Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6523

Digər sorğular

Qarabağa gedirəm – ordumun ardınca

17:40  |    19 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri gündəmə gəlib.

Aygün Muradxanlı |

Bəri başdan mövqeyimi deyim – bu, Ermənistanın və işğalçı siyasətə dəstək verənlərin Azərbaycan üçün qurduğu növbəti tələdir.

Qarabağ Azərbaycandır. Əlbəttə ki, biz öz torpağımıza gedəcəyik. Ancaq işğal bitəndən, Ermənistan öz qoşunlarını zor-xoş beynəlxalq hüquqla tanınan sərədləri daxilinə qaytarandan sonra... Bu gün istənilən Azərbaycan vətəndaşının, özəlliklə ictimai fikrin formalaşmasına müstəsna təsiri olan medianı təmsil edənlərin Ermənistan ərazisindən Qarabağa getməsi Azərbaycan Respublikasının milli maraqlarına zidd, Ermənistan Respublikasının milli maraqlarına uyğundur. Gözü yolda qalan torpağımıza düşmən ərazisindən daxil olmağımız o torpaq uğrunda canından keçən şəhidlərimizin ruhuna sayğısızlıqdır. Çox yumşaq dedim...

Ermənistan işğalçı dövlətdir. 1988-ci ildən bu yana Dağlıq Qarabağ və çevrəsindəki 6 Azərbaycan rayonunu işğal edib. 1994-cü ildə atəşkəs elan olunsa da, Ermənistan imzaladığı öhdəliklərə məhəl qoymadan anlaşmanı pozur, nəticədə Azərbaycan ordusu itkilər verir. Bu dönəmdə Ermənistanın verdiyi itkilərin məsuliyyəti rəsmi İrəvanın üzərindədir – Azərbaycan əsgəri gülləni işğalçıya atıb. 25 illik sürəc göstərir ki, bu ölkə Azərbaycana onunla silah dilindən başqa dildə danışmaq yolu qoymayıb. Belə bir durumda Azərbaycan jurnalisti Qarabağa nə üçün, hansı məqsədlə getməlidir?

Biz gedib nə yazacağıq? Ermənistan rəhbərliyinin işğalçı mövqelərini necə əsaslandırdığını xalqımıza çatdıracağıq? Sərhədə, Qarabağda hər gün atılan güllələr, Bakıdan-Qazaxa, Şəkidən Lənkərana qədər hər yerdə üzərinə milli bayrağımız sərilən igid məzarları, minlərlə Azərbaycan vətəndaşının Ermənistanda əsirlikdə saxlanması Ermənistan rəhbərliyinin, erməni xalqının mövqeni, niyyətini anlamaq üçün yetərsizdir?

Bəlkə, biz Qarabağa məhv edilən şəhərlərimizin, kəndlərimizin dağıdılan məzarlıqlarımızın xarabalıqlarını çəkmək, yurdunu qoyub gələn insanların yarasına duz basmaq üçün getməliyik?

Düzü, “xalqları barışa hazırlamaq” xəbərləri diplomatiyanın predmetinə çevriləndən sonra bu missiyanın jurnalistlərə yüklənəcəyi bəlli idi... Etməyin, dostlar. Getməyin!

Bir neçə gün öncə - 2016-cı ilin aprel döyüşlərinin 3 illiyi ilə bağlı düzənlənən anım mərasimində “barış hazırlıqları” ilə bağlı ilk nəbz yoxlaması baş vermişdi. Tamamilə qadın sənətçilərin üzərində qurulan tamaşada (?!! Savaşı qadınlar aparır ki?? ) Azərbaycan qadınının dilindən erməni qadınına – “biz düşmən deyilik, sənin oğlun da mənim oğlum kimi şəhid olub, biz demirik sən Qarabağda yaşama, amma biz də orada yaşamalıyıq” mesajı göndərilmişdi... Zalda oturan bağrı param-parça şəhid analarının, xanımlarının, övladlarının, sağlamlığını Qarabağ uğrunda itirən yarımcan qazilərimizin gözünün içinə baxa-baxa erməni işğalçısına “şəhid” deyilmişdi, bu dövlət terrorunu dəstəkləyən erməni qadınından az qala aman istənmişdi. O gün sosial şəbəkələrdə şəhid xanımlarından birinin yağdırdığı lənət inşallah ünvanına çatar və 30 illik işğaldan sonra bizi ermənilərin ayağına sürükləmək istəyənlər, məğlubiyyət aşılayanlar millətin qəzəbinə gələr.

Həmin tədbirə rəsmilərin gələcəyi gözlənsə də bu baş verməmişdi. Görünür, zalda etiraz ola biləcəyindən ehtiyat edilmişdi...

İndi də jurnalistlərin qarşılıqlı səfərləri ortaya atılıb. Azərbaycanın bu təklifi qəbul etməsi mövqelərindən geri çəkilmək anlamına gəlir. Bəs, Ermənistan bu geriçəkilmənin qarşılığında hansı öhdəlikləri götürüb? Götürübsə belə, onu da atəşkəs anlaşması kimi yerinə yetirməyəcəyinin qarantı varmı?

Çox təəssüf, həmkarlarımızın içərisində qarşılıqlı səfərlərə olumlu baxanlar var. Məkri boylarından böyük erməni siyasilərini, jurnalistlərini uluslararası tədbirlərdə dəfələrlə müşahidə etmək şanssızlığı olan biri kimi gedəcəkləri halda onları Ermənistanda nə gözləyəcəyini deyə bilərəm.

Paşinyan onlarla görüşüb özü üçün “sülh göyərçini” obarzı yaradacaq. Bu, uluslararası arenada ona çox gərəkdir. (Bu siyasətə qulluq etmək istəyən varsa, getsin)

Azərbaycan jurnalistləri hər gün əli Azərbaycan əsgərinin qanına batan Ermənistan rəsmilərinin qalib tonda, pafoslu çıxışlarını dinləmək məcburiyyətində qalacaqlar. (Onlar danışdıqca gözünüzün qarşısına şəhid məzarları, şikəst qazilər, işğal edilən, talanan yurdumuz gəlməyəcəksə, gedə bilərsiz)

Xəstə təxəyyüllü Ermənistan jurnalistləri – istisna tanımıram - bizimkilərə “reallıqla barışmaq gərəkdir” moizəsi oxuyacaq. (Haqsız olduqlarını, işğalçı olduqlarını, terrorçu olduqlarını onlara öz evlərində sübut edə biləcəksinizsə, sizi kimdi saxlayan?)

Axşamlar düzənlənən ziyafətlərdə ermənilər bizimkilərin qarşısında irişə-irişə “qələbə rəqsi” oynayacaq, qürurlarını sındırmaq üçün qonaqlarını da meydana dəvət edəcək. (Boğazınızdan düşmən çörəyi, düşmən suyu keçəcəksə, qələbələrini düşmənin iştirakı ilə bayram edən ermənilərin masasında əsirlikdə olanlarımızın faciəsi boğazınızda qəhərə, yumruğunuzda düyünə çevrilməyəcəksə, gedin... o yol, o da siz...)

Əmin olun, səfərdən qayıdanda Qarabağ savaşının bitməsinə yaxından-uzaqdan təsiri olmayacaq o “quru” yazılarınızı heç kim oxumayacaq.

Bir düşünün, Ermənistan jurnalistləri Bakıya niyə gəlməlidir? Sizin üzünü belə görmədiyiniz rəsmilərdən müsahibələr almağa, kabab yeməyə, dəbdəbəli otellərimizdə görmədikləri qayğıdan riqqətə gəlib işğallarına haqq qazandıracaq yazılar yazmağa? Şuşanın, Kəlbəcərin cənnətində dincəldikləri onlara azlıq edir, gərək Bakıya da gələlər?

Siyasilər! Azərbaycanda Qarabağı xalqın dilindən düşməyə qoymayan, işğal məsələsini daim gündəmdə saxlayan jurnalistlərdir. Azərbaycan jurnalisti bayaq yada saldığımız “aprel döyüşlərində” milli ruhun yüksəldilməsi, ordunun qələbəyə köklənməsi üçün nə bacardısa etdi. Üzdə olan media quruluşları qüvvələrini sərhəddə səfərbər etdilər, düşmən təbliğatını darmadağın etmək üçün 24 saat çalışdılar, dövlətin informasiya sərhədlərini canları kimi qorudular. Bu gün mediada neçə Qarabağ qazisi, neçə şəhid, qazi övladı çalışır. Biz savaş çağırışının da, barış çağırışının da məsuliyyətini dərk edirik... Bizi yanlış siyasətlərə alət etməyin.

Qələbə bizim, məğlubiyyət düşmənin olacaq!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları