Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Bakının Türkiyə və Rusiyadan Qarabağ gözləntisi

10:47  |    28 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


Ermənistan Qarabağda antiterror əməliyyatının başlayacağından narahatdır; politoloq: “Türkiyə elə edə bilər ki, Rusiya hərbi əməliyyatlar zamanı bitərəf qalsın...”

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona sonuncu səfəri danışıqların perspektivliyi barədə fikirləri bir daha təsdiqlədi. Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ sərsəmləməsindən sonra Azərbaycanın kəskin mövqeyindən narahat olan diplomatlar, heç şübhəsiz, atmosferin yumşaldılması üçün bölgəyə növbəti turistik səfər etdilər.

Azərbaycan prezidenti İlham Əliyevin “Valday” Diskussiya Klubunda səsləndirdiyi “Dağlıq Qarabağ Azərbaycandır. Nida işarəsi” bəyanatından sonra Azərbaycan ictimai fikrinə savaş ovqatının yenidən hakim olması həmsədr ölkələri narahat etməyə bilməzdi. Regionda status-kvonun qalmasında maraqlı olan Ermənistan hər cür vasitəyə əl atır ki, beynəlxalq güclər Azərbaycanı savaş mövqeyindən çəkindirsinlər. Lakin işğalçı Azərbaycan ərazilərində həyasızlıqlarını davam etdirməkdədir.

Separatçı qurumun “müstəqil subyekt” olaraq tanıtdırılması üçün çalışan düşmən Qarabağda çeşidli layihələr reallaşdırmaqla Bakını fakt qarşısında qoymağa cəhd göstərir. “Məhsul bayramı”ndan tutmuş, “beynəlxalq tədbirlərə” qədər bir çox şoular düzənləməklə ermənilər Azərbaycanı, nəhayət, reallıqlarla hesablaşmağa vadar edəcəklərini zənn edirlər. Lakin elə Azərbaycan prezidenti İlham Əliyevin sonuncu bəyanatı bunu istisna edir. Ölkə başçısı Qoşulmama Hərəkatının Bakı sammitində də bəyan etdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə Ermənistan qoşunlarının Azərbaycanın ərazisindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunub. “Təəssüf ki, həmin qətnamələr həyata keçirilməmişdir. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içində icra edilir. Bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir ki, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır. İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb edən qətnamə və qərarlar qəbul etmişlər”, - deyə prezident beynəlxalq aləmə bir daha xatırlatma edib. “Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” - dövlət başçısı daha sonra bəyan edib.

Bu, bir daha ondan xəbər verir ki, erməni tərəfin səyləri əbəsdir və heç bir qüvvə Azərbaycanı torpaqlarından əl çəkməyə vadar edə bilməyəcək.

Qardaş Türkiyənin Suriyada antiterror əməliyyatları aparmasının Ermənistanda yaratdığı təşviş hələ də ortadan qalxmayıb. Üstəlik, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “PKK terror təşkilatının sıralarında erməni terrorçularını ələ keçirmişik”, deməsi türk düşmənlərinin narahatlığını artırıb. Özü də Çavuşoğlu bu bəayanatı Bakıda olarkən səsləndirib. Nazir onu da bildirib ki, daha əvvəl erməni terrorçuları türkiyəli diplomatları şəhid ediblər. “Ona görə də harada terror varsa, biz orada erməniləri görürük”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

Türkiyəli nazir deyib ki, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlimizdən gələni edəcəyik. Bu, kifayət qədər ciddi mesajdır və gərək ki, ermənilər, onların himayəçiləri bu xəbərdarlığa ciddi yanaşsınlar. Bundan əvvəl dəfələrlə Ermənistanın və ermənilərin terrora verdiyi dəstəkdən yazılıb. Bir sıra hallarda terrora qucaq açan, üstəlik, terrorçuların işğal altındakı Azərbaycan torpaqlarında təlim bazaları qurmasına imkanlar tanıyan Ermənistanın cəzalandıra biləcəyi ehtimalından bəhs olunub. Fakt budur ki, Türkiyə bölgədə terrorun kökünü kəsməkdə israrlıdır və bu xain əməlin başında dayanan Ermənistanın kənarda qalması mümkünsüzdür. Mövcud durumda hesab olunur ki, Rusiya, Türkiyə, Azərbaycanın yaxınlaşması hansısa sərt addımlara şans yarada bilər.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Rusiya ilə Türkiyə arasında Suriya məsələsində müəyyən anlaşmaya gəlinməsi və Azərbaycanın da problemlərinə bu iki dövlətin birgə yanaşağı ümidlərini ortaya qoyur: “İndiyədək Türkiyə Qarabağ məsələsində izlədiyi sabit xətti davam etdirərək ona bir aktivlik gətirə bilər. Amma hələ Suriyada məsələlər heç də dərhal həllini tapmayacaq və Rusiya ilə Türkiyə yaxın vaxtlarda Qarabağ məsələsində intensiv siyasət yeritməyəcəklər”.

Ekspert deyir ki, ciddi dinamikanın olmaması həm də buna görədir: “Həmsədrlərin get-gəlləri də bu dinamikanı artıra bilmir. Çünki onların səfərləri ”quş qoymaq" xatirinə edilir. Həm də artıq rəsmi Bakı vasitəçilik missiyasının Azərbaycanın dərdinə çarə olmayacağını düşünməkdədir. Təmas xəttində elə ciddi insidentlərin baş verməməsi də hər iki tərəfdə bir gözləmə mövqeyinin olduğunun işarəsidir. Suriyadakı olayların tez bir zamanda açıqlığa qovuşacağından sonra Qarabağ danışıqlarında və prosesin özündə bir aktivliyin olacağı qənaəti doğurur".

Amma Q.Çaxmaqlı hesab edir ki, Azərbaycan əlinə düşəcək fürsətləri dəyərləndirməlidir: “Azərbaycan antiterror əməliyyatlarına başlamaqdan və dövlətinin təhlükəsizliyi üçün hərbi tədbirlər keçirməkdən başqa seçimin olmadığının fərqinə varmalıdır. Belə bəyanatlar hər zaman olub və Türkiyənin Qarabağ məsələsində mövqeyi bəllidir. Bizim arzumuz ondan ibarətdir ki, bu bəyanatlar həyata keçirilsin. Başqa sözlə, Türkiyə bu işğalın sona çatdırılması üçün əməli fəaliyyət göstərsin. Məncə, indiki situasiyada Türkiyənin ayrı-ayrı siyasi rəhbərliyində təmsil olunan şəxslərin eyni mövqedən çıxış etməsinin arxasında müəyyən planlar durur”.

Politoloq ehtimal edir ki, Qarabağla bağlı prezident Putinlə danışıqlar olub: “Biz Rusiyanın bu məsələdəki mövqeyindən xəbərdarıq. Türkiyə elə edə bilər ki, Rusiya öz ənənəvi mövqeyini dəyişsin. Mən siyasi anlamda Rusiyanın sərgilədiyi mövqedən danışıram. Amma Türkiyə həm də onun hərbi əməliyyatlara başladığı təqdirdə onun tərəfsizliyini təmin edə bilər. Bizə əslində bu lazımdır ki, Rusiya işə qarışmasın. Belə olarsa, bütün beynəlxalq sənədlərin bizim xeyrimizə olması faktından istifadə edib məsələni öz xeyrimizə həll edə bilərik. Mən də o fikirdəyəm ki, biz Türkiyənin gücündən istifadə etməliyik”.

Yeri gəlmişkən, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya səfər etsə də, onun Rusiya rəhbərliyi ilə görüşü barədə xəbərə rast gəlmədik. Bundan əvvəl V.Putinin İrəvanda Paşinyanı pərt vəziyyətə salması yaddan çıxmayıb. Hesab olunur ki, Bakı-Ankara-Moskva arasındakı üçtağlı körpünün qurulması Qarabağa aparılan yolu qısalda bilər.

Ötən həftə Böyük Britaniyada işçi səfərdə olan Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan BBC telekanalına müsahibəsində iddia edib ki, guya Ermənistan sülhün faydalarını başa düşür, sülh istəyir. Lakin aparıcının “Ermənistan sülh istəyir” fikrinə cavab olaraq Paşinyanın avqust ayındakı müvafiq bəyanatına toxunub və bunun həqiqətənmi sülh istəmək mənasına gəldiyini soruşub. Z.Mnatsakanyan bildirib ki, Ermənistan baş naziri mümkün həll variantının bütün tərəflər üçün qəbul edilən olmalı olduğunu deməyə çalışır.

Verilişin aparıcısı mövzunu davam etdirərək Paşinyanın dediklərinin beynəlxalq hüquq, BMT və digər müstəqil beynəlxalq təşkilatların mövqeyinə zidd olduğunu əlavə edib, xüsusən də həmin gün baş nazirin 80-90-cı illər müharibəsi vaxtı səslənən sloqanlarla müşayiət olunan unifikasiya (Qarabağın Ermənistanla birləşdirilməsi) çağırışları fonunda bunu sülh jesti kimi qəbul etməyin çətin olduğunu bildirib.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a açıqlamasında dedi ki, həmsədrlərin fəaliyyətində yenilik olmadığından onların səfərləri də diqqət mərkəzində olmadı: “Halbuki ötən illərdə regiona gələndə böyük səs-küy olardı. Çünki danışıqlarda, Ermənistanın mövqeyində yenilik yoxdur. Belə olan halda biz böyük nəticələr gözləyə bilmərik”.

O ki qaldı Rusiya-Türkiyə yaxınlaşmasına, E.Şahinoğlu dedi ki, bu yaxınlaşma hələlik sırf Suriya probleminin həlli ilə bağlıdır: “Nə zaman ki, Suriya məsələləri həll olunmaq üzrə olsa, biz deyə bilərik ki, bəli, Türkiyə-Rusiya yaxınlaşması Dağlıq Qarabağ probleminin həllinə də müsbət təsir göstərə bilər. Bir şərtlə ki, Rusiya Türkiyənin bu məsələdə iştirakına ”yaşıl işıq" yandırsın".

Azərbaycanın Qoşulmayanlar Hərəkatında sədrliyə başlaması da rəsmi Bakının mövqeyini gücləndirir. Qurumun zirvə sammitində Qarabağın işğalı ilə bağlı sərgilənən mövqelər və qəbul olunan sənədlər də Ermənistanın təklənməsinə yönəlik təsirli addımlardandır. Azərbaycanın Qoşulmayanlar Hərəkatına qarşıdakı üç ildə sədrlik etməsi onun KTMT-də müşahidəçi statusu almasına maneə törətmir. Azərbaycan daxili və beynəlxalq problemlərə daha yaxşı reaksiya verə bilmək üçün bu blokda müşahidəçi statusunda təmsil oluna bilər. Virtualaz.org xəbər verir ki, belə qənaətlə rusiyalı politoloq Yevgeni Mixaylov çıxış edib. Onun bildirdiyinə görə, Rusiya Bakıya KTMT-də müşahidəçi statusu almağı təklif edib ki, bu da Azərbaycana Qarabağ məsələsinin nizamlanmasında “real irəliləyiş” əldə etməyə imkan yarada bilər. Politoloq iddia edib ki, hazırda Rusiya “Ermənistanın ən azı Dağlıq Qarabağ ətrafındakı yeddi işğal edilmiş rayonu ”Azərbaycana qaytarması, Dağlıq Qarabağın statusuna dair sonrakı danışıqların aparılması üçün tədbirlər görür. “Məndə mötəbər məlumat var ki, Rusiya hökumətinin kuluarlarında bu məsələ ilə bağlı müzakirələr gedir”,-Mixaylov deyib.

Bundan əvvəl də bənzər xəbərlər yayılıb. Rusiyanın status-kvonun pozulmasına yönəlik addım atması inandırıcı görünməsə də, Bakı-Moskva münasibətlərinin yüksək səviyyədə olması, üstəlik, Türkiyə ilə inkişaf edən əlaqələr bu ehtimalı da gücləndirir. Gözləyək...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
İşğalçı “Hərb, yoxsa sülh” dilemması qarşısında - danışıq xətrinə danışıq dövrü bitib
22.11.2019
Atəşkəs rejimi yenə pozulub
21.11.2019
Fransa qəzeti: Ermənistan Dağlıq Qarabağı və ətraf yeddi rayonu işğal edib
21.11.2019
Atəşkəs yenə pozulub
20.11.2019
Erməni deputat: 158 əsgərin ölüm səbəbi...