Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6883

Digər sorğular

İdlib döyüşləri: Azərbaycan niyə Türkiyədən təcili olaraq çoxsaylı “Akıncı” almalıdır... - FOTOLAR

16:12  |    02 Mart 2020  |   E-mail  |  Çapa göndər


Suriyanın şimalında, İdlib bölgəsində Türkiyə və Rusiyanın da iştirakı ilə davam etməkdə olan döyüşlər hərb dərsliklərinə daxil edilə biləcək taktikalarla müşaiyət olunur.

Suriyanın şimalında hava sahəsi Rusiyanın nəzarətində olduğu üçün Türkiyə Bəşər Əsəd qüvvələrinə qarşı döyüşən müxalifləri və öz ordusunun bölgəyə yeridilmiş bölmələrini havadan qırıcılarla dəstəkləyə bilmir. Əgər Türkiyə qırıcıları bu bölgəyə daxil olarsa böyük ehtimalla Rusiyanın Suriyada yerləşdirilmiş S-400, S-300, S-350 kimi qabaqcıl zenit-raket komplekslərinin hədəfi olardı.

Bu baxımdan Türkiyə ordusu və onun dəstəklədiyi islamçı yaraqlılar Əsəd ordusunun və onlara dəstək verən Rusiya muzdulularının hücumunu dayandıra bilib, amma onları geri oturtmaqda və Soçi anlaşması ilə müəyyən olunan deeskalasiya zonasının hüdudları xaricinə sıxışdırmaqda çətinlik çəkir. Hücum edən yaraqlılar qarşısında geri çəkilən Əsəd qüvvələrinə dərhal Rusiyanın Hava Kosmik Qüvvələri dəstək verir və güclü bombardmanlar nəticəsində onlar tutduqları mövqeləri əldə çox saxlaya bilmirlər. Suriyanın şimalının düzənlik-təpəlik və yarımsəhra relyefinə malik olması da Rusiya aviasiyasının işini asanlaşdırır. Türkiyə ordusunun son günlər İdlibdə verdiyi çoxsaylı itkilər də məhz bu amillə bağlıdır.



Lakin Türkiyə ordusu pilotsuz və silahlı pilotsuz təyyarələri kütləvi şəkildə tətbiq etməklə Rusiya aviasiyasının Əsəd ordusunun illərdir davam edən müharibədə əldən düşmüş nizamsız bölmələrinə verdiyi hava dəstəyini son günlər ərzində xeyli neytrallaşdıra bilib. Belə ki, Türkiyə tamamilə milli istehsal olan və prezident Ərdoğana yaxın iş adamı Səlcuk Bayraktarın holdinqinin istehsal etdiyi “Akıncı” pilotsuz döyüş təyyarələri ilə Suriya ordusuna sarsıdıcı zərbələr endirib. Və praktiki olaraq onun İdlibdə hücumu davam etdirmək imkanlarını məhdudlaşdırıb.

Türkiyə mənbələri bu günlərdə İdlibdə Suriya və Rusiya təyyarələrinin endirdiyi zərbələr nəticəsində 34 əsgərin həlak olmasına cavab olaraq Əsəd qüvvələrinə məhz döyüş pilotsuz uçan aparatlarla kütləvi zərbələr endirdi. Nəticədə Əsəd qüvvələri çoxsaylı canlı qüvvə və zirehli texnika itirdi. Həmin zərbələr zamanı hərb tarixində ilk dəfə silahlı pilotsuz təyyarələrdən eyni vaxtda kütləvi istifadə də həyata keçirildi. Türkiyə mənbələri müdafiə naziri Hulusi Akarın Suriya ilə sərhəddəki komanda mərkəzindən döyüş pilotsuz təyyarələrindən kütləvi, sürü halında istifadə etməklə Əsəd qüvvələrinin yeriyən, hərəkətdə olan və ya stasionar vəziyyətdəki obyektlərini bir-birinin ardınca məhv etməsi əməliyyatına şəxsən rəhbərlik etdiyi barədə görüntüləri yayıb.

Bölgədən gələn xəbərlərə, o cümlədən rusiyalı hərbi jurnalistlərin də etiraflarına görə Türkiyənin zərbə pilotsuz aparatlarlardan kütləvi istifadə etməklə endirdiyi zərbələr Rusiya hərbi komandanlığını da təəcübləndirib. Hətta pərt edib. İndi orada Əsəd qüvvələrini Türkiyə dronlarından necə qorumaq yollarını axtarırlar.


