Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6958

Digər sorğular

“Onu dəfn etməyə pulumuz olmadı”– Prezident sarayının məşhur memarının dəhşətli həyatı: “41 illik işindən qovdular”

22:13  |    02 Mart 2020  |   E-mail  |  Çapa göndər

“Prezident Administrasiyasının binasını atam tikib, amma işçilər onu tanımırlar”

“Atamın tikdiyi universitetdəki işimdən qovuldum”

“Sahil metro stansiyasının üzərində hündür mərtəbəli binaların tikintisinə qarşı çıxırdı”

“Hamıya evlər tikən memarın özü illərlə evsiz qalıb”

“Xalq Cəbhəsi hakimiyyətə gələndə atamı işdən azad etdilər”


Tahir Abdulla oğlu Abdullayev – Görkəmli memar. Azərbaycan Respublikasının Əməkdar mühəndisi və Əməkdar memarı. 1915-ci ilin 25 avqustunda Naxçıvan şəhərində anadan olub. Atası cavan ikən vəfat edib. Ailənin dörd övladı –iki qız və iki oğlan uşaqları anaları Surə xanımın himayəsində böyüyüblər. 1939-cu ildə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirərək memarlıq ixtisasına yiyələnib. 1944-1951-ci illərdə Şəki Şəhərinin Baş memarı işləyib. 1951-ci ildə isə “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna direktor təyin olunub. 1992-ci ilə qədər – 41 il burada fəaliyyət göstərib. O, 1940-cı ildən SSRİ Memarlar İttifaqının üzvü olub. Yüzlərlə yaşayış, ictimai bina və qurğuların müəllifi olan T. Abdullayev 1993-cü ildən ömrünün sonunadək “Bakıdövlətlayihə” İnstitutunda əmək fəaliyyətini davam etdirib. 2004-cü ildə vəfat edib. Milli memarlığımızın inkişafındakı xidmətlərinə görə bir sıra orden və medallarla təltif olunub.

İki dəfə SSRİ Nazirlər Sovetinin Dövlət Mükafatına (Azərbaycan mehmanxanası və Sumqayıt şəhərinin baş planı layihələrinə görə) layiq görülüb. Qırmızı Əmək Bayrağı ordeni, Şərəf nişanı. O, müasir memarlıq məktəbinin yaranıb inkişaf etməsində mühüm xidmətləri olan sənətkar kimi tanınıb. H. Əliyev adına İdman Sarayı, Prezident Administrasiyasının inzibati binası, Millli Məclisin binası, Milli Arxiv binası, Gənc Tamaşaçılar Teatırının və Milli Dram Teatrının binaları, çox saylı yaşayış evləri T. Abdullayevin yadigarı kimi ona ölməzlik qazandırıb. Həmçinin T. Abdullayevin memarlıq tariximizdəki xidmətlərindən biri də respublikanın bütün şəhərlərinin (Bakı şəhəri istisna olmaqla) və rayon mərkəzlərinin baş planlarının hazırlanması işlərinə rəhbərlik etməsidir.

Tahir Abdullayevin yeganə oğlu Namiq Abdullayev Hafiz Times.com-a danışır:

-Tahir Abdullayev necə bir insan idi? Onu oxucularımıza necə təqdim edərsiniz?

-Atam çox təvazökar bir insan olub. Heç vaxt özünü reklam etməyib. İşini həddindən çox sevirdi. Hətta vəfat etdiyi gün də işdə olub. Ömrünün sonuna qədər işləyib. 41 il “Azərdövlətlayihə” İnstitutuna rəhbərlik edib. Xalq Cəbhəsi hakimiyyətə gələndə atamı işdən azad etdilər. Böyük bir memar olduğuna görə onu başqa bir instituta məsləhətçi kimi işə götürdülər. Son günlərinə qədər atam orada işlədi.

-Tahir Abdullayevi niyə işdən azad etdilər?

-“Azərdövlətlayihə” İnstitutunu onun özü yaratmışdı. Xalq Cəbhəsi hakimiyyətə gələndə onu işdən çıxarıb yerinə öz adamlarını təyin ediblər. Atamı öz işindən çox pis bir formada yola saldılar. O, belə münasibəti qətiyyən qəbul edə bilmirdi. “Azərdövlətlayihə” İnstitutuna rəhbərlik etdiyi 41 illik əmək fəaliyyəti dövründə kadrların, xüsusi ilə, milli kadrların sayının artmasına, onların əsl mütəxəssis kimi yetişməsinə qayğı göstərib. Bu mühüm vəzifəni yerinə yetirmək üçün o, öz ətrafında təcrübəli memar və mühəndislər ordusu yaradıb. Sifarişlərin vaxtında yerinə yetiriliməsi üçün Sumqayıt, Naxçıvan və Gəncə şəhərlərində İnstitutun filiallarını açıb. Atam işdən çıxarılanda həmin istitutun 800-dən çox işçisi vardı. Çox böyük institut idi. Demək olar ki, Azərbaycanın bütün şəhərlərində məhz bu institutun layihələri əsasında onlarca təhsil və mədəniyyət ocaqları, inzibati binalar tikilib, görkəmli şəxsiyyətlərmizin möhtəşəm abidələri ucaldılıb.

