Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6562

Digər sorğular

Korlar ölkəsində Mahmud...

16:17  |    09 İyul 2019  |   E-mail  |  Çapa göndər


Ölkədə yaradıcı insanlar var, elmi, mədəni, bədii, mifoloji, fəlsəfi.. yaradıcılıqla məşğul olanlar.

Aysel Əlizadə |

Çeşidli sənət kateqoriyalarından olanlar - rəssamlar, arxitektorlar, rejissorlar, kulturoloqlar, yazıçılar, alimlər... Hardadı onlar, nə edirlər, necə yaşayırlar? Ayaqda qalmaq üçün stimulu, pulu, zamanı hardan alırlar? Hansı problemlərlə, qayğılarla əlləşdiklərini ağıla gətirmək çətin olar. Heç vaxt kürəyini yerə vurmayan, şikayət etməyən olduqca gərəkli yazı adamları var.

Mən sizə yazıçılardan danışacam. Məsələn, İkinci Mahmuddan. Metroda hansısa layihə üzrə işləyirdi, gecə növbələrində olurdu, çox vaxt səhərlər də yata bilmirdi.

Atasını üç yaşında itirmişdi. Ağstafadan gəlib BDU-da filologiya oxumuşdu. Sonra kitablar yazdı, ədəbiyyatla ciddi məşğul olmağa başladı. Ağlı kəsəndən işləyib qəpik-qəpik yığıb özünə ev də aldı. Gecələr işə gedir, gündüzlər evini təmir edirdi. Təzəcə bitirmişdi təmiri. Sonra işini itirdi. Uzun zaman işsiz qaldı. Vaxt tapanda oxuyurdu, yazırdı, layihələr, ssenarilər hazırlayırdı, film çəkməyi arzulayırdı, proqram etmək istəyirdi. Canını qurtarmağa çalışırdı ona dəxli olmayan işlərdən.

Bir gün tamamilə yaradıcılıqla məşğul olacağına ümid edərək yaşayırdı. "Mahmud olduqca yaxşı yazıçı idi" yazıb qəzəbli gülümsəməylə əlavə edirəm "yəqin ki bunu bilən çox azdı". Bilmək üçün onun "Übermenşagen" hekayəsini oxumaq gərəkdi. "Tualet kağızı", "Bataqlıq donuzu", "Ümid arısı” kitablarını. Nə bilim... İstəməyən oxumasın. Neynirlər e?! Kitabları oxunsun deyə yazmırıq. Evimizi qızdıra bilməyəndə yandırmaq üçün yazırıq.

Yazıçıya zaman və stimul lazımdı yazmağa. Amma zaman da gərək zaman ola... Stimul? Xorla deyilən "Azərbaycanda yazıçı yoxdu" cümləsidi. Bir bilsəz, bu cümlədən necə stimul alır yazıçılar. Hər eşidəndə hava-su kimi çəkirlər içlərinə. Bir ölkədə yazıçı üçün bundan böyük stimul olar? Hə, hə! Başqa stimullar da var. Kitablarını oxumadan haqqında verilən "yaza bilmir" rəyləri. Yarıac-yarıtox yaratdıqları ədəbiyyata sıfır münasibət, sıfır gəlir, sıfır reaksiya. Bu lap göydəndüşmə stimuldu!
Milli burjuaziyanın bəh-bəhlə beyinsizlərə pullar tökməsini izləyə-izləyə aylıq kirayə pulunu necə ödəyəcəyini düşünən Azərbaycan yazıçısı bütün bunlardan stimul almasın, nə etsin? Ölkənin hər küncü gerçək yazıçı üçün stimuldu.

Tarixən maarifçilərə verilən "dəyər", məsələn, Sabirə Şamaxıda məktəb açıb uşaqlara yazıb-oxumağı öyrətdiyi üçün əhalinin hücum çəkməsi dopinqdi, dopinq. Mirzə Cəlilin əlyazmalarını yandırıb evini qızdırması isə kompüterdən əl çəkib qələmlə yazmaq üçün motivasiyadı. Ölkəsinin, təmsil etdiyi dövlətin ədəbiyyatına heç bir yatırım etməyən oliqarx-məmur ordusu bilsəz necə böyük yazıb-yaratmaq həvəsi oyadır, necə sevgi cücərdir yazıçılarımızda. Bəh! ..

O dənizi çəpərləyənlərin dünyasını düşünmək nə qədər gözəldi, ilahi! İndi oxuduğunuz bu sətirləri dönə-dönə yazmaq, buna görə işsiz, çörəksiz, gəlirsiz qalmaq nə böyük ruhani yüksəlişdi, nirvanaya çatmaqdı, pəncərəndən çölə baxarkən bütün bunları əks etdirən ölkənin gözündə canlanması əsl ziyalı ekstazıdı.
Əvvəllər var-gücüylə əslində heç də dünya yazarlarından geri qalmadığını, həqiqətən dəyər verilməyə layiq olduğunu sübut etməyə çalışan yazarlar indi heç kimə heç nə izah belə etmək istəmirlər. İndi ölürlər dinməzcə... Və bu ölümdə əsla kiminsə günahı yoxdu.
Heç kim "yaxşı olacaq" sözü verməmişdi. Əksinə, özümüz hamıya "yaxşı olacaq" mesajı verməyə çalışırdıq. Ən azı, "yaxşı ola bilər" deyib yolunu göstərmək üçün yazırdıq.

Almasınlar kitablarımızı, yox saysınlar, "indiki yazarlar" ifadəsini təhqir kimi işlətsinlər... İndi bunların bir mənası qalmayıb. Əgər hökumət və cəmiyyət ədəbiyyatda herontokratiyanın tərəfindədisə, modern ədəbiyyatın yaranmalı olduğunu prioritet məsələ saymırsa, bu dövrün ədəbiyyatı olmamalıdı düşüncəsindədisə, nə demək olar?..

Bəlkə də, şişirdirəm. Heç bu mövzu haqda düşünməyib kimsə...
Öləndə kitablarımızdan yox, özəlimizdən danışsın hər kəs. Cəhalətin qarşısına sinəsini verən yazıçıları görmürlərsə, yeni təfəkkür formalaşdıran, naftalin qoxulu klişeləri darmadağın edən, beyin fırtınası yaradan yazarları görmürlərsə və bu yazarların yeni, çağdaş qələmçilər olduğunu anlamırlarsa...

Hə, bəlkə susurlar təhlükəli mövzularda. Ancaq yalaxalıq da etmirlər çox qocaman yazar kimi. Edə bilərlər, amma etmirlər. Doğrudan görmürsüz?! Cəmiyyətin herontokratik prinsipləri ilə dəyərləndirilərək "nə yazıb e?", "hələ cavandı, filankəsin yaşına çatsın, sonra danışmağa dili olsun" ölçüləri ilə qiymətləndirilən çağdaş yazıçıların bir statusunun filankəsin bütün külliyatından ağır olduğunu görməmək üçün kor olmalısan. "Görməyən insanlar ölkəsi" olmamaq üçünsə ölkənin "görən beyin" mərkəzi işlək olsun gərək. Bir anlıq bu cəsarət, bu üsyankarlıq, bu beyin dönüşü olmadan təsəvvür edək ictimai mühitimizi. Hamı üçün əsl stimuldu.

Herontokratiya nədi, bilirsizmi? Yaşlıların hakimiyyəti. Xruşşov siyasətinin idarəçilik metodu idi. Ölkənin önəmli postlarını yaşlı nəsil tuturdu. Amma tək faciə idarəçilikdə herontokratiyanın hökm sürməsi deyil. Ən böyük faciə cəmiyyətin yaşlıların hakimiyyətinə möhkəm bağlı olmasıdı. Gənc kadrların qocalıb əldən düşməyincə cəmiyyətdən təsdiq ala bilməməsidi. Cavan olmağın artıq uğursuz sayılması, söz və öygü haqqının olmamasıdı.

Ürəklə "yazıçı" yox, qorxa-qorxa "istedadlı" deyilməsidi. Peşəsinin önünə mütləq "gənc" asılılığı artırmaq ehtiyacının həqiqi yazıçıya verdiyi əzabdı. Mahmud isə... sözün əsl mənasında yazıçı idi. "Gənc"siz - filansız. Yazıçı! Onun yaşı gənc idi, peşəkarlığı yox. "Gənc yazar evində ölü tapıldı" başlığı qədər avara, məsuliyyətsiz media işi görməmişəm. Azərbaycan ədəbiyyatı böyük itki verib, əziz başlıqqoşan. Yazıçı İkinci Mahmud 33 yaşında infarktdan ölüb. İndi götür bu faktı ədəbiyyat adına bir tutarlı başlıq qoş. Ya da baş qoşma. Ciddi mövzulardı.

Mahmud xarakterli adam idi. Bircə dəfə yalaxalıq etməzdi işinin xətrinə. Əsl yazıçı, aydın idi. Son vaxtlar yazdığı statuslarda tükənmişliyi sezilirdi, əziyyət çəkdiyi bilinirdi. Depressiv olurdu, ruhdan düşürdü, "əşşi" edirdi bəzən hamımızın lazımsız fədakarlığına, danışırdıq, plan qururduq, "kimsə bizə rahat olacaq deməyib" təsəllisi verirdik bir-birimizə və yenidən qaza gəlib yaşamağa (?) davam edirdik. Qızıldan, almazdan qiymətli dostumu, kolleqamı itirmişəm...
Hansı ağrıkəsici kömək edər, sizcə?

Barmağımı kəsib qanımla yazsam, içim soyuyarmı? Soyumaz! Pulla, vəzifə və imkanlarla özünə dost tutanlar üçün heç vaxt belə yanan olmayacaq. Qazancı budu Mahmud kimi adamların.
Əzrayıl o tərəfə baqaj buraxmır. Bu ölkənin yazıçısının, rəssamının, mühəndisinin, aliminin, siyasətçisinin, jurnalistinin, fəhləsinin, evdar qadınının, pensiyaçısının, əsgərinin, polisinin, müəlliminin, həkiminin, tələbəsinin, anasının, atasının, övladının, gəncinin, qocasının haqqından sömürdükləri pulları necə aparacaq o adamlar?!

Bu yazını da kimsə kimisə suçlasın deyə yazmadım. Başqa səbəbdən yazdım. Herbert Uellsin "Korlar ölkəsi" adlı hekayəsi var. Təkgözlü bir adam görməyənlərin ölkəsinə düşür. "Mənim heç olmasa bir gözüm görür, burda qalıb adamlara kömək edərəm" düşünür. Bir gün qarşısındakı adamın başqasının malını oğurladığını görüb qışqırır: "Bu adam onun malını oğurladı". Korlar ona şübhəylə baxırlar. Hardan bildiyini soruşurlar. Təkgöz deyir: "Gördüm". Korlar görməyin nə olduğunu bilmədikləri üçün yoxlamaq qərarına gəlirlər. Bir evə girib içəridən soruşurlar: "Biz burda nə edirik, görürsən"? Adam: " Yox, içəridəsiz, necə görə bilərəm? -deyir. Korlar onun xəstə olduğuna qərar verib həkimə aparırlar. Kor həkim təkgözü əli ilə yoxlayıb diaqnoz qoyur: "Tapdım, problem bu gözdədi, sağalması üçün onu çıxarmaq lazımdı".

Bu hekayəni ölkəmin insanlarına aid etmirəm. Çoxunun gördüyünü bilirəm çünki.

Bu hekayəni əlində baqajla Əzrayılın şlaqbaumundan keçəcəyini düşünənlərə aid edirəm.

Təkcə bəbəklə, qulaqla yox. Öncə başla görmək gərəkdi. Bu xalq boş yerə o şeyin adını "başa düşmək" qoymayıb.

Bizə isə heç kim "yaxşı olacaq" deməmişdi.

Öncə - Onlara "başa salmaq" gərəkdi...
Sonra - Yaxşı olacaq...

Qazaxa Mövludun yasına getmişdik. Mahmud Ağstafada idi, ordan gəldi. Axşam birgə qayıtdıq, o, Ağstafaya gedən yolda düşdü və azərbaycanlılara xas qonaqpərvərliklə bizi evlərinə dəvət etdi.
Getmədik. Sonraya saxladıq.

"Sonra" isə özünün dediyi kimi olmaya bilir.

Sabah Ağstafaya, Mahmudun yasına gedirik...

Son günlərində bütün dostlarına Oktay Kazıminin "Tələsin insanlar" mahnısını yollamışdı.

Həyatda dəhşətli faciələr var,
Tələsin, insanlar əldən tutmağa
Tələsin ömr edib şən yaşamağa...

Yenə gecikdik...

Qadinkimi.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları