Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6442

Digər sorğular

Avtoritetin xatirələri - Bəhram Çələbi yazır

17:35  |    02 Fevral 2019  |   E-mail  |  Çapa göndər


Tanınmış yazıçı, kriminal aləmin tədqiqatçısı Bəhram Çələbi məşhur avtoritet Çopur Azərin ona danışdığı xatirələri Azvision.az -ın oxucuları ilə bölüşür.

...1988-ci ildə Xalq Təsərrüfatı İnstitutunu bitirmiş, məişət kombinatında xeyli işləmişdim. Konstruktor-modelyer kimi nəinki respublikamız, hətta kənarda da tanınmışdım. Bəlkə elə buna görə məni irəli çəkib, nazirliyə aparmış, şöbə müdiri təyin etmişdilər. Baş idarədə Qurban adında bir nəfər inspektor işləyirdi - kiminsə güclü əli ilə ali məktəbdən nazirliyin inspektoru kürsüsünə əyləşdirilmişdi.

Hər gün görüşüb hal-əhval tutar, çox vaxt yeməkxanada bir stol arxasında oturardıq. Bu neçə müddətdə o, gah qardaşının, gah əmisi oğlunun işi üçün mənə üz tutmuş, xahiş eləmiş, hər dəfə də diləyi müstəcəb olmuşdu. Hər dəfə işləri düzəlib qurtarandan sonra yaltaqcasına gülümsünər, utanmadan qımışar, soruşardı:
- Nə qulluq edim?
- Nə qulluq, canım, yoldaş deyilik? - cavab verirdim.
Son günlər Qurban burnunu dik tutub, ayrı gəzib-dolanır, nahar vaxtı harasa buxarlanırdı. Sən demə, rəisin müavini uzunmüddətli məzuniyyətdə olduğundan, rəis qeyri-rəsmi olaraq onu əvəz edən şəxs kimi müavinin otağında əyləşdiribmiş. Hər günortaya da evli pişik kimi idarəyə gələn məişət kombinatı direktorlarının qonaqlıqlarında qarın otarırmış.
İş elə gətirdi ki, idarənin rəisi xəstələnib yatağa düşdü. Qeyri-rəsmi rəis müavini əvəzi dönüb qeyri-rəsmi rəis əvəzi oldu və...

…Və günlərin birində məktəb yoldaşlarımdan biri qapını döydü. Xahişə gəlmişdi. Qeyri-adi bir şey yox idi, sadəcə olaraq, ərizəsinin cavabını tez almaq istəyirdi. Ərizəni qeydiyyatdan keçirdim, rəis əvəzinin qovluğuna qoydum və məsələnin qanunauyğun olduğuna əmin halda Qurbana bir söz demədim, düşündüm ki, uzağı iki günə cavab hazır olacaq...

Üç gün, bir həftə keçdi, cavab ləngiyirdi. Ərizənin taleyi ilə maraqlandım və rəis əvəzinin etiraz etdiyini öyrəndim. Səbəbini bilmək istəyəndə Qurbanın dostu olan inspektor iki barmağını bir-birinə sürtüb, sonra şəhadət barmağını dik tutaraq, gülümsədi, yəni 100 manat xərci var...

Üstümdə 50 manat vardı, kabinetə qayıdıb inspektorlardan borc yığaraq istənilən pulu düzəltdim və rəis əvəzinin həyasız inspektor dostuna verdim. 15 dəqiqə keçməmiş məktub hazır idi. Elə əsəbiləşmişdim ki, bıçaq vursaydılar, qanım çıxmazdı. Birdən qapı açıldı, abırsız müavin qızıl dişlərini parıldada-parıldada:
- Gedək, sənə qonaqlıq verim, - Döş cibindən çıxardığı 50 manatı göstərib yerinə qoydu.- Bu da mənim xeyrim! –dedi.
Birazdan çayxanada oturub çay içə-içə pəncərədən bayıra baxırdım. Və birdən gördüm ki, inspektorla rəis əvəzi Qurban dəniz qırağındakı restorana gedən yolla irəliləyirlər. Onların yanı ilə yortan kombinat direktoru kəsilməyə apardığını duyan qoyun kimi gedirdi...

…Nazirliyimizin əsaslı tikinti idarəsinin rəisi Qaraş Sultanov qonanlığa könülsüz razılıq verdi. Şərti bu oldu ki, axşam saat səkkizdə evdə olmalıdır. Maaş almışdıq, inspektorlardan birinin ad günü idi və təsadüfən tikinti idarəsinin rəisi də bu məclisə düşmüşdü.

Xəsis və qaradinməz adam kimi tanınan rəis Qaraş müəllim yüz qramdan sonra şirin söhbətə başladı, məzəli Qafqaz tostları dedi, lətifələr söylədi. Məclis sovulanda saat on birə işləmişdi. Hərə bir yana dağıldı və ümumi xərci Qaraş müəllim verməli oldu. Yubilyar özü də aradan çıxmışdı və təkcə mən qalıb, kənarda dayanmışdım ki, birdən kişinin pulu çatmaz. Ofisiant pulu alıb aralananda Qaraş əlini hirslə stola vurub, pis bir söyüş işlətdi və əlində tutduğu 5 manatı (bunu deyəsən ofisiant qaytarmışdı) əvvəl yerə tulladı və sonra nə fikirləşdisə, əyilib götürdü, cibinə dürtüşdürdü. Qapıya doğru yönələnəndə məni gördü və hirslə oğlu yerində olan məndən soruşdu ki, niyə qalıb onu gözləyirəm, bəyəm sərxoşammı?

Yol yoldaşı olduq. Maşına əyləşəndə keflilik kişini tutdu. Evlərinin qarşısında Qaraş müəllimi zorla maşından çıxara bildik. Mart soyuğu bir az kişini ayıltdı. Sözarası soruşdum: - Qaraş müəllim, qorxmursan evə gec qayıtmağa? Pulların hamısını xərcləmisən.
Kişi xoruzlanıb qışqırdı:
- Biz elələrindən deyilik!
Giriş qapısında Qaraş məni dala qaytardı:
- Gecdir, maşın tapa bilməzsən, sən qayıt!

Səhəri gün tikinti idarəsinin qarşısından ötəndə ayaq saxlayıb rəislə görüşmək istədim. Məsələdən xəbəri olmayan əməkdaş dedi ki, dünən axşam rəisin başına yuxarı mərtəbədən nəsə düşüb yaralayıb, işə çıxmayacaq. Bildim ki, evdə hay-küy qalxıb, arvaddan yamanca qorxurdu.
Bu hadisədən sonra hər dəfə rəisi görəndə:
- Biz elə kişilərdən deyilik, - deyirdim və uğunub gedirdim.

…Bir gün qulağmın dibindəki xoşxassəli şişi kəsdirib, üç gün işə çıxmadım. Dördüncü gün boynum sarıqlı işə gəlib başaşağı işləyirdim. Birdən qapı açıldı və içrəi Qaraş müəllimlə birgə 3-4 nəfər girib bərkdən gülməyə başladılar: - Hə, aşna... Gülmə qonşuna, gələr başına... Onlar da gülürdülər, mən də...

XƏSTƏNİN SAĞLIĞI

Əlimin aşağı olan vaxtları idi. Tərs kimi işlədiyim məişət kombinatının direktoru Yaqub müəllim xəstəxanaya düşmüşdü. Yenə hərdən bir dadımıza çatırdı Yaqub müəllim...
Dostum Yusif günorta üstü yanıma gəldi. Xeyli bir-birimizə baxıb əllərimizi ovuşdurduq. Amma nə fayda! Yemək-içməksiz söhbət də alınmırdı. Deyirlər, qarnı ac olanın başı yaxşı işləyir. Qəflətən ağlıma qəribə bir fikir gəldi. Əlimi Yusifin çiyninə şappıldadaraq:
- Axşama qədər bir təhər döz, - dedim. - axşam möhkəm yemək-içmək məndə!

Yusif bərk təəccüblənsə də, bir söz demədi. Vədələşib ayrıldıq. Məişət kombinatına gəlib, Yusif müəllimin kabinetinə keçdim. Telefrnu qaldırıb bir-bir Yaqub müəllimlə yaxın münasibətdə (direktor olduğundan, hamı Yaqub müəllimin xətrini istəyirdi) olanlara zəng etdim.

- Yaqub müəllim qəflətən xəstələnib, kəndçi xəstəxanasında yatır. Baş çəksəniz, pis olmaz. Həyatdı da nə bilmək olar… - Sonra sözarası eşitdirirdim: - Başqa heç şeyə ehtiyacı yoxdur. Deyib ki, yanıma gələn olsa, bir şüşə araq gətirsə kifayətdir...

Axşam saat doqquzda Yusifi də götürüb Yaqub müəllimə baş çəkməyə yollandım. Yaqub müəllim çaş-baş qalmışdı:
- Bu camaat xəstəxanada yatmağımdan nə tez xəbər tutub? Mən evdə demişdim ki, soruşan olsa, desinlər Moskvaya, xəstəxanada yatan qardaşımın görüşünə getmi-şəm. Bura baxın, gələn hərə qoltuğuna bir araq vurub, bir qazan xörəklə... heç bilmirəm nə edim.
Özümdən razı halda əlimi qarnıma çəkdim:
- Onun fikrini eləmə, ölməmişik ha! Çarəsi bizdə! Bir də bunun nəyi pisdir, hamı xətrinizi istəyir də...
Yusiflə qabaq-qabağa oturub bala-bala xəstənin sağlığına vurmağa başladıq. Bu minvalla düz doqquz gün məclis qurduq. Dolu butulkalar boşaldıqca, arxası gəlirdi. Fəndim yamanca baş tutmuşdu.
Amma... Bu qədər sağlıqlara dözməyən Yaqub müəllim müalicəsini yarımçıq qoyaraq xəstəxanadan qaçdı...

MƏNƏ QIŞQIR!..

Zonun yaxşı vaxtlarıydı, istehsal sahələri dağıdılmamışdı. Mən də təzə yatab olunmuşdum bura. İki gün keçmiş, tikiş sexində (burada spesovka tikilirdi) briqadaların birinə təyin elədilər. İşləyirdim bala-bala. Planı da yerinə yetirirdim. Hələ üstəlik dost-tanışa şalvardan, köynəkdən tikib əvəzinə pay-puş alırdım. Bir sözlə, günlərim pis keçmirdi. Sexdə 12 nəfər işləyirdik. Briqadirimiz də var idi, adı Nüsrət. Nədənsə Nüsrətin məndən xoşu gəlmirdi. Ali təhsilli olduğumdan bəlkə də fiikrləşirdi ki, onun yerində gözüm var. Mənim fikrim isə tamam başqaydı. İstəyirdim nümunəvi işimlə hörmət qazanım, sonra kolonun rəisindən xahiş edim, mənə ayrıca otaq versin, fərdi məşğul olum.

İş yoldaşlarım tənbəllik edərdilər, bir işi görəndə də zay məhsul buraxardılar. Briqadirin onlarla işi yox idi, yalnız mənə ilişərdi. Gah deyərdi ki, bu paltarın tikişi yaxşı deyil, gah da məhsulun zaylığını göstərərdi. Bütün bu bəhanələrə layiqli cavab verər, mənə qarşı haqsız olduğunu bildirərdim. Bu azmış kimi şuğulluqla məşğul olar, rəisin istehsal sahəsi üzrə müavininə məndən şikayət edərdi... İki gündən bir məni idarəyə çağırıb danlayardılar.

Mənə də Azik deyərlər. Çox fikirləşib axır ki, çarə tapdım. Tikdiyim spesovkalara içəridən "A" nişanı qoyurdum, elə edirdim ki, briqadirin xəbəri olmasın. Ayın axırında göndərdiyimiz məhsulun xeyli hissəsini geri qaytarmışdılar. Rəis günahkarları cəzalandırmağı briqadirə tapşıranda o, demişdi:
- Yoldaş rəis, bu işin baiskarı Azərdir, onu cəzalandırmağa gücüm çatmır.

Rəis hirslənib məni çağırtdırmışdı. İşin nə yerdə olduğunu bilib spesovkaların birini də özümlə apardım. Rəis məni görən kimi:
- Bu nədir edirsən? Səni karsa basaram!
- Vətəndaş rəis, mən brak məhsul buraxmıram. Briqadir düz danışmır.
- Necə yəni düz danışmır?
Əlimdəki spesovkanı rəisə göstərərək dedim:
- Buyurun baxın, tikdiyim spesovkalara "A" nişanı qoyuram. Geri qayıdan məhsulların hər hansı birində nişan olsa, karsa getməyə hazıram.

Rəis telefon dəstəyini götürüb kiminləsə danışdı. Ondan xahiş etdi ki, spesovkalara baxsınlar, nişan varsa, ona məlumat versinlər. Sonra geri qaytarılan spesovkaları yoxlatdırdı, heç birində nişan yox idi. Bir azdan ona bildirdilər ki, geri qayıtmayanlarda nişan var. Rəis briqadirə təpindi, mənə isə "get, işinlə məşğul ol" dedi.

Bir neçə gün keçmişdi. Briqadir üstümə çığırmaq istəyəndə ondan soruşdum:
- Məndə nə görmüsən?
O, sakit-sakit dilləndi:
- Bilirsən, Azik, sən yaxşı işçisən, sənə çığırmaqla məsuliyyətini artırmaq istəyirəm.
Özümü saxlaya bilmədim:
- Əgər bilsəm ki, üstümə çığırmağınızla məsuliyyətim artır, hər səhər işə başlamaz-dan yanınıza gəlib deyərdim: "Mən ölüm, bir dəfə mənə qışqır!.."

…Türmə elə yerdir ki, özünə tez dost tapırsan və dostunun yaşının, həbsə alındığı maddəsinin fərqinə varmırsan, təki məhbəs həyatını yüngülləşdirmək üçün həmdərdin, həmsöhbətin olsun. Mənim də yaşı yetmişi keçmiş Məmməd adında ağsaqqal dostum vardı, 95-ci maddə ilə 14 il vermişdilər ona. Bu 14 ilin 7-ni voronkada gətirilərkən amnistiya tutmuşdu, qalırdı srokunun düz yarısı. Xoşuma gəlirdi Məmməd kişinin məzəli-duzlu söhbətləri. O qədər doğmalaşmışdıq ki, dost-tanışım, ya-xud qardaşlarımdan biri yanıma gələndə Məmməd kişini də özümlə görüşə aparardım. Və bir gün yaşlı bibim deyər ki, məni Azikin yanına aparın, ölüb gedərəm, qardaşım oğlunu görmərəm...

Çox fikirləşərlər, kim aparsın bibimi. Nəhayət, qərara alarlar ki, vaxtilə on iki il srokda oturmuş bibimin oğlu ilə gəlsin zona görüşə.
Zonun radiosu ilə məni görüşə çağıranda Məmməd kişini də götürüb, görüş otağına yollandıq. Xoş-beşdən sonra oturub söhbət edirdik. Həmişə danışıb-gülən Məmməd kişi bu dəfə ağzına su almışdı. Gördüm ki, gözaltı bibimə baxır, üstünü vurmadım.

Səhəri gün başımı aşağı salıb, işimlə məşğul idim və Məmməd kişinin içəri keçdiyindən xəbər tutmamışdım.
- Azik, ay Azik! - deyəndə başımı qaldırdım.
- Buyur, Məmməd kişi...
- Bilirsən, bratişka... Bibinlə... bağlı... söhbətim var...
- Nə söhbət, a kişi?
- Axı deyirlər bibin duldur...
- Hə, elədir, - təəccüb və hirsimi boğaraq, qocalığında kişinin başı xarab olub, - deyə bir az təəssüfləndim də... - Necə bəyəm?
- Rüstəm bəy demiş: o, dul, mən dul.
Məni gülmək apardı. Söhbəti bir az zarafat tərzində yoluna qoymaq niyyətilə:
- Sənin ki, srokuna hələ çox var!
- Oğlum məktub göndərib, yazır ki, iki-üç aya əfv edəcəklər məni.
- Bibim bir az bədxərc adamdı, özü də bir oturuma iki-üç adamın yeməyini ötürür, - deyə yalan danışıb, günaha batmaqdan da qorxmadım.
- Ruzini Allah yetirər, - deyə Məmməd kişi sehirli qala kilidlərini açan antik qəhrəmanları kimi şeşmərləndi.
Bibimin hansı xoşagəlməz cəhətini "üzə çıxardımsa", qarşıma kontrarqument qoydu Mamed kişi.
Lap axırda çarəsiz qalıb Məmməd kişinin incə yerini nişan aldım:
- Bilirsən, can şirin şeydir, Məmməd kişi...
- Hə, bratuxa, başına dönüm. Dünyada hər kəsin canı özünə şirindi.
- Hamı yaşamaq, tez ölmək istəmir.
- Bə nə, bə nə... Kim yaşamaqdan doyur ki?
- Məmməd kişi, - səsimi yavaşıdıb pıçıltıya keçdim:
- Birr sirrdən agah edim ki, bibim beş dəfə ailə qurub.
- Beş dəfə?.. - Sualı kişinin varlığını titrətdi.
- Hə, beş dəfə kəbinli, nikahlı ərdə olub.
- Xasiyyətinə görə...
Fürsəti əldən verməyib qəti hücuma keçdim:
- Hər dəfə ailə qurandan bir-iki il sonra kişiləri dünyalarını dəyişib. Bir sözlə, beş kişinin başını yeyib.
Elə bil Məmməd kişini ilan çaldı. Dik atılıb çölə çıxdı, necə getdisə, düz bir həftə tikiş emalatxanamda görünmədi...
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.08.2019
Aqil Abbas: “Bu AYB-nin xalqa, dövlətə axı nə ziyanı var?”
18.08.2019
Əkrəm Əylisli müsahibə zamanı ağladı - VİDEO
06.07.2019
İkinci Mahmudun dəfn olunacağı yer müəyyənləşib
30.05.2019
Xalq yazıçısı Afaq Məsuddan Vladimir Poznerə açıq məktub
25.05.2019
Musa Yaqubun oğlu: “Sərəncamı oxuyub çox sevindik”