Tahir Abdullayev böyük memar idi. Başqa direktorlardan fərqli olaraq onun kabinetində kulman (Layihə -çertyoj lövhəsi) var idi. Hətta o, direktor olan zaman da kabinetində çalışırdı.

-İşdən çıxarılandan sonra Tahir Abdullayev necə bir həyat yaşamalı oldu?

-Çox pis vəziyyətə düşmüşdü. Sonralar “Bakıdövlətlayihə” institutunun direktoru Abbas Ələkbərov dedi ki, bizə çox böyük fəxr olar, siz gəlib bizim institutda məsləhətçi kimi işləyin. Atam da həmin instituta getdi. Orada atam üçün bütün şərait yaradılmışdı, şəxsi kabinet də ayırmışdılar.

Atam heç vaxt heç kimə şikayət etməzdi. O, belə bir insan idi. Yalnız öz işi ilə məşğul olardı. Amma mən bir oğul kimi görürdüm ki, atamın vəziyyəti yaxşı deyil. İşdən çıxarılandan bir neçə il sonra o, vəfat etdi.

-Tahir Abdullayev ailədə necə biri idi?

-Ailədə bizə qarşı çox ciddi idi. Hətta istəyirdi ki, mən də memar olum. Deyirdim ki, axı mənim bu sahədə qabiliyyətim yoxdur. Memar olmaq da bir istedaddır. Mən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Avtomatika və elektronika ixtisası üzrə sənəd verdim. Həmin vaxt ən dəbdə olan ixtisas idi. Atam da hirslənmişdi. Deyirdi ki, gərək memar olaydın. Tale elə gətirdi ki, mənim nəvəm Türkiyədə memarlıq üzrə təhsil alıb qayıtdı.

“Heydər Əliyevlə Tahir Abdullayevin münasibətləri çox yaxşı idi”

-Heydər Əliyev atamın xətrini çox istəyirdi. Hətta o, hakimiyyətə qayıtdıqdan sonra atama təklif etdi ki, yenidən vəzifəyə qayıtsın. Amma atam imtina etmişdi.

Respublikada heç bir tikinti atamın razılığı olmadan inşa edilmirdi. Hətta bəzi memarlar inciyirdilər. H. Əliyev deyirmiş ki, T. Abdullayevlə məsləhətləşəndən sonra bu layihələri həyata keçirin.

Hətta, Azərbaycan Resublikası Prezident Administrasiyasının inzibati binasını da mənim atam inşa edib.

-Azərbaycan Respublikası Prezident Administrasiyasının binası necə tikildi?

-Bakı şəhərinin mərkəzində yerləşən Prezident sarayı ən möhtəşəm binalardan biridir. Prezident Administrasiyasının və dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların yerləşdiyi inzibati binadır. On iki mərtəbəli bina H. Əliyevin təşəbbüsü ilə 1977-1986-cı illərdə inşa edilib. Həmin binanın memarı da atam Tahir Abdullayev olub. 1991-ci ilədək orada Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yerləşib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da bina ali hakimiyyətin əsas iqamətgahı statusunu saxlayıb. 2003-cü ildə Prezidentin sərəncamına əsasən, bu binaya Prezident sarayı statusu verilib. Prezident sarayı Azərbaycanın klassik və müasir memarlıq incilərinin xüsusiyyətlərini özündə əks etdirir.

Orada tikinti işləri aparmaq çox çətin idi. Çünki təhlükəli zona idi. Atam hər gün tikinti gedən ərazidə olurdu. Heydər Əliyev şəxsən tikinti prossesinə nəzarət edirdi. O, atamla bütün mərtəbələri gəzib, tikinti prossesi ilə tanış olurdu. Atam bina tikilib başa çatana qədər orada qalıb.

Heydər Əliyev adına İdman Sarayı, Millli Məclisin binasının baş memarı da atam olub.

O vaxtlar “İçərişəhər” metro stansiyasının yaxınlığında Prezidentin xüsusi iqamətgahı vardı. Həmin iqamətgahın da memarı atam idi. Azərbaycana səfər edən qonaqlar həmin iqamətgahda qalırdılar. Yaşıl Teatrın yaxınlığında yerləşən məşhur 3 evi də atam tikmişdi. Onlardan birində H. Əliyev yaşayırdı.

Atam həmin ərazilərdə binaların inşasına qarşı çıxırdı. Xüsusi ilə qeyd edirdi ki, Azərbaycanda 9 mərtəbədən artıq bina tikmək olmaz. Çünki seysmik zonadır. Hətta televiziyada da çıxış edirdi, qəzetlərə də müsahibə verirdi. Təəssüflər ki, onun sözünü eşitmədilər. Həmin vaxt atam işdən çıxarılmışdı.

Atam həmişə deyirdi ki, mənim layihələrim 9 bal zəlzələyə dözümlüdür. O, hər şeyə ehtiyatla yanaşırdı.

Təəssüf ki, bu gün Prezident Administrasiyasının binasında çalışan işçilərin əksəriyyəti bilmirlər ki, həmin binanın memarı kim olub. Onlar həmin binanın memarı olan atam Tahir Abdullayevi tanımırlar.

-Bu yaxınlarda çalışdığım universitetdə təhsillə bağlı bir problemimiz vardı. Bunun üçün Prezident Administrasiyasının binasına getməli oldum. Qəbul şöbəsində müdir işləyən xanımdan təsadüfən soruşdum ki, çalışdığınız bu binanı kimin inşa etdiyini bilirsinizmi? Cavab verdi ki, bilmirik. Dedim ki, bu binanı mənim atam Tahir Abdullayev inşa edib. Onların heç bu barədə xəbərləri də yoxdur.

-Prezident Administrasiyasının binasının tikintisi ilə bağlı o vaxtlar atanız nə danışardı?

-Atam iş barədə qətiyyən danışmırdı. Amma görürdüm ki, çox əziyyət çəkir. Oradakı bütün tikinti işlərinə ürəklə yanaşırdı. Hətta orada tikintidə çalışan bir baş mühəndis də yerə yıxılıb vəfat etmişdi. Bu atama çox pis təsir etmişdi. Uzun müddət atam həmin hadisəni unuda bilmədi.

“Tahir Abdullayev “Sahil” metro stansiyasının üzərində hündür mərtəbəli binaların tikintisinə qəti etiraz edirdi”

– Deyirdi ki, metronun üzərində hündür mərtəbəli binalar tikmək qətiyyən olmaz. Xatırlayırsınızsa, orada hündür mərtəbəli binaların tikintisinə yeni başlamışdılar. Tikinti işləri qəfil dayandırıldı. Orada elə də hündür olmayan bir idarə binası tikilməli idi. Daha sonra hündür bir yaşayış binası tikildi. Atam da etiraz edirdi ki, metronun üzərində belə hündür binalar tikmək olmaz. Çökmə-sürüşmə amilini vurğulayırdı. Hətta siz də şahid olarsınız ki, metro hərəkətdə olan zaman silkələnmə, təkanlar hiss olunur. Buna görə də atam deyirdi ki, Bakıda 9 mərtəbədən artıq binalar tikmək qəti qadağandır. Amma çox təəssüflər olsun ki, ona qulaq asmadılar.

Bəzən atamın tikdiyi binaları başqa adamın adına çıxırılar. Hətta Bakı Dövlət Sirkinin binasını da atam tikib. Layihəsini də, inşa edilməli olan yeri də atam verib. Amma indi eşidirəm ki, həmin binanın memarı kimi başqa bir adamların adını qeyd edirlər.

Atamın 100 illik yubileyində işçiləri müraciət etdilər ki, onun yaşadığı binanın önündə bir balaca lövhədə adı, fəaliyyəti qeyd olunsun, şəhərdəki küçələrdən birinə onun adı verilsin. Təəssüflər olsun ki, heç bir reaksiya verilmədi.

“Hamıya evlər tikən memarın özü illərdir ki, evsiz qalıb”

-Heydər Əliyev Moskvaya işləməyə gedən zaman demişdi ki, Tahir Abdullayevin Yaşıl Teatrın yanında tikdiyi evlərdən birini onun özünə verin. Çünki onun evi yoxdur. Oradan bizə ev verdilər.

“Sumqayıt şəhərinin 90 faizi atamın layihələri əsasında tikilib”

-Bölgələrimizin əksəriyyətinin layihə planları da Tahir Abdullayevin rəhbərliyi altında hazırlanıb. Atam Naxçıvanda dünyaya gəlib. Naxçıvandakı bütün tikinti işlərinə şəxsən özü nəzarət edib. Gəncədə də böyük işlər görüb.

-Tahir Abdullayevin özü hansı layihəsini daha yüksək qiymətləndirirdi?

-Ata öz övladı ilə fəxr edən kimi o da öz işləri ilə qürur duyurdu. Onun həm Əməkdar mühəndis, həm də Əməkdar memar adları var. Həmişə deyirdi ki, mənim üçün Əməkdar memar adına layiq görülmək ən yüksək məqamdır.

