Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6595

Digər sorğular

Milli Məclisdən Almaniya Bundestaqının qətnaməsinə sərt reaksiya

01:00  |    14 İyun 2015  |   E-mail  |  Çapa göndər

Almaniya Bundestaqının iyunun 12-də qəbul etdiyi qətnamə ilə əlaqədar Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasının iştirakçısı olan deputatlar bəyanat qəbul ediblər.

Trend-ə daxil olan bəyanatda deyilir: "Biz, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasının iştirakçısı olan deputatlar Almaniya Bundestaqının 2015-ci il iyunun 12-də Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qəbul etdiyi qətnaməni Azərbaycan və Almaniya dövlətləri arasında münasibətlərə xələl gətirməyə, Azərbaycanın beynəlxalq nüfuzuna kölgə salmağa yönələn qərəzli və həqiqətdən uzaq bir sənəd hesab edir, ölkəmizə qarşı bu kinli və pis niyyətli aksiyanı qətiyyən qəbul etmədiyimizi bildiririk.

Bizə yaxşı məlumdur ki, son dövrdə Almaniyada Azərbaycana qarşı məqsədyönlü kampaniya həyata keçirilir. Bizə bunun səbəbləri də məlumdur. Əgər bu, bir tərəfdən Almaniyadakı erməni lobbisinin təsiri ilə bağlıdırsa, digər tərəfdən vaxtilə ikitərəfli münasibətlərdə gərginlik yaratmış “Ştrasser məsələsi”nə görə Almaniyanın bəzi siyasi dairələrinin Azərbaycandan qisas almaq niyyəti ilə bağlıdır".

Sənəddə qeyd olunur ki, Azərbaycan parlamenti tərəfindən dəfələrlə bəyan edilib və indi biz bir daha bəyan edirik ki, heç bir qarayaxma aksiyası və ya aksiyaları Azərbaycanı insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik dövlət quruculuğu yolundan döndərə bilməz. Bu yolda qarşıya çıxan çoxsaylı maneələrə, təzyiqlərə və təhdidlərə baxmayaraq Azərbaycan demokratik dəyərlərə sadiqdir və sadiq olaraq qalacaqdır:

"Ölkədə demokratik təsisatların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyəti institutlarının gücləndirilməsi, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının, o cümlədən ifadə və informasiya azadlığının möhkəmləndirilməsi, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini nümayiş etdirir. 2011-ci il dekabrın 27-də Azərbaycan Resublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının və azadlıqlarının tam həcmdə qorunmasına nail olmaq iradəsini əyani nümayiş etdirir.

Ayrı-ayrı şəxslərin, o cümlədən hüquq müdafiəçilərinin, vəkillərin, jurnalistlərin, bloggerlərin və digərlərinin konkret cinayət əməlləri törətdiklərinə görə məsuliyyətə cəlb edilməsini insan hüquqlarının mütəmadi surətdə pozulması hesab etməyi qeyri-obyektiv və birtərəfli yanaşmanın bariz nümunəsi kimi qiymətləndiririk. Xatırlatmaq istərdik ki, Almaniyanın özündə də hər hansı başqa qurumlar, o cümlədən icra strukturları məhkəmələrə cinayət törətmiş şəxsləri azad etmək və ya məsuliyyətə cəlb etməmək barəsində göstəriş verə bilməzlər. Bu, hər bir hüquqi dövlətin təməl prinsipidir.

Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunmasının səmərəli mexanizmi vardır. Ölkəmizdə müəyyən edilmiş məhkəmə prosedurları məhkəmə qərarları ilə razı olmayan şəxslərin Avropa Məhkəməsinə müraciət etməsinə təminat verir. Belə bir şəraitdə Almaniya kimi bir dövlətin parlamentində əsassız və şübhəli informasiya əsasında Azərbaycanda insan hüquqlarına və azadlıqlarına həsr edilmiş müzakirələrin keçirilməsi, təəssüf ki, ölkəmiz barəsində xoş niyyətdən xəbər vermir.

Bu gün Azərbaycanda siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq, bütün qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən dəstək verilir və onların normal fəaliyyətinə lazımi şərait yaradılıb. Vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi qeyri-hökumət təşkilatları demokratik dövlət quruculuğu prosesində fəal iştirak edirlər.

