Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6565

Digər sorğular

Tofiq Zülfüqarov: “Paşinyana demək istəyiblər ki, bu oyun sənlik deyil”

23:35  |    25 Yanvar 2019  |   E-mail  |  Çapa göndər


“Bu və ya digər vasitə ilə belə görüntü yaratmaq istəyirlər ki, guya bu gün-sabah nə isə olacaq, ay haray, torpaqları boşaldırlar, 3-5 rayonu qaytarırlar!”

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davosda keçirilmiş görüş kifayət qədər rezonansa səbəb olub. Azərbaycan tərəfi məsələyə qısa münasibət bildirib və hər hansı narahatlıq keçirmir, amma erməni tərəfin son aylarda baş tutan sayca üçüncü görüşlə bağlı əndişəsi bitmək bilmir. Hətta Paşinyan Davos görüşü ilə bağlı açıqlama versə də, rəqibləri ondan izahat istəməkdə davam edirlər.

Əslində Davosda nə baş verib, bundan sonra nələr baş verə bilər? Bu istiqamətdə suallarımızı sabiq xarici işlər naziri Tofiq Zülfüqarova ünvanladıq:

-Tofiq bəy, Davos Forumundakı görüşdən sonra çox uzaqgedən nəticələr çıxarılır, ermənilər də xeyli narahat görünürlər. Sizin məlumatlarınız və müşahidələriniz nədən ibarətdir?

-Birincisi, indiki mərhələdə real danışıqlar mümkün deyil. Ələlxüsus ona görə ki, Ermənistan tərəfi buna hazır deyil. Nəyə görə hazır deyil? Hamı başa düşür ki, indiki mərhələdə Paşinyanın əsas diqqəti daxili siyasi vəziyyətə və ona qarşı müxalif olan qüvvələrin hər bir məsələdən istifadə etməsinə yönəlib. İkincisi, bu faktor olmadığı halda belə, Paşinyanın da mövqeyi çox sərt idi. Bu baxımdan onun şəxsi mövqeyi və indiki vəziyyətdən irəli gələn tələblər üst-üstə düşür. Yəni mən Ermənistan tərəfindən hansısa irəliləyiş gözləmirəm.

-Ermənilərdə belə bir yanaşma var ki, Nikol Paşinyan artıq danışıqlarda Dağlıq Qarabağın tərəf kimi iştirakı ilə bağlı iddiasından imtina edib. Bunun özünü irəliləyiş saymaq olarmı?

-Yox. Çünki bu irəliləyiş boş yerə yaranıb. Yəni problemi özü yaradıb, sonra da ondan imtina edib.

-Əgər dediyiniz kimi, görüşdən bir nəticə hasil olmayacaqsa, Azərbaycan niyə bu görüşə razılıq verib? Hər halda qapalı danışıqların detallarından xəbərimiz yoxdur...

- Bu da çox maraqlıdır. Sözsüz biz düşünürük ki, Paşinyan ilk dəfə Qərb siyasi elitası qarşısında yeni bir Ermənistan obrazını yaratmaq istəyib. Onun əsas məqsədi bundan ibarət olub ki, Ermənistana bu və ya digər şəkildə investisiyaları cəlb etsin. Çünki onlara maliyyə dəstəyi hava və su kimi lazımdır. Amma Azərbaycan rəhbərliyi bu görüşə razılıq verərkən elə bil orda iştirak edən siyasi və iqtisadi elitaya bir daha sübut edib ki, Ermənistanın Qarabağ konfliktinə bağlılığı mövcuddur və əgər orda bir irəliləyiş olmasa, hər bir investisiya təhlükə altında olacaq. Hesab edirəm ki, görüş üçün bu sahə və meydanın seçilməsində Azərbaycanın əsas maraqlarından biri bu idi. İkinci maraq dediyim kimi, 20 il hökm sürən formatın təsbit olunmasıdır. Azərbaycan birmənalı şəkildə göstərir ki, Ermənistanı bu vəziyyətdə əsas məsuliyyət daşıyan tərəf kimi tanıyır və burada Ermənistanın Azərbaycana qarşı işğalı, anneksiya siyasəti var. Yəni Ermənistanın hökumət başçısı Azərbaycan prezidenti ilə bu mövzunu müzakirə edir. O istəklər, bəyanatlar ki, var idi, artıq puça çıxıb. Üçüncü məsələ ondan ibarətdir ki, Azərbaycan tərəfi Ermənistanın, xüsusən Paşinyanın heç bir real danışıqlara hazır olmadığını gözəl başa düşür. Əgər biz bunu başa düşürüksə, dəqiq deyə bilərəm ki, Azərbaycan rəhbərliyi də bunu yaxşı bilir. Amma bu görüşlərdə öz mövqeyini təbliğ etmək üçün deyir ki, mən hər bir görüşə hazıram, lakin görürsünüzmü, bunlar boş-boş söhbətlərdir. Necə ki, bundan qabaq Sərkisyan boş-boş söhbətlər aparırdı, indi də Paşinyan bu mövqeyi davam etdirmək niyyətindədir. Yəni bu baxımdan biz görürük ki, Azərbaycanın məqsədi budur. Ermənistandan başqa digər qüvvələr, Rusiyadakı dairələr də, Minsk Qrupunun üzvləri də vəziyyəti elə göstərmək istəyirlər ki, guya danışıqlarda nəsə baş verib, hansısa müzakirələr var. Məsələn, Tarasov Regnum agentliyinə deyir ki, yayda ərazilər qaytarılacaq və s.

-Mümkündürmü?

-Biz başa düşməliyik ki, bu bəyanatlar həqiqətə uyğun deyil. Çünki ortadakı danışıqlarda heç nə yoxdur. Amma məqsəd ondan ibarətdir ki, Paşinyana “Qarabağ klanı”ndan zərbə vurulur. Yəni artıq bu məsələdən daxili siyasi proseslərdə istifadə olunur. Ona görə Azərbaycan tərəfi öz bəyanatlarında çox optimist olmadığını, realist olduğunu bir daha göstərib.

-Prezident Trampın Paşinyana təbrik məktubunda Qarabağla bağlı məqam geniş müzakirə olundu. ABŞ prezidenti Ermənistanın inkişafının açarının Qarabağ tənzimlənməsi olduğunu vurğulayıb. Com Bolton da İrəvanda bənzər bəyanat vermişdi. Vaşinqtondan gələn son məktub ABŞ-ın hansısa planından xəbər verirmi?

-Üzdə olan bu məlumatlardır. Amma hesab edirəm ki, müxtəlif kanallarla bu mövqe Paşinyana çatdırılıb. Yəni əgər sən istərsənsə Qərbpərəst siyasət yürüdəsən, Qərbə yaxın olasan, onda bu işləri görməlisən. Yəni quru-quru bəyanatlar və Qərblə Rusiyanın qarşıdurması şəraitində hansısa dividentlər götürməyin mümkün deyil. Paşinyana demək istəyiblər ki, bu oyun sənlik deyil. O baxımdan bu, Ermənistan rəhbərliyinə çox ciddi siqnaldır. Çünki onların hakimiyyətə gəlişinin əsas prinsiplərindən biri bundan ibarət olub ki, biz Rusiyadan ayrılıb Qərb sivilizasiyasına yaxın olacağıq. İndi burda onların Qərb sivilizasiyasına yaxın olmasının qiyməti çox ciddi şəkildə verilir. Yanaşma da ondan ibarətdir ki, sən bu qiyməti ödəyəcəksən. Sən işğal olunmuş torpaqları azad etməlisən!

-Deməli, nəhayət, ərazilərin azad olunması məsələsi birmənalı şəkildə qoyulur?

-Bəli.

-Nikol Paşinyan Davosda olduğu gün Con Boltonla da telefonla danışıb. Dediyinə görə, Qarabağdan danışmayıblar. Sizcə, telefon əlaqəsi hansı zərurətdən irəli gəlib?

-Paşinyan bir az oyunçudur. O, ictimaiyyət üçün hansısa obrazları yaratmağı öyrənib. İnanmıram ki, son məqamda ona kimsə deyib ki, onu elə, bunu belə elə! Yəni bu, ciddi siyasətin üslubları deyil. Burada bir oyun var. Dediyim kimi, onun əsas məqsədi daxili siyasətə yönəlib. Mən yenə bizim mövqeyimizə qayıdıram. Biz öz mövqeyimiz göstərdik. Yəni lazımi taktiki məqsədlərə nail olduq. İstisna etmirəm ki, Davosda deyilib ki, bu, ya belə olacaq, ya da müharibə qaçılmazdır! Mən hesab edirəm ki, bu siqnal ciddi şəkildə onlara çatdırılıb.

-Bu, Azərbaycan prezidenti ilə Paşinyan arasında üçüncü görüşdür. Məşhur “atalar üçdən deyib” məsəli burada yerinə düşürmü, yoxsa görüşlər yenə də saysız-hesabsız məcraya daxil ola bilər?

-Bu görüşlər və onların faydasını əlaqələndirmək lazım deyil. Çünki hər münaqişə tərəfi gözləyir ki, kimsə bu görüşlərdən imtina etsin və desin ki, “görürsünüz, o, sülhpərvər deyil”. Yəni hər iki tərəf görüşlərdən məmnun deyil, bu, bəllidir. Amma “yox” deməyin ziyanı daha çoxdur, nəinki bu görüşlərdə iştirak etməyin, bu, çox sadə bir məntiqdir. İstisna edirəm ki, bundan sonra da görüşlər olacaq, amma bu görüşlərin əhəmiyyəti, onlardan gözləntilərin çox aşağı düşəcək. Hələ artıq üçüncü görüşdür, amma açıq deyim ki, camaat bu görüşlərdən heç nə gözləmir. İstəyir Bolton zəng etsin, istəyir Lavrov, xeyri yoxdur. Gözləntilər çox aşağı səviyyədədir.

-Sergey Lavrov da bu yaxınlarda Azərbaycanın mövqeyini Ermənistan üçün nümunə gətirmişdi. Eyni zamanda Trampın qeyd etdiyim mövqeyi oldu. Bu mənada deyə bilərikmi ki, həmsədr dövlətlər arasında Qarabağın azad olunması ilə bağlı nəhayət, ortaq anlaşma var?

- Rusiyada gedən proseslər bir az fərqlidir. Yəni rəhbərliyin böyük bir hissəsi artıq Ermənistandan narazıdır və ermənilərin dostluğundan heç nə gözləmir. Bir balaca ermənipərəst hissə var və istisna etmirəm ki, onun başında duran elə Lavrovdur. Onlar göstərmək istəyirlər ki, Ermənistan bizə lazımdır və gələcəkdə də dostluğumuz qalmalıdır. Bu məqsədlə göstərmək istəyirlər ki, proses, danışıqlar gedir, layihələr müzakirə olunur. Hətta nazirlərin görüşünün yekununda optimist mövqelər səslənir və s. Yəni Lavrovun hara səsi çatırsa, öz mövqeyini səsləndirir. Amma əslində ortada heç nə yoxdur.

-Amma ermənilər kifayət qədər narahat görünürlər. Hətta iyunda ərazilərin qaytarılacağı barədə erməniyönlü ekspertlərin açıqlamaları da onları təşvişə salıb. Bəs, bunlar nədən xəbər verir?

-Bunu səsləndirən mənbənin kimliyi çox vacibdir. Bunu Qarabağla bağlılığı olan, ermənipərəst mövqe sahibləri yayır. Regnum və digərləri bu fikri səsləndirir. Hesab edirəm ki, bu cür bəyanatların ünvanı heç də Azərbaycan deyil. Bu bəyanatlar Ermənistana yönəlib. Onlar Paşinyan hakimiyyətinə qarşı bu şəkildə mübarizə aparırlar ki, “ay haray, torpaqları satdılar!” Ona görə də buna ciddi fikir vermək lazım deyil. Biz belə bəyanatlara uymamalı və deməməliyik ki, guya doğrudan da bunların belə niyyətləri var.

-Deməli, siz 2019-cu il ərzində sülh razılaşmasını, yaxud hansısa ərazilərin boşaldılmasını gözləmirsiniz, eləmi?

-Biz bu cür bəyanatları hər il ərzində iki-üç dəfə eşidirik.

-Əgər dediyiniz kimi, Ermənistanın qarşısında şərt qoyulubsa və Azərbaycan da torpaqların azadlığında israrlıdırsa, o halda növbəti addım nə olacaq?

-Azərbaycanın seçimi çox sadədir. Biz siyasi imkanları müzakirə edərkən başa düşürük ki, Ermənistandan bu cür addımları gözləmək düzgün deyil, onun heç bir əsası yoxdur. Amma əsas məsələ budur ki, işğalçıya nə vaxt zərbə endirək və torpaqlarımızı azad edək? Bu mənada seçim çox sadədir və bunu bizim düşmənlərimiz də yaxşı başa düşür. Ona görə də bu və ya digər vasitə ilə belə görüntü yaratmaq istəyirlər ki, guya bu gün-sabah nə isə olacaq, "ay haray, torpaqları boşaldırlar, 3-5 rayonu qaytarırlar!” Həmişə bizim ictimaiyyətə qarşı bu oyunları oynayırlar. Amma mən hesab edirəm ki, indi bunların heç bir faydası yoxdur. Çünki ictimaiyyət bunlara inanmır.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
08.11.2019
Mədət Quliyevin oğlu: "Çalışıram ki, insanlarla münasibətdə yekəxana olmayım" - VİDEOMÜSAHİBƏ
08.11.2019
32 manata yaxşı kostyumlar var, yerini göstərə bilərəm - Hafiz Hacıyev
28.10.2019
Pozneri şok edən Arzu: Nə sual verəcəyimi özümdən başqa heç kəs bilmirdi
24.10.2019
“Azərbaycanda futbol olmayacaq” - Aqil Abbas
21.10.2019
“Atamın mahnılarına siyasi rəng verirdilər, o da hirsini anamın üstünə tökürdü