Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6594

Digər sorğular

Paşinyanın bəhanəsi, Ermənistanın həyəcanı, Boltonun eşidilməyən çağırışı

13:20  |    19 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Ermənistanın baş nazirinin radikal Qarabağ bəyanatı onun hakimiyyətini xilas edə biləcəkmi?; 2020-ci ildə qondarma qurumda keçiriləcək “seçki” şousu savaşı tətikləyə bilər; politoloqlar deyir ki...

Ermənistanın baş naziri Nikol Paşinyanın radikal bəyanatları faktiki olaraq Qarabağ danışıqlarının dalana dirənməsinə gətirib çıxarıb. Hakimiyyətə gəldiyi gündən ziddiyyətli mövqeyi, sərsəm çıxışları ilə diqqət mərkəzində qalmağa çalışan erməni baş nazir indi də belə rəy yaratmağa çalışır ki, guya onu buna vadar edən səbəblər var və bu, daxili amillərlə bağlıdır.

Sonuncu dəfə bu barədə o, Azərbaycanın tanınmış ictimai fəallarından olan Bəxtiyar Hacıyevlə Avropadakı təmaslarında da bildirib. B.Hacıyev yerli mətbuata açıqlamasında deyib ki, Paşinyanın Parisdəki qeyri-rəsmi söhbət zamanı dediklərindən belə anlayıb ki, o, Qarabağla bağlı sonuncu radikal bəyanatı daha çox daxili müxalifətin təzyiqi ilə verib və Azərbaycan tərəfindən daha çox konstruktiv mesajlar gözləyir. İctimai fəalın fikrincə, Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı onun inanaraq verdiyi bəyanat deyil və çox rahatlıqla arxasından çəkilə bilər. “Düşünürəm ki, Paşinyanla təmaslar sıxlaşarsa və münaqişənin həllinin birinci növbədə Ermənistana faydalı olacağı ona izah edilərsə, onunla razılaşmaq daha asan olar, nəinki Sərkisyan, Köçəryan və digərləri ilə”, - B.Hacıyev əlavə edib.

Əslində N.Paşinyanın Qarabağla bağlı sələflərindən, hətta müharibə partiyasının üzvləri olan R.Köçəryan və S.Sərkisyandan daha kəskin mövqe sərgilədiyi ilk günlərdən bəlli oldu. Hətta Azərbaycan rəhbərliyi Paşinyana seçkiləri sakit şəkildə keçirmək, hakimiyyətində möhkəmlənmək üçün şans yaratdı, lakin öz yerini bir az bərkidəndən sonra bu, hərbi xidmətdə olmayan baş nazir nəinki konstruktiv mövqedən çıxış etmədi, hətta danışıqların üstündən xətt çəkən, savaşı tətikləyən mövqeləri bir-birinin ardınca düzməyə başladı.

Məhz bu mövqenin nəticəsidir ki, artıq nə Bakıda, nə İrəvanda, nə də həmsədr ölkələrdə danışıqların perspektivinə inam qalmayıb. 2020-ci illə bağlı gözləntilərə gəldikdə, fakt budur ki, Paşinyan hazırda gələn il Dağlıq Qarabağdakı qondarma qurumda keçiriləcək “seçki” şousuna köklənib. Müşahidəçilər hesab edir ki, N.Paşinyan separatçı qurumun başına öz adamını gətirməyə tədarük görür ki, bu da danışıqlarda daha sərt mövqenin sərgilənəcəyinə şübhə yeri qoymur. Çünki İrəvanın fərqli mövqeyi Qarabağ klanının mövqelərinin güclənməsinə imkan yarada bilər. Üstəlik, klan lideri R.Köçəryan vaxtaşırı həbsxanadan Paşinyanı təhdid edir və Qarabağla bağlı güzəştlərə gedəcəyi barədə informasiyalar məqsədli şəkildə dövriyyəyə buraxılır. Eyni zamanda erməni diasporunun və kilsənin güzəşti zərrə qədər də yaxına buraxmadığı faktdır. Deməli, N.Paşinyan 2020-ci ildə də “nöqtə”li bəyanatlarından uzağa gedə bilməz. Əks təqdirdəb bu, onun hakimiyyətinin sonu ola bilər. Lakin bu, Azərbaycanın problemi deyil. Azərbaycan ərazi bütövlüyünün bərpa olunmasında israrlıdır və günün birində beynəlxalq hüququ əsas götürüb hərbi əməliyyatlara qərar verə bilər. Hər halda, separatçıların “prezident seçkisi”nə seyrçi qalmaq normal görünməz, bunu Ermənistanda da yaxşı bilirlər.

Politoloq Hikmət Hacızadə isə əmindir ki, bu məsələ Paşinyanlıq deyil: “Burada hər şeyi Moskva həll edir. Rusiya da məsələni öz xeyrinə həll etmək istəyir. Moskva çalışır ki, həm Ermənistan, həm də Azərbaycan onun tam tabeliyinə keçsin və rus ordusu Azərbaycana qayıtsın”.

“Dövlətimizin inkişafının yəqin ki, ən təhlükəli mərhələsindəyik. Mənim fikrimcə, belə təhlükəli mərhələ olmayıb”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru David Şahnazaryan bildirib. O qeyd edib ki, onu bu müzakirələrdə iştirak etməyə gətirən məhz həyəcanlı narahatlıq səviyyəsidir. Şahnazaryanın sözlərinə görə, son 1,5-2 ildə mövcud olan problemlər daha da gərginləşib və xarici və regional siyasət baxımından yeni növ təhlükəli təhdidlər olmaqla onlara yeniləri əlavə edilib. Şahnazaryan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, mövcud hakimiyyətin bir çox ziddiyyətli açıqlamalar verdiyini, ancaq bir məsələnin əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, hazırkı hökumət nizamlama və ya danışıqlar prosesini qaldığı yerdən yox, əksinə, yeni nöqtədən davam etdirir. “2018-ci ilin may ayına qədər danışıqlar masasında yalnız bir gündəm maddəsi vardı. Bu, təmas xəttində baş verən hadisələr üzrə beynəlxalq həmsədrlərin təşəbbüsləri, xüsusi avadanlıqların yerləşdirilməsi, ATƏT-in Minsk Qrupunun tərkibinin genişləndirilməsi və atəşkəs rejiminin pozulması üzrə beynəlxalq mexanizmlərin yaradılmasından ibarət idi. Bu, təmas xətti boyunca beynəlxalq elementlər yaratmaq məsələsi idi. Tənzimləmə baxımından vəziyyəti, beynəlxalq birliyin Qarabağ münaqişəsinə münasibətini əhəmiyyətli dərəcədə dəyişdirən Madrid prinsipləri sənədi vardı. Ermənistanın və beynəlxalq ictimaiyyətin münaqişənin həlli məsələsində bir fikri, Azərbaycanın isə digər fikri vardı”, - deyə Şahnazaryan bildirib. Daha sonra o, indiki Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətə diqqət çəkib. “Birincisi, mövcud hakimiyyət ümumiyyətlə üç Madrid prinsipi - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə, güc və güc təhdidinin istisna edilməsi barədə sanki danışmaq istəmir. Əslində imtina edirlər. Danışıqlar prosesinin hakimiyyətin ziddiyyətli açıqlamaları və mövqeləri üzündən dalana dirəndiyi aydın şəkildə görünür”, - deyə sabiq MTX rəisi bildirib.

Bu açıqlamadan da aydın görünür ki, N.Paşinyanın dediyi kimi, ona davamlı basqılar var. Ancaq İrəvanın status-kvonu uzatması da erməni baş naziri xilas etmir.

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, “nə hərb, nə sülh”ün olmaması artıq status-kvonun olduğu kimi saxlanması deməkdir: “Lakin mən deməzdim ki, danışıqlar dayanıb. Bildiyimiz qədər hər iki dövlətin xarici işlər nazirlərinin görüşü gündəmdədir. Diqqətlə xronologiyanı izləyəndə hiss olunur ki, hər hansı kompromis variant tapılan vaxt ya Rusiya, ya da ABŞ tərəfindən müdaxilələr baş verir. Bu müdaxilələr o qədər birtərəfli olur ki, əldə edilən razılaşmaların mahiyyətini sıfıra endirir. Məlumdur ki, yenidən sıfırdan başlamaq da çox çətindir. Son zamanlar baş verən proseslər də buna bariz bir nümunədir. Çox təəssüf ki, bunu edənlər birbaşa elə danışıqlara cavabdeh olan ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlərdir. Onlar nəyin bahasına olursa-olsun problemin həllinin ki dövlət arasında həllinə razı olmurlar. Sanki sülhün pozulacağı adı altında özlərinin mühüm əhəmiyyətini göstərmək istəyirlər. Təbii ki, bu proseslər ikili standartlar fonunda baş verir. Məlumdur ki, Azərbaycan üçün ən həssas məsələ ərazi bütövlüyünün toxunulmazlığıdır. Beynəlxalq qurumlar da bundan öz xeyrinə istifadə etməkdə davam edirlər”. A.Nağıyev qeyd etdi ki, digər məsələ Paşinyanın mövqeyidir: “Paşinyan çox istəyir ki, münaqişə öz həllini tapsın, tarix qarşısında mühüm bir siyasətçi obrazı yaratsın, lakin bu iqtidarda deyil. Çünki münaqişənin necə həllindən asıl olaraq, o, hətta fiziki cəhətdən məhv ediləcəyindən də qorxur. Ona görə də son vaxtlar Masis Mailyanı irəli verir. Məlumdur ki, işğal olunan ərazilərin saxlanması iqtisadi cəhətdən praktiki olaraq mümkün deyil. Bundan irəli gələrək sərmayələrin yatırılması və digər məsələlərin də həlli alına bilməz. İstər Rusiya, istər İran və digər qonşu və regional dövlətlər də bu iqtidarda deyillər. Deməli, ən mühüm yol sülhdür. Buna da nail olmaq üçün qarşılıqlı kompromisə getmək və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həllinə nail olmaq lazımdır. Bir sözlə, regional aktorlar da, beynəlxalq təşkilatlar da bunun marağında olmalı və Ermənistanı təcavüzkar siyasətdən əl çəkməyə vadar etməlidirlər. Əks halda, onların heç biri Azərbaycanın ehtiyat variantı ilə problemin həllində istifadə edə biləcəyi və atacağı addımdan kənarda qalıb müşayiətçi kimi dura bilməyəcəklər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, Qarabağ məsələsinin həlli istiqamətində heç bir yenilik yoxdur və gözlənilmir: “Reallıq belədir ki, yerində sayırıq. Paşinyanın Bəxtiyar Hacıyevə verdiyi cavabdan da görünür ki, guya o, Azərbaycandan cavab ala bilmədiyinə görə radikallaşıb. Onun belə fikri var idi ki, Dağlıq Qarabağ məsələsinin həlli Azərbaycanın və Dağlıq Qarabağın maraqlarına uyğun olmalıdır. O düşünürmüş ki, Azərbaycandan da analoji fikirlər səslənməlidir. Yəni deyilməlidir ki, münaqişənin həlli Dağlıq Qarabağın və Ermənistanın maraqlarına uyğun olmalıdır. Bu isə mümkün deyil. Söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir. Biz desək ki, münaqişənin həlli Ermənistanın və Dağlıq Qarabağın maraqlarına uyğun olmalıdır, o halda ”müstəqillik"lə razılaşmış olarıq. Paşinyan Bəxtiyar Hacıyevə də radikallığını bununla izah edib. Amma fakt bundan ibarətdir ki, Paşinyan münaqişənin həllinə ortaq baxışı formalaşdırmayıb. Hətta Minsk Qrupunun fəaliyyətini, həmsədrlərin hazırladığı planları da sual altında qoyur. Paşinyanın ortaq bir baxışı yoxdur, gah radikallaşır, gah bizə mesaj göndərir".

Bu arada Ermənistanın dünyadan tam təcrid olunması erməniləri yenidən həyəcanlandırıb. Xüsusilə də Ermənistanın quru çıxışının olduğu İran və Gürcüstanda qarışıqlığın yaranması işğalçı ölkədə təşvişi artırıb. “Ermənistan üçün yeganə alternativ Qarabağ problemini həll edərək, Türkiyə və Azərbaycanla sərhədi açmaqdır”.

Axar.az xəbər verir ki, bu məlumatı “Politik.am” saytı yayıb. Sayt Gürcüstan və İranda olan nümayişlər fonunda bu məsələnin Ermənistan üçün önəmli hala gəldiyini bildirib: Bu sadə olmayan hadisələr Ermənistan üçün güclü zərbə ola bilər. Belə ki, Ermənistan üçün xarici dünya ilə quru əlaqəsi bu iki dövlətlə həyata keçirilir və bu ölkələrdəki daxili qeyri-stabillik bu əlaqəni kəsəcək. Bu situasiyada İrəvan müşahidədən artıq heç nə edə bilməz".

Hər halda, seçim İrəvanındır. Qonşulara qarşı tarixi şablonlardan əl çəkmək çağırışını hələ ABŞ diplomatı Con Bolton xeyli müddət öncə etmişdi, İrəvandaca. Lakin o zaman Paşinyan Boltonu öz işinə qarışmağa çağırdı. Göründüyü kimi, əslində Bolton erməniləri xilas planını təqdim edibmiş...

"Yeni Müsavat"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
07.12.2019
Bu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyalı ekspertdən XƏBƏRDARLIQ
07.12.2019
Düşmən atəşkəsi yenə pozub
06.12.2019
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulub
05.12.2019
27 illik YARA: Türk mediası Qarabağ danışıqlarından yazdı - VİDEO
05.12.2019
Bratislavada Qarabağ müzakirələri - başlamadan nəticəsiz qalan görüş