Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6595

Digər sorğular

AQİL ABBAS: QAZİLƏR, QAÇQINLAR VƏ ONLARA ATILAN ŞƏRLƏR

08:56  |    02 Oktyabr 2019  |   E-mail  |  Çapa göndər

Dalbadal iki gün qazilərlə «SOCAR»ın mühafizə əməkdaşları arasında xoşagəlməz insident yaşanır. Bəlkə də dərin kökləri var, burda hansısa bir əl də işləyir. Bunları bilmirəm, belə şeyləri araşdırmaq hüquq-mühafizə orqanlarının işidir.

Aqil ABBAS |

Neft şirkətinə məxsus ərazilər var ki, həmin bölgələrdə tikinti işləri aparmaq qadağandır, eyni zamanda da təhlükəlidir. Amma illərlə həm Neft Şirkətinin özü, həm icra hakimiyyətləri, həm bələdiyyələr buna göz yumurlar. Bu da bir həqiqətdir ki, boşuna göz yummurlar, həmin əraziləri satıblar. Evsiz-eşiksiz insanlar da məcburiyyət qarşısında əlində-ovcunda nə var, çatmayanda da qohumdan-əqrəbasından borc edib adama bir-iki sot torpaq alıblar və bütün aidi orqanların gözü qarşısında ev tikiblər. Bütün aidi orqanların gözü qarşısında! Və bütün bu aidi orqanlar da bu qeyri-qanuni tikilən evlərin inşasına mane olmayıb.

Və günlərin bir günü icra başçısı dəyişir, yeni icra başçısı yeni komandası ilə gəlir, yeni bələdiyyələr seçilir. Və başlayırlar bu «qanunsuz» tikililərlə «mübarizə» aparmağa. Sökhasök başlayır, dava, qırğın, yol kəsmələr. Və hətta bu söküntülər min bir zülmlə özünə bir yuva quran insanların intiharına və cinayətə əl atmasına səbəb olur.

Qayıdaq «SOCAR»ın mühafizəçilərinin qazilərə şiddət göstərməsinə. Hər iki tərəfdən yaralananlar var. Elə bil cəbhə xəbəri verirəm, hər iki tərəfdən yaralananlar var.

Bu qazilər Vətən yolunda can qoyublar, əllərini itiriblər, ayaqlarını itiriblər, gözlərini itiriblər. Bəziləri hətta başının yarısını itirib. Və özü də bunların 90 faizi müharibəyə könüllü gediblər. Hətta bəziləri maşınını satıb silah alıb, arvad-uşağını da başsız qoyub Qarabağda vuruşub. Şəhid olanlar şəhid olub, şəhid olmayanların da ayaqları, əlləri Qarabağda torpağa basdırılıb.

Bəli, dövlət həm şəhid ailələrinə, həm də qazilərə mənzillər tikib verib. Özü də minlərlə, həm Bakıda, həm də bölgədə. Təbii ki, hamısı evlə təmin olunmayıb. Onlar da məcbur olub müxtəlif yollara əl atıb balalarını bir damın altına yığmağa çalışırlar. Sonra da kimsə gəlir, onların damını uçurdur. Hansı qanunla, hansı yolla?

Qeyri-qanuni ev tikənin evini buldozerin qabağına verib uçurmaq, ev sahibini də ağacın altına salmaq harda yazılıb?

O qaziləri niyə döyürsüz? Elə gücünüz var onların ev tikməsinə pul müqabilində göz yumanları, icazə verənləri döyün. Onlara gücünüz çatmaz.

Ölkədə qanun var, kim qanunsuz ev tikibsə məhkəməyə verməlisən və məhkəmə qərarı əsasında həmin qanunsuz tikililər sökülə bilər, bu işi də həyata məhkəmə icraçıları keçirə bilər, ya hansısa qoçu dəstələr yox.

Bu nə cür qanunsuz tikintidir ki, həmin evlər işıq pulunu ödəyir, qaz pulunu ödəyir, su pulunu ödəyir. Nə isə…

Bakıda nə qədər qazi qanunsuz ev tikə bilər? Min, iki min, bəlkə də az. Birincisi, qazilər hamısı Bakıda yaşamır. Uzaq başı on faizi, onun da doqquz faizi dövlət tərəfindən mənzillə təmin olunublar və bu iş də davam edir.

Baxıram sosial şəbəkə iki yerə bölünüb: bir tərəf qaziləri müdafiə edir, bir tərəf isə onları təqsirləndirir, hətta onlara qarşı ağır ittihamlar irəli sürürlər. Çox qəribədir ki, qaziləri suçlu bulanlar onların tərəfini saxlayanlardan çoxdur.

Sən isti ev-eşiyində rahat yaşayanda o qazilər sənin yolunda, bu Vətənin, bu torpağın, bu millətin yolunda canlarını qoyublar. Sən necə onları ittiham edə bilərsən, hətta təhqir edə bilərsən? Hətta yazırlar ki, niyə gedib Qarabağı azad etmirlər, ermənilərlə vuruşmurlar, Bakıda mənzil davası edirlər, torpaq davası edirlər. Onlar vuruşduqlarını vuruşublar və sabah savaş başlasa əlləri, ayaqları olmasa da yenə gedib vuruşacaqlar.

Aprel döyüşlərində cəbhə bölgəsindəydim. Nə qədər qazi cəbhə xəttinə gəlib döyüşmək istəyirdi. Ay onları ittiham edənlər, sizlər də…

Qaziləri ittiham edənlər sonra da məsələni fırlayıb keçirlər qarabağlıları ittiham etməyə, təhqir etməyə: «Torpaqlarını qoyub qaçıblar», «Bakıya köçməkdən ötrü ölürdülər», «Gedib Qarabağda torpaqlarını azad etməkdən Bakıda mənzil davası edirlər» və sair və ilaxır.

Əvvəla, torpağın azad olunması nə qarabağlıların, nə də qeyri-qarabağlıların vəzifəsi deyil. Bu, dövlətin vəzifəsidir. Dövlət bu vəzifəni icra edəndə qarabağlısı da, qeyri-qarabağlısı da gedib ya şəhid olacaq, ya qazi. Buna heç kəsin şübhəsi olmasın. Necə ki Aprel döyüşlərində oldu. İkincisi, heç bir qarabağlının Bakıdan ötrü burnunun ucu göynəmirdi, oturmuşdu cənnət Qarabağında – evi-eşiyi, mülkü, vəzifəsi.

Beş manat pulunuz itəndə bir həftə özünüzə gəlmirsiz, amma ömrü boyu qurub-yaratdığı mülkünü itirənlərə qaçdınız deyib qeyrətsiz damğası vurursuz.

Sözgəlişi. Ölkənin bölgələrindən rahat ev-eşikləri ola-ola Bakıya köç edənlərin sayı məcburiyyət qarşısında Bakıya köç edən qarabağlıların sayından on dəfə artıqdı.

Əgər qaçmışdılarsa, bəs o 20 min şəhid, 30-40 min qazi və veteran niyə vuruşurdu? Özü də bir daha təkrar edirəm, müharibənin ilk illərində vuruşan bir polis idi, bir də könüllülər. O 20 min şəhidin 15 mini könüllüdü, bəlkə də daha çox. Eləcə də qazilərin və veteranların.

Əl çəkin bu nifaq salmaqdan. Əl çəkin qazilərdən. Əl çəkin qarabağlılardan. Qoyun öldüyümüz yerdə ölək. Onsuz da dərddən çərləyib ölürük.

Mübahisələri ya qanunla,ya da danışıq yolu ilə həll etmək olar. Zor yolu ilə yox. Qaziyə əl qaldırmaq günahdı. Cinayət boş şeydi ey, bir-iki il cəza verərlər, keçib gedər. Amma günah daha ağırdı, çünki yalnız onu Allah bağışlaya bilər.

Və sonda. Ağdamdan misal çəkməsəm ürəyim partlayar ey. Bir kolxozçu ev tikmək üçün ona verilən 12 sot torpaq əvəzinə 14 sotu hasarlayır və istifadə edir. Günlərin bir günü bunun üstü açılır, ona cinayət işi qaldırılır. Həmin kəndli də Böyük Vətən Müharibəsi iştirakçısıydı, bir ayağını da Berlində xatirə kimi basdırıb gəlmişdi. Prokuror ona dövlət torpağını zəbt etdiyinə görə, 3 il iş istəyir.

Hakim də keçmiş millət vəkili, polis polkovniki Cahangir Hüseynovun atası Hüseyn Hüseynovuydu. Hüseyn müəllim müttəhimə son söz verir.

Qoltuq ağacı ilə ayağa qalxan müttəhim deyir:

- Yoldaş hakim, mən Mozdokdan Berlinə qədər vuruşmuşam, piyada beş min kilometrdən artıq yol getmişəm. Bir ayağımı da Berlində basdırıb qayıtmışam. Yəni o beş min kilometr azad etdiyim torpaqdan mənə iki sot torpaq düşmür?!

Hakim fikrə getmişdi, sonra belə bir qərar çıxarmışdı ki, müttəhim məhkəmə zalından azad edilsin və 300 manat cərimə olunsun. Torpaq da istifadəsində qalsın.

Sonra da üzünü həmin Müharibə veteranına tutub demişdi:

- Dayı, narahat olma, o üç yüz manatı da öz cibimdən keçirəcəm.

Belə hakimlər varmış ey.


Bunu da Qarabağ qazisi Rey Kərimoğlu demiş, elə-belə yazdım ey
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
15.11.2019 Erməni jurnalistləri və badımcan dolması
09.11.2019 AĞ ADAMIN HƏDİYYƏSİ
31.10.2019 Sultan bəyin goru çatladı
11.06.2019 HANSI HAQQINIZI HALAL EDİRSİZ?! - AQİL ABBAS
23.04.2019 ALLAHVERDİ BAĞIROV VƏTƏN OLDU!