Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6514

Digər sorğular

İrandan sanksiyalarla bağlı əks-həmlə - mühüm gəlişmələr

18:28  |    03 Oktyabr 2018  |   E-mail  |  Çapa göndər


Fikrət Yusifov: “İran neftini qaçaqmalçılıq yolu ilə kimlərəsə sata biləcək”

İran ABŞ sanksiyalarından yayınmaq üçün tərəfdaşları ilə neft alış-verişinin ikitərəfli mexanizmlərini yaradır. Bu barədə “Ria Novosti”yə İran xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib.

“Biz ikitərəfli mexanizmlər yaratmaq üçün bütün tərəfdaşlarımızla, yəni neft ortaqlarımız və başqaları ilə də danışıqlar aparırıq. Hələ İranın nüvə proqramına dair Müştərək Əhatəli Fəaliyyət Planı tətbiq olunana qədərki sanksiyalarla bağlı yaxşı təcrübəmiz olduğunu bilirik, belə razılaşmaların necə işləyə biləcəyini də bilirik. İndi yenidən danışıqlar aparırıq və bunların öhdəsindən gələcəyimizə əminəm”, - A.Araqçı bildirib.

İran rəsmisi neft ixracatını davam etdirmələri üçün müxtəlif fikirlərin olduğunu qeyd edib: “Əvvəla, tədiyə sistemini nizamlamalıyıq. Bunun da müxtəlif yolları var. Bəzi neft idxalçıları olan tərəfdaşlarımızla neft satışı və pul ödənişləri barədə ikitərəfli razılığa gəlmişik”

Abbas Araqçı

Qeyd edək ki, bu ilin mayında ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramına dair sazişi birtərəfli tərk etdiklərini və bu ölkəyə qarşı bütün əvvəlki sanksiyaları bərpa etdiklərini bildirib. Cənub qonşumuza qarşı sanksiyaların ikinci dalğası gələn ayın 4-də qüvvəyə minəcək.

A.Araqçının bu fikirlərindən sonra əsas müzakirə edilən məsələlərdən biri İran neftinin başqa bir ad altında satıla biləcəyi yöndədir. İqtisadçılar İranla tərəfdaş ölkələrdə bunun mümkün ola biləcəyindən söz açırlar.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovun qənaətinə görə, İran neftini satmağın alternativ yollarını tapacaq: “Bəlli məsələdir ki, noyabr ayının əvvəlindən başlayaraq İran neftinin satışına ABŞ-n qoyduğu sanksiya işə düşəcək. Birləşmiş Ştatlar Administrasıyası bu sanksiyanın nə vaxt tətbiq ediləcəyini bir neçə ay öncə bəyan etməklə İran neftini alan tərəflərə özlərinə yeni satıcılar tapmaq üçün vaxt vermişdi. Yəni zamanla ölçülən bu güzəşt İrana nefti satmaq üçün yeni müştərilər ayırıb tapmaq üçün verilməmişdi. Bu güzəştin ünvanı İran neftinin alıcıları idi. Sanksiyaların tətbiqindən sonra həmin alıcılar İran neftini almağın başqa üsullarından istifadə etməklə İrandan neft alarlarsa, onda ABŞ rəhbərliyi onlara qarşı sərt bir davranış nümayiş etdirə bilər. Bu isə heç kimə lazım deyil. Bu səbəbdən də İran hökumətinin indi göstərdiyi çaba tam başa düşüləndir. Demək olmaz ki, İran tərəfi öz neftini satmağın alternativ yollarını tapa bilməyəcək. Bu yollar təbii ki, tapılacaq. Lakin onlar əvvəlki kimi bir o qədər qısa və şəffaf olmayacaq. Yəni İran bir növ öz neftini qaçaqmalçılıq yolu ilə kimlərəsə sata biləcək.

O, bunu uzun illər - yəni sanksiyaların qüvvədə olduğu öncəki dönəmlərdə də etmişdi. Bu yolla neftin satışı alıcılar üçün təhlükəli olsa da, onlar qiymətlərin ucuz olması səbəbindən İran neftini almaqda maraqlı olurlar. Bir sözlə, qaçaqmalçılıq yolu ilə satılan neftin qiyməti bazarda oğurluq malın qiyməti qədər aşağı olur. Bu isə o deməkdir ki, İran bu yollarla əvvəlki qədər neft sata bilsə belə onun neft satışından itkiləri kifayət qədər böyük olacaq. Başqa bir məsələ isə budur ki, belə qara yollarla İran neftinin ən yaxşı halda 30-40%-ni satmaq mümkün ola bilər. Deməli, həm satışın həcmi, həm də qiymətlər baxımından İran böyük itkilərlə üzləşəcək. ABŞ-a da bu lazımdır. Sanksiyaların dayandırılmasından sonra İran bazara 2,5 milyon barel neft çıxarırdı. Bir aydan sonra sanksiyaların yenidən bərpa edilməsi ilə bu rəqəm 2-3 dəfə azalacaq. Bu isə İran iqtisadiyyatı üçün böyük zərbədir. Unutmaq lazım deyil ki, bu gün İrana dəstək verən tərəflər son nəticədə İrana görə ABŞ-la üz-üzə gəlmək istəməyəcək”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, İranın sanksiyalar şəraitində yaşamaqda çoxillik təcrübəsi var: “İran bu illər ərzində maksimum gücünü qoymaqla sanksiyaların təsirlərini azaltmağa cəhdlər edib. Amma nəticədə istədiyinə nail ola bilməyib. O səbəbdən idi ki, müxtəlif zamanlarda mövcud qadağaların aradan qaldırılması məqsədilə Qərblə çoxsaylı danışıqlar aparıb. Çünki digər məhsullardan fərqli olaraq neft və qazla bağlı sanksiyaları yarmaq çox çətin məsələdir. İran dünyada ən böyük neft ehtiyatı olan dövlətlərdən biridir. Sanksiyalar zamanında gizli yollarla müəyyən şirkətlərə neft satılıb. Amma bu, cüzi gəlir gətirə bilər. Onun iqtisadi vəziyyətini düzəltmək üçün neft hasilatını artırmağa və bazara daha çox neft çıxartmağa ehtiyacı var. Sanksiyalardan yan keçib böyük həcmdə neft almaq istəyən şirkətlərin ola biləcəyinə də inanmıram. Çünki bunun cəzası ağır ola bilər. Məhz neft məsələsində ikitərəfli müqavilələrin işləməsinə inamım yoxdur. Birincisi o həcmdə nefti ala biləcək dövlət üçün şirkət tapmaq və ABŞ-ı göz önünə alaraq neft sövdələşməsi aparmaq çətin olacaq. İkincisi isə hətta belə bir alıcı tapılsa, o, dollarla deyil, öz valyutası ilə bu alış-verişi etməyi təklif edəcək. Dünya iqtisadiyyatı dollara bağlı olduğu üçün bu cür sövdələşmələrin İrana heç bir xeyri olmayacaq. İrandan qat-qat böyük və iqtisadiyyatı güclü olan Rusiya illərdir ki, sanksiyalara qarşı müxtəlif tədbirlər həyata keçirsə də, ciddi bir nəticə əldə edə bilməyib. Hətta onlar da ikitərəfli razılaşmaları və milli valyutaları ilə qarşılıqlı ödənişlər etməyi bir çox dövlətlərə təklif etmişdilər. Çinlə bu barədə razılaşma da olmuşdu. Lakin bu üsul öz bəhrəsini vermədi.

Abbas Araqçının bəyanatını ilk olaraq daxili auditoriyanın rahatlanmasına hesablanmış bir addım kimi də qəbul etmək olar. Çünki ABŞ-ın nüvə sazişi razılaşdırmasından çıxdıqdan sonra tətbiq edəcəyi sanksiyaların əvvəlki vaxtlarda olandan daha təsirli olacağı öncədən proqnozlaşdırılırdı. Bu sanksiyalar ilk növbədə ölkə daxilində iqtisadiyyatı çökəltməklə daxili narazılığın artmasına xidmət edəcək. Son vaxtlar İranın milli valyutasının böyük həcmdə dəyər itirməsi daxildə yerli iqtisadiyyatı pis vəziyyətə gətirib. Görünür ki, İran hadisələrin inkişafından çox narahatdır. Bu məqsədlə bütün vasitələrdən istifadə etməyə çalışır. Amma özü də yaxşı bilir ki, bu çıxış yolu deyil. Eyni zamanda düşünmürəm ki, danışıqlar prosesinə Azərbaycanı qoşmağa cəhdlər etsin. Çünki Azərbaycan bütün gücü ilə İrana qarşı kampaniyalardan kənarda qalmaq üçün işlər görür və bunun üçün də Qərb və ABŞ-ı bir növ razı salmağa çalışır. Amma bu o anlama gəlməməlidir ki, Qərb və ABŞ-ı qarşısına alaraq sanksiyaların olmasına rəğmən İranla böyük iqtisadi layihələr üzərində işlənilə bilər. Hesab edirəm ki, İran bunu yaxşı anlayır və Azərbaycandan gözləntisi yoxdur”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.10.2019
Resulayndakı terrorçuların mövqeləri belə vuruldu - VİDEO
15.10.2019
Gəl, Əsəd, gəl - Türkiyə Minbiçə gələn Əsəd qüvvələrinə Afrindən qaçışlarını xatırlatdı - VİDEO
15.10.2019
Türk ordusu ilə döyüşə gedən erməni terrorçu batalyonu haqda faktlar (VİDEO)
14.10.2019
Minbiç əməliyyatı başladı - Suriya Milli Ordusu açıqladı - VİDEO
14.10.2019
An-72 qəzası: “Putinin aşpazı” öldü – Şok iddia