Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6709

Digər sorğular

Bir şəklin tarixçəsi

13:39  |    27 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Evimizin mənə ən məhrəm əşyası nənəmin Nikolaydanqalma şifoneriydi.

Vahid Qazi | [email protected]

Şifoner deməzdin, deyərdin bəs, muzey hücrəsidi, sehrli aləmdi. Köhnə pal-paltarları, qədim şey-şüyləri orda saxlayardıq.

Şifonerdə eşələnməkdən xoşum gəlirdi. Nələr yox idi: nənəmgilin 1920-30-cu illər iri Tiflis şəkilləri, babamın hər iki qapağının içinə o dövr model qızların yarıçılpaq fotoları keçirilmiş gümüş portsiqarı, sümük müştüyü, qədim düymələr, gümüş piləklər, anamın gəlinlik paltarı, şpilkadaban ayaqqabısı, atamın cavanlıqda geyindiyi “Makintoş” plaşı, aşağı siyirmədəki qara çemodanda üst-üstə yığılmış ilk sovet “zayom”ları, “Mockviç-400” avtomobilinin, “Temp-22” televizorunun, cürbəcür cihazların sənədləri, qırx ilin xəstəlik kağızları, analiz cavabları, atamgilin toy dəvətnamələri, anamın cehiz gətirdiyi əşyaların siyahısınadək daha nələr, nələr.

Bizə qonaq gələnlərin uşaqlarıyla gizlənqaç oynayanda burda gizlənərdim, tapan olmazdı.

Zindan kimi ağırıydı, yerindən dəbərdə bilməzdin. Elə bil, taxtadan yox, dəmirdəniydi. Ona görəydi yəqin, gözümü açandan harda görmüşdümsə, şəhərimiz işğal olanadək də elə orada qaldı.

Ağdamın başını işğal təhlükəsi alanda evdən ilk çıxardığımız ailə arxivi, albomlar, bir də anamın nişan üzüyü sayaq bir-iki qır-qızılı oldu. Köhnə şəkillərin saxlandığı qalın ailə albomumuz şifonerin üst gözündə saxlanırdı. Onu evin ən qiymətli əşyası kimi köhnə bir odeyala büküb götürdük.

Tale küləyi dinc dövrün adamlarına sərin meh kimi əsər. Müharibə adamının gördüyü isə tale fırtınasıdır!

O fırtınanın uçurub əldən apardıqları çox oldu, məndə qalanlardan biri haqda – özümlə körpəlik xatirəsi kimi Ağdamdan Bakıya, Bakıdakı köçhaköçlərdə neçə ünvana daşıdığım bir şəkildən danışmaq istəyirəm sizə. İndi İsveçdə göz qabağında saxladığım bir fotodan.

İntim söhbəti məhrəm adamlara danışarlar. Oxucu da yazı-pozu adamın məhrəmidir. Sizə deməyib, kimlə bölüşəcəm ki.

Bu fotonun sovet vaxtı Ağdamda nəşr olunan “Lenin yolu” qəzetində çıxdığını anam danışmışdı bizə. Amma hansı səbəbdən dərc olunduğunu deməmişdi. Onu bu yay bizə qonaq gələn dayım danışdı. Çərçivəyə salıb yazı masamın üstünə qoyduğum bu fotonu görəndə üzünə qəribə bir təbəssüm qondu.

O vaxt dayım on iki-on üç yaşlarında imiş.

***

Bazar günləri Qarabağın dörd bir tərəfindən camaat Ağdama axışardı. Kimi satmağa nəsə gətirər, kimi başqa yerlərdə tapmadığını burada axtarardı. Bir sözlə, təkcə bazar yox, bütün şəhər qaynaşardı.

Anam Bakıda Sovet Ticarəti Texnikumunu bitirib el dilində “Qorpo” deyilən ticarət idarəsində işə başlayacaqdı. Hələlik məscidin yanındakı sıra dükanlarından birində – Tavad xalanın parça mağazasında işləyirdi.

