Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6566

Digər sorğular

Rusiya Ermənistandakı 102-ci bazasını ikiqat gücləndirir

10:29  |    31 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Şoyqunun İrəvandan verdiyi bəyanatda hədəf kimdir?

Rusiyanın müdafiə naziri Sergey Şoyqu oktyabrın 31-də İrəvanda Ermənistan müdafiə naziri David Tonoyanla görüşdə deyib ki, Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazası Qafqazda sabitliyin qarantıdır və Ermənistanın ordusu ilə birlikdə regiondakı təhlükəsizliyə olan təhdidlərə qarşı durmağa qadirdir:

“Ermənistan ərazisində Qafqaz regionunda sabitliyin qarantı rolunu oynayan 102 saylı Rusiya hərbi bazası yerləşir. Bu gün orada yoxlama apardım. Baza döyüşə hazır vəziyyətdədir və Ermənistan Silahlı Qüvvələri ilə birlikdə təhlükəsizliyə mövcud təhdidlərə qarşı durmağa hazırdır”.

Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının komandiri, polkovnik Nikolay Martınyuk isə Sergey Şoyquya raportunda bəyan edib ki, 102-ci hərbi bazanın döyüş potensialı yeni silahlarla və hərbi texnika ilə təchiz olunandan sonra “ikiqat” gücləndiriləcək.

Cənub Hərbi Dairəsinin qərargah rəisi, general-leytenant Sergey Kuzovlev isə müdafiə nazirinə məruzə edib ki, baza maddi-texniki vasitələrlə və silahlarla tam ölçüdə təchiz edilib.

Qeyd edək ki, Rusiya son illər 102-ci hərbi bazanı yeni nəsil döyüş təyyarələri və vertolyotları, zirehli texnika və radioelektron mübarizə vasitələri ilə təchiz edir.

Sual olunur, hərbi bazanın gücləndirilməsində məqsəd nədir? Şoyqunun Bakıya gəlməzdən bir neçə saat öncə Ermənistandan bu cür açıqlama verməsi daha çox kimə və ya kimlərə mesaj ola bilər? Rusiya region üçün hansı ölkəni və ya ölkələri təhdid hesab edir? Ermənistanın özü əslində regionda təhlükəsizliyə təhdid deyilmi?

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Sergey Şoyqunun Ermənistana səfəri və Gümrüdə 102-ci hərbi bazasına gəlişi regionda baş verən geosiyasi proseslərdən qaynaqlanır. 102-ci hərbi bazanın gücləndirilməsi əsasən Gürcüstanda NATO-nun, ABŞ-ın möhkəmlənməsinə qarşıdır: “Qeyd edim ki, ABŞ Gürcüstanda hərbi imkanlarını genişləndirir, NATO-nun Vaziani hərbi poliqonunda təlim mərkəzinin açılması, mütəmadi hərbi təlimləri Rusiyanı Ermənistandakı 102-ci hərbi bazasını gücləndirməyə vadar edir. Bundan əlavə, Gürcüstanın NATO-ya üzv olması məsələsi gündəmdədir. Kreml buna qarşı sərt açıqlama verib. Rusiya Cənubi Qafqazda NATO dövlətinin olmasının qarşısını almağa çalışır. Hesab edirəm ki, Sergey Şoyqunun ermənistanlı həmkarı Tonoyanla və baş nazir Nikol Paşinyanla görüşündə 102-ci bazasının genişləndirilməsi və yeni əlavə hərbi texnikaların buraya gətirilməsi, hətta yeni ərazidə hərbi hissəsinin açılması da müzakirə edilib. Çünki Rusiyanın regionda hərbi mövcudluğu bu gün yalnız Ermənistandadır. Məncə, Sergey Şoyqunun açıqlaması əsasən ABŞ-ın Gürcüstandakı hərbi fəaliyyətinə qarşıdır. Təhdid deyərkən ABŞ-ı və NATO-nu nəzərdə tutur. Cənubi Qafqaz ABŞ-la Rusiya arasında rəqabət meydanıdır və Kreml həmçinin buradan ABŞ-a bununla mesaj vermiş oldu. Rusiya regionda əsasən Gürcüstanda özünə qarşı təhdid görür. Qeyd etdiyim kimi, burada ABŞ və NATO-nun fəaliyyəti Rusiya üçün təhdid hesab edirlir. Azərbaycan qəti şəkildə Rusiya üçün təhdid deyil. Sadəcə, Kreml Qarabağ münaqişəsinin ədalətli həllini və Azərbaycanın hərbi əməliyyatlarını regionda maraqlarına təhdid görür”.

Politoloq hesab edir ki, əslində 102-ci hərbi baza heç də sülhün və təhlükəsizliyin qarantı deyil. Çünki məhz 102-ci hərbi baza bu gün regionda təhlükəsizliyi təhdid edən Qarabağ münaqişəsinin həllinə ciddi təhdiddir: “Rusiya öz geosiyasi məqsədlərini həyata keçirmək üçün Qarabağ münaqişəsinin həllinin qarşısını alır və hərbi mövcudluğunu bu baza ilə qoruyur. Azərbaycan daim öz hərbi imkanlarından istifadə edıb ərazilərini işğaldan azad edəcəyini qeyd edir. Bu da Rusiyanın regionda maraqlarına cavab vermir. Kreml təbii ki, bundan narahatdır və çalışır ki, bu kimi açıqlamalarla regionda guya 102 -ci bazanın təhlükəsizliyə töhfə verdiyini bəyan edir. Ermənistan dövləti və silahlı qüvvələri işğalçıdır. Bu baxımdan əslində Ermənistan silahlı qüvvələrinin özü Qafqazda təhlükəsizliyə təhdiddir.

Bu gün Ermənistan Azərbaycanın ərazilərinin işğalını davam etdirməklə təhlükəsizlik problemi yaradır və Rusiyanın Gümrüdəki bazasının mövcudluğu Ermənistanı daha da aqressivləşdirir. Azərbaycan isə bu gün regionda sülhə və sabitliyə dəstək verən ölkədir. Apardığı siyasət Cənubi Qafqazda sabitlik adası yaradıb".

Məsələ ilə bağlı Modern.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Gümrüdəki hərbi bazanın gücünün iki qat artırılması heç də xoş niyyətdən xəbər vermir: “Ermənistan kimi heç bir hüquq və normaya əməl etməyən bir dövlətin ərazisində belə bir addımın atılması əlbəttə ki, xoşagələn hal deyil. Lakin bu məsələnin geniş miqyasda problem yaradacağını düşünmürəm. Çünki Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər gücə malikdir, silah, insan resursu baxımından Ermənistandan çəkinəsi durumda deyilik. Rusiyaya məxsus 102-ci bazanın 2049-cu ilədək Ermənistanda qalmağı haqqında tərəflər razılıq əldə ediblər. Lakin hər şey ola bilər. Bəlkə bir müddət sonra Ermənistanda elə bir şəxs tapıldı ki, məsələni gündəmə çıxarsın və bu müqaviləyə yenidən baxılsın. Hərçənd ki, Ermənistanda belə cəsarətli siyasətçi görmürəm, lakin hər şey ola bilər. Buna görə Gümrüdəki hərbi bazanın gücünün iki qat artırılması heç də xoş niyyətdən xəbər vermir. Sual olunur ki, Rusiya nədən narahatdır? Burada bir neçə faktor var. Gürcüstan faktoru, yəni Gürcüstanla gələcəkdə müəyyən haqq-hesab çəkmək və öz orbitinə qaytarmaq. Azərbaycana təzyiq vasitəsi kimi, baxın görün, indi dünyanın paradoksudur ki, SSRİ-nin varisi hesab edilən Rusiyanın müdafiə naziri Şəhidlər Xiyabanına gedərək MDB Müdafiə Nazirlər Şurasının iclasının iştirakçıları arasında bizim şəhidlərin məzarı üzərinə əklil qoyur. Bütün bu olanlar Rusiyanın Gürcüstan, Azərbaycan və Türkiyəyə psixoloji təsir etmək istəyindən irəli gəlir”.

Qeyd edək ki, 1995-ci ildə Rusiya tərəfindən yaradılan 102-ci hərbi baza Gümrüdə və İrəvanda yerləşən iki qarnizona malikdir.
“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Lavrov və sələfləri - onun əvəzlənməsi Azərbaycana fayda gətirərmi?
15.11.2019
Prezident iki rayona 6 milyon manat pul ayırdı
15.11.2019
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
15.11.2019
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15.11.2019
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib