Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Şəhid polkovnik Rahim Əliyev: "Yastığım Vətən daşı..." - XÜSUSİ VİDEO REPORTAJ

18:18  |    24 Yanvar 2018  |   E-mail  |  Çapa göndər

Evdən deyil, eldən gedən oğullardan biri ilə də vidalaşdıq.

O, hərbçi olmaq üçün doğulmuşdu. Vətənini canından çox sevdiyi üçün elə 14 yaşında hərbi təhsil almağa qərar vermişdi. Heç kəsin ağlına belə gəlməzdi ki, 26 il fasiləsiz olaraq Azərbaycan Ordusunda xidmət etmiş, Ağdamın işğalı zamanı qərargah rəisi kimi ən gərgin döyüşlərdən salamat çıxmış polkovnik Rahim Əliyevin şəhidliyi 20 Yanvar - Ümumxalq Hüzn gününə təsadüf edəcək.

Qəhrəmanlar haqqında yazmaq olduqca çətindir, ağrılıdır, həm də qürurvericidir. Çünki vətən üçün canından keçməyi bacaran hər bir şəhidimizin ömür yolu örnəkdir. Yaşından, hərbi vəzifəsindən, orduda tutduğu mövqedən asılı olmayaraq, onlar bir amal uğrunda vuruşublar. Doğma torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanan polkovnik Rahim Əliyev də Lələtəpə və Cocuq Mərcanlının düşmən işğalından azad edilməsi əməliyyatlarında iştirak edib.

Polkovnik Əliyev aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə prezident İlham Əliyevin 19 aprel 2016-cı il sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov polkovnik Rahim Əliyevin yaxın dostu olub. Onun sözlərinə görə, polkovnik Rahim Əliyev bu dünyadakı son addımlarını da işğal altındakı torpaqlara, o cümlədən Ağdama doğru atarkən şəhid olub: "1992-ci ildə Rahim Ukraynadan Azərbaycana könüllü gəlmişdi. Müdafiə Nazirliyinin əmri ilə 1992-ci il iyunun 24-də 859 saylı hərbi hissəyə ezam olundu. Qərargah rəisi oldu, elə dostluğumuzun tarixi məhz o illərə gedib çıxır. Rahim mənim əqidə qardaşımdır. Hərbçi müəllimim olub. Onun yoxluğu haqqında danışmaq çox çətindir. Çünki hərbdən başlayan yolumuz sonradan ailəvi dostluğa çevrilmişdi".

Ədalət Məhərrəmov deyir ki, Rahim Əliyev peşəkar hərbçi olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirəndən sonra Ukraynaya gedib. Oradakı Hərbi Akademiyada təhsilini davam etdirib. Rahim peşəsinə o qədər vurğun olub ki, Ukraynadan sonra biliklərini təkmilləşdirmək üçün Almaniyaya gedib. Sonra yenidən qayıdıb Ukraynaya. Qarabağ müharibəsi vaxtı könüllü şəkildə Azərbaycana gəlib: "Rahimin böyüklüyü həm də onun insanlığı idi. Tabeçiliyində olan hər bir əsgərə öz balası kimi baxardı. Yüz ölçüb bir biçərdi, dövlətimizi canından çox sevərdi. 859 saylı hərbi hissədə qullu edərkən Bakıya ezam olundu. Təxminən 2-3 ay qaldıqdan sonra yenidən Müdafiə Nazirliyinə müraciət edib, cəbhə bölgəsinə yollanmışdı. Deyirdi ki, mən cəbhə xəttində olmalıyam, axı şəhid qardaşlarım var".

"O dövrdə mühəndis-istehkamçılar az olduğuna görə Rahim bütün Ağdam boyu xidmət edirdi" - deyən Ədalət Məhərrəmovun sözlərinə görə, Rahim bölgədəki səngərlərin hamısına nəzarət edirmiş. İstər minaların təmizlənməsi olsun, istərsə də yenidən minalanma olsun – bütün işləri nəzarətə götürən şəhid qəhrəmanımız Füzuli, Qubadlı və Kəlbəcərdə də əməliyyatlarda iştirak edib.

Ağdamın Cəvahir kəndində təlim üçün yer götürən Rahim Əliyev minaları elə düzəldərmiş ki, ermənilər tapa bilməsin. Elə sonuncu dəfə Lələtəpə uğrunda gedən döyüşlərdə də səngərdən çıxmayıb: "Elə yastığı da, döşəyi də səngər idi. Onun yataq yeri də səngər olub. Özünün ixtirası belə olub, müdafiə etdi. İxtira etdiyi hərbi elementlər inanıram ki, hələ bundan sonra da döyüşlərdə istifadə olunacaq. Lənkəranda doğulmuşdu, amma deyirdi ki, "mən Ağdamın fəxri vətəndaşıyam". 3 il bir səngərdə dayanmışıq. Rahim həmişə deyərdi ki, polkovnik də ola bilərsən, əsas insan ol! Rahim kiməsə qıymazdı, hər kəsi yola verərdi".

"Ən böyük silah insanın ruhudur" deyərmiş polkovnik Rahim Əliyev. Aprel döyüşlərində Rahim bəy Füzulidə istiqamətində döyüşüb. İstefada olan polkovnik Fərman Qasımovun sözlərinə görə, aprel döyüşləri zamanı elə bir gecə olmadı ki, Rahim bir saat yatsın. Əsgərlərlə çiyin-çiyinə döyüşürmüş. O, Azərbaycanda ən peşəkar istehkamçılardan biri olub. Deyirlər, istehkamçı yalnız bir dəfə səhv edir: "O, vətəni üçün sadiq övlad oldu. Saçından dırnağına kimi hərbçi idi. Rahim xidmət dövründə həmişə fərqlənib. Hərbi xidmətdə bir məktəb qoydu getdi. Onun yetirmələri bu gün də Azərbaycan Ordusunda çoxluq təşkil edir. Döyüşə-döyüşə davamçılar yetişdirib".

Yaşar Şəbəndiyev də Rahim bəyin döyüşçü dostlarındadır. İkinci qrup Qarabağ əlilidir: "1992-ci ildən komandir kimi tanımışam. Rahimlə həm də ailəvi dost olmuşuq. Həmişə zəng edəndə deyirdim ki, hardasan, deyərdi vətənə xidmət edirəm. Qorxmaz idi. O, əsl insan idi, həm də peşəkar hərbçi idi. Mən əsgər idim, o da polkovnik idi. O, rəhmətə gedəndə uşaqlarım mənə ağlaya-ağlaya zəng etmişdilər ki, "papa, Rahim əmiyə nə olub?" Hər şeyi onunla məsləhət edərdim qardaş kimi".

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu deyir ki, Rahim Azərbaycan Ordusunun mühəndis-istehkamçı qoşunlarının yaradıcılarından biri olub: "Batalyonun döyüşə hazırlıq səviyyəsinin gətirilməsində çox böyük xidmətləri var. Rahim ömrünü orduya həsr etmiş oğullardandır. Gözünü açıb təhsil aldıqdan sonra bütün həyatını orduya həsr edib. Azərbaycan ordusunun ən peşəkar hərbçilərindən idi. Müvəqqəti olaraq Bakıya gətirilmişdi. İnanın, burdan könüllü olaraq da geri döndü. Son gününə kimi cəbhə xəttində vətənə xidmət etdi. Xidməti vəzifəsini yerinə yetirərkən də həlak oldu. Allah rəhmət eləsin!"

Şəhidliyin Rahim Əliyev zirvəsi haqqında günlərlə, saatlarla danışmaq olar. Ömrü örnək olan qəhrəmanlar barədə nə yazsan, onun vətən sevgisi qarşısında acizdir. Rahim Əliyev də bir çox şəhidlərimiz kimi, ölümü ilə əbədilik qazandı. Çünki bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə əbədilik qazanırlar.

Ruhunuza dərin ehtiramla... (Apa.tv)

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi