Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6660

Digər sorğular

Nəticəsiz danışıqlar - ümidlər indi də 2020-yə qalır

10:44  |    09 Dekabr 2019  |   E-mail  |  Çapa göndər


Qarabağa dair sülh danışıqları bu il də nəticəsiz başa çatdı - il başa çatmamış.

Ötən həftə Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın Bratislavada ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirdikləri görüş 2019-cu il üçün tərəflər arasında reallaşan sonuncu ən yüksək səviyyəli təmas oldu. Qərara alındı ki, növbəti belə görüş gələn ilin yanvarında keçirilsin.

Ancaq növbəti danışıqlar nəyi dəyişəcək, əgər rəsmi İrəvan konfliktin həllində beynəlxalq hüquqla bir araya sığmayan maksimalist və təxribatçı mövqeyində müsbətə doğru dəyişiklik etmək istəmirsə?

Təsadüfi deyil ki, Azərbaycanın XİN rəhbəri E.Məmmədyarov Bratislavakı danışıqların çox gərgin keçdiyini bildirib. O da məlumdur ki, görüş ərəfəsi Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycan dövlətinin mövqeyini təqdim edib. Bu mövqenin məğzi ondan ibarətdir ki, Azərbaycan öz qanuni torpaqlarında heç vaxt ikinci saxta erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

“Münaqişənin həllinə dair Azərbaycanın mövqeyi tutarlıdır və o, Nazirlər Şurasında iştirak edən dövlətlər arasında paylanan memorandumda əksini tapıb. Xatırladım ki, münaqişənin həlli prosesi mərhələli yanaşmaya əsaslanır. Bu yanaşmanın alternativi yoxdur, çünki bu, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına, xüsusən münaqişənin siyasi həlli üçün yeganə hüquqi çərçivəni təşkil edən 1994-cü ildə Budapeşt Sammitinin qərarına əsaslanır. Münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək... Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın qanunsuz hərbi fəaliyyəti və hərbi quruculuğu münaqişənin həllinə maneədir və bölgədəki qeyri-sabitlik mənbəyi olaraq qalır” - Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında çıxışı zamanı demişdi.

*****

Bu arada Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin Bratislavada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında rəsmi Bakının münaqişəyə dair təqdim etdiyi mövqeyi Ermənistanda müharibə qorxusunu artırıb. Məsələn, erməni ekspert Stepan Qriqoryan Azərbaycanın bu sənədi dövriyyəyə salmasının təsadüfi olmadığını və mesaj xarakteri daşıdığını bildirib (Publika.az).

“Azərbaycan əvvəlki mövqeyindən imtina etmir. İndi bizim nə edəcəyimiz maraqlıdır. Hesab edirəm ki, ”Miatsum" ideyası üzərindən hərəkət etməli və Qarabağın Ermənistana rəsmi birləşdirilməsinə çalışmalıyıq. İndi ən azından, müəyyən qurumlarımız birləşdirilməli və müharibəyə hazırlaşmalıyıq", - o qeyd edib.

S.Qriqoryan Bakının bəyanatının kifayət qədər ciddi olduğunu bildirib və iddia edib ki, Azərbaycan güc variantına müraciət edə bilər: “Biz ordunu gücləndirməli və ”Miatsum" ideyasını davam etdirməliyik. İndi, bu, çox əhəmiyyətlidir".

Qeyd edək ki, Azərbaycanın təqdim etdiyi rəsmi mövqeyində qeyd olunur ki, “Həll prosesinin növbəti mərhələsi Azərbaycan Konstitusiyası və qanunvericiliyinə uyğun olaraq, Azərbaycan daxilində bölgənin əhalisi üçün özünüidarəetmə statusunun müəyyənləşdirilməsidir. Bu status bölgədəki erməni və azərbaycanlı icmaların dinc yanaşı yaşamasını təmin edəcək və bütün insan hüquqları və əsas azadlıqlarının bərabər əsasda və ayrı-seçkilik olmadan tam təmin edilməsinə imkan verəcək. Statusun müəyyənləşdirilməsi dinc şəraitdə, qanuni proses yolu ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin, yəni erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə və yalnız Azərbaycan hökuməti ilə qarşılıqlı əlaqədə qanuni və demokratik proses çərçivəsində baş tutacaq. Azərbaycan bu çərçivədən kənarda münaqişənin heç bir siyasi həllini düşünmür və bu anlayışa əsaslanan həll prosesində iştirak edir. Münaqişənin siyasi həlli hərtərəfli iqtisadi inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradacaq”.

*****

Politoloq Elşən Manafov da haqlı olaraq hesab edir ki, konflikt Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, əks halda, münaqişənin hansı variantda həlli BMT Nizamnaməsinin 57-ci maddəsində öz əksini tapıb. “Azərbaycan bu münaqişədə təcavüzə məruz qalmış dövlət kimi işğal altındakı ərazilərini hərbi yolla azad etmək hüququnu özündə saxlayır. Bunu beynəlxalq ictimaiyyətlə yanaşı, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər də yaxşı bilir”, - deyə o qeyd edib.

