Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

ABŞ-dan tarixi saxtakarlıq: anti - Türkiyə qərarına sərt cavab gecikmədi

09:15  |    14 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Ermənilərlə bağlı saxta iddiaları rəsmiləşdirən Senat dolayısı ilə Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına da stimul vermiş oldu; politoloq: “Tramp qanuna veto qoya bilər...”

ABŞ Senatı 1915-ci ildə Osmanlı İmperiyası dövründə ermənilərin qətllərinin soyqırım kimi tanınmasına dair qətnaməni yekdilliklə qəbul edib. Soyqırımın tanınması barədə qətnamənin Senatda qəbul edildiyini Demokrat Bob Menendez öz Twitter hesabında açıqlayıb. “Senatın bu qətnamənin təsdiq etməsi tarixin düzgün tərəfində dayanılmasına məqsədəuyğundur”, deyə Senatdakı iclasda çıxış edən Senator Menendez bildirib.

Qeyd edək ki, 1915-ci il hadisələrini “soyqırım” olaraq xarakterizə edən qətnamə Türkiyəyə sanksiya nəzərdə tutan bir başqa qətnamə ilə birlikdə 29 oktyabr tarixində Nümayəndələr Palatasında 405:11 səslə qəbul olunumuşdu. Bundan əvvəl amerikalı senator Lindsey Qraham qondarma erməni soyqırımı layihəsini prezident Donald Trampın istəyi ilə Senatda müzakirə olunmasını bloklamışdı. Məlumatda deyilirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ağ Evdən çıxarkən bir dövlət rəsmisi Lindsey Qarahamı saxlayaraq, Senata qayıtmasını və layihənin müzakirəsini dayandırmağı istəyib. Senator isə agentliyə olay haqda bunları demişdi: “Bir Ağ Ev rəsmisi yanımda gəldi və məndən soyqırım layihəsinin dayandırılmasını istədi. Ona ”əlbəttə" cavabını verdim. Bunu etməyimin yeganə səbəbi onun (Ərdoğan) hələ şəhərdə olması idi. Mümkündürsə, ABŞ-Türkiyə əlaqələrini xilas etməyə çalışıram".

Beləliklə, prezident Rəcəb Tayyib Ərdoğan 13 noyabrda Ağ Evi ziyarət edən vaxt respublikaçı senatorlarla görüşdükdən sonra qətnamə üzərində səsverməni ilk dəfə respublikaçı senator Lindsey Qraham əngəlləmişdi. Sonrakı vaxtlarda da respublikaçı senatorlar Devid Perdü və Kevin Kramer qətnamənin təsdiqlənməsinin qarşısını almışdı.

“Qətnaməni qəbul etmək üçün səsvermə keçirməkdən ötrü bu üç həftə ərzində Senata dördüncü gəlişimizdir”, Senatdakı iclasda respublikaçı senator Ted Kruz bildirib. O, qətnamənin qəbulunu “həqiqət üçün nailiyyət, zülmətə həqiqətin deyilməsi və şərə həqiqətin deyilməsi üçün bir nailiyyət” adlandırıb.

Qətnamə 1915-ci il hadisələrini soyqırım olaraq tanımasından əlavə, ABŞ rəhbərliyindən soyqırımın olmaması ilə bağlı iddianı da rədd etməsini və ictimaiyyəti məlumatlandırmasını istəyir.

Amerikaninsesi.org xəbər verir ki, Senatın qətnaməni qəbul etməsi Xarici İşlər Komitəsinin Türkiyəyə həm Suriya əməliyyatına, həm də S-400 raket qurğularının alınmasına görə sanksiyaların tətbiqindən sonrakı vaxta təsadüf edir.

Xatırladaq ki, Türkiyə Prezidenti ABŞ-a səfəri zamanı prezident Donald Trampla qondarma “erməni soyqırımı”’ məsələsini də müzakirə edəcəyini demişdi. “Artıq qondarma ”erməni soyqırımı" məsələsi bizi bezdirir", deyən Türkiyə prezidenti qeyd etmişdi ki, Ankara “erməni soyqırımı”nın qondarma olduğunu təsdiq edən bütün sənədləri ABŞ-a təqdim edib. Səfərdən sonra isə o bildirmişdi ki, amerikalı həmkarı ilə görüşdə müzakirə olunub. “Türkiyə tarixində heç bir ”erməni soyqırımı" olmayıb", Ərdoğan qəti şəkildə bəyan etmişdi. Tramp-Ərdoğan görüşündən sonra “erməni soyqırımı” məsələsinin ən azı indiki zaman üçün arxivə göndərildiyi qənaəti yaranmışdı. Lakin üstündən çox keçməmiş Senat saxta iddiaları qəbul etdi.

Rəsmi Ankara ABŞ Senatının qərarına operativ və sərt reaksiya verib.

