Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

KÖHNƏ KIŞI

22:16  |    22 Avqust 2019  |   E-mail  |  Çapa göndər


Bu səhər azan səsinə oyandım.

Rəfail Tağızadə |

Çoxdan idi bu səsə oyanmırdım. Bu nə səs idi belə. Sanki ilk dəfəydi eşidirdim. Elə bil səs içimdən keçirdi.

Havada bir süstlük vardı. Dağlar qaranlığın içində yox olmuşdu.
Telefonu açdım. Gələn mesajı görəndə özüm də zülmətə qərq oldum.

Dünyanın gərdişinin dəyişə bilmədiyi köhnə kişilərdən birini də itirdik.

Zaman da, insanlar da, həyat da, gün-güzaran da dəyişdi, amma o dəyişmədi. Necə vardısa, eləcə də qaldı. Mərdliyində, kişiliyində, etibarında, sədaqətində...

Özünə dözümsüzlüyü də gördü, qarşılıqsızlığı da, amma “Bu belə olmalıdı”, –deyib durdu.

Torpağa çox bağlıydı.

Süfrəsi hamıya açıq idi. Tanıdı, tanımadı... “Lazımdı, ehtiyacı var” düşüncəsi onunçün hakim kəsilmişdi. Qapıda duranı da, yoldan ötəni də çaya, çörəyə dəvət edirdi. Özü də məcburən. Sonra nələr olacağını bildiklərindən tanıyanlar onun verdiyi payı – əlini geri qaytarmırdılar. Ürəyə yaxın olan sol əli olanı paylayan idi. Solaxay idi...

“Dünyanın malı dünyada qalacaq”, sanki onun üçün deyilmişdi. Sonuncu tikəsini, son manatını hamıyla bölən el adamıydı. Özündən çox başqaları üçün çalışdı.
Verdiyi sözü canının bahasına olsa belə, yerinə yetirərdi. Sözündən dönməzdi. Onun sözü – KİŞİ sözüydü.

Bu zamanın adamı olmadı. Öz standartları vardı. Bəzən tərəfdarsız, bəzən tək qaldı, amma darıxmadı. “Mən düzəm”, –dedi. Dediyinin üstündə durdu. Prinsiplərini pozmadı. Hətta ən doğmasına belə.

Adət-ənənədə özünə nə qədər sərt idisə, qarşısındakına da o qədər tələbkar idi.

* * *
Hər gün gördüyün, otağa girəndə salam verdiyin adam haqqında keçmişdə danışmaq çox çətindi. O otağın bir tərəfi qaranlıq kimidi. Bir kölgə dolaşır o yerdə. Nə salama, nə hal-əhvala cavab verən var.
Yoxluğun ağırlığı adamı sıxır.

Köhnə kişiləri itirmək torpağı itirmək kimidi. Onlarla birlikdə mənəviyyat, əxlaq, adət-ənənə də itir. Yox olur. Torpaqları geri qaytarmaq olur. İtmiş mənəviyyatı, dəyərləri isə çətin...

Qazaxdan Bakıya gələn adam, bu gecə Bakıdan Qazaxa yola düşdü.
Bir “Ruhani” çal Ədalət!

Canıyla, qanıyla, ruhuyla qazaxlı olan İdris kişi “Ruhani”yə son kərə çiyində oynaya-oynaya gəlir...

Yaxşı adamlar boşluqda var kimi görünür.

Ruhun şad olsun, KÖHNƏ KIŞI!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
18.12.2018 BAŞQALARI ÜÇÜN YAŞAYANLAR
17.10.2018 Qəbri bölünən qardaş
08.03.2018 Ölüləri basdırmağa yer axtarıram...
01.03.2017 Məmləkətin uğursuz kişiləri və ya Uğursuz məmləkətin hamilə kişiləri