Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6567

Digər sorğular

Paşinyanın yeni hiyləsi - Qarabağla bağlı referendum hoqqası

12:33  |    05 Noyabr 2019  |   E-mail  |  Çapa göndər


Ermənistanın baş naziri “nöqtəli” iddiaların işə yaramadığını görüb özünü sığortalamaq üçün məsuliyyəti erməni xalqının üzərinə atmağa hazırlaşır; Tofiq Zülfüqarov: “Bu, müharibəni daha da yaxınlaşdırır...”

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ məsələsi ilə bağlı növbəti avantürist fikirlərini səsləndirib. Bir neçə ay əvvəl “Dağlıq Qarabağ Ermənistandır. Nöqtə” deyən hökumət başçısı Azərbaycan prezidentinin nidalı xəbərdarlığını eşidəndən sonra fərqli mövqedən çıxış etməyə başlayıb.

Budur, N.Paşinyan deyir ki, Qarabağ nizamlanması üzrə danışıqlar prosesində, nə qədər qəribə görünsə də, olduqca maraqlı bir dinamika var. “Mən nikbinəm və düşünürəm ki, bu dinamika davam edəcək. Dinamika inkişaf edəcək” - erməni baş nazir iddia edib. N. Paşinyan Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin azaldığını qeyd edib. “Bu azalma Düşənbədəki məlum müzakirələr kontekstində baş verib”, - deyə baş nazir bildirib. Bununla bərabər, baş nazir etiraf edib ki, “bu gün erməni tərəfi itki verir”. Paşinyan Qarabağ nizamlanması ilə bağlı əvvəlki tezisini təkrarlayıb: “Mən demişəm ki, Qarabağ məsələsinin istənilən həlli Ermənistan, Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır” (Virtualaz.org). Onun sözlərinə görə, onun əsas vəzifəsi danışıqlar masasında erməni xalqı üçün məqbul olan həll yolu tapmaqdır. O, iddia edib ki, bu seçim tapılarsa, xalqa təqdim ediləcək və ictimai müzakirəyə çıxarılacaq. Baş nazir əmindir ki, qərar ümummilli formatda verilməlidir və lazım gələrsə, referendum keçirilə bilər. Onu da bəyan edib ki, siyasi rəqibləri Ermənistan cəmiyyətini hərbi əməliyyatların yenidən başlaması ehtimalı ilə qorxudurlar: “İnsanları müharibə ilə qorxutmağa başlayıblar. Konkret olaraq bu məqsədlə büdcələr qəbul edilir, təbliğat aparılır və sair...” Bu cür fikirlərə cavab olaraq hökumət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərində yaranmış vəziyyət təhlükəni həmişə özündə saxlayıb.

N.Paşinyan Qarabağı satacağı ilə bağlı müxalifətin iddialarını da rədd edib: “Deyirdilər ki, mən və hökumətim Qarabağı satmağa hazırlaşırıq. Zaman bu iddiaların absurd olduğunu göstərəndən sonra yeni tezis kimi mənim Qarabağa qarşı fəaliyyətə keçdiyimi və müharibə yolu ilə əraziləri verməyimi iddia etdilər. Sizə dəqiq deyə bilərəm: Ermənistan və Qarabağ hakimiyyətlərinin münaqişənin həlli barədə təsəvvürləri üst-üstə düşür”.

Göründüyü kimi, indi də Paşinyan Dağlıq Qarabağ məsələsinə “nöqtə” qoya bilmədiyini anladığından məsuliyyəti erməni xalqının üzərinə qoymağa çalışır, referendumdan danışır. Xatırladaq ki, Ermənistanın keçmiş iqtidarları da tez-tez 1991-ci ildə keçirilmiş “referendum şousu”na istinad edirdilər, lakin rəsmi Bakı bu iddiaları birmənalı şəkildə rədd etdi. Odur ki, Paşinyanın köhnə bayatılara qayıtması heç də yaxşı perspektiv vəd etmir,

“Beynəlxalq sülh və təhlükəsizliyi dəstəkləyərkən, Azərbaycan hələ də Ermənistanın davamlı hərbi təcavüzü ilə üzləşir, bu təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin, o cümlədən Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun işğalı ilə nəticələnib”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Somali üzrə Əlaqə Qrupunun iclasında çıxışı zamanı deyib. XİN rəhbəri bildirib ki, nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, çoxsaylı tarixi, mədəniyyət və dini abidələrimiz məhv edilib. “Münaqişənin ilk günlərindən bəri döyüş əməliyyatları mülki əhaliyə və infrastruktura təsir göstərərək, yalnız Azərbaycan ərazisi daxilində, demək olar ki, ölkənin ortasında aparılıb. Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin davam edən işğalı regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaratmaqda davam edir və ölkəmizin davamlı inkişafı üçün bütün potensialından istifadə səylərini sarsıdır”.

“Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesində ”maraqlı dinamika"nın olduğunu bildirdi. Düz deyir, dinamika var. Ölkə prezidenti cənab İlham Əliyevin “Valday” forumundakı çıxışı, orada hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun belə sözü gedən problemlə bağlı maraqlarımızla tam uzlaşmasa da, hər halda, Paşinyan üçün tərs şillə effekti doğuran mövqe sərgiləməsi, Aşqabadda ona verilən dərs, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının sammitlərində səslənən fikirlər, yekun bəyanatda yer alan maddələr, MDB ölkələri müdafiə nazirlərinin Bakıda keçirilən toplantısı göstərir ki, Ermənistanın baş naziri haqlıdır".

Etikxeber.az xəbər verir ki, bunu deputat, politoloq Sahib Alıyev deyib. “Amma bu ”dinamika"da onun özünün, eləcə də ölkəsinin payı nədən ibatərdir, orası “maraqlı”dır...", - deyə S.Alıyev əlavə edib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu gərginliyin azalması ilə bağlı Paşinyanın fikirlərinə toxunarkən bildirib ki, təhlükə hər zaman var, ancaq 3, 4 və ya 5 il bundan əvvəllə müqayisədə sərhəddə gərginlik xeyli azalıb: “Paşinyan bu sözlərlə demək istəyir ki, məhz o, hakimiyyətə gəldikdən sonra sərhəddə gərginlik azalıb. Paşinyan gərginliyin azalmasını Azərbaycan prezidenti İlham Əliyevlə MDB-nin Aşqabad toplantısında qısa fikir mübadiləsi ilə əlaqələndirib. Yəni Ermənistanın baş naziri demək istəyir ki, məlum görüşdə atəşkəsə riayət olunacağına dair şifahi razılaşma əldə olunub. Paşinyanın sözündə həqiqət ondan ibarətdir ki, o, Serj Sərkisyanı devirib hakimiyyətə yiyələndikdən sonra rəsmi Bakı ona bir neçə ay şans tanıdı. Aşqabad görüşündən əvvəl və bir neçə ay sonra atəşkəs həqiqətən ciddi şəkildə pozulmadı. Ancaq Aşqabad görüşündən vaxt getdikcə atəşkəsin pozulması halları artdı. Paşinyan avqustun 5-də Xankəndində separatçılar qarşısında çıxış edərkən ”Qarabağ Ermənistandır" dedikdən sonra isə atəşkəsə riayət etməyin heç bir mənası qalmadı. Ona görə də o, atəşkəsin artan xətlə pozulması hallarına hazırlaşmalıdır".

E.Şahinoğlu Paşinyanın “maraqlı dinamika müşahidə olunur” deməsinə də toxunub: “Paşinyan ”maraqlı dinamika" dedikdə nəyi nəzərdə tutur? Əslində danışıqlarda heç bir irəliləyiş yoxdur, bunu Azərbaycan XİN-in davamlı bəyanatlarından da müəyyənləşdirmək olar. Ermənistan XİN-in bəyanatlarında da danışıqların gedişi ilə bağlı fərqli heç nə yoxdur. Görünür, Paşinyan, sadəcə, cəmiyyətini sakitləşdirməyə çalışır ki, danışıqlarda nəticə olmasa da, guya “gedişat ümid verir”. Erməni cəmiyyəti ən çox müharibədən çəkinir. Paşinyan da bunu bilərək həm müharibə sözünün tələffüzündən çəkinir, həm də cəmiyyətinə yanlış da olsa ümid verməyə çalışır".

Politoloq hesab edir ki, Paşinyan Qarabağ separatçıları ilə arasında heç bir ixtilafın olmadığını erməni cəmiyyətinə təlqin etməyə çalışır. “Qarabağ məsələsi mənim məsələm deyil, bu, ümummilli məsələdir” deyən Paşinyan İrəvanla Dağlıq Qarabağ separatçıları arasında münaqişənin həllinə baxışda heç bir fikir ayrılığının olmadığını vurğuladı. Paşinyan çıxışında əsas vəzifəsi kimi həll yolunun erməni xalqı üçün məqbul olmasını göstərib. Paşinyan yeni təklifini də səsləndirib: “Münaqişənin həll yolu referenduma da çıxarıla bilər”.

Bununla Paşinyan məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə çıxır ki, Paşinyan Azərbaycan prezidenti ilə ehtimal olaraq nə vaxtsa ortaq məxrəcə gəlsə, bu, o demək olmayacaq ki, rəsmi İrəvan münaqişənin həllinə razılaşıb. Bundan sonra razılaşma referenduma çıxarılacaq ki, Paşinyan verdiyi qərara görə məsuliyyəti erməni cəmiyyəti ilə bölüşsün. Tutaq ki, Paşinyan İlham Əliyevlə nəyəsə razılaşdı, ancaq Ermənistanda keçirilən referenduma ermənilər “yox” dedi. Paşinyan İlham Əliyevə nə deyəcək, “bağışlayın bu variant alınmadı, keçək başqa variantların müzakirəsinə”... Paşinyanın “hə”, ermənilərin “yox” deməsinin özü müharibə ehtimalını artıracaq".

Politoloqun sözlərinə görə, N.Paşinyanın açıqlamalarından bir daha görünür ki, danışıqlardan nəticə gözləmək əbəsdir: “O ki qaldı atəşkəsin pozulması intensivliyinin azalmasına ümidini bağlayan Paşinyana, onun yanlış nəticəyə gəlməməsi üçün təzyiqi artırmaq lazımdır. Maraqlıdır ki, ordumuzun Naxçıvanda və Qazaxda həyata keçirdiyi əməliyyatlar Paşinyanın hakimiyyəti dövründə həyata keçirilib. Paşinyan bu haqda heç zaman bir cümlə də deməyib. Ermənistanın o biri rəsmiləri və hərbçiləri də bu mövzuda əsasən susurlar. Lap yaxşı, bir az daha irəliləmək lazımdır”.

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov isə “Yeni Müsavat”a bildirdi ki, Paşinyan Qarabağla bağlı aqressiv siyasətini davam etdirir: “Hakimiyyətə gələndən sonra onun sərt xətti bir neçə dəfə özünü büruzə verib. İndi isə onun bu təxribatçı bəyanatı ondan xəbər verir ki, ”Qarabağ Ermənistandır və nöqtə" bəyanatından sonra ona verilən cavablar və təzyiqlər yetərincə olmayıb. Fakt budur ki, erməni tərəf hücum taktikasını davam etdirir. Digər tərəfdən, erməni diasporunun fəallaşması, ABŞ Konqresində Qarabağ separatçılarına meydan verilməsi onu göstərir ki, bu xətt davam etdiriləcək".

T.Zülfüqarov Paşinyanın radikal mövqeyindən bəhs edərkən mühüm bir amilə diqqət çəkdi: “Paşinyan sosial-iqtisadi baxımdan Ermənistana yeni nəsə təklif edə bilmir. Ona görə də daha radikal siyasətini həyata keçirməyə çalışır. Bu taktika o vaxtacan davam etdiriləcək ki, ona Azərbaycan tərəfindən lazımi cavab veriləcək, yəni güc tətbiq olunacaq. Çünki ayrı yol yoxdur. Azərbaycan ümid edir ki, həmsədrlər ona nəsə deyəcəklər, yaxud Rusiya Paşinyanı bu fikirdən uzaqlaşdıracaq. Lakin hiss olunur ki, rəsmi İrəvan sərtləşən formada öz siyasətini davam etdirir”.

Keçmiş nazir N.Paşinyanın referendum iddiasını səbəbsiz saymır: “O istəyir referendum keçirməklə daxili siyasətdə özünə xallar yığsın. Həmçinin Qarabağ erməniləri və Ermənistan əhalisi arasında ziddiyyətləri aradan qaldırmağı düşünür. Eyni zamanda ondan Qarabağla bağlı hansısa addımlar atması tələb olunanda desin ki, xalq öz mövqeyini ifadə edib, mən fərqli addım ata bilmərəm. Yəni bu, çox təhlükəli bir xətdir. Eyni zamanda bu, müharibəni daha da yaxınlaşdırır. Ermənistan hakimiyyəti özünü sığortalamaq üçün belə bir addımlar atır. Görək Azərbaycan tərəfdə nə baş verəcək. Çünki proseslər belə davam edə bilməz. Reallıq budur ki, Qarabağ şüarı siyasi aktivlikdə daha qəti şəkildə səslənəcək, bu, qaçılmazdır. İkinci qaçılmaz addım ondan ibarətdir ki, iqtidar və hökumət bu cür şüarları nəzərə almağa məcbur olacaq. Hər iki ölkədə ictimaiyyətin hakimiyyətə təzyiqləri hərbi əməliyyatların başlanmasına səbəb olacaq. Vasitəçiliyin passivliyi və beynəlxalq ictimaiyyətin müşahidəçi statusunda qalması da burada öz rolunu oynayır”.

"Yeni Müsavat"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.11.2019
Qarabağ danışıqları “sıfır nöqtəsi”ndə - ilin gözlənilməz sonucu
18.11.2019
Düşmən atəşkəsi pozub
16.11.2019
Atəşkəs yenə pozulub
15.11.2019
Erməni burda cənnətdə, azərbaycanlı girovlar Şuşada cəhənnəmdə...
15.11.2019
Atəşkəs yenə pozulub