Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6573

Digər sorğular

“Nəsimi ili” çərçivəsində epiqrafik tədqiqatlar aparılır

12:25  |    16 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları “Nəsimi ili” çərçivəsində şairin qardaşı Şahi Xəndanın dəfn olunduğu deyilən Şamaxı rayonundakı “Şahxəndan" qəbiristanlığında epiqrafik tədqiqatlara başlayıb.

İnstitutdan Qaziler.az-a verilən məlumata görə, “Numizmatika və Epiqrafika” şöbəsinin müdiri, arxeoloq Akif Quliyev və aparıcı elmi işçi Anar Ağalarzadənin birlikdə apardıqları araşdırmalarla epiqrafik məzar daşlarının estampı (qabarıq yazı və təsvirlərin kağız üzərində əksi) çıxarılıb və epitafiyalardakı (qəbirüstü yazı) mətnlərin dəqiqləşdirilmələri aparılıb.

Baş daşı və sənduqələrdən ibarət olan türbənin daxilindəki qəbirlər uzun illər açıq havada qaldığı üçün kitabələri qismən dağılıb. Sonrakı dövrdə bu məzar daşları üzərində səkkizguşəli türbə inşa etdirilib. Türbənin giriş hissəsindəki çatmatağlı qapı yerinin yuxarısında kitabənin yalnız boş yeri qalıb:

"Ehtimal ki, bu kitabə müəyyən bir dövrdə götürülüb. Türbənin daxilindəki sinə daşı sənduqələri 1,70x0,35x0,50 m, baş daşları isə 1,78x0,43x0,18 m ölçüsündə olub, üzərilərinə ərəb dilinin süls elementli nəsx xəttilə kitabələr həkk edilib. Sənduqələrdən birində müqəddəs Quranın “Bəqərə” surəsinin 255-256-cı ayələri olan “Ayətül-kürsi” həkk olunub. Digər sənduqədə isə yalnız nəbati ornamentlərdən ibarət naxış elementi çəkilib. Məzar daşları üzərində aparılacaq epiqrafik araşdırmalar tam başa çatdıqdan sonra bu barədə dəqiq fikir söyləmək mümkün olacaq".

Tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin bildirdiyinə görə, qəbiristanlıqda dəfn olunan Şahi Xəndan (vəfatı:1426) (o, “Julidəmuy” - farsca “dağınıqsaçlı” ləqəbi ilə məşhur idi) qardaşı Seyid İmadəddin Nəsimi (1360-1417) ilə birlikdə Şamaxıda “Məclis-əş-Şüəra” adlanan poeziya və musiqi həvəskarları məclisini qurub. Sufizmin bir qolu olan hürufilik ideyalarını yaymaq məqsədilə Nəsimi Şamaxını tərk etdikdən sonra bu sənət məclislərini qardaşı Şahi Xəndan idarə edib:

"Tədqiqatçılara görə, türbədəki ikinci məzar daşının arxa hissəsindəki təsvirlər də məhz bilavasitə sufizm təriqəti ilə bağlı müəyyən fikirləri əks etdirir. Şahi Xəndan Nəsiminin “kəşfi-əsrar” etdiyindən xəbərdar olduqda, qardaşını ehtiyyatlı olmağını bildirərək bu beyti göndərib:

Gəl, bu sirri kimsəyə faş eyləmə,

Xani-xası amməyə aş eyləmə,

Həmçinin, görkəmli şair Seyid Əzim Şirvaninin (1835-1888) məzarı da "Şahxəndan" qəbiristanlığında yerləşir. Şair məhz burada basdırılmasını vəsiyyət edibmiş:

Mən öləndə Şahxəndanda basdırın,

Çünki onun Şahidi-Xəndanı var".

Hazırda çıxarılmış estamplar üzərində epiqrafistlər tərəfindən tədqiqat işləri davam edir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.11.2019
Prezident Təhsil nazirinə yeni səlahiyyət verib - FƏRMAN
28.10.2019
BDU-dan açıqlama: Yayılan məlumatlar həqiqəti əks etdirmir
20.10.2019
Qəbul imtahanlarında iştirak edənlərin 50%-dən çoxu universitetlərə qəbul olunmayıb
20.10.2019
“Azərbaycanda tarixlə bağlı telekanal açılmalıdı” - TƏKLİF
11.10.2019
Misir Mərdanovla Etibar Əliyev arasında növbəti QALMAQAL