Almaniya Bundestaqının qətnaməsində guya Azərbaycanda din azadlığının pozulması barədə irəli sürülən iddialara gəlincə, bütün bunlar əsassız olduğu qədər də gülüncdür. Azərbaycan Qərb dəyərləri ilə Şərq dəyərlərini birləşdirdiyinə görə bu ölkədə islam, xristianlıq, yəhudilik mədəniyyətləri və digər qədim ənənələr ahəngdar şəkildə qarışaraq bir-birini tamamlayıb. Tarixin bütün dövrlərində Azərbaycan xalqı tolerantlıq nümunəsi göstərib. Dövlət rəhbərliyi səviyyəsində multikulturalizm prinsipindən imtina edən Almaniyadan fərqli olaraq, bizim ölkəmizdə müxtəlif xalqların və millətlərin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşamaq imkanına malikdirlər, insanların milli əlamətə görə sıxışdırılması xalqımızın mentalitetinə və gündəlik praktikasına yad olan bir haldır. Qəribədir ki, Azərbaycana demokratiya dərsi keçmək niyyətinə düşmüş Almaniya Bundestaqının bəzi deputatları öz ölkələrində mövcud olan ksenofobiya, antisemitizm, islamofobiya halları, polisin həddindən artıq güc işlətməsi barəsində susmağa üstünlük verirlər.

Azərbaycanda dini icmaların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb. Bütün dini təşkilatlar və icmalar, o cümlədən xristian icmaları dövlət tərəfindən maneəsiz qeydiyyata alınıb və alınmaqdadır. Yalnız Avropa İttifaqı ölkələrinin özündə də qeydiyyata alınmamış icmalar dövlət qeydiyyatından keçməyib. Almaniya Bundestaqının qətnaməsində dini icmalar barəsində ifadə edilmiş mülahizələr isə Bundestaqda təmsil olunmuş müəyyən şəxslərin və qrupların bayağı xristian təəssübkeşliyinə qapıldığına dəlalət edir.

Biz başa düşürük ki, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, 1 milyona yaxın qaçqın və köçkünün adi insan hüquqlarının pozulmasına baxmayaraq Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, dünyanın dinamik inkişaf edən dövlətləri sırasına çıxması, müstəqil xarici siyasət yeritməsi, xalqın rifahının gündən-günə yaxşılaşması və digər uğurlar heç də hər kəsin ürəyindən deyildir. Bakıda ilk Avropa Oyunlarının, Avropanın tarixinə yazılan idman və gənclik bayramının açıldığı bir gündə Almaniya Bundestaqında Azərbaycana qarşı həyata keçirilən qərəzli aksiya bir daha onu göstərir ki, Azərbaycanı istəməyən qüvvələr ölkəmizi qaralamaq üçün hər bir vasitədən istifadə edir, öz niyyətlərinə çatmaq üçün insan hüquqlarını və demokratiyanı bəhanə gətirərək, dövlətlərin suverenliyi prinsipini tapdalamaqdan, beynəlxalq münasibətlərdə qəbul olunmuş adi etika normalarını pozmaqdan belə çəkinmirlər.

Almaniya Bundestaqının qətnaməsində Azərbaycan ərazisinin bir hissəsinin işğal olunduğu faktı etiraf edilsə də, Almaniya dövlətinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun üzvü kimi heç bir əməli tədbir görməməsi, hətta Avropanın bir sıra dövlətləri sırasında təcavüzkarı öz adı ilə çağırmaqdan imtina etməsi onun Azərbaycan barəsində qeyri-səmimi mövqedə dayandığını göstərir.

Bütün bunları nəzərə alaraq, biz Azərbaycan hökumətinə müraciət edirik ki, Almaniya Bundestaqının 2015-ci il 12 iyun tarixli qətnaməsindən müvafiq nəticələr çıxarsın, ilk addım olaraq, bu yaxınlarda Azərbaycana səfəri nəzərdə tutulan Almaniya rəsmi nümayəndə heyətini yüksək səviyyədə qəbul etməsin".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Qüdrət Həsənquliyev Milli Məclisin Gəncəyə köçürülməsini təklif etdi
07.12.2019
“Xəzər” TV-dən dəyişikliklərlə bağlı məlumatlara - REAKSİYA
07.12.2019
Əlilliyi olan şəxslərin iştirakı ilə “Solğun sevgilər” tamaşasının premyerası olub - FOTOLAR
07.12.2019
Ümid Partiyası parlament seçkilərinə gedir
07.12.2019
Şahin Mustafayevə yeni vəzifə verilib