Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6565

Digər sorğular

Ramiz Rövşən Allahın Yer üzünə sevgi məktubudur...

21:26  |    15 Dekabr 2018  |   E-mail  |  Çapa göndər


Bu gün müasir Azərbaycan poeziyasının qüdrətli nümayəndələrindən olan, görkəmli söz ustası, xalqımızın sevimli şairi Ramiz Rövşənin doğum günüdür.

Bu münasibətlə professor Qulu Məhərrəmlinin böyük şairə həsr olunmuş təbrik yazısını təqdim edirik.

* * *

Bu gün cəmiyyətdə mənəvi dəyərlərin gücdən düşdüyü, həqiqi ədəbiyyatın, poeziyanın, laqeydlik və süstlük dumanları içərisində azıb qaldığı bir vaxtda Ramiz Rövşən haqqında danışmaq bizi bu dumanlardan aydınlığa çıxara biləcək işıq haqqında danışmaq deməkdir. Əslində neçə illərdir ki, insanların çoxu şairin yaradıcılığına onları mənəvi təlatümlərdən xilas edəcək mistik bir qüvvə, ruh hadisəsi kimi baxır, onun şeirləri ilə yaşayır, bu şeirlərlə könüllərini ovundurur, onlarla təsəlli tapır, sabaha ümidlə boylanan ümidlərini bu şeirlərlə bəsləyirlər. Bu mənada L.Tolstoyun dediyi “Ədəbiyyat insanları tənhalıqdan xilas edir” kəlamı, sözün həqiqi mənasında R.Rövşən kimi ədəbi dühalara aiddir.
Azərbaycan ədəbiyyatı və ictimai mühitində Ramiz Rövşənin tutduğu mənəvi ərazi çox genişdir. İnsan hisslərinin oyaq olduğu, ağlın kara gəldiyi hər yerdə onu tanıyır, duyğuları təlatümə gətirən, beyinləri işıqlandıran, düşüncələri duruldan populyar şeirlərinə görə onu sevir, ehtiram göstərirlər. Hətta onun şöhrətindən darılanlar belə R.Rövşənin yaratdığı poetik nümunələri müasir bədii mədəniyyətimizin sənətkarlıqla yaradılmış inciləri olduğunu inkar etmirlər. “Populyarlıq şair istedadının göstəricisi deyil” fikri R.Rövşən kimi böyük söz ustasının yaradıcılığına münasibətdə öz gücünü itirmiş olur.

* * *
R.Rövşəndən danışmaq, çoxrəngli və çoxsəsli çağdaş Azərbaycan ədəbiyyatından, poeziyamızın metafizikasından, onun yaratdığı möcüzələrdən danışmaq deməkdir. Minillik poeziya tariximizdə ən konseptual şairlərdən biri olan R.Rövşənin yaradıcılığından söz açmaq, neçə əsrlər öncə Yaxın Şərq şeirində yeni poetik üslub formalaşdırmış M.Füzulidən üzü bu yana intellektual fırtınaların gedişatını izləmək, bu gedişatın bir şairin yaradıcılığında əbədiləşmiş və dünya ilə səsləşən ədəbi-poetik təcəssümünü görmək deməkdir. Yəni R.Rövşən əsrlərdən üzübəri yol gələn sözün tozunu silib ona yeni həyat vermiş, təkrarsız ifadə tərzi ilə onu cilalayaraq öz üslubunu yaratmış bir şairdir. Bu şarin söz bağçasında bərq vuran və dillər əzbəri olan “İlan balası”, “Toz”, “Qara paltarlı qadın”, “Göy üzü daş saxlamaz”, “Nəfəs” kimi onlarca poetik nümunələri, eləcə də nəğmələr silsiləsi onun yerlə göy arasında gərdiş edən azad ruhunun, insan duyğu və düşüncələrini yüksək sənətkarlıqla nəzmə çəkməyinin bədii ifadəsidir. Mən bu sənətkarlığın göstəricisi kimi R.Rövşənin ana dilimizin ifadə imkanlarından, xalq dilinin incəliklərindən məharətlə bəhrələnməsini, xüsusi poetik arsenalı səfərbər etmədən bir şeirlə bir roman yaratmaq məhərətini, sözdən qurduğu alliterasiyaları, alogizmləri, adi kəlmələrə ilahi ruh vermək qüdrətini bir yana qoyuram…

Uzun illərdir ki, bir yerdəyik, söz-söhbətimiz yaxşı tutur, onu yaxından müşahidə edir, yaradıcılığını diqqətlə izləyirəm. Gəldiyim qənaət budur ki, R.Rövşən yalnız şair deyil, bu ad onun istedadının, coşqun ruhani gücünün, düşüncə və intellektinin, şəxsiyyətinin miqyas və mahiyyətini tam ifadə etmir. Poeziya, nəsr, kino sənəti, dil və semiotika, fəlsəfi problemlər, dünya ədəbiyyatı, teatr, estetika, dramaturgiya, publisistika, yaradıcı peşənin möcüzələri və s. barədə şairin bilikləri adamı bu fikrə gətirir ki, Tanrı bu insanın boyuna, sanki fərqli bir missiya biçib. “Daş” povesti kimi unikal romanın, saysız-hesabsız kinosenarilərin, hər biri bir tarixi-mənəvi mənzərə sayılan esselərin, kinopovestlərin müəllifi olan R.Rövşənin qüdrətli şair R.Rövşənin kölgəsində qalmasını ədalətsizlik hesabetməkdən və sakitcə təəssüflənməkdən başqa çarə qalmır.

Bütün bunlar onu deməyə əsas verir ki, təbii istedadı, intellekti, şair fəhmi, çoxşaxəli yaradıcılığı ilə Ramiz Rövşən yalnız parlaq ədəbiyyat faktı deyil, həm də kulturoloji hadisədir. Ona görə də hesab edirəm ki, Azərbaycan poeziyasında fərqli bir cığır açaraq öz üslubunu yaratmış, öz həyat və yaradıcılıq fəlsəfəsi olan, yaradıcı ruhundan başqa heç bir kənar iradəyə boyun əyməyən və bu mənada həm də mətinlik, əyilməzlik və azad ruhun rəmzi olan Ramiz Rövşən Allahın insanlara, Yer üzünə, bizlərə bir sevgi məktubudur. Bu səbəbdən də şairin özü də, sözü də, yaradıcılığı da fərqli, ilahi bir missiya daşıyır.

Mən bu missiyanın daşıyıcısı olan qüdrətli şairi və əziz dostumuzu doğum günü münasibətilə ürəkdən təbrik edir, Allah sevgisinin onun üzərindən əskik olmamasını arzulayıram!!!

Qulu Məhərrəmli, Tanınmış ictimai xadim, professor
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
23.10.2019
“Anar da istefa ərizəsi yazmalıdır” - Gənc yazıçılardan AYB sədrinə çağırış
23.10.2019
Anar: "Yaşlı nəslin nümayəndələri vəzifədən getməlidir”
21.10.2019
Türkiyədə yazıçı Sabir Şahtaxtının “Azadlıq türküsü” romanının imza günü keçirilib
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri Özbək dilində Daşkənddə çapdan çıxıb
07.10.2019
Əllərindən almasalar, ermənilər yazıçımızın övladlarını Bakıda öldürəcəkdilər