Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6354

Digər sorğular

Moskva görüşü danışıqların sonu ola bilər - II Qarabağ savaşı an məsələsidir

12:31  |    13 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Ermənistan hökumətinin ziddiyyətli və təhrikçi mövqeyi Azərbaycan üçün başqa seçim imkanı qoymur; Rəsmi Bakı: “Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan sülh mümkün deyil”; general Aydəmirov: “Bu dəfə elə zərbə endirmək lazımdır ki, daha heç bir zaman özlərinə gəlməsinlər”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda dedikləri azmış kimi, Avropada da işğalçı siyasətdən əl çəkməyəcəyini nümayişkaranə şəkildə bəyan etdi. Avropa Şurasının baş katibi Yaqlandla birgə təşkil etdiyi mətbuat konfransında erməni baş nazir dedi ki, onun bəyanatları və müdafiə naziri David Tonoyanın şərhlərində ziddiyyətli heç bir şey yoxdur.

Qeyd edək ki, N.Paşinyan bu sözləri Tonoyan ABŞ-da olarkən Azərbaycanı yeni ərazilərin işğalı ilə təhdid etməsinə reaksiyasında bildirib. N.Paşinyan Ermənistanda mətbuatın sualına cavabında demişdi ki, əgər Tonoyan başqa mövqedən çıxış, etsəydi, onu vəzifəsindən azad edərdi. Növbəti dəfə isə Ermənistanın hökumət başçısı Brüsseldə təcavüzkar siyasətinə haqq qazandırmağa çalışdı. Təəssüf ki, bu dəfə də Avropa Şurasının rəhbərliyindən Ermənistan rəhbərliyinin iddialarına təkpi göstərilmədi.

Düzdür, N.Paşinyan beynəlxalq aləmi çaşdırmaq üçün Avropa səfərində sülhdən də danışıb. İşğalçı ölkənin baş naziri hərbə-zorba gələndən sonra “sülh carçısı” statusunda görünməyə çalışıb.

Rəsmi Bakı isə Paşinyana artıq cavab verib. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinin Strasburqda jurnalistlərə açıqlamasında “təklifimiz Azərbaycanın Qarabağ məsələsində istifadə etdiyi gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir” fikrinə münasibət bildirib. “Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur. Gücdən istifadə olunmamasını təklif edən erməni baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq”, - XİN bəyan edib.

Lakin Ermənistanın konstruktiv mövqedən çox uzaq olduğunu elə son müşahidələr də təsdiqləyir. İşğal zonasında erməni hərbi birləşmələrinin hərbi təlimlər keçirməsi, bir əsgərimizin şəhid olması işğalçının əsl mahiyyətini ortaya qoyur.

Dağlıq Qarabağ münaqişəsinin həll prosesi çərçivəsində aparılan danışıqların növbəti mərhələsi isə 15 apreldə baş tutacaq. Münaqişə tərəflərinin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Moskvada bir araya gələcək.

Martın 29-da keçirilən İlham Əliyev-Nikol Paşinyan görüşündən sonra prosesdəki rolunu yenidən aktivləşdirən Rusiyanın növbəti görüşə ev sahibliyi etməsi diqqət çəkir. Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli publika.az-a açıqlamasında bildirib ki, Moskva görüşündə konkret nəticələrin əldə olunması müəmmalıdır: “Çünki Ermənistan tərəfindən hədsiz dərəcədə ”rəngarəng" fikirlər səsləndirilir. Məsələn, Paşinyanın həyat yoldaşı Amerikada çıxış edir və deyir ki, müharibə başlasa, oğlu ilə birlikdə əlində avtomat tutub cəbhəyə gedəcək. İndi gəl, bu ifadədəki məntiqi aç və bu qadının nə söyləmək istədiyini başa düş. Halbuki bu qadın erməni qadınları adından sülh platformaları təşkil edir, sülhə çağırışlar edir. O biri tərəfdə isə əlinə silah alıb Azərbaycanın yeni torpaqlarının istilası üçün oğlu ilə birlikdə hücum çəkmək niyyətini açıqlayır. Paşinyan Vyana görüşündən sonra dedi ki, danışıqlarda ciddi məsələlər müzakirə olunmayıb. Əsas məsələ qondarma Dağlıq Qarabağın danışıqlar prosesinə qatılmasını müzakirə etmək idi. Gözünün içinə qədər yalan danışan bu adam bu görüşdən sonra da yeni moizələr söyləyə bilər. Ağlına gələn istənilən fikirlərdən danışa bilər. Bəlkə Rusiya öz roluna diqqət çəkmək, danışıqların iplərinin onun əlində olduğunu isbat etmək üçün Lavrovun simasında prosesə bir qədər praqmatik görkəm verə, onu nəticəli danışıqlar məcrasına yönəldə bilər. Doğrudur, biz “Lavrov planı”ndan, Rusiyanın istəklərindən elə də ciddi nəticələr gözləyə bilmərik. Amma hər halda, Rusiya dünya ictimai rəyini müəyyən qədər təmin etmək üçün tərəflərin bəlli bir razılığa gəlməsinə səy göstərə bilər. Rusiyanın hər zaman dilində əzbər tutduğu şüar 5 rayonun geri qaytarılması, onun əvəzində Dağlıq Qarabağ üçün müvəqqəti statusun müəyyən edilməsidir. Azərbaycan tərəfi bunu heç cür qəbul edə bilməz. Əgər bu baş verəcəksə, yenə də konsensusa nail olmaq mümkün olmayacaq. ABŞ və Avropa dövlətlərinin bir çoxu bir məsələdə haqlıdır: qeyd-şərtsiz danışıqlara getmək lazımdır. Bütün keçmiş sovet məkanına daxil olan bütün münaqişələrdə eyni yanaşmalardan istifadə etmək lazımdır"

Danışıqların sülhə apardığına heç ermənilərin özləri də inanmır və savaş riskinin böyük olduğunu düşmən də etiraf edir. “Dağlıq Qarabağ münaqişəsi müharibə ilə həll ediləcək. Proses bizim təhlükəsizliyimizin möhkəmlənməsi istiqamətində getməlidir. Heç kim indiyə qədər danışıqlarla əraziləri verməyib, yaxud almayıb”. Bu barədə erməni politoloq Levon Şirinyan deyib. (Publika.az) Şirinyan ardınca sərsəm iddialarını davam etdirərək deyib ki, müharibə başlasa, erməni hərbi birləşmələri Kür-Araz çaylarına qədər əraziləri tutacaq.

Qeyd edək ki, “komandos” ləqəbli general Arkadi Ter-Tadevosyan bir neçə gün əvvəl Azərbaycanın digər ərazilərini işğalla hədələyən müdafiə naziri David Tonoyanı səriştəsizlikdə günahlandırmışdı. “Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar? İkincisi, bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil. Mən Tonoyana məsləhət görərdim bu cür bəyanatlarla özünü gülünc vəziyyətə saxlamasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir. Bunlar sadəcə qığılcımdır”-erməni general demişdi.

Dağlıq Qarabağ danışıqların yekunlarını şərh edən Chatham House Kral Araşdırma Mərkəzi təhlilini yayıb. Məqalənin müəllifi Lorens Broersə qeyd edib ki, Azərbaycanla Ermənistan arasındakı hazırkı sülh prosesin mahiyyətini danışıqların 3 müzakirə planı izah edə bilər. Birinci planı azərbaycanlılarla ermənilər arasında təmasların bərpası kimi etimadın artırılması üzrə tədbirləri nəzərdə tutur. Atəşkəsin monitorinqinə daha çox ehtiyatların ayrılması ikinci gündəmə aid olan məsələlər arasında qeyd olunur. Bu, Ermənistan və Azərbaycan liderlərindən gələcək manevr imkanlarını daralda bilər “siyasi yatırım” tələb edir. Planda olan üçüncü məqam erməni qüvvələrinin “işğal olunmuş ərazilərdən” çıxarılması, qaçqınların qaytarılması və Dağlıq Qarabağın statusuna dair “böyük sülh sazişi” üzrə addımları əhatə edir. Təhlilçinin fikrincə, danışıqlar ikinci gündəmdə ilişib qalıb. İrəvansa israr edir ki, 3-cü gündəmə aid “substantiv danışıqlar” yalnız təhlükəsizlik tədbirlərinin təmin edilməsindən sonra baş tuta bilər. Təhlilə əsasən, 3-cü gündəmə keçmək Nikol Paşinyanın islahatlar layihəsini zərbə altına qoya bilər, çünki ərazi güzəştləri siyasi cəhətdən təhlükəli addımdır. Danışıqları bloklamağın da öz mənfi fəsadları ola bilər.

Ermənişünas alim Qafar Çaxmaqlı da “Yeni Müsavat”a açıqlamasında düşmənin məkrindən və savaş təhlükəsinin real olmasından danışdı: “Mən şəxsən Ermənistanın yeni rəhbərliyindən fərqli yanaşma gözləmirəm. Ermənistanda yönətimdə kim olur- olsun, Azərbaycana qarşı siyasət dəyişməyəcək, işğal olunmuş ərazilərin geri verilməsindən söhbət belə getməyəcək. Danışıqlar yolu ilə Qarabağ məsələsinin həlli perspektivi heç vaxt olmayıb, bundan sonra da nəsə gözləmək özünü aldatmaqdan başqa bir şey deyil. XİN başçıları da , dövlət başçıları da indiyədək sayını itirdiyimiz qədər görüşlər keçiriblər. Ermənistan açıq şəkildə iddia edir ki, Dağlıq Qarabağ onlara məxsusdur və bu mövqeyindən heç bir addım belə çəkilməyib. Biz də eyni cür - Dağlıq Qarabağın bizim olduğunu deyirik. Neçə ki, Ermənistanı məcbur edəcək addımlar atılmayıb, bu ölkə islah olunan deyil. Bu gedişlə nə gözlənilir? Əlbəttə, başlanacaq müharibə də Qarabağın taleyini həll edəcək”.

Ehtiyatda olan zabit, general Yaşar Aydəmirov “Yeni Müsavat”a bildirdi ki, Qarabağda böyük savaşın başlanması an məsələsidir: “Sizi əmin edirəm ki, bu, hər an baş verə bilər. Ermənistanın baş nazirinin və müdafiə nazirinin son çıxışları, həmçinin Qarabağdakı iri miqyaslı hərbi təlimləri də başqa varianta yer qoymur. Artıq bizim səbir kasamız dolmaq üzrədir. Ona görə də Ermənistana kəskin cavab verməyin vaxtı gəlib çatıb. ”Keçinin buynuzu qaşınanda çobanın çomağına sürtər" deyiblər. Ermənilərin davranışları da o məsələyə bənzəyir. Şübhə etmirəm ki, bizim ordu düşmənə tutarlı cavab verəcək, görək onda kimə yalvaracaqlar? Humanitar yardımla aldıqları silahlarlamı bizim qarşımıza çıxacaqlar?" General dedi ki, erməni tərəf Azərbaycanı qıcıqlandırmaqla özünə qəbir qazır: “Aprel döyüşlərində çaşdılar, dərslərini aldılar. Bir az özlərinə gələndən sonra yenə də çərənləməyə başlayıblar. Bu dəfə elə zərbə endirmək lazımdır ki, artıq heç bir zaman özlərinə gəlməsinlər”.

Yazı çapa hazırlanarkən rəsmi Bakının növbəti mövqeyi yayıldı. XİN-in mətbuat xidmətinin açıqlamasında bildirilib ki, Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi “sülh mühitinin yaradılması” Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil: “Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər ”A" deyilirsə, “B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır". XİN qeyd edib ki, bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir. “Nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur”-XİN-in bəyanatında deyilir.

Əslində rəsmi Bakı Ermənistana “yol xəritəsi”ni təqdim edib. Xatırladaq ki, Azərbaycan prezidenti bu günlərdə müharibənin bitmədiyini söyləmişdi. Müdafiə naziri Zakir Həsənovsa “Tonoyanla İrəvanda görüşəcəyik”-xəbərdarlığını edib. E.Məmmədyarov isə deyib ki, “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşmalı olacaq”. İndi seçim işğalçı ölkənindir...

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.06.2019
Dağlıq Qarabağda Ermənistan hərbçisi ölüb
18.06.2019
18 iyun Mübariz İbrahimovun şəhid olduğu gündür
18.06.2019
Erməni silahlı bölmələri mövqelərimizi 82 mm-lik minaatanlardan atəşə tutub
17.06.2019
Ermənilər cəbhədə təxribatlara davam edir
16.06.2019
Sutka ərzində atəşkəs rejimi 22 dəfə pozulub