəndaşın mülkiyyət hüququnu tanıyır və onun müdafiəsində dayanır. “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur”. Bu da Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsindədir.

Şikayətçilər onu da bildirirlər ki, R.Vahabov hətta millət vəkili, akademik Cəlal Əliyevin adından sui istifadə etməkdən belə çəkinmir. Bir məqam da diqqətimizi çəkir. Necə olur ki, bir məmur vəzifəsindən kənarlaşdırılandan dərhal sonra milyonçuya çevrilir və geniş biznes sahəsinə malik olur?






Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq