Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6574

Digər sorğular

Bİr elin yaraşığı - igid Zabil Allahverdiyev

17:05  |    26 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər

1992-ci ilin 26 sentiyabrı idi. Həyəcan, narahat dolu günlərə baxmayaraq Ağdamın Baş Qərvənd kəndində, Əppəkli dərə deyilən ərazidə camaatımız elliklə pambıq yığımındaydı.

Uzaqdan gələn top, mərmi səslərinin qorxunc səsi tarlanın kənarında pambıqçıların uşaqlarına baxıcılıq edən Badam xalanı da, dünyadan xəbərsiz uyuyan körpələri də səksəndirir, həyəcanlandırırdı. Birdən elə olurdu ki, mərmi səsindən qorxan uşaqlar ağız-ağıza verib ağlaşırdılar. Böyüklər üçün bu hal adiləşmişdi deyə işlərinə davam edir, müharibə vəziyyətində olan ölkəyə bol məhsul yığmaqla yardımçı olmağa çalışırdılar.

Digər yandan da, elə gün olmurdu ki, kəndə bir şəhid cənazəsi, yaxudda ağır yaralı xəbəri gəlməməydi. Hamı səksəkədəydi, hamı sanki nəyisə gözləyirdi.

Pambıqçılardan biri olan Fizzə xalanın isə bu gün nəinki pambıq yığmaq , heç tarlaya girmək həvəsi yox idi. Elə hey gözləri yol çəkirdi. Vər yoldaşı Minarə xala ondakı bu təlaşın səbəbini soruşdu:

-Fizzə, sən Allah yenə nolub? Əsim-əsim əsirsən, rəngin də ağğapaq olub...

-Bu gecə yuxumu qarışdırmışam. Gördüm ki, Zabili vurdular, qanı yaşıl otların üzərinə axdı, hər yer qan rəngində oldu. Hövlanak yerimdən qışqırıb qalxdım. Baxdım ki, saat 4-dür. Day ondan sonra yata da bilmədim.

Bunu deyib kədərlə köks ötürən Fizzə xalaya digər qadınlarda təsəlli verməyə çalışdı. Nəhayətində onu yuxusunun adi bir yuxu olduğuna deyəsən inandırdılar. Cunki Fizzə xala önlüyünü bağlayıb pambıq vərlərinin arasına addımladı.



Hər kəs başını aşağı salıb kolların üstündə gül kimi açmış pambıqları toplamaqla məşğul oldu. Elə bu vaxt briqadir Raqifun təlaşlı səsi eşidildi:

-Allah sən saxla, görən o toz qopara-qopara gələn maşın kimin xəbərini gətirir? Kimin dalınca gəlir?

Hamı bir anda başını qaldırdı, uzaqdan, sürətlə gələn minik maşınına tərəf boylandı.Təkcə Fizzə xala dizlərinə döyə-döyə uca səslə ağlayırdı:” Mən bilirəm, balam ölüb, balama güllə dəyib, gələn mənim dalımca gəlib, məni balamla son görüşə aparır”.

Hamı çaş-baş qalmışdı. Bilmirdilər Fizzə xalanı sakitləşdirsinlər, təsəlli versinlər, yoxsa daha qorxusuz bir fikir söyləmək üçün düşünsünlər. Maşın dayandı, Fizzə xalanın qardaşı Muşa kişi maşından yoğun-kobud səsilə ağlaya-ağlaya, hönkürə-hönkürə düşüb:” Gəl ay yazıq bacım, gəl balanla vidalaş”-dedi və bacısına sarıldı.



Zabilin qardaşı Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətinin üzvü, II qrup əlil Abil Allahverdiyev bildirir ki, Zabil Əkbər oğlu Allahverdiyev 1968-ci ildə Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub: ” Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə-sovet ordu sıralarına çağırılıb. Sürücülük peşəsinə isə ordudan geri döndükdə yiyələnib. Həmin vaxtlar - 1988-ci ilin oktyabrında Azərbaycan hökuməti tərəfindən Xocalının sosial inkişafına dair xüsusi qərar qəbul edilib. Bu qərarla əlaqədar ölkənin müxtəlif rayonları Xocalıya və bütövlükdə Qarabağa kömək göstərirdi. Azərbaycanın rayonlarından Xocalıya tikinti materialı daşınır, işçi qüvvəsi gəlirdi. Xocalı sürətlə tikilir, genişlənir və gözəl bir şəhərə çevrilirdi. 1990-cı ilin aprelində Azərbaycan hökumətinin qərarı ilə Xocalıya şəhər statusu verildi. Zabil də bu şəhərdə işləmək arzusunu ailəsindən gizlətmədi. Beləcə, Zabilin Xocalılı günləri başladı. Əvvəl fəhlə kimi tikintidə işə başlasada, sürücüyə ehtiyac olduğunu gördükdə “Zil” markalı yük maşını ilə quruculuğa-inkişafa yaxından kömək göstərməyə başladı. Artıq ermənilər getdikcə həyasızlaşır, Xocalıya, xüsusən tikintidə çalışanlara silahla hücuma keçirdilər. Tikinti briqadiri Tahir adlı iş icracısının ermənilər tərəfindən qətl edilməsindən sonra artıq Zabil kimi orda çalışanların hamısı qəzəblənmiş, hamısı yekdilliklə Xocalıların taboruna könüllü olaraq ərizə verib əsgər oldu. Xocalılar onu qorxmazlığına, ən kritik anda bir çıxış yolu tapmaq qabliyyətinə, soyuqqanlı hərəkətlərinə görə başqalarından seçirdilər. Xocalı soyqırımı zamanı dərindən sarsılan Zabil soydaşlarının qisasını alacağına and içdi və döyüş bölgəsindən bir anda geri çəkilmədi:”Abdal-Gülablı döyüşlərində xüsusi fəallıq göstərərkən idarə etdiyi ”Zil”markalı maşın vuruldu. Ermənilərin dəstə şəklində bir cığırdan irəliləməsi və maşının içərisində olan 25 döyüşçünü əsir götürməyi an məsələsi çevrildi. Cəmi 5 dəqiqə keçsə, düşmən böyük bir qənimət əldə edəcəkdi. Həmin an Zabil soyuqqanlı davranaraq maşında saxladığı qumbaraları ermənilərin keçəcəyi cığıra atdı. Gözlənilmədən üzərilərinə atılan qumbaralardan çaşmış ermənilər onlara qarşı hücum olduğunu zənn edərək pərən –pərən düşdü. Bizim əsgərlər isə bu fürsətdən istifadə edib özlərini toplayaraq döyüşə girdilər. Erməni əsgərlərindən bir neçəsinin qumbara atəşindən ölməsi onları vahiməyə saldı və onlar başılovlu geri çəkildilər”.



Fazil də qardaşı ilə bağlı xatirələri acı kədər içərisində xatırlayır:” Fərrux dağı uğrunda döyüşlərdə qardaşım əsil qəhrəman kimi şəhid oldu. Elə bilirəm, o yaşasaydı daha cox iş görərdi, xalqa daha cox xidmət göstərə bilərdi. Bir dəfə Zabil evə çox pərişan və kədərli gəldi.Gözləri elə hey yol çəkirdi. Nə baş verdiyini soruşdum. Atamda, anamda otaqda idilər deyə cavab vermədi. Arada fürsət tapıb nə baş verdiyini, xasiyyətinin əksinə olaraq çox qəmli olduğunun səbəbini soruşdum. Zabil bildirdi ki,ermənilər ratsiya ilə əsgərlərimizi qəzəbləndirir, onlara əsir düşmüş qızlara-qadınlara efirdə işgəncə edir,qadınların da fəryadı göylərə bülənd olur. Sonrada:”Cəsarətiniz çatırsa, gəlin qızlarınızı əlimizdən alın”- deyə qəhqəhə çəkirdilər. Əsir qızların fəryadını eşidən əsgərlərimizi güclə saxlayırdıq, psixoloji durumları gərgin vəziyyət almışdı. Batalyonun hamısı ayağa qalxmış, əmr gözləmədən əlinə silah alıb erməni səngərlərinə atılmaq istəyirdilər.



Komandirlərimiz də onları durdurmaqda çətinlik çəkirdi. Biz bilirdik ki, ermənilər bizi təxribata çəkir, hardasa pusquya salıb qırmağa çalışır. Bunu qəzəblənmiş, ölümün fərqində olmayan əsgərə anlatmaq mümkün deyildi. Qəflətən ağlıma bir fikir gəldi. Batalyonumuzda Məlahət adlı tibb bacısı var. Bildiyim erməni dilində söyüşləri, cümlələri ona öyrətdim. Ratsiyanı Məlahətə verdim. Məlahət erməni dilində qışqırmağa başladı:” Qardaşlar, məni bu türklərin əlindən alın, məni xilas edin!” Sonra qəflətən susdu və mənə yalvardı ki, gəl sacımdan tut və məni sürü, qoy qışqırığım təbii alınsın. Bunu eləmək istəməsəmdə məcbur idim. Bir batalyon uşağın həyatını xilas etməliydik. Beləcə, Məlahətin o “qaraqışqırığından ” sonra ermənilər azərbaycanlı əsirlərin səsini efirə vermədilər. Əsgərlərimizi xilas etdik. Amma erməni əsirliyində olan qadınlarımızın-qızlarımızın o ürəkparçalayan fəryadları qulağımdan getmir”.

Bax, bizim kəndimizin igid oğlu belə ağıllı, belə cəsur, belə səriştəli idi. Ölüm imkan vermədi ki, erməni cəlladlarına , namus, qeyrət, torpaq oğrularına qarşı sonunadək döyüşsün. Arzuları, gələcəyi, ömrü kimi döyüşüdə yarımçıq qaldı. Zabil şəhid oldu, dəfn edildi, sevdiyi torpağa qarışdı. Buna yalnız onun sevdiyi qız inanmadı. Yalnız o qız 27 ildir ki, Zabil adlı bir igidin yolunu gözləyir, gözləyir...

1 yanvar 1968-ci il - Zabil adlı bir oğul dünyaya gələndə onu yalnız ailəsi və birdə yaxınları qarşıladı. Amma 1992-ci ilin 26 sentyabrında onu bir böyük Qarabağ eli əbədiyyətə uğurladı. Zabilin məzarı Qərvənd qəbiristanlığında erməni qoşunları ilə neytral zonada yerləşir. Dəfələrlə özü kimi məzar daşı da namərd gülləsindən parça-parça olub, ucub-tökülüb. Yenidən qurulub və heç nə dəyişməyib...Erməni vandalları öz əməllərini dayandırmır.

P.S. Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Zamanın gedişində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə zaman, tarixi hadisələr var ki, heç vaxt unudulmur. Nəsillər bir-birini əvəz etdikcə bu tarixi gün daha çox xatırlanır, insanların yolunu işıqlı bir zirvəyə doğru aparır. Bu zirvə ən ali müqəddəs və şərəfli olan şəhidlik zirvəsidir. Çünki şəhidlər uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edən insanlardır. Məhz bu səbəbə görə, bizlər heç vaxt Zabili eləcə də, minlərlə şəhidimizi unutmayacayıq! Qarşınızda baş əyirik!



(Şəhid əmisi Zabil Allahverdiyevin adına layiq gənc əsgər Zabil Allahverdiyev! Allah bütün əsgərlərimizi qorusun! )

Əntiqə Rəşid
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.11.2019
Bakıda havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır - FAKTİKi HAVA
22.11.2019
Nazir: "Kobud pozuntulara yol verən 6 hakim vəzifədən azad edilib"
21.11.2019
Prezident İlham Əliyev: “Gələn il minimum 3 min köçkün ailəsi yeni evlərə köçəcək”
21.11.2019
Azərbaycanda Ombudsman dəyişir, üç nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
21.11.2019
“Alı zirvəsi" filminin təqdimatı keçirilib - FOTO