Sözsüz ki, Azərbaycanın bu hüququnu heç kim onun əlindən ala bilməz. Lakin Bakı hərb variantını işə salarkən sövq-təbii Rusiya amilini nəzərə almaq zorundadır.

“Əlbəttə ki, Rusiyanın Azərbaycandan müəyyən istəkləri var. Məlumdur ki, Azərbaycan strateji bir bölgədə yerləşir və MDB dövlətləri arasında özünün zəngin resursları və maliyyə imkanları ilə fərqlənən ölkədir. Rusiya da Azərbaycanın üstünlüklərini görür, onun geostrateji mövqedə yerləşməsi faktorunu nəzərə alır, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu görür və bunu qiymətləndirir. Bunlarla yanaşı, Rusiya Azərbaycanı özünün patronajlığı altında olan Avrasiya İttifaqında görmək istəyərdi. Əlbəttə, Azərbaycan müəyyən şərtlər daxilində Avrasiya İttifaqına qoşula bilər. Lakin Rusiyanın başqa bir istəyi də budur ki, Azərbaycan Qərbdə ”Rus NATO-su" adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da qoşulsun. Vaxtilə Azərbaycan bu hərbi-siyasi blokun üzvü olub. Amma Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə bu blokdan çıxmağa məcbur olduq. Çünki bu ittifaqda təmsil olunan Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlayırdı. Bu mənada Ermənistanla eyni hərbi-siyasi blokda təmsil oluna bilmərik. Ən azı Rusiya təminat versə ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq, bu halda məsələyə baxılması mümkün ola bilər", - deyə politoloq qeyd edib.

Onu fikrincə, Rusiyanın daha bir istəyi ondan ibarətdir ki, bölgəyə - Azərbaycana sülhyaratma adı altında rus qoşunları yeritsin: “Hər halda Azərbaycan bu məsələlərə ölkəmizin milli təhlükəsizlik məsələləri baxımından münasibət bildirə bilər. Düşünürəm ki, bütün hallarda Azərbaycanın suveren hüquqları nəzərə alınacaq”.

*****

Onu da unutmaq olmaz ki, Rusiya Azərbaycanın əsas silah tədarükçülərindən biri olaraq qalır - hansı məqam ki, daim Ermənistanda güclü qıcıq doğurur. Rəsmi İrəvan, erməni toplumu işğalçının 1 nömrəli müttəfiqi Rusiyanın müharibə vəziyyətində olduqları Azərbaycana müasir silahlar satmasını heç cür “həzm edə” bilmir. Yeri gəlmişkən, hərbi ekspertlər hesab edirlər ki, gələn il üçün anons edilən kontraktlar əsasında Azərbaycan şimal qonşumuzdan ilk növbədə yeni hücum silahları və döyüşlərin idarə edilməsi üçün vasitələr almağı planlayır.

“Moskva, ola bilsin, Azərbaycana silah satışı məsələsində mövqeyinə təzədən baxsın, əgər İrəvan işğal elədiyi 7 rayonun Azərbaycana qaytarılması yönündə real addımlar atsa və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlara keçsə, yəni Ermənistan rəhbərliyi tərəfindən imzalanmış anlaşmadakı öhdəliklərin yerinə yetirilməsinə başlasa”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri rusiyalı tanınmış analitik Aleksandr Perinciyev deyib. Politoloq Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağ və ətrafındakı 7 rayonla bağlı danışıqların gələn il davam etdiriləcəyinə şübhə etmir. “Danışıqlar davam etdiriləcək. Məndə belə bir ümidi xüsusən də Azərbaycanın ali rəhbərliyinin dövlət idarəçiliyini və dövlətin kadr siyasətini modernlışdirmək yönündə fəaliyyəti yaradır. Xatırladım ki, bu ilin iyununda Azərbaycan KİV-ə müsahibəmdə demişdim ki, danışıqların rəsmi Bakının maraqlarını daha çox cavab verməsi üçün nizamlama prosesini modernləsdirməyə ehtiyac var”.

Hələliksə, Qarabağa dair sülh danışıqlarına bəslənən ümidlər təzə ilə keçir. Ümid isə necə deyirlər, sonda ölür. Nə vaxt ki, “hərb, yoxsa sülh” dilemmasını vasitəçilər çözə bilməyəcək və Azərbaycan öz torpaqlarını azad eləmək üçün axırıncı vasitəyə - hərbi gücə əl atmalı olacaq...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.01.2020
Mövqelərimiz snayper və pulemyotlardan atəşə tutuldu
23.01.2020
Füzulidə şəhid olan əsgər 26 ildən sonra Yevlaxda dəfn edildi - YENİLƏNİB - VİDEO
23.01.2020
Daha bir Qarabağ qazisi haqqa yürüdü
23.01.2020
Atəşkəs yenə pozulub
22.01.2020
Dilqəm Əsgərov nəvəsinin şəklini görəndə sevinib - Şuşadan məktub gətirdilər