Atam dövlət tərəfindən 2-ci Fəxri Xiyabanda dəfn olundu. Hətta gəlib bizə dedilər ki, Tahir Abdullayevin məzarı üzərində böyük bir abidə ucaldaq. Mən isə “yox” dedim. Bildirdim ki, memar olmasam da atamın məzarının çertiyojunu özüm verəcəyəm. Dedim ki, Tahir Abdullayevin özü çox təvazökar bir insan idi, məzar daşı da balaca olsun. Üzərində də şəkil olmasın. Orada yazılsın ki, “Əməkdar memar Tahir Abdullayev”. O, memar adı ilə çox fəxr edirdi.

(N.Nərimanovun heykəlinin memarı T. Abdullayev olub)

-Tahir Abdullayevi bu gün tanımayanlara nə demək istərsiniz?

– O, bütün ömrü boyu xalq üçün çalışıb. Yaşlı adamlar onu çox yaxşı tanıyırlar. Atamın adına görə mənim üzümə çox qapılar açılıb. Mən isə heç kimdən heç nə istəməmişəm. Bəzən işimlə bağlı müraciət etmişəm. Amma heç vaxt özümüz üçün nəsə istəməmişik. Cavanlara nə deyə bilərəm ki… Tahir Abdullayev yaxşı bir yol keçib. Canını qoyub…

Tahir Abdullayevin hazırda həyatda olan tək övladı mənəm. Bir bacım da vardı. O da rəhmətə gedib. Mən atamla hər zaman fəxr etmişəm. Hətta övladlarım, nəvələrim də fəxr edirlər ki, babaları belə bir insan olub. Bəlkə də siz də mənim haqqımda çox bilmirsiniz. Amma mən də atamın yolu ilə gedirəm. Təmiz işləyirəm. Mənim atam da təmiz işləyib.

“Atamı dəfn etmək üçün pul tapa bilmədik”

-Atam həmin universitetdə 41 il direktor işləyib. Daha sonra da vəzifədə olub. Amma atam rəhmətə gedəndə onu dəfn etmək üçün bizim pulumuz olmadı. O, heç vaxt heç kimdən bir manat da almayıb. Hər kəsin yanında başı uca idi. Heç kimdən də çəkinmirdi. Buna görə də mən atamla fəxr edirəm. (qəhərlənir)

-Bəs onun dəfn xərclərini kim ödədi?

-Biz onu dəfn edə bilmirdik. Amma İcra Hakimiyyətindən bir nümayəndə gəlib bizə dedi ki, Prezidentin xüsusi göstərişi var, dəfn xərclərini dövlət öhdəsinə götürüb.

Bəzən mənə deyirlər ki, sən də atana oxşayırsan. Deyirəm ki, yox, mən ona oxşamaq üçün çalışıram. Amma bu çox çətin məsələdir. Layihə İnstitutunda da atamın xatirəsinə hörmətlə yanışırlar. Hətta onunla bağlı bir kitab yazmaq istəyirdilər. Yubileyində mənə dedilər ki, maddi imkan olmadığına görə kitab yaza bilməyiblər. Mən də onlara dedim ki, siz gərək əvvəldən mənə deyərdiniz mən də borc alardım, gərək biz o kitabı nəşr edərdik….

“Atamın tikdiyi universitetdəki işimdən qovuldum”

-Mən də 43 il Azərbaycan Dövlət Neft və Sənaye Universitetində çalışdım. Sonralar oradakı rektorun xoşuna gəlmədim. Dedi ki, bu düz işləyir və bizə belə işçi lazım deyil… Buna görə işdən çıxdım. Qeyd edim ki, həmin universitetin ikinci korpusunu da atam tikib.

Azərbaycan Texniki Universitetinin rektoru mənim T. Abdullayevin oğlu olduğumu biləndə dedi ki, siz gəlin burada bizimlə işləyin. Mənim üçün kafedra da yaratdı. Hazırda “Biotibbi texnika” kafedrasının müdiriyəm.

Hafiz Əhmədov
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.07.2020
“Xalq artistlərinə verilən 150 manatla dolanıram” – Bilal Əliyev
11.07.2020
Köməyə gələn rusiyalı baş infeksionist: “Azərbaycan həkimlərinin təcrübəsi azdır…”
09.07.2020
"Karantin rejimi ləğv olunmalıdır, bir şərtlə ki..." - Professor
02.07.2020
“Birinin atası vəzifədədirsə, özü qabiliyyətlidirsə, o adam ölməlidir?” - Siyavuş Novruzov
29.06.2020
“Azərbaycan və gürcü diasporları birgə addım atmağa borcludur” - Gürcü tarixçi - MÜSAHİBƏ