Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6476

Digər sorğular

Düşməni darmadağın ssenarisi – Azərbaycanın müharibə hüququ gündəmdə

16:42  |    18 Sentyabr 2018  |   E-mail  |  Çapa göndər


Bakının anti-işğal planı - paytaxtdakı möhtəşəm hərbi paraddan sonra böyük təlimlərə start verildi; ildən-ilə artan hərbi qüdrətimiz savaş haqqının reallaşacağı günü yaxınlaşdırır...

Gələn həftə BMT Baş Məclisinin növbəti sessiyası öz işinə başlayacaq. Sessiyanın gündəliyində Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və digər əraziləri ilə bağlı məsələ də var. Ötənilki sessiyada bu məsələ bəzi səbəblərdən müzakirəyə çıxarılmasa da, bu dəfə işğal mövzusunun diqqət mərkəzinə gətiriləcəyi ehtimalı böyükdür. Bunu ən azından, münaqişə zonasında müharibə riskinin heç vaxt olmadığı qədər yüksək olması reallığı diktə edir.

Belə vəziyyət gözlənildiyinin əksinə olaraq, Ermənistanın yeni rəhbərliyinin də Qarabağla bağlı destruktiv mövqeyi ilə birbaşa bağlıdır. Hər halda, fakt budur ki, erməni baş nazir Nikol Paşinyan problemin sülh yolu ilə nizamlanması məsələsində əvvəlki rejimlərdən və sələflərindən də maksimalist və absurd mövqe tutur, hətta öz ölkəsinin hərbi potensialı ilə düz gəlməyən davakar ritorika sərgiləyir. Bu isə sülhə ən kövrək ümidləri belə dağıdır, ərazisinin 20%-i işğal altında olan Azərbaycana müharibədən başqa çıxış yolu qoymur.

***

Yeri gəlmişkən, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, ərazisi təcavüzə uğrayan bir dövlətin hərbi müdafiə hüququ var. Yəni Azərbaycan həmin maddəyə uyğun olaraq, atəşkəs rejiminə son qoyub öz ərazi bütövlüyünü hərbi yolla da təmin edə bilər. Bundan əlavə, BMT Nizamnaməsinin 25-ci maddəsində deyilir ki, qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası məcburidir. Dağlıq Qarabağla bağlı 4 məlum qətnamə də eyni sıraya aiddir.

Göründüyü kimi, BMT Nizamnaməsinin hər iki maddəsi Azərbaycana münasibətdə reallaşmamış qalır. Lakin 25-ci maddənin tələbinin həyata keçməsi böyük dövlətlərdən - əsasən də Rusiya və ABŞ-dan asılı durumdadırsa, 51-ci maddə - müharibə hüququ bilavasitə Azərbaycana aiddir və onu bizim əlimizdən kimsə ala bilməz. Ölkəmizin ildən-ilə artan hərbi qüdrəti bu hüququn reallaşacağı anı günbəgün yaxınlaşdırır.

Söz düşmüşkən, Ermənistan rəhbərliyinin son təxribatçı ritorikası fonunda dünən Azərbaycan Silahlı Qüvvələrinin növbəti genişmiqyaslı hərbi təlimi başlayıb. Sentyabrın 17-dən 22-dək ordumuzun müxtəlif qoşun növlərinin iştirakı ilə keçiriləcək əməliyyat-taktiki təlimlərə 20 mindən artıq şəxsi heyət, 200-dən çox tank və digər zirehli texnika, 120-dən çox müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 10-dək qırıcı və bombardmançı, 20-dək müxtəlif təyinatlı ordu aviasiyası cəlb olunub.

Həm təlimlər, həm də Bakının Qafqaz İslam Ordusu tərəfindən daşnak-bolşevik ünsürlərindən azad olunmasının 100 illiyi ilə bağlı ötən şənbə paytaxtımızda keçirilən hərbi parad şəksiz ki, düşmənə növbəti xəbərdarlıq ismarışıdır. Son 3 ay ərzində Bakında iki möhtəşəm hərbi paradın düzənlənməsi, paytaxtdakı ikinci paradı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevlə birgə seyr eləməsi işğalçı tərəfə güc nümayişi ilə yanaşı, iki qardaş ölkənin hərbi ittifaqının sarsılmazlığının nümayişi idi. Parad zamanı etdiyi çıxışında Ərdoğan bir daha Qarabağ məsələsində Türkiyənin prinsipial mövqeyini bəyan elədi, Azərbaycan torpaqları işğaldan azad edilməyincə sərhədlərin açılmayacağını, bunu gözləyənlərin boşuna gözlədiklərini qəti şəkildə söylədi.

Onu da xüsusi qeyd edək ki, budəfəki hərbi təlimləri əvvəlkilərdən fərqləndirən mühüm bir özəllik var. Bunu yayılan rəsmi məlumatdan görmək olar: “Hərbi təlimlər zamanı eşelonlaşdırılmış düşmən müdafiəsinin tanklar vasitəsilə müxtəlif istiqamətlərdə yarılması, Qarabağ ərazisindəki Ermənistan hərbi qruplaşmalarının, eləcə də onun ön xətt qüvvələrinin darmadağın edilməsi, düşmən ərazisinin dərinliyində yerləşən hərbi və strateji obyektlərin raket-artilleriya və aviasiya zərbələri ilə məhv edilərək ərazilərimizin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək”.

Təlimlərdə həmçinin son illər ərzində Azərbaycan ordusunun silahlanmasına qəbul edilmiş ən yeni hərbi texnika və silahlara şəxsi heyətin yiyələnmə vərdişləri yoxlanılacaq. Başqa sözlə, bu, əslində düşməni darmadağın etməyə yönəlik, konkret anti-işğal ssenarisidir. Demək, ona və onun havadarına aydın bir mesajdır.

***

Söhbət əlbəttə ki, ən əvvəl Rusiyadan gedir - o Rusiya ki, hazırda onun rəhbərliyi ilə Paşinyan iqtidarı arasında gərginlik yaşanır. Ancaq hələ ki bu gərginlik Qarabağ məsələsində Bakı üçün əlavə “kart-blanş”a səbəb olmayıb. Moskva hələ də konfliktə yanaşmada ənənəvi “qamçı və kökə” siyasətini davam etdirir.

“Rusiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyi dəyişməz olaraq qalır”. Bunu ötən həftəsonu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi təmsilçisi Mariya Zaxarova brifinqdə bəyan edib.

“Biz müxtəlif ölkələrdə Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı verilən bəyanat və açıqlamaları təhlil edirik. Rusiyanın mövqeyi dəyişməzdir. Bölgənin yekun statusu siyasi-diplomatik yollarla təyin olunmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya razılıq əldə etmələri üçün tərəflərə özünün vasitəçilik dəstəyini göstərəcək”, - deyə XİN rəsmisi bildirib. Zaxarova onu da deyib ki, tərəflər də irəliləyişə nail olmaq üçün müvafiq ab-hava yaratmalıdırlar.

Lakin Moskvanın Qarabağ məsələsinin dinc həllində maraqlı olduğunun səmimiliyinə, daimi sülhə kömək etmək istəyinə inanmaq çətindir. Bunu Kremlin layihəsi olan Avrasiya İqtisadi Birliyinin bəzi sənədlərində, daha dəqiqi, qurumun iqtisadi komissiyasının rəsmi statistik məcmuələrində Dağlıq Qarabağın Ermənistan ərazisi kimi göstərilməsi bir daha təsdiqləyir.

Bu yaxınlarda Rusiya prezidentinin Xocalı hərbi canisi, Ermənistanın sabiq prezidenti və Qarabağ məsələsində radikal mövqe tutan Robert Köçəryana şəxsən telefon açaraq onun ad gününü təbrik eləməsi də şübhə yox ki, Azərbaycana qarşı, yumşaq desək, xoşməramlı jest sayıla bilməz. Bir daha aydın olur ki, Moskva Dağlıq Qarabağ probleminə, Azərbaycanla Ermənistan arasında münaqişəyə sırf regionda möhkəmlənmək, Azərbaycanla Ermənistanı öz nüfuz dairəsində saxlamaq vasitəsi kimi baxır. Hər necə olmasa, dünya bilir ki, Rusiya Qarabağda sülh istəsə, buna satellit Ermənistana təsir eləməklə çox qısa müddətdə nail ola bilər. (musavat.com)
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.09.2019
Fuad Qəhrəmanlı ilə Zümrüd Yağmur arasında məhkəmə başladı - İlk iclas
19.09.2019
"Qafqaz Neoliti" filminin təqdimatı keçirilib
19.09.2019
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib- SİYAHI
19.09.2019
Misir Mərdanov: Nə altımda milyardlar var, nə üstümdə... - Video
19.09.2019
Sabahın havası: Rayonlarda leysan yağacaq