Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6519

Digər sorğular

Bakının xilas gününü işğal kimi qələmə verənlər

22:21  |    17 Sentyabr 2019  |   E-mail  |  Çapa göndər


Tarixçi professor: “Şəhid Osmanlı əsgərlərinin ruhuna ən böyük təhqir bu hadisəni işğal adlandırmaqdır”

15 sentyabr ölkəmizdə Bakının azad olunması günü kimi qeyd edilir. 1918-ci ilin məhz bu günü türk komandanı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını erməni-bolşevik birləşmələrindən azad edib. Lakin bu məsələyə yanaşmalar birmənalı deyil.

Əksər tarixçilər və siyasətçilər hesab edirlər ki, 101 il öncənin bu günlərində türk ordusu gəlməsəydi, Bakını xilas etmək qeyri-mümkün idi. Bunun əksini düşənənlər isə deyirlər ki, əslində türk ordusunun özü də Bakını xilas yox, işğal etməyi qarşısına məqsəd qoyub. Məsələn, araşdırmaçı Tural Həmid öz məqaləsində qeyd edir ki, Ənvər Paşa Azərbaycan, Dağıstan və Orta Asiya xalqlarının yaşadığı ərazidə “Böyük Turan İmperiyası” yaratmağı fikirləşirdi: “Bu fikrini sentyabrın 16-da Bakı ələ keçirildikdən sonra yazdığı məktubunda göstərir: ”Böyük Turan imperiyasının Xəzər kənarındakı zəngin bir mənzil yeri olan Bakı şəhərinin zəbti xəbərini böyük şadlıqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaq. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm"(Görüryılmaz, 2008:234). Bu imperiya orada yaşayan xalqların federativ formada birləşməsindən daha çox əyalət prinsipi əsasında düşünülmüşdü. Bunu Nuru Paşanın Azərbaycan əraziləri ilə bağlı Azərbaycan sancağı ifadəsini işlətməsindən görmək olur. Osmanlı ilə ADR arasında 1918-ci ilin mayından həmin ilin noyabrına qədər heç bir diplomatik təmsilçilik olmayıb. Osmanlı bu zaman zərfində heç vaxt rəsmən Azərbaycanı müstəqil dövlət kimi tanıdığını bildirməyib. Osmanlı yalnız 1918-ci ilin noyabrında ordularını Qafqazdan geri çəkdikdən sonra Azərbaycanı müstəqil dövlət kimi tanıyıb (Hasanli, 2015:138)".

Onu da qeyd edək ki, hələ 2013-cü ildə deputat Fazil Mustafa özünün facebook səhifəsində “Nuru Paşanı tanıyaq və halallıq alaq!” adlı kampaniyaya başlamışdı. O, həmin ərəfədə yazdığı mətndə qeyd etmişdi ki, xilaskarını unudan bir xalq heç vaxt qədirbilən sayılmaz: “Şəxsən mən Nuru Paşanın ruhuna sayğısız yanaşan hər bir azərbaycanlını qınayıram. Bunun əsas səbəbi bəzi savadsız və bədxah tarix ”biliciləri"nin Nuru Paşa haqqında yazdıqları və yaydıqları iftiralardır. Guya o, ermənilərin dövlət qurmasına köməklik edib, guya Azərbaycanı işğal etmək məqsədilə gəlib, guya müstəqil Azərbaycan dövlətinin qurulmasını istəməyib və s. bu kimi əsli olmayan iftiralar".

Yeri gəlmişkən, bu il sentyabrın 15-də Azərbaycan prezidentinin köməkçisi, professor Əli Həsənov Bakının qurtuluş günü münasibətilə məqalə yazıb. O, məqaləsində “Nuru Paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan”, - deyə qeyd edib...

“Yeni Müsavat”a danışan tarixçi professor Anar İsgəndərov bildirdi ki, 28 may 1918-ci il Azərbaycan tarixində nə boyda böyük hadisədirsə, ikinci hadisə Bakının azad olunmasıdır: “Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə desək, Bakı başdırsa, Azərbaycan da bədəndir. Başla bədənin birləşən günü isə 15 sentyabrdır və bundan şərəfli gün ola bilməz. 70 il ərzində Azərbaycanın bu şərəfli gününü təhrif edənlər, özləri də Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən sonra etiraf etdilər ki, yazdıqları böhtan olub. Bir an fikirləşin ki, cümhuriyyət Tiflisdə elan olunub, Gəncəyə gəlir. Digər tərəfdən isə Bakı soveti qüvvələri Gəncə istiqamətinə yürüşə keçiblər. Həmin vaxt azərbaycanlı əsgərləri barmaqla saymaq olardı. Yaxşı, bu qüvvələrə qarşı kim çıxmalıydı? Qafqaz İslam Ordusu olmasaydı, Qaraməryəm ətrafındakı həlledici döyüşdə qalib gəlməsəydi, Gəncəyə köçən cümhuriyyət xadimlərinin taleyi necə olacaqdı? Bu xilaskarlıq yolunda 1300-dən artıq osmanlı əsgər və zabiti şəhid oldu. Məhz həmin qəhrəmanlara necə böhtan atmaq olar. O zaman 5-ci Qafqaz diviziyasının qərargah rəisi Hüsnü bəyin xatirələrində bildirilir ki, bu iki xalq Gəncə, Göyçay, Ağsu, Şamaxı, Bakı şosesində... nə qədər böyük qəhrəmanlıq göstərdilər və bu iki xalqın qardaşlıq qanı bir-birinə qarışdı. Nuru Paşa da sentyabrın 16-da ”Təzəpir"in həyətinə daxil olanda bildirdi ki, bundan sonra bu iki qardaş heç zaman bir-birindən ayrı ola bilməz. Çünki onların şəhidlik qanları bir-birilərinin üzərinə töküldü. 70 il ərzində də böhtanlar atıldı. Ancaq Osmanlı birmənalı olaraq bütün çətinliklərə rəğmən xilaskarlıq yürüşü edərək, Azərbaycanı xilas etdi. Əgər Azərbaycanı xilas etməsəydilər, bu gün Bakının kimin əlində olacağı bəlli deyildi. 70 il ərzində xilaskarlıq yürüşünü işğal adlandıranlar bu gün də bilərəkdən onu edirlər".