“ABŞ Senatının 1915-ci il hadisələrini ”erməni soyqırımı" kimi tanıması ilə bağlı qəbul etdiyi qətnamə hüquqi cəhətdən əsassızdır və Türkiyə-ABŞ münasibətlərinin inkişaf etdirilməsi üzrə səyləri sarsıtmaq məqsədi daşıyır". “Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsində tarixi etibarlılıq və hüquqi əsas yoxdur. Bu, tarixin necə siyasiləşdirilməsinə dair nümunədir. Bu qərar həm də Türkiyə ilə ABŞ arasındakı münasibətləri inkişaf etdirmək səylərini pozmaq üçün atılmış sarsıdıcı cəhddir”, - bəyanatda deyilir. Türkiyə XİN-dən bildirilib ki, tarixi siyasi məqsədləri üçün istifadə edənlər faktları görməzdən gəlməklə heç vaxt məqsədlərinə çatmayacaqlar. “Türkiyənin regiondakı həyati maraqlarını qorumaq üçün mübarizəsi belə ədalətsiz və əsassız qərarlara baxmayaraq, qətiyyətlə davam edəcək”, - nazirliyin yaydığı bəyanatda vurğulanır.

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül Van şəhərində keçirilən tədbirdə çıxış edən nazir deyib ki, ABŞ Senatının məlum qərarı Türkiyə hökuməti və xalqının gözündə yox səviyyəsindədir: “Məlum qərarı nə hüquqi, nə siyasi, nə də tarixi olaraq tanıyırıq. Tarixin və hüququn siyasiləşdirilməsi heç bir millətə, heç bir ölkəyə fayda gətirə bilməz”.

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi sanksiya qərarı və Senatdan keçən qondarma ”erməni soyqırımı" ilə bağlı qətnamə layihəsinin ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alacağını deyib: “Sülh Çeşməsi” əməliyyatı başladığı gündən bəri hərbi əməliyyatımızın səbəb və məqsədlərini amerikalı həmkarlarımıza çatdırmışıq. Sanksiyalar və təhdidlər bizi milli təhlükəsizlik maraqlarımızı qorumaqdan çəkindirməyəcək. ABŞ Konqresinin bəzi üzvləri Suriyadakı hərbi əməliyyatlarımızdan narahat olduqları üçün milli təhlükəsizliyimizlə bağlı güzəştə getmək niyyətində deyilik".

ABŞ senatı tərəfindən qəbul edilən qondarma “erməni soyqırımı” qətnaməsi rəsmi İrəvanın böyük sevincinə səbəb olub. Senatın məlum qərarı ABŞ-ın tarixi olayların mahiyyətini kobud şəkildə təhrif etdiyini və bundan Türkiyəyə qarşı təzyiq məqsədi ilə istifadə etməyə çalışdığını göstərir. Moderator.az erməni mənbələrinə istinadən bildirir ki, məsələ ilə bağlı sosial mediada açıqlama yayan Ermənistanın baş naziri Nikol Paşinyan, bunu “ədalət və həqiqətin qələbəsi” kimi xarakterizə edib. “ABŞ senatının 150 saylı qətnaməsi ədalətin və həqiqətin qələbəsidir. Dünyadakı erməni xalqı adından bu vacib qanuna görə Senata dərin təşəkkürümü bildirirəm. Bu, 20-ci əsrin ilk soyqırımının 1,5 milyon qurbanının xatirəsi və soyqırımın qarşısının alınması proqramında cəsarətli bir addımdır” - Paşinyan iddia edib.

Şübhə yox ki, Türkiyəyə qarşı ABŞ Senatının qəbul etdiyi qərəzli qətnamə həm də Azərbaycana qarşı yönəlmiş addımdır. Əslində ABŞ Senatı 1918-ci ildə törədilmiş azərbaycanlıların soyqırımını, yaxud yaxın tariximizdə törədilmiş Xocalı soyqırımını tanımalı, Ermənistana qarşı sanksiya qərarları verilməli idi. Lakin ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olaraq ABŞ Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində rol oynamaq əvəzinə, erməni işğalını stimullaşdıran addımlar atır. Məsələ burasındadır ki, tarixdə olmayanlara görə Türkiyəni ittiham edən erməni tərəf özü barədə “məzlum” imici yaratmaqla Azərbaycan ərazilərinin işğalını da arxa plana keçirməyə, unutdurmağa çalışır. Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarının olduğunu şübhəsiz ki, ABŞ Senatında da bilirlər. Eyni zamanda, Türkiyənin Iğdır vilayətindəki Ağrı dağını Ermənistan özünün gerbinə əlavə etdiyi də faktdır. Bu günlərdə isə Ermənistandan yayınlanan televiziyada Türkiyənin Iğdır vilayəti “Qərbi Ermənistan” olaraq təqdim olundu.

Beləliklə, Ermənistan ABŞ Senatının absurd qətnamələrindən stimul alıb Türkiyə və Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcək, təəssüf ki, Vaşinqtonda bu durumu doğru-dürüst qiymətləndirmək istəmirlər. Məhz elə bu səbəbdəndir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyəyə və onun prezidentinə qarşı sərsəm fikirlər səsləndirib, bununla da kifayət qədər həddini aşıb. “Türkiyə 30 ildir ki, bizimlə sərhədi bağlı saxlayır. ABŞ və digər ölkələrin qərarları Türkiyənin destruktiv və aqressiv siyasətini göstərir. Yerevan Türkiyə ilə diplomatik münasibətləri qeyri-şərtsiz bərpa etməyə hazırdır” - Paşinyan sərsəm fikirlərini davam etdirib.

“Senatın qondarma erməni soyqırımı ilə bağlı Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini təsdiqləməsi artıq bu layihənin qanun statusu alması deməkdir. Qanunun qüvvəyə minməsinin qarşısı yalnız ABŞ prezidentinin veto hüququndan istifadə edəcəyi təqdirdə alına bilər”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı söylədi. Ekspert xatırlatdı ki, Nümayəndələr Palatası qondarma soyqırımın tanınması ilə bağlı sənədi Senata təqdim etdikdən sonra hər dəfə respublikaçı senator, ümumilikdə isə 3 senator qərarın təsdiqlənməsinə veto qoymuşdu: “Dördüncü dəfə isə sənəd yekdilliklə təsdiqləndi. Nəzərinizə çatdırım ki, Senatın 100 üzvündən 53 nəfəri respublikaçı, 45 nəfəri demokrat, 2-si isə bitərəfdir. Bu isə o deməkdir ki, qondarma soyqırımla bağlı məsələdə respublikaçılar və demokratlar, hətta daha öncə veto hüququndan istifadə edən hakim partiyanın nümayəndələri eyni mövqedən çıxış ediblər. Bu isə ortalıqda vahid siyasi qərarın olduğunu göstərir”.

E.Mirzəbəylinin sözlərinə görə, sənədə 3 dəfə veto qoyulmasında da məqsəd, çox güman ki, Türkiyəyə xəbərdarlıq etmək xarakteri daşıyıb: “Bu, Suriyada həyata keçirilən hərbi əməliyyatlar və Rusiya-Türkiyə hərbi əməkdaşlığı, S-400 zenit-raket sistemləri ilə bağlıdır. Prezident Trampın qanuna veto qoyacağı gözlənilərdir. Əks təqdirdə Ankara ilə Vaşinqton arasındakı dialoq pəncərəsi tamamilə qapana bilər”.

Politoloq şübhə etmir ki, ermənilər qondarma soyqırımla bağlı sənədin qəbulundan öz təbliğatlarında yararlanmağa çalışacaqlar: “Amma son nəticədə bu məsələnin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə heç bir bağlılığı yoxdur. Bununla belə, dolayısı ilə və nəzəri baxımdan bu qərar Azərbaycana qarşı da təbliğat xarakterli məsələlərdə istifadə oluna bilər. Digər tərəfdən, qondarma soyqırımla bağlı oxşar sənədlər başqa ölkələrin parlamentləri, o cümlədən Rusiya Dövlət Dumasının Federasiya Şurası tərəfindən də qəbul edilib. Amma bu, hazırda Moskva-Ankara münasibətlərinə ciddi təsir göstərmir. Bununla yanaşı, ABŞ parlamentinin hər iki palatasının qəbul etdiyi sənədin Ankara-Vaşinqton münasibətlərinə, həmçinin NATO daxilindəki münasibətlərə təsir göstərəcəyi gözləniləndir”.

Azərbaycanın mövqeyinə gəldikdə isə E.Mirzəbəyli qeyd etdi ki, bu məsələdə rəsmi Bakının yanaşması aydın və birmənalıdır: “Nümayəndələr Palatasında keçirilən səsvermədən sonra Azərbaycanın Xarici İşlər Nazirliyi qərarı pisləyən bəyanatla çıxış etmişdi. Bəyanat konkret fakta münasibətdə özümü biruzə verdiyi üçün onun təkrarlanıb-təkrarlanmayacağından asılı olmayaraq, Azərbaycanın mövqeyi ortalıqdadır”.

ABŞ Senatının “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi sənəd qanunverici orqanın qəbul etdiyi sənəddir və bu hökumət administrasiyasının mövqeyini əks etdirmir. Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer deyib. Diplomat vurğulayıb ki, Senat bu barədə artıq öz mövqeyini tam şəkildə ifadə edib: “Artıq bunu nəzərə almalıyıq ki, ABŞ-la Türkiyə NATO çərçivəsində müttəfiqdirlər. Biz dostuq və əməkdaşıq. Əməkdaşlığı davam etdirəcəyik”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
ÜST: İnsandan insana yoluxan ölümcül virus digər ölkələrə də yayıla bilər
24.01.2020
Makron israilli polisləri Qüdsdəki məbəddən qovdu - Video
23.01.2020
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
23.01.2020
Türkiyədən NATO-ya kritik S-400 çağırışı
23.01.2020
ABŞ hədələdi: Səni Süleymaninin taleyi gözləyir