Türkiyənin tətbiq etdiyi həmin zərbə pilotsuz təyyarələrin taktiki-texniki göstəricilərinə görə belə görünür ki, dünyada analoqu mövcud deyil. “Baykar Holdinq” tərəfindən istehsal edilən “Akıncı” pilotsuz təyyarələri havada azı 24 saat fasiləsiz qala bilir. 6 min metrdən çox yüksəklikdə uçur və bazadan 150 kilometr uzaqda, tamamilə avtonom rejimdə əməliyyatlar həyata keçirə bilir. “Akıncı”nın ən mühüm özəlliklərindən biri də onun yürüstü stansiyadan asılı olmadan bütünlüklə avtonom rejimdə uçması, hədəfi müəyyən edib izləməsi və təchiz olunduğu müxtəlif tipli, lazerlə hədəfə yönləndirilən raketlərlə vurması və geri qayıdaraq yenə də avtonom rejimdə eniş etməsidir. Dronun faydalı yük götürmə qabiliyyəti 350 kiloqrama qədərdir. Bu imkanın sayəsində “Akıncı” kifayət qədər böyük dağıdıcı gücə malik olan, yenə də tamamilə Türkiyə hərbi sənayesinin istehsalı olan, hədəfi yüksək dəqiqliklə vuran raketlərlə silahlanıb.

Dronların “Bayraktar Akıncı” modeli isə ümumiyyətlə strateji təyinatlı pilotsuz döyüş təyyarələridir. Onlar 40 min fut yüksəkliyə qalxır və daxildə 400 kiloqram, xarici asqılarında isə 950 kiloqram olmaqla cəmi 1350 kiloqram faydalı yük daşıya bilir. Qanadlarının eni 20 metrdir.

“Akıncı” dronları TÜBİTAK SAGE və ROKETSAN şirkətləri tərəfindən istehsal edilən MAM-L, MAM-C, Cirit, L-UMTAS, Bozok, MK-81, MK-82, MK-83, Kiti-MK-82 qanadlı raketi, “Gökdoğan”, “Bozdoğan”, SOM kimi müxtəlif çeşidli “ağıllı” bombalar və hədəfə lazerlə yönləndirilən raketlərlə silahlandırıla bilir. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edə, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-birləri ilə koordinasiya içərisində olur. Hansı ki, Türkiyə ordusu 34 əsgərinin öldürülməsinə cavab olaraq “Akıncı” dronlarının məhz bu özəlliyindən istifadə etmişdi.

Bəs Azərbaycan Müdafiə Nazirliyinin mütəxəssisləri nəyə görə İdlib döyüşlərini diqqətlə təhlil etməlidir və buradan ciddi nəticələr çıxarmalıdır?

Səbəb budur ki, Türkiyə kimi müttəfiq və qardaş ölkə faktiki olaraq zərbə pilotsuz uçan aparatların döyüş tətbiqi ilə bağlı çox mühüm təcrübə ortaya qoyub. Azərbaycan da dünyada zərbə pilotsuz aparatlara malik olan azsaylı ölkələrdən biridir və bəlli olduğu kimi İsraildən bu dronların bir neçə tipi, o cümlədən “kamikadze” dronlar alınıb. Lakin birmənalı şəkildə demək olar ki, Türkiyənin “Akıncı” dronları Azərbaycanın İsraildən aldığı dronlardan daha üstündür.

Bu səbəbdən Azərbaycan öz silahlı qüvvələrinin arsenalını “Akıncı” dronları ilə genişləndirmək üçün artıq indidən danışıqlara başlamalıdır. Yaxud istisna deyil ki, belə danışıqlar artıq gedir. Bu günlərdə prezident İlham Əliyev Bakıda səfərdə olan türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra elan etdi ki, Azərbaycan Türkiyədən müasir silahlar və döyüş texnikasının alınmasını davam etdirəcək. Təbii ki, “Akıncı” dronları və onların təchiz edildiyi silahlar Türkiyənin müdafiə sənayesinin istehsalı olduğu üçün Azərbaycanın bunları əldə etməsinə heç bir kənar siyasi əngəl ola bilməz.

Birmənalı şəkildə demək olar ki, Azərbaycanın Türkiyədən çoxsaylı “Akıncı” pilotsuz döyüş təyyarələri alması Ermənistanın son illər Rusiyadan aldığı silahların, o cümlədən Su-30SM qırıcılarının effektini minimallaşdıra bilər. Bu dronların sürü halında, kütləvi tətbiqi düşmənin nəzarətində olan ərazilərin dərinliklərində eyni vaxtda müxtəlif hədəflərə dəqiq zərbələr endirməyə imkan verərdi. Nəticədə Ermənistan Rusiyadan aldığı “Smerç”, TOS-1A “Solntsepyok” kimi silahları heç döyüşə atmadan itirə bilər...(Virtualaz.org)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Türkiyədə 1 iyundan şəhərlərə giriş-çıxış qadağası ləğv olunur
28.05.2020
Latviya televiziyasında Respublika Günü haqqında reportaj yayımlanıb
28.05.2020
Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü - FOTO - VİDEO
28.05.2020
“Rusiya Suriyada etdiklərini Liviyada təkrarlamaqdadır, amma unudur ki...”
28.05.2020
Tbilisidə teleqüllə və körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb - FOTO