Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Yevda Abramov: "Yəhudi lobbiçiliyi daim Azərbaycanın yanındadır" - MÜSAHİBƏ

11:48  |    11 İyul 2019  |   E-mail  |  Çapa göndər


Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, 53 saylı Quba-Qusar seçki dairəsinin yəhudi əsilli deputatı Yevda Abramovun APA-ya müsahibəsi

- Azərbaycanda yəhudi icmasına münasibət necədir? Yəhudilər ölkəmizdə hansısa problemlərlə üzləşirmi?

- Azərbaycanda yəhudi icmasının heç bir problemi olmayıb, bundan sonra da olmayacaq. Digər tərəfdən, Allah yəhudiləri yaratdığı gündən yəhudilər problemləri həll etməkdə çox bacarıqlıdırlar. Ona görə də yəhudilərdə problem olmur.

- Bəs xarici ölkələrdə yəhudi lobbisi ilə Azərbaycan diasporu arasında münasibətlər necə qurulub? Yəhudi lobbisi Azərbaycan dövlətinə hansı formada dəstək verir?

- İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasındadır, dünya yəhudi lobbisi daim Azərbaycanın tərəfində olub. Yəhudi lobbisi ilə Azərbaycanın münasibətləri ananın doğma övladı ilə münasibətlərinə bərabər götürülə bilər, bu münasibətlərdə bir ögeylik yoxdur. İsraildə yaşayan Azərbaycanın dostları ABŞ-da yəhudi lobbisinin Azərbaycanın yanında, ədalətin tərəfində olması üçün həmişə dəstək verirlər. Bu dəstək boş fəzada yaranmayıb, yəhudilər də heç kimə boş-boşuna lobbiçilik etmirlər. Bu lobbiçilik Azərbaycanda yaşayan, həyat şəraiti onsuz da yaxşı olan yəhudilərin daha yaxşı yaşamasına, Azərbaycan ictimai-siyasi həyatında yəhudilərin daha fəal olmasına və rollarının artmasına xidmət edir. İkincisi, digər Orta Şərq dövlətləri kimi İsrailin bölgədə öz maraqları var. Bu mənada yəhudi lobbiçiliyi daim Azərbaycanın yanındadır. Çünki bilir ki, Azərbaycan dünya müstəvisində çox ədalətli mövqedədir.

- Azərbaycanda ictimai-siyasi həyatda, dövlət qurumlarında yəhudilərin təmsilçiliyi hansı səviyyədədir?

- Azərbaycan əhalisinin ümumi say nisbətini götürdükdə ölkədə yaşayan yəhudilər o qədər də çox deyil. 2019-cu ildə əhalinin siyahıya alınması prosesi başa çatdıqdan sonra dəqiq rəqəm demək olar, amma mənim bildiyimə görə, Azərbaycanda 20 min yəhudi yaşayır. Azərbaycanda alimlər, müəllimlər, həkimlər, mühəndislər arasında, o cümlədən Milli Məclisin özündə yəhudilər var, ölkənin ictimai-siyasi həyatında fəaldırlar. Bu gün Azərbaycandan çıxan dağ yəhudilərinin bir sıra nümayəndələri Rusiyanın iqtisadiyyatında böyük rol oynayırlar.

- Bəs, Azərbaycan iqtisadiyyatına yəhudilərin töhfələri hansı səviyyədədir?

- Bu gün Rusiya iqtisadiyyatında çox böyük rola malik həmin yəhudi iş adamları hazırda Azərbaycanın bir sıra bölgələrinə, məsələn, Xudat, Quba, Qusar və Göyçaya investisiya qoyublar, 1-2 ildən sonra Azərbaycan xalqı onun bəhrələrini görəcək. Həmin yəhudi iş adamları Azərbaycanın bölgələrində evlər, konserv kombinatları tikir, istixana təsərrüfatları, o cümlədən mal göndərmək üçün hablar yaradırlar. Məhz həmin hablar çox asanlıqla malların logistikası və gömrük məsələlərini birgə həll etməyi, soyuducu anbarlarda saxlamaq və mənzil başına çatdırmaq prosesini həyata keçirəcək. Bu habların qurulması üçün Azərbaycana yeni texnologiyalar gətirilir. Azərbaycanın bir sıra sərhəd rayonlarında bu habların yaradılmasına başlanılıb. Azərbaycanda məhsul istehsal edən insanlar məhz yəhudi iş adamlarının qurduğu infrastrukturdan istifadə edərək öz mallarını asan yolla xaricə satmaq imkanı qazanacaqlar. Yeri gəlmişkən, yəhudi iş adamlarından danışdıq, amma bir sıra azərbaycanlı milyarderlər ölkəmizə sərmayə yatırmayıblar. Mən ad çəkmək istəmirəm, həmin şəxslərin kim olduqlarını xalqımız bilir.

- Millət vəkili kimi yəhudi icmasının problemlərini dövlət qurumlarına çatdırmaqda çətinliklə üzləşmirsiniz ki? Səsiniz necə eşidilir?

- Mən sözün düzünü deyən deputatlardanam, kimdənsə çəkinəcəyim, asılılığım yoxdur, xalqım, seçicilərim üçün yaşayıram. Hansısa nazirdən rayon üçün bir şey istəmişəmsə, bu səylərimin heç birinin axırı boşa çıxmayıb. Lakin Azərbaycan dünyada yeganə respublikadır ki, deputatın xahişini Prezident yerinə yetirib. Dünyanın 14 ölkəsində olmuşam, o ölkələrin deputatları, senatorları, lordları ilə tanışlığım var, mən başqa ölkələrdə buna rast gəlməmişəm. Mən Prezidentdən 3-4 dəfə xahiş etmişəm, Prezident Qubada həmin işlərin həyata keçirilməsini təmin edib. Məsələn, Qubanı Qırmızı qəsəbə ilə birləşdirən bir tağlı körpü var, tarixi abidədir. Sovetlər dövründə arxivlərdə sənədləri də yandırmışdılar ki, körpünün kimin balansında olması bilinməsin. Prezident Qubada olarkən körpünü uzaqdan gördü, körpü barədə soruşdu. Dedim ki, cənab Prezident, bu, tarixi dostluq körpüsüdür, 150 ildən artıqdır ki, azərbaycanlılarla yəhudiləri birləşdirir, amma çox bərbad vəziyyətdədir. Prezident səbəbini soruşdu. Dedim ki, böyük məbləğ tələb edən təmirə ehtiyacı var. Prezident elə orada göstəriş verdi ki, bu körpü təmir olunmalıdır. İndi insanlar həmin körpüdə park kimi gəzirlər. Daha sonra Quba hadisələrində mən də, Vahid Əhmədov da dedik ki, cənab Prezident, bu insanlar mart hadisələrində İcra Hakimiyyəti başçısına qarşı çıxanda əllərində sizin plakatlarla çıxmışdılar, amma bu insanların çoxu saxlanılıb. Prezident həmin insanları əfv etdi. Hansı ölkədə Prezident deputatın qaldırdığı məsələni belə operativ həll edib?

Qubada tapılan kütləvi məzarlıqla bağlı məsələni də qeyd etmək istəyirəm. Dedik ki, cənab Prezident, İsraildə elə soyqırımı muzeyləri var ki, insanlar ora gəlir. Mehriban Əliyeva Qubada soyqırımı muzeyi tikdirdi.

Nazirin yanına da getmişəm, xahişim yerinə yetirilib. Mən demirəm ki, 3 günün, bir ayın içərisində edib. Nazir məsləhətimə qulaq asıb, sona qədər məni dinləyib, bir aydan sonra komissiya gəlib, düz söylədiyimi görüb, sonra həmin iş görülüb.

Xınalığa 72 il yol çəkilmədi. 72 ildən sonra Xınalığa yol çəkildi, indi də ikinci yol çəkilir. Birinci yolun çəkilişinə 18 milyon manat, ikinci yolun çəkilişinə 13 milyon manat ayrılıb. Bunu Prezident niyə edir? Həm insanların gediş-gəlişi rahat olur, həm də sabah turistlər o bölgələrə səfər edir. Yeri gəlmişkən, Qusarda dəmir yolunun tikintisinə başlanıb. Bu gün Şahdağ turizminin canlandırılması üçün belə bir dəmir yolunun tikilməsi zəruridir.

Mən Nazirlər Kabineti qarşısında Qubada beynəlxalq aeroport tikilməsi məsələsini qaldırmışam. Sorğu vermişəm, Nazirlər Kabineti cavab verib ki, Qubada beynəlxalq aeroport tikilməsi plandan çıxarılmayıb, amma kapital qoyuluşu məsələsi var. Əgər fərdi iş adamları mənim təklifimə dəstək verərlərsə, buyursunlar, tikiləcək aeroportun səhmlərini alsınlar, özləri də şərik olsunlar. Bu aeroport da çox böyük əks-səda verəcək. Tanınmış beynəlxalq iqtisadçılar hesablayırlar ki, Qubada bu aeroport tikilsə, Bakı, Gəncə və Naxçıvandan sonra ən rentabelli aeroport olacaq. Yalnız Azərbaycanın yox, Dağıstanın Mahaçqala şəhərinə qədər olan bütün rayonların sərnişinlərinin xaricə uçmasında Quba aeroportunun çox böyük rolu olacaq. Şahdağ turizmi güclənəcək, Quba özü turizm mərkəzinə çevriləcək, xeyli iş yeri açılacaq. Beləliklə, əgər Qubada aeroport tikilsə, həmin aeroport yerlərdəki digər aeroportlar kimi ziyanla işləməyəcək.

- 1990-cı illərin əvvəlində yəhudi icmasının xeyli üzvləri İsrailə, o cümlədən başqa xarici ölkələrə üz tutdu. Bu gün vəziyyət necədir? Xaricə axın varmı?

- Bu gün Azərbaycandan gedən yoxdur. Çox təəssüf ki, 1990-cı illərin hadisələri elə idi ki, baş çıxarmaq olmurdu. Heç kim də heç kimə deyə bilmirdi ki, getmə, mən sənə cavabdeh olaram. Bəli, o dövrdə Azərbaycandan xeyli gözəl baş, məsələn, Qusman, Bauman, Koqanlar getdi. Ailələr var idi, 200 il idi ki, Azərbaycanda kardioloq idilər. Baba, ata, nəvə kardioloq kimi çalışıb. Tanınmış yəhudi fiziklər, ölkənin baş psixiatrı da getdi. O insanlardan hazırda ABŞ, İsrail universitetlərində çalışanlar var. Bu gün o insanlar İsrail elmində böyük rol oynayırlar. Heydər Əliyev hakimiyyətə gələndən sonra axın dayandı. Lakin bizneslə məşğul olmaq imkanı ilə əlaqədar Rusiya paytaxtına meyl artdı. Buna görə yəhudi icmasında müəyyən durğunluq yarandı. Hazırda ölkəmizdən axın yoxdur. Bu gün Azərbaycanda yəhudilərin yaşayış məskənləri ən müasir yaşayış məskənləridir.

Yeri gəlmişkən, hələ çar vaxtında da ata-babalarımız bir rayonda yaşayıb, pulu digər rayonda qazanıblar. Bu gün də həmin metoddur, iqtisadi prosesdir. Heydər Əliyev də deyirdi ki, azərbaycanlıların xaricdə yaşaması bir tərəfdən yaxşıdır, çünki orada diasporumuz güclənir. Uşaqlarımız yaşadıqları ölkənin mədəniyyətini öyrənir, bu da milli dəyərlərimizə əlavə dəyərlər verir. Əsas odur ki, Vətəni unutmayasan, Vətənə bağlı qalasan. Əsas odur ki, həmin xarici ölkədə də Novruz bayramını, Qurban bayramını, adət-ənənələrini, kökünü, dilini yaşada biləsən. Pulunu qazanasan, amma Vətənini unutmayasan. Ola bilər ki, gedən yəhudilər də yenə Azərbaycana qayıtsın, çünki tarix təkrarlanır. Arada Vətənə gəlmək lazımdır, insanın ürəyi Vətənlə döyünməlidir.

- Bu gün ümumilikdə Azərbaycan-İsrail münasibətlərini necə qiymətləndirmək olar?

- Azərbaycan-İsrail münasibətləri çox yüksək səviyyədədir. Bu gün İsrail və Azərbaycan münasibətləri qardaşlıq və tərəfdaşlıq münasibətləridir. Elə bir sahə yoxdur ki, biz İsrailə müraciət edək, İsrail mənəvi və maddi dəstəyini əsirgəsin. Bu gün kənd təsərrüfatı, elmi, tibb sahəsi, hərbi sənaye və digər sahələrdə İsrail Azərbaycanın yanındadır. Beynəlxalq təşkilatlarda, tədbirlərdə də İsrail həmişə Azərbaycanın ədalətli qərarlarını, təkliflərini dəstəkləyir. Elə bir beynəlxalq tədbir olmayıb ki, İsrail Azərbaycanın əleyhinə səs versin. İsrail uzun illər Ermənistanla diplomatik əlaqələri pozdu, səfirləri geri qaytardı. 1991-ci ildən İsrailin Azərbaycanda çox gözəl səfirliyi, Mədəniyyət Mərkəzi, poliklinikaları, həkimləri var. Bütün Azərbaycanın istixana təsərrüfatı İsrail mütəxəssislərinin rəhbərliyi altındadır. Məhsulları uzun müddət saxlamaq texnologiyası Azərbaycana İsraildən gəlib, il boyu faraş tərəvəz yeyə bilərsən.

Biz artıq həftədə Azərbaycana 4 çarter reysinə keçmişik. Bunlardan biri tranzit ABŞ-İsrail-Bakı, o birilər də Bakı-Təl-Əviv təyyarə reysləridir. 2018-ci ilin statistikasına görə, Azərbaycana gələn turistlərin 14 faizi İsrail vətəndaşlarıdır. O gün yoxdur ki, Qırmızı qəsəbəyə, Qəbələyə, Şamaxıya İsraildən turist gəlməsin. Gəlib 3-4 gün, bir həftə qalırlar. Həm də qiymətlər onlar üçün çox sərfəlidir. Qəbələdə, Qubada gəzir, beşulduzlu mehmanxanalarda, Bakıda qalırlar, daha sonra yenə gəlirlər.

İki dövlət və dövlət başçıları arasında münasibətlər açıq və yüksək səviyyədədir. Bundan başqa dövlətlər arasında münasibətlərdə nə tələb olunur?! Hər iki dövlət başçıları görüşür, fikir mübadiləsi aparır, hər iki dövlətin xeyrinə qərarlar qəbul edilir. Azərbaycanın nazir və komitə sədrlərimiz İsraildə səfərdə olub, lazım olan ikitərəfli müqavilələr bağlanıb. Həmin müqavilələr arasında hər iki ölkənin ayrı-ayrı sahə nazirlikləri işlərini görürlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Mədət Quliyevin oğlu: "Çalışıram ki, insanlarla münasibətdə yekəxana olmayım" - VİDEOMÜSAHİBƏ
08.11.2019
32 manata yaxşı kostyumlar var, yerini göstərə bilərəm - Hafiz Hacıyev
28.10.2019
Pozneri şok edən Arzu: Nə sual verəcəyimi özümdən başqa heç kəs bilmirdi
24.10.2019
“Azərbaycanda futbol olmayacaq” - Aqil Abbas
21.10.2019
“Atamın mahnılarına siyasi rəng verirdilər, o da hirsini anamın üstünə tökürdü