Qələbəlik günlərdən biriymiş. Tavad xalanın da dükanı alıcılarla doluymuş. Anam da hər alıcının istəyinə uyğun parçalardan biçib kəsirmiş. Birdən gözü piştaxtanın üstündəki parça topların arasında bir düyünçəyə sataşır. Kimsə unudubmuş. Anam düyünçəni açır, dəsmala bükülmüş pulları sayır, sonra piştaxtanın altına qoyur. O dövr üçün (dayımın dediyinə görə hadisə 1960-cı illərin ortalarında olub) xeyli böyük məbləğ imiş – 769 manat.

Axşama doğru yaşlı bir kimi hövlnak dükana girir. Təlaşdan səsi titrəyə-titrəyə:

– Bala, səhər səndən xeyli parça aldım, qəstumluq “kişi atrezi”, gəlinlik neçə parça. Pul düyünçəmi itirmişəm, bəlkə burda qalıb?

– Nə rəngdəydi dəsmalın, dayı, nə qədər pul vardı içində?

– Uşağın toyudu, iki dana, beş qoyun gətirmişdim satdığa. Satdım, toya bəzi şey-şüy aldım, hardasa bir yeddi yüs əlli manat qalardı.

Bundan sonra pul yiyəsinin bu nurani kişi olmasına şübhə eləməyən anam çıxarıb pulu qaytarır. Sevincdən az qala gözü yaşaran kişi nə illah eləsə də, anam onun verdiyi “şirinliyi” götürmür. Kişi alqış eləyə-eləyə gedir.

İki gün keçir. Dükana “Lenin yolu” qəzetinin müxbirləri gəlib, anamı soraqlayırlar. Sən demə, pulunu tapan kişi tənbəllik eləməz, səhəri gün şəhərə qayıdıb birbaş qəzetə gedər, hadisəni redaktora danışar. Redaktor da sovet ticarətində dürüstlük nümunəsi kimi müxbirlərə anamdan bir oçerk yazmağı tapşırar.

***

Bilirəm, balaların gözündə bütün analar mələk kimidilər. Mənim də gözümdə anam elədir.

Qış səhəri yenə obaşdan durmuşam, evdə hamı yatıb, bircə anam oyaqdı.

Bir gözüm çərçivədən mənə baxan anamda, o biri kompüterin monitorunda – bu yazını qaralayıram. Qəribədi, bu sabah anamı uzun illər gördüyüm üzündən çox məndən əvvəlki, fotolardakı qız vaxtının simasıyla xatırlayıram. Elə bilirəm, onu tələbəliyindən, gəncliyindən tanıyıram. Sanki əlindən tutub atamla tanış olmağa da mən aparmışam. Səhər-səhər ağla gələnə bax…

Anam çoxdan o biri dünyaya köçüb. Bir dəfə yazmışdım ki, analar ölmürlər, yan otağa uşaqlarına yer açmağa keçirlər. Döşək salıb balalarının yorğun-ağrın gəlişini gözləyirlər. Bilirsiniz, cənnət dini kitabların təsvir elədiyi kimi deyil! Nə bilim, “bakirə hurilər”, “şərab çayları”. O kitabları kişilər yazıblar, şirnikləndirici təsvirlərlə. Mənim təsəvvürümdə cənnət ana qucağıdır! Analar o dünyada huri-mələk surətində balaları qoynuna almağa, bu dünyanın ağrı-acısını çıxarmağa, ovutmağa hazır dururlar.

Köçmək hələ ayrılmaq deyil. Analar köçsələr də, balalardan ayrılmırlar. Bax, bu sabah da mənimlədir!

Analar hər üç dünyada balalarıyla qalan tək varlıqdılar!

***

80 yaşını təbrik edirəm, ana! Hər gün gözümün önündə parça biçən qadın! Sevgilərimin ən böyüyü!

Bu şaxtalı qış səhəri ilıq Novruz sabahı kimi açılır – Sənlə açılır deyə!

Vahid Qazi

Helsinqborq, İsveç

Dekabr, 2019

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
22.11.2019 Milli kimlik harayı
15.09.2019 Ещё раз к армянским манипуляторам и фальсификаторам
26.06.2019 17 yaşlı Anarın 40 yaşına
07.10.2017 Ozon adam
24.09.2017 Əlili əlində tutan ölkə - İsveç