Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6480

Digər sorğular

Prezident hərbi zavodu işə saldı - FOTOLAR -YENİLƏNİB

18:00  |    23 İyun 2017  |   E-mail  |  Çapa göndər

Şirvan şəhərində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev açılış mərasimində iştirak edib.

Müdafiə sənayesi naziri Yavər Camalov dövlət başçısına məlumat verib ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.

Dövlət başçısı zavodu işə salıb.

Bildirilib ki, bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Müəssisədə mexaniki emal, ştamplama, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, yığma, ümumilikdə, 7 istehsal sahəsi var. Məmulatın yaradılması və istehsalı üçün müasir standartlara cavab verən universal və xüsusi texnoloji avadanlıq - proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları İsveç, Almaniya, Türkiyə, Bolqarıstan, Serbiya, Sloveniya, Rusiya, İsrail və digər ölkələrin müvafiq qurumlarından alınıb.

Diqqətə çatdırılıb ki, zavodda məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün tələb olunan alət və tərtibatlar texnoloji əməliyyatlara uyğun hazırlanaraq tətbiq edilib. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 300 adda xüsusi və universal ölçü aləti, həmçinin tərtibatlar alınıb. Layihə üzrə nəzərdə tutulan 40 işçiyə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Müəssisənin illik istehsal gücü birnövbəli iş rejimində 15 min atəş yığımı təşkil edir.

Bu cür müəssisələrin yaradılması ölkəmizdə müdafiə sənayesinin inkişafı istiqamətində görülən tədbirlərə böyük töhfədir. Belə zavodların işə düşməsi Azərbaycanın müdafiə potensialını gücləndirir, ölkəmizdə istehsal edilən hərbi təyinatlı məhsulların çeşidini artırır. Eyni zamanda, bu sahədə ixrac imkanlarımızı da genişləndirir, xaricdən asılılığımızı aradan qaldırır.

Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşüb.
Dövlət başçısı görüşdə nitq söyləyib.

Sonra müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov çıxış ediblər.

Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxunub.

Prezident, Ali Baş Komandan ali hərbi rütbələrin vəsiqələrini və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təltif olunan hərbi qulluqçulara təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.

***

11:10

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlət başçısına raport verib.

Prezident İlham Əliyevə məlumat verilib ki, hərbi hissədəki yeni binaların inşasına 2012-ci ildə başlanıb və 2017-ci ilin mayında inşaat işləri başa çatdırılıb. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Binalar mərkəzləşdirilmiş mühəndis kommunikasiya, o cümlədən elektrik, su-kanalizasiya, havalandırma sistemləri, mebel və inventarlarla təchiz edilib. Ərazidə avtomobil parkı, atış şəhərciyi, qarovul məntəqəsi, anbarlar, müasir hamam-camaşırxana kompleksi də yaradılıb. Həmçinin hərbi hissədə 8 min kvadratmetr ərazidə sıra meydanı da var. Hərbi hissənin tədris bölməsində atəş, rabitə, taktiki hazırlıq, avtomobillərin idarə edilməsi, yol hərəkətinin təşkili və aşpazların hazırlanması sinifləri də hərbçilərin istifadəsinə verilib. Sinif otaqlarının hamısı zəruri inventar, o cümlədən əyani vəsaitlə təchiz olunub. Hərbi hissənin həyətində idman qurğuları da quraşdırılıb. Gələcəkdə burada dördmərtəbəli kazarmanın inşası planlaşdırılır.

Qərargah binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını əks etdirən fotostend yaradılıb. Binadakı brifinq və xidməti otaqlar zəruri inventarla təchiz olunub. Burada hərbçilərin yüksək səviyyədə xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb.

Dövlət başçısı əsgər kazarmasında da olub. Müasir səviyyədə yaradılan kazarmada əsgərlərin qalmaları və istirahət etmələri üçün bütün şərait var. Kazarmalar isti döşəmə, həmçinin kondisionerlə təchiz olunub. Kazarmada əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün də geniş imkanlar mövcuddur. Burada ideoloji və məişət otaqları, əmlak anbarı və bərbərxana da əsgərlərin ixtiyarına verilib. Bir sözlə, buradakı şərait Azərbaycan dövlətinin ordu quruculuğu, o cümlədən Daxili Qoşunların hərbçilərinin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımların ardıcıl xarakter aldığını göstərir. Bu, həm də onu göstərir ki, Azərbaycan əsgəri bu gün ən müasir hərbi hissələrdə xidmət keçir. Bu isə şübhəsiz ki, Ali Baş Komandanın diqqəti və qayğısı sayəsində mümkün olub.

Sonra dövlət başçısı Daxili Qoşunların hərbi silah-sursat və texnikası ilə tanış olub.

Prezident İlham Əliyev hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub. Burada əsgərlərin dolğun qidalanmaları üçün bütün zəruri şərait yaradılıb. Yeməkxanada eyni vaxtda 320 əsgər qidalana bilər. Yeməkxananın çörək, balıq, ət, tərəvəz, quru ərzaqlar və sinif otaqları da var.

Hərbi hissənin tibb məntəqəsi də müasir səviyyədədir. Burada hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün zəruri şərait yaradılıb. Məntəqədə palatalar, aptek, yeməkxana, sarğı və digər zəruri otaqlar var. Burada hərbi qulluqçulara fizioterapiya, stomatoloji və başqa tibbi xidmətlər göstəriləcək.
Hərbi hissənin ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

***
10:30

Prezident İlham Əliyev iyunun 23-də Şirvan şəhərinə səfərə gedib.

QAZİLER.AZ-ın Azərtac-a istinadən məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülmüş abadlıq işləri barədə prezident İlham Əliyevə məlumat verib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının kralını təbrik etdi
21.09.2019
Xələf Xələfov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
20.09.2019
Qənirə Paşayeva Əhməd Ağaoğlu ilə bağlı konfransda çıxış edib - VİDEO
20.09.2019
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub
19.09.2019
Dövlət Komitəsinin sədri almaniyalı diplomatlarla görüşüb