Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6437

Digər sorğular

Rusiya Azərbaycana söz verir, Ermənistana isə...

12:23  |    24 İyul 2019  |   E-mail  |  Çapa göndər


Şimal qonşumuz vasitəçilik missiyasına uyğun gəlməyən mövqedən çıxış etməkdədir; işğalçı ölkə Moskvadan “su qiyməti”nə Su-30 təyyarələrini almaq istəyir

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində xüsusi gərginlik hiss olunmasa da, atəşkəsin pozulması halları qeydə alınmaqdadır. Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayperlərdən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub. Qeyd edək ki, ötən həftə Qazax istiqamətində bir əsgərimiz düşmən gülləsinə tuş gəlmişdi.

Ermənistanın müdafiə naziri David Tonoyan deyib ki, Dağlıq Qarabağ istiqamətindəki qoşunların təmas xəttinin və Ermənistan-Azərbaycan sərhədinin bəzi sahələrində gərginlik müşahidə olunur, lakin vəziyyət nəzarət altındadır. Erməni nazir narahatlığa əsas olmadığını söyləyib. Xatırladıb ki, insidentlərin aradan qaldırılması üçün tərəflər arasında rabitə əlaqəsi qurulub. Söhbət ötən il Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşdə əldə edilmiş razılaşma üzrə operativ əlaqədən gedir. D.Tonoyan qeyd edib ki, operativ əlaqə qısaca belə işləyir: insident baş verir, tərəflərdən biri yoxlayır, sonra qarşı tərəfi xəbərdar edir, sonuncu tədbirlər görür. Nazir bu prosesi olduqca müsbət hesab edib. Lakin erməni nazirin nə danışmasından asılı olmayaraq, düşmən ölkənin vaxtaşırı təxribatlara əl atdığı faktdır. Bundan əvvəl baş nazir Paşinyan da Qarabağ danışıqlarında Azərbaycan xalqının maraqlarının nəzərə alınmalı olduğunu demişdi. Heç şübhəsiz ki, işğalçı ölkə rəsmiləri bu kimi açıqlamalarla beynəlxalq ictimai rəyi çaşdırmaq istəyir.

Bu arada Ermənistanın hərbçi sarıdan problemlərlə üz-üzə qaldığı haqda xəbərlər yayılır. Məlumata görə, son illər Ermənistan ordusunda qadın hərbçilərin sayı sürətlə artmaqdadır. Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədəki hesabında yaxın gələcəkdə erməni ordusunda qadın generalların da olacağını bəyan edib.

Hərbi ekspert Şair Ramaldanov moderator.az-a deyib ki, Ermənistanda qadınların orduya maraq göstərməsi bir neçə amillə bağlıdır: “Dünyadakı demək olar ki, bütün ordularda qadınların özünəməxsus yeri var. Peşəkar orduda qadınlar daha çox tibbi personal heyətində yer alır. Lakin döyüş tapşırıqlarının icrası ilə məşğul olan qadınlar da var ki, bunlar da xüsusi seçim əsasında seçilir. ABŞ filmlərində də bununla bağlı epizodlar var. Ermənistana gəlincə, bu ölkədə şəxsi heyətin çatışmazlığı problem olaraq qalır. Yeniyetmə oğlan uşaqları 16 yaşına çatana qədər, yəni qeydiyyata düşənə qədər valideynləri tərəfindən ölkədən çıxarılır. Onlar digər dövlətlərə üz tutur, orada qeydiyyata düşürlər. Buna görə də erməni ordusunda kişi potensialı azalır”. Ş.Ramaldanov bildirib ki, aprel hadisələrindən sonra cəbhə bölgəsində yaşayan əhali müəyyən qədər bu əraziləri tərk edir, oralarda məskunlaşmaq istəmir: “Erməni ordusundakı insan resursu çatışmazlığını həll etmək üçün qadınların ordu sıralarına daxil edilməsi həyata keçirilir. Ermənistanda işsizlik problemi də böyükdür. Bu da qadınları hərbi xidmətə üz tutmağa məcbur edir. İş yerləri olmadığı üçün onlar hərbi hissələrə üz tutur, öz ailələrini bu yolla dolandırmağa çalışırlar. Yəni baş verənlərin kökündə bu amil dayanır”.

****

“Silahlı Qüvvələrin Rusiya ilə bağlanmış müqaviləsinə əsasən, sifariş edilən Su-30 təyyarələri artıq bu ilin sonu, növbəti ilin əvvəllərinə olan müddət ərzində Ermənistanda olacaq”. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Davit Tonoyan deyib. O iddia edib ki, hərbi sürprizlərin olacağı istisna edilmir. “Hava Hücumundan Müdafiə sistemi çox maraqlı sistemdir. İndi mən bu barədə çox şey danışa bilmərəm. Lakin belə desək, hərbi sürprizlər olacaq”, - deyə Tonoyan bildirib.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya Cənubi Qafqazda Ermənistanla hərbi müttəfiqlik əlaqələrinə malikdir: “Bu əməkdaşlıq onun Ermənistandakı hərbi bazasından irəli gəlir. Eyni zamanda Ermənistan regionda Rusiyanın son dayaq məntəqəsidir. Azərbaycana gəldikdə isə, müstəqil siyasətə malik olaraq Rusiya ilə tərəfdaşlıq münasibətlərinə və qonşuluq əlaqələrinə malik ölkədir. Azərbaycan Rusiya ilə dost və mehriban qonşuluq əlaqələrinin inkişafında maraqlıdır və Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmasını istəyir. Amma Kreml əsasən Qarabağ konflikti üzərindən həm Ermənistana tam nəzarət edir, həm də mümkün olduqda Azərbaycana da müəyyən təzyiqlər etməyə çalışır”. M.Əsədullazadə qeyd etdi ki, Rusiya Azərbaycana bu illər ərzində 5 milyard dollar məbləğində silah satıb: “Ermənistan isə güzəştlərlə, yaxud uzunmüddətli kreditlərlə silah verir. Rusiyanın marağı Ermənistana pulsuz silah verərək, bu ölkənin forpostluğunu davam etdirmək və Qarabağ münaqişəsini uzatmaqla Qərbin regionda strategiyasının qarşısını almaqdan ibarətdir. Rusiya hazırda Azərbaycana yalnız söz verməklə bundan sonra silah satacağını qeyd edir. Amma Ermənistanla müqavilələr bağlayır. Hesab edirəm ki, Azərbaycanın Rusiyadan silah almağa ehtiyacı yoxdur. Çünki kifayət qədər silahlar tədarük edir”. Ekspert dedi ki, Rusiya bəzi silahların Azərbaycana satılmasında maraqlı deyil: “Yalnız tırtıllı texnikalar və digər artilleriya vasitələrinin satışında maraqlıdır. Azərbaycanın artıq buna ehtiyacı yoxdur və son model silahları digər tərəfdaş ölkələrdən idxal edir. Məhz Azərbaycanın 5-ci nəsil silahlara malik olması Cənubi Qafqazda Ermənistan və Rusiyanı pat vəziyyətə salıb. Ona görə də Rusiya hazırda daha da müasir silahları Azərbaycana vermir ki, ölkəmiz Ermənistan üzərində tam üstünlüyə malik olsun”. M.Əsədullazadə qeyd etdi ki, Rusiya politoloqlarının fikirləri əsasən Kremlin maraqlarına xidmət edir: “Bunlar iki sistemdə çalışırlar. Bir qrup Ermənistanın maraqlarından çıxış edir, Ermənistanın ictimai sferasını sakitləşdirir. Bir qrup da Azərbaycanla əlaqələr üzrə görəvləndirilib. Hesab edirəm ki, Rusiyanın politoloqları populist və regiona xas olmayan, həmçinin Qarabağ münaqişəsinin həlli barədə qeyri-ciddi fikirlər söyləyirlər. Onlar daima deyirlər ki, il ərzində münaqişə həll ediləcək, Rusiya Azərbaycanın yanındadır və s. Bu kimi fikrilərlə Rusiyanın ədalətli mövqe tutmasını vurğulayırlar. Hesab edirəm ki, Rusiya politoloqlarının fikirlərini ciddi qəbul etməməliyik. Azərbaycan hazırda Rusiya ilə hərbi-texniki əməkdaşlığı davam etdirir. Amma böyük partiyada silah tədarükü yoxdur. Rusiya yeni nəsil təyyarələrin Azərbaycana satılmasının mümkünlüyünü qeyd etsə də, bu, hələ də mümkün görünmür. Azərbaycan daha çox Qərb ölkələrindən müasir silah alınmasında maraqlıdır”.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Ermənistanın iri hərbi təlimlər keçirməyi planlaşdırdığı barədə xəbərlər yayılıb. Düzdür, bir sıra hallarda bu kimi məlumatlar Ermənistanın daxili auditoriyasına hesablanır. Çünki Ermənistan daxilində Paşinyan əleyhdarlarının sayı sürətlə artmaqdadır. Hətta “Qarabağ klanı”nın liderlərindən olan R.Köçəryanın həbsdə saxlanılması da rəqiblərin revanşının qarşısını almaqda acizdir. Bu arada Ermənistan müxalifəti Paşinyanın üstünə hücuma keçib. Hazırkı siyasi hakimiyyət xalq hakimiyyəti və korrupsiya ilə mübarizə adı altında Ermənistanın məhkəmə-hüquq sistemində mövcud olan və illərlə yığılıb qalmış problemləri bəhanə edərək, əslində radikal addımlar atmağa başlayıb - məhkəmə hakimiyyəti büsbütün ələ keçirilir. Virtualaz.org xəbər verir ki, 22 iyulda Ermənistanın yeddi siyasi partiyasının yaydığı bəyanatda belə deyilir. Bəyanatda bildirilir ki, hakimiyyət bir siyasi qüvvənin əlində cəmləşməməlidir, buna görə də, “məhkəmələrə və hakimlərə istənilən təzyiq cəhdi yolverilməzdir”. Qeyd olunur ki, hakimiyyətin çağırışı ilə məhkəmələrin girişinin bağlanmasına yol vermək olmaz, eyni zamanda hazırkı hakimiyyətin siyasi maraqlarına xidmət edən konstitusiya məhkəməsinin qurulması yolverilməzdir. “Bu məqsədlə parlamentdəki siyasi çoxluq sözün əsl mənasında respublikanın prezidentini konstitusiya məhkəməsinin hakimi vəzifəsinə elə namizədin irəli sürülməsinə məcbur edib ki, həmin şəxs fəaliyyətdə olan hakimiyyətin siyasi maraqlarını güdür”, - bəyanatda bildirilir. Bununla birlikdə, siyasi qüvvələr keçid dövrü məhkəməsindən, məhkəmə qərarı olmadan əmlakın müsadirəsindən, total vettinqdən (hakimlərin peşə hazırlığı və davranış etikasının yoxlanması) çəkinməyə çağırırlar. Bəyanatı “Azadlıq”, “Milli gündəlik”, “Ərik ölkəsi”, Ermənistan demokrat partiyası, “Daşnaksütyun”, “Ramkavar Azatakan” və “Bir Ermənistan” partiyaları imzalayıblar.

Ermənistan hökumətinin çətin durumla üzbəüz qalması faktdır. Amma İrəvanın danışıqları uzatmağa yönəlik fəaliyyətinin təməlində həm də bu amil dayanır ki, Ermənistan Rusiyadan ciddi şəkildə dəstək alır. Elə işğalçı ölkəyə 2020-ci ildə qırıcıların veriləcəyi barədə xəbərlərin tirajlanması işğalın stimullaşdırılması anlamını verir. Rusiya həmsədr ölkə olaraq balansı qorumalı, missiyasına uyğun davranış nümayiş etdirməlidir. Amma şimal qonşumuz səfil durumda olan Ermənistana hər biri 22 milyon dollarlıq “Su-30 SM” tipli qırıcı təyyarələrini satmaq istəyini izhar edib. Sözsüz ki, Ermənsitan Moskvadan “su qiyməti”nə Su-30 təyyarələrini almaq istəyir. Düzdür, Moskva Azərbaycana Su-30SM və MiQ-35 təyyarələri təklif edir, hərçənd Bakı hələlik qərarını verməyib. Heç şübhəsiz ki, Rusiya qazının bahalığını belə özünə dərd edən İrəvan üçün bu qırıcıları almaq asan deyil. Deməli, Rusiya növbəti dəfə işğalçıya hədiyyələrini göndərəcək.

Təəssüf doğuran budur ki, Rusiya Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı Azərbaycana, sadəcə, söz verir. Belə ki, ayrı-ayrı Rusiya ekspertləri az qala hər ay işğal altındakı ərazilərin azad ediləcəyini açıqlayırlar və ümid yaradırlar. Lakin Rusiya hakimiyyəti ilə bağlantıları olan, ictimai rəyə təsir imkanlarına malik bu şəxslərin proqnozları doğrulmur, sadəcə, işğalın ömrü uzanır. Bunun qarşılığında Moskva Azərbaycanın hərbi yolla torpaqlarını azad etməsinə də hər vasitə ilə mane olur.

"Yeni Müsavat"
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.08.2019
Cavad Zərif: “Rəsmi Tehran ABŞ ilə danışıqlarda maraqlı deyil”
19.08.2019
Suriya ordusu Türkiyənin hərbi karvanına hücum edib
19.08.2019
“Lotu Quli”nin imzasını erməniyə görə saxtalaşdırıblar – qalmaqal
19.08.2019
Tramp rəsmi olaraq Qrenlandiyanı almaq istəyini etriaf edib
18.08.2019
Ukraynanın paytaxtı köçürülə bilər