Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Qarabağ danışıqlarında sükut nə vaxt pozulacaq?

09:13  |    24 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Hərb variantı Bakının masası üzərində

Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndindəki məlum “miatsum” sərsəmləməsindən və ardınca işğalçı ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyanın da onu dəstəkləməsindən sonra Qarabağ danışıqlarının əslində anlamı qalmayıb. Hərçənd Mnatsakanyan srağagün bəyan edib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər davam edəcək.

Ermənistan XİN başçısı bununla bağlı jurnalistlərə açıqlamasında deyib: “Danışıqlar prosesi dayanmayıb, davam edir. Bizim Azərbaycanla operativ əlaqəmiz kifayət qədər stabil fəaliyyət göstərir”.

Lakin bu əlaqənin və ya təmasların nədən ibarət olduğunu o, açıqlamayıb. Başqa yandan, Ermənistan rəhbərliyi Dağlıq Qarabağın artıq Ermənistana birləşdirildiyini bildirirsə, o zaman İrəvan görəsən Bakı ilə nə barədə danışmağı düşünür?

*****

Belə bir ritorik sualın fonunda rəsmi İrəvan sülh prosesini daha da mənasız edən başqa təxribatçı addımlar da atmaqdadır. Məsələn, bu günlərdə rəsmi İrəvan BMT-də öz hüququndan sui-istifadə edərək, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin hesabatını yayıb.

Artıq rəsmi Bakı bununla bağlı təşkilatın baş katibinə etiraz məktubu göndərib. Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva bununla bağlı deyib: “Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edərək BMT-dəki nümayəndəsinin baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb. Xatırladım ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir. Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bu günlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq”.

Qeyd edək ki, az öncə də İrəvan BMT-də qondarma rejimin “müstəqil dövlət” qismində təbliğinə yönəlik başqa sənəd yaymışdı.

*****

Mnatsakanyanın son açıqlamasını şərh edən “Atlas” Araşdırmalar Mərkəzi qeyd edir ki, iki tərəf arasında əlaqənin qurulması haqqında razılıq ötən ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı qısa görüşdə əldə olunmuşdu: “Liderlər MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. İlham Əliyevlə Nikol Paşinyan əsasən təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdilər. Bu, İlham Əliyevlə Nikol Paşinyan arasında ikinci qeyri-formal görüş idi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər. Paşinyanın sözlərinə görə, o, İlham Əliyevlə görüşdən sonra əldə olunan razılaşma haqqında separatçıların lideri Bako Saakyanı məlumatlandırmış, Ermənistan silahlı qüvvələrinin rəhbərliyinə isə müvafiq sərəncamlar vermişdi. Amma...”

Mərkəzin təhlilində daha sonra deyilir: “Bir il keçib. Göründüyü kimi, Düşənbədəki razılaşmalar işləmir. Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Paşinyan da bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi və hətta "Qarabağ Ermənistandır" deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi. Belə olan halda Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyası necə işləyə bilər? Azərbaycan Ordusu və Sərhəd Qoşunları tez-tez yerdəyişmələr edirlər, taktik döyüşlər qeydə alınır, atəşkəs də tez-tez pozulur. Və ya Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur. Bu vəziyyətdə erməni nazirin dediyi kimi, hansısa rabitə vasitəsi varsa belə, bu, heç nəyə yaramır. Mümkündür ki, Zöhrab Mnatsakanyan erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirib".

*****

Düşmən tərəfin davam edən provoikativ gedişləri təbii ki, dinc danışıqlara heç bir şans qoymur. Müharibə variantını qaçılmaz edir. Eyni zamanda, Azərbaycana başqa yol saxlamır. Azərbaycan hərb variantını onsuz da daim masa üzərində saxlayır. Öz ordusunun hərbi və döyüş hazırlığını daha da artırmaq üçün əlavə tədbirlər görür. O sırada silahlanma strategiyasını şaxələndirməyə davam edir.

Diqqətçəkicidir ki, Bakı Ermənistanın 1 nömrəli müttəfiqi Rusiyadan silah asılılığını azaltmaq üçün yeni və daha əlverişli tərəfdaşlar tapır. Belə ki, avqustun 22-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə yeni təyin olunmuş Çin Xalq Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən müdafiə naziri ona Azərbaycan ilə Çin arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb. Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Zakir Həsənov bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirən səfir Azərbaycan-Çin əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səyini artıracağını qeyd deyib. Görüşdə həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, eləcə də mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.

Beləcə, Azərbaycan özünün şaxələndirilmiş silahlanma strategiyasını davam etdirir. Müharibə haqqını, torpaqları zor gücünə işğalçılardan təmizləmək hüququnu isə heç kim bizim əlimizdən almayıb. Bunu ən birinci İrəvanda anlamalı və nə qədər gec deyil, daşı ətəklərindən tökməlidirlər...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yoxsa indi azərbaycanlılar Xankəndidə çay içirdi - Köçəryan
18.09.2019
İran səfirliyi: “Dağlıq Qarabağ” komandasının erməni idman olimpiadasında iştirakına icazə verilməyib
18.09.2019
Azərbaycan MN: Düşmən atəşkəs rejiminə əməl etmir
17.09.2019
Bakıdan müharibə anonsu - hazırlıqlar bitir...
17.09.2019
Ermənistan silahlı bölmələri atəşkəsi 22 dəfə pozub