Tarixçiyə görə, işğal edən ordu qayda-qanun yaratmaz: “Bu gün Dağlıq Qarabağ işğal olunub və orada azərbaycanlı yoxdur. Şəhid olan Osmanlı əsgərlərinin ruhuna ən böyük zərbə bu hadisəni işğal adlandırmaqdır. Əminəm ki, 50 milyonluq Azərbaycan xalqı birmənalı şəkildə dərk edir ki, Osmanlının yürüşü xilaskarlıq yürüşü olub. Bu gün hər birimiz Şəhidlər Xiyabanına gedəndə onları da anırıq. Əgər bu ordu gəlməsəydi, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşaya bilməzdi. Sonra da 70 il ərzində Azərbaycan Sovet Sosialist Respublikası kimi mövcud olmazdı. Çünki torpaqlarımız alınacaqdı və müstəqil Azərbaycan da qurula bilməzdi. Bu ordunu işğalçı adlandıranlar dövrün sənədlərinə bir daha nəzər salsınlar və hadisələrə haqqın gözü ilə baxsınlar”.

Sonda 1918-ci ildə Türkiyə qoşunlarının Azərbaycana dəvət olunmasına qarşı tənqidlərə Məhəmməd Əmin Rəsulzadənin cavabını qeyd edək. Rəsulzadə 1919-cu ilin 5 fevral tarixində AXC parlamentində çıxışında bildirib: “Buraya gələn türk əsgərlərinin hərəkatı tənqid edilməz. Zira onlar əsgər halında gəlmişlərdir, idarə üçün deyil, dedilər. Əvət, bulunduğumuz Türkiyə mərkəzlərindən heç birində heç bir türk siyasisinin ağzından ”Biz oraya idarə məqsədilə gəlmək istəyiriz", - deyə bir söz eşitmədik. Biz bunu əlbəttə bilirdik ki, türklər burayı idarə etmək və Bakıyı İstanbula qoşmaq istəmirlərdi. Fəqət, burada bizim öz bəylərimiz və paşalarımız vardı ki, nə sürətlə olsa da türkləri böylə bir siyasi xətaya sövq edir, onları iğfal eliyərlərdi. İşdə bu cərəyana qarşı idi ki, “Müsavat” mübarizə edirdi. Əvət, türklər vaxtında gəlmiş, bizi ümumi qırğından xilas etmişlərdi. Onların Azərbaycana nisbətən xidmətinə qarşı azərbaycanlıların ürəyində minnətdarlıq hissi o qədər ülvi, o qədər böyükdür ki, necə ki, Bolqariyaya hürriyyət verən və bulqarları xilas edən rus əsgərlərinə qarşı bulqarların hissi alidir. Biz bunların öz xidmətini əbədilik xatirimizdə saxlamaq üçün məmləkətin çox yerində abidələr qoymalıyız. Fəqət, bu, o demək deyildir ki, türklər hər bir xətadan mübərraddırlar və onları tənqid etmək olmaz. Böylə bir ehtiram ümumi əski zəmanələrin bütpərəstlərinə məxsus bir ehtiramdır. Müasir bir iş deyildir. Türklərin bəzilərinin işlətdiyi xətaları tənqid etməsək, uğurumuzda canını fəal etmiş türk qəhrəmanlarına səmimi bir ehtiram bəslədiyimiz təsəvvür olunmasın. O fədailər belə mərami-ehtiramlara düşkün degillər. Əvət, təbiidir ki, heç bir firqə belə tənqidin əleyhinə olmaz. Fəqət, buna da heç kəs razı olmaz ki, imdad əlini vaxtında bizə yetirmiş olan fədakar insanlar tənqid əvəzinə təhqir edilsinlər".

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.10.2019
Prezident Rövşən Rzayevi qəbul edib
18.10.2019
Deputat Xəzərə görə məmurların hasarının sökülməsini istəyir
18.10.2019
İlham Əliyev xalq artistinə möhtəşəm ev bağışladı
18.10.2019
İki rayonda qaz olmayacaq
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 28 il ötür