Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Ramiz Abutalıbov: “100 il öncə də xüsusi xidmət orqanları mühacirlər arasına təfriqə salırdı” - eksklüziv -FİLM

18:10  |    31 Mart 2017  |   E-mail  |  Çapa göndər

Uzun illər YUNESKO katibliyində çalışan diplomat, ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin əvəzsiz araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz bəy Abutalıbovla bu dəfə Moskvada görüşdük. Moskvada yaşayan tarixçi Eldar Abbasova bu görüşü təşkil etdiyi üçün təşəkkür borcumuz var. Hər söhbəti tarixin bir səhifəsini açan dəyərli Ramiz bəylə danışdıqlarımızın özətini təqdim edirik.

Öncə dəyərli ziyalımızın özkeçmişinə qısa baxış:

Ramiz Abutalıbov 1937-ci il oktyabrın 27-də Ordubadda dünyaya gəlib. Atası əslən Ordubaddan, anası Bakıdandır. İlk ali təhsilini Azərbaycan Dövlət Universitetinin Geologiya fakültəsində alıb. İndiki “İçəri şəhər” və “Sahil” metro-stansiyalarının tikintisində ixtisası üzrə çalışıb. Daha sonra Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsində işləyib. 1968-ci ildə təhsilini Moskvada – Ümumittifaq Xarici Ticarət Akademiyasında davam etdirib. Akademiyanı bitirdikdən sonra bir neçə ay SSRİ XİN-də çalışıb. 1971-ci ildə müsabiqə yolu ilə YUNESKO-da işə qəbul olunub. 1972-79 və 1985-93-cü illərdə qurumun katibliyində işləyib. Parisdə Ramiz bəy Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Fransaya sığınan siyasi mühacir ailələrinin üzvləri ilə tanış olub. Ömrünün böyük bir hissəsini Fransa arxivlərində AXC dönəminə, bütünlükdə Azərbaycana aid tarixi sənədlərin aşkarlanması, toplanmasına və çapına yönəldib.ərli ziyalımızın özkeçmişinə qısa baxış:

Ramiz Abutalıbovun birbaşa iştirakı ilə YUNESKO xətti ilə Avropa ölkələrində Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı saysız tədbirlər keçirilib, Azərbaycan xalılarının, qədim əlyazmalarının sərgiləri, Dövlət Mahnı və Rəqs Ansamblının konsertləri, Londonda “Azərbaycan memarlığı” sərgisi, Strasburqda Azərbaycanşünaslıq üzrə I Elmi Konfrans, Bakıda Şərq Xalıları üzrə I Beynəlxalq simpozium, Fransa modelyeri Riçard Neypierin “Formalar və obrazlar” adlı sərgisi təşkil olunub.

1993-cü ildə Parisdən qayıdan Ramiz Abutalıbov Azərbaycanın bir sıra tarixi abidələrinin, o sıradan “İçəri şəhər” tarixi-memarlıq qoruğunun YUNESKO xətti ilə qorunan “Dünya irsi”, Azərbaycan muğamının “Qeyri-maddi mədəni irs”, Azərbaycanın qədim əlyazmalarının “Dünyanın yaddaşı” siyahılarına daxil edilməsinə, eləcə də ustad xanəndə Alim Qasımovun kainatın ən gözəl səslərindən biri elan olunmasına ciddi dəstək verib.

Ramiz bəy bu gün də Azərbaycan tarixinin bilinməyən qatlarının açılması üçün çalışmalarını davam etdirir. Onun işgüzarlığının özü ayrıca bir nümunədir. Çox məşğul olmasına baxmayaraq bizə zaman ayırmasına hədsiz sevindik. Moskvanın mərkəzi səmtlərindən birində yerləşən İtalyan kafesində ondan dinlədiklərimiz yəqin uzun zaman yaddaşımızdan silinməyəcək...

Dəyərli aydınla söhbətə onun rəhbərliyi ilə çəkilən “Əbədi ezamiyyət” filmindən başlayırıq. “Heydər Əliyev” Fondunun maliyyəsi ilə çəkilən film 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin dünyanın yeni xəritəsini müəyyən edəcək Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin çox çətin fəaliyyəti haqqındadır.

- Ramiz bəy, təxminən 100 il öncə Azərbaycan aydınlarının yoxdan bir dövlət qurmaq üçün necə böyük əmək sərf etdiyini həyəcansız seyr etmək mümkün deyil. Film sizin uzun illər Avropa arxivlərindən üzə çıxardığınız sənədlər, faktlar əsasında hazırlanıb. Bu miqyassız əməyə görə təşəkkürlərimizi qəbul edin...



- Sağ olun. Azərbaycan dövlətinin tarixi qorunmalı və sənədləşdirilməlidir. Uzun illər Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi xalqdan gizlədiblər. Ona görə də araşdırmalı, üzə çıxarmalı çox məqamlar var. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ilk diplomatik missiyasını I Dünya Savaşının nəticələrinin müzakirə ediləcəyi və tərəflər arasında sülh sazişinin imzalanacağı Versal görüşünə göndərmişdi. Rus İmperiyasının çöküşündən sonra müstəqilliyini elan edən Rusiyanın keçmiş üç əyalətindən - Gürcüstandan, Ermənistandan, Dağıstandan da Paris Sülh Konfransına nümayəndə heyətləri getmişdi. 4 respublika dünya birliyinə müstəqilliklərini rəsmən tanıtmağa çalışırdı. Azərbaycanın diplomatik missiyasına Əlimərdan bəy Topçubaşi rəhbərlik edirdi. Uzun sürən müzakirələrdən sonra 1920-ci il yanvarın 12-də bu respublikaların müstəqillikləri de-fakto tanındı. Ancaq de-yure bu mümkün olmadı – işğalçı Qırmızı Ordu yazda Qafqaza yürüşə başladı, ərazi işğal, proses qırıldı. İşğaldan sonra Azərbaycanın diplomatik missiyasında çalışanlar, eləcə də təhsil almaq üçün Avropa ölkələrinə, Türkiyəyə göndərilən gənclər Azərbaycana qayıtmadılar. Çünki işğaldan sonra milli hökumət təmsilçilərinə qarşı sui-qəsdlər başlamışdı, onların vətəndə “gül-çiçəklə” qarşılanmayacağı dəqiq idi. Əlimərdan bəy Topçubaşi və milli hökumətin daha bir neçə üzvü işğaldan sonrakı həyatlarını Parisdə davam etdirdilər, ömürlərinin sonuna qədər Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün çalışdılar. Ona görə də biz filmin adını “Əbədi ezamiyyət” qoyduq.



Filmdə Azərbaycan siyasi mühacirəti, ümumiyyətlə dövlət müstəqilliyinin tanınması, daha sonra bərpası ilə bağlı indiyə qədər işıq üzü görməyən bir çox faktları cəmiyyətə çatdırıb. Bu layihəni 2016-cı ildə tamamlayan kimi, ADP Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşinin nəhəng arxivini üzə çıxardıq. İndi həmin arxivdəki sənədlərin, tarixi önəm daşıyan yazışmaların əsasında 4 cildlik üzərində işləyirik. Artıq iki cild çapdan çıxıb. Üçüncü cild bu ilin sentyabrında, dördüncüsü isə Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində - 2018-ci ilin yazında çap olunacaq.

- Nələr var bu arxivdə?

- Saysız yazışmalar, rəsmi sənədlər, notalar, şəxsi məktublar. Arxivi incələdikcə həmin dönəm göz önündə daya aydın canlanır. Bu sənədlərin əldə edilməsində və işlənməsində mənə gürcü-fransız əsilli dostum Georgi Mamulianın böyük yardımı olub. Onun Fransa arxivlərinə giriş imkanı var. Bu arxiv dövrü araşdıran mütəxəssislər üçün çox faydalı olacaq. Çünki orada elə faktlar ortaya çıxır ki, indiyə qədər onların çoxu tarixçilərə belə bəlli deyildi. Söhbət Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşinin və digər ADR hökuməti üzvlərinin şəxsi məktublarından gedir. Xaraktercə bunlar şəxsi məktublar sayıla bilər, ancaq Azərbaycan siyasi mühacirətinin hansı şərtlər altında yaşaması, düşüncələri, planları nəzəri ilə baxanda onlar unikal faktlardır.



- Ramiz bəy, bolşevik işğalından sonra Azərbaycan siyasi mühacirətinin daxilində əsas mübahisə mövzusu nə idi, parçalanmalar çox idimi? Bu gün də Avropada yaxın tarixdə siyasi fəaliyyətlə məşğul olan xeyli həmyerlimiz var. Bir hissəsi susqundur, çox az hissəsi uğursuzluqları haqqında obyektiv danışır, ciddi bir kəsim buradakı intriqaları orada davam etdirir. Bəs, 100 il öncə necə idi?

- Mühacirət, xüsusən siyasi mühacirət ağır, ağrılı prosesdir. Ölkən üçün, dövlətin üçün nələrsə etmək istəyirsən, ancaq şərtlər başqadır. Ötən əsrdəki siyasi mühacirətin üzdə olan şəxslərinin çoxu ömrünün sonuna qədər Sovet İmperiyasına qarşı mübarizə aparıb, Azərbaycanın dövlət müstəqilliyinin bərpası üçün çox çalışıb. Sözsüz, 100 il öncə mühacirət daha çətin idi. Çünki bu insanların özlərini, yaxınlarını, yardım üçün onlara müraciət edən həmvətənləri maddi cəhətdən təmin etmək problemi vardı. İndi Avropa siyasi mühacirləri yerləşdirir, minimum ehtiyaclar ödənir, qısa zamanda inteqrasiya üçün şərait yaradılır, üstəlik bugünkü Avropada iş imkanları genişdir. Bundan başqa, çağdaş dünyada kommunikasiya problemi yoxdur. Ötən əsrdə bu imkanların hansı var idi? Hansısa rəsmi quruma ünvanlanan bir məktuba aylarla, bəzən illərlə cavab gözləyirdilər. Elə şəxsi yazışmalara da... Bu baxımdan ötən əsrin mühacirləri çox çətin şərtlər altında yaşayıb, minimum imkanlardan yararlanmaq üçün çox böyük məhrumiyyətlərə dözüb. Gərginliklər, intriqalar da olub, yanlış anlaşılmalar da... Azərbaycanda münasibətləri yaxşı olmayan insanlar bu ədavəti Avropada da davam etdirib. Bu intriqaların əsasında ideoloji fərqlilik dayanır. Məsələn, Məhəmməd Əmin Rəsulzadə ilə Xosrov bəy Sultanov arasında hər zaman fikir ayrılığı olub. Xosrov bəy “İttihad”çı idi. Klerikal partiyanın üzvü kimi o, Məhəmməd Əmin bəyin dünyəvi dəyərlər sisteminə müxalif idi. Siyasi mühacirlər arasında gərginliklər yaşanmasında sovet xüsusi xidmət orqanlarının xüsusi “əməyi” vardı. Onlar yaranan təşkilatlara yol tapır, təfriqə salır, parçalanmalar yaradırdılar. Xüsusən ictimai vəzifələrin bölgüsü zamanı siyasi mühacirətin irəli sürdüyü şəxslərə qarşı kampaniyalar aparır, eyni vəzifəyə iddiası olanlara dəstək verməklə qarışıqlıq yaradırdılar. Onların “ovu” da təbii, şəxsi ambisiyaları güclü olan şəxslər olurdu. Ümumiyyətlə götürsən, deyə bilərik ki, siyasi mühacirət Azərbaycandakı münasibətləri Avropaya aparmışdı. Burada partiya mənsubiyyəti, ideoloji düşüncəsi fərqli olanlar Avropada da bir araya gələ bilmirdilər. Əlimərdən bəy Topçubaşinin arxivində dediklərimlə bağlı çoxsaylı faktlar var.

- Bu yaxınlarda sizin təşəbbüsünüzlə Fransada 3 məzar təmir edilib. Məzarlar kimindir?

- Film, 4 cildlik kimi bu təşəbbüs də “Heydər Əliyev” Fondunun maliyyəsi ilə həyata keçirildi. General Teymur bəy Novruzovun, Tatyana Hüseynova-Naxçıvanskayanın və Mariya Aliksandrovna Qacarın – o, Mirzəqulu Qacarın xanımıdır - məzarları Nitsadakