Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Hay ver mənə, cənab leytenant!- Şəhid Yavər Babayev

02:25  |    24 İyul 2018  |   E-mail  |  Çapa göndər

Qarabağ cəbhəsində döyüşlərin qızğın getdyi vaxtlar idi.

Qəfil bir xəbər nəinki cəbhədə döyüşən əsgərləri, eləcə də, bütün Azərbaycan xalqını sarsıtdı. Bəli, 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı 836 saylı alayın yaradıcısı və komandiri, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyev, kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri- leytenant Yavər Babayev, Mübariz və Araz Mirzəyevlər (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir), 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynov şəhid olublar.

Ölümündən sonra Şirin Mirzəyev “Azərbaycanın Milli Qəhrəmanı”, Qahir Hüseynov isə “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.

Bu gün haqqında ən az yazılan qəhrəmanlarımızdan biri olan Xüsusi Təyinatlı Hücum dəstəsinin komandiri, leytenant Yavər Babayevdən söhbət açacağıq.



Y.Babayev 1959-cu ilin iyul ayının isti günlərindən birində Ağdam rayonu Tərneft kəndində, zəhmətkeş bir ailədə anadan olub. Yaşıdları kimi məktəbə gedib, oranı bitirdikdən sonra sovet ordusuna hərbi xidmətə yola düşüb. Hərbi xidməti başa vurduqdan sonra doğma kəndinə dönüb. Əvvəl oxuduğu Gəncə Politexnik Texnikumunda (indiki Gəncə Texniki Kollecində) təhsilini davam etdirib. Məzun olduqdan sonra isə savxozda dinc əməklə məşğul olub. 1982-ci ildə el-obasının ləyaqətli bir qızı ilə ailə qurub, övlad sahibi olub.
Amma dünya yavaş-yavaş dəyişir, zəmanə başqalaşır, hər tərəfdə bir təlatüm, bir calxalanma baş verdiyi hiss olunurdu.

Bu o vaxta təsadüf edir ki, erməni qonşularımızın təcavüzkar əməlləri öz həddini kecmiş, artıq Qarabağda bir münaqişə ocağı yaranmışdı. Elə həmin vaxtlar Tərneft kəndinin gəncləri səfərbər olub birləşir, xalqının,vətəninin dar günündə silaha sarılırlar. Kənddə yaradılmış Ağdam özünü müdafiə batalyonunun rota komandiri isə vətənpərvər və cəsur olduğu üçün bütün həmyerlilərinin hörmətini qazanmış Yavər Babayev seçilir.

Onunla çiyin-çiyinə vuruşmuş Qarabağ qazisi Rafiq Kərimov o günləri kədərlə xatırlayaraq bildirir ki, Yavəri döyüşçülərin gözündə ucaldan hücum vaxtı əsgərlərdən öndə durması, döyüşürkən özünü tamamilə unutmasıdır:” Sırxavənd kəndi işğal olunduqdan sonra erməni ordusu Əliağalı kəndinə girmişdi.



Amma biz onları geri oturtmaqla Yeni Qaralar və Sırxavənd kəndləri arasında mudafiə mövqeyini bərpa etdik. Şirin Mirzəyevin məqsədi Yavər Babayevin bölüyünü və bir tankı ekipajı ilə nəzərdə tutulmuş mövqeyə yerləşdirərək, möhkəmlətmək idi. Sırxavənddə şəhid olmuş, itkin düşmüş və yaralanmış döyüşçülərimizin olması bizi çox sarsıtmışdı. Buna baxmayaraq bizə ən vacib olan müdafiə mövqeyini gücləndirmək idi. Kəşfiyyatdan yenicə gəlmiş Yavər zabitlər üçün otaqda uzanmışdı. Çox yorğun və üzgün idi. Sanki şəhid olacağını anlamışdı. İkimiz idik otaqda... Dedi ki, komandir deyir bölüyü yığ, gəl Qaralara. Amma getməyə həvəsim yoxdu nəsə. Dedim ki, sən dincəl. Bölüyü mən aparım. (Mən onun müavini idim). Sözlərimi bitirən kimi o, cəld çarpayıdan sıçrayaraq ayağa qalxıb, dedi: “Komandirin əmrini yerə sala bilmərəm!”

Həmin gün Ş.Mirzəyev 18-nəfər olmaqla yenidən Sırxavənd kəndinə kəşfiyyat qrupu göndərdi. Məqsəd yaralı və ya şəhid olmuş döyüşçüləri ordan götürmək idi. Biz müəyyən etdiyimiz mövqeyə baxış keçirmək məqsədilə daxili qoşunların durduğu mövqedən keçərək bir az da qabağa getdik. Maşınlardan düşdük, Mirzəyev, Qahir Həsənov, Yavər Babayev və “Arkadaş” ləqəbli Fəxrəddin mövqeyə yenidən baxaraq məsləhətləşmələr aparırdılar.



Yekunlaşdırıb maşınlara minib qayıtmaq istəyirdik . Ş.Mirzəyevin UAZ-ında sürücü ilə birlikdə 6-nəfər varıydı. Mən iki dəfə cəhd elədim ki, onların maşınına minim, yerləşə bilmədim. Başqa maşına əyləşdik. Komandirgillə bizim maşının ara məsafəsi 4-5 metr olardı. Orada kiçik bir yoxuş var idi ki, qalxan kimi yol sola dönür və həmin döngəyə də əsgərlərin durduğu səngər birləşirdi. Bunlar döngəyə girən kimi partlayış oldu. Elə bildim Fərrux dağından atırlar. Tez ora qaçdım və gözlərimə inanmadım. Qabaq sağ qapı tərəfdən Mirzəyev əlində rabitə dəstəyi yerdə uzanılı halda idi. Silkələdim, “komandir, komandir” qışqırdım. Komandir bircə kəlmə - "Nə olub?" - dedi. Komandirin dilindən son dəfə eşitdiyim o kəlmələr oldu. Şofer Mubariz sinəsilə sükana yapışmış vəziyyətdəydi və maşının siqnalı çalırdı. Fəxrəddin qışqırdı ki, tez komandiri, Mubarizi (sürücü) bir də Arazı maşına mindirək. Biz bunu bir anda etdik. Mubarizi maşına güclə mindirdik. Qahir Həsənovun ayağının biri qopmuşdu, son nəfəsiydi. Mubarizlə Qahiri (Qahir Goranboy rayonu Sarov kəndində anadan olub. Elə o kənddə də dəfn olunub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib) yanaşı qoydum. Qaranlıq düşmək üzrəydi. Yavəri tapa bilmirdim. Bir az gəzdikdən sonra Yavərin meyidin 12-13 metr aralıda arxası üstə koma tökülmüş otdan görünməyən daş komasının üstündən tapdım. Sonda sanitar UAZ gəldi. Bu üç igidi götürüb Sarıcalı hospitalına gətirirdik. Yolda mənim qardaşımla Yavərin qardaşı qarşımza çıxdı. Ona qədər sanitarın sürücüsünə və həkimə qışqırmaqdan başqa heç nə edə bilmirdim. Lakin bunları görəndə bir kəlmə qışqırıb ağladım ki, Yavərgil yoxdu”.



Rafiq Kərimov qəhərləndiyi üüçn danışığına ara verir. Onun bacısı, Yavər Babayevin xanımı Mülayim Babayeva göz yaşlarını silərək söhbəti davam etdirir:”Yavərin yadigar 2oğul övladı var.O. döyüşə gedəndə uşaqlar körpəydi. Deyirlər, övlad dünyanın ən gözəl nemətidi. Amma onda elə bir vətən sevgisi, elə bir torpaq təəssübkeşliyi vardı ki, uşaqlar heç gözünə də görünmədi.Onun şəhid olması ailəmizə böyük bir zərbə oldu. Az keçmədi ki, ikinci bir böyük zərbə ilə üz-üzə qaldıq. Torpaqlarımız, yurd-yuvamız işğal olundu.Nə edəcəyimi, hara

gedəcəyimi də bilmirdim. Nə yaxşı ki, həyatımızda doğmalarımız var, onların sayəsində ayaqda qalmağı bacarıq. Bacım-qardaşım, atam, həmcinin Yavərin doğmaları bir problem olanda başımızın üstünü kəsdirirdilər. Uzun illərdi, didərginlik həyatının əzab-əziyyətlərini Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən “Abşeron” sanatoriyasının 6-cı korpusunun ucuq-sökük binasında çəkirik. Heç bir normal şəraiti olmayan bu korpusda necə deyərlər, kirpiyimlə od götürərək, balalarımı boya-başa çatdırdım, çalışdım tərbiyəli, savadlı, atalarının adına layiq övlad olsunlar. Şükür ki, buna nail oldum. Saleh atası kimi hərbi sahəni seçdi, kapitandır. Mübariz isə Daxili İşlər Nazirliyinin əməkdaşıdır.

Hər bir Azərbaycan vətəndaşı kimi bizim ailəmizin də ən böyük arzusu işğal altındakı torpaqlarımızın azad edilməsi, o torpaqlarda uyuyan şəhidlərimizin məzarının ziyarət olunmasıdır”.



“Mülayim xanım, sanatoriyanın xarabaya bənzər binasının 2 dar otağında uzun illərdi 2 uşaq böyütmüsünüz, İndi onlar ailəlidi , övladları var, siz bura necə sıxırsınız? Bu illər ərzində bu məsələ ilə bağlı hər hansı bir təşkilata müraciət etmisinizmi, kömək istəmisinizmi”?-sualıma Mülayım xanım bir az gec cavab verdi:”Əslində, dövlətimiz sağ olsun ki, şəhid ailələrini imtiyazlar verib. Kompensasiya, ev, maşın... Yeganə aldığım kompensasiyadır. Onu da bizə və qaynatamgilə yarı bölüblər. Məni tanıyanlar bilir ki, heç vaxt öz şəxsi ehtiyaclarım üçün hansısa qapını döyməmişəm. Amma bir fikir beynimdə kök salıbdı. Deməsəm ürəyim partlayar. Biz hər ilin iyunun 18-də evimizdə il mərasimi keçirdirik. Həmin yas mərasimlərində Yavərin silahdaşları da iştirak edir.( çoxu kəndimizin adamlarıdır). Onlar Yavərin cəsurluğundan, igidliyindən, erməniyə qarşı barışmazlığından bəhs edən, yaddaşlarına həkk olmuş hadisələrdən fəxrlə danışırlar.Və sonunda təəssüflə qeyd edirlərki, komandirə hələ də layiq olduğu qiymət verilməyib. Yavər Babyev vətənə xidmətlərinin dövlət tərəfindən qiymətləndirilməsi nəinki bizim ailənin, eyni zamanda silahdaşlarının, eləcədə onu tanıyanların ən böyük arzularından biri olardı. Amma daha böyük arzum isə yenidən doğma kəndimizə-Qarabağımıza dönməkdi. Ali Baş Komandan, cənab İlham Əliyevin çıxışlarını maraqla izləyirəm.Onun “Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaranmasına imkan verməyəcəyik” qərarı ürəyimdən xəbər verir. Mən də inanıram ki, əgər düşmənlərimiz danışıqlar yolu ilə torpaqlarımızı tərk eləməsələr dövlətimiz və ordumuz onlara layiq olduğu cavabı verəcək, onları geri çəkilməyə məcbur edəcək. Mənim oğullarımda bu müqəddəs döyüşdə dövlətin yanında, prezidentinin əmrinə müntəzirdilər. Hər zaman döyüşə hazırdırlar!

Şəhid Yavər Babayevin əzizləri ilə sağollaşıb ayrılırıq. Uzaqdan gələn- Şəmistan Əlizamanlının ifasında səslənən “Leytenant” mahnısının sədaları altında şəhidlərimizin məğrur simaları bir daha gözümüzün önündə canlanır. O leytenantlardan birinin də adı Yavər Babayev idi.

Barıt qoxulu o yollar o yollar,
Səni bəs nə vaxt qaytarar qaytarar,
Səndən təsəlli bir zabit mundiri,
Bir cüt ulduzlu, aylı paqonlar.

Hay ver mənə, cənab leytenant,
Hay ver mənə, leytenant,
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə leytenant.


Əntiqə Rəşid
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi
01.06.2020
Atəşkəs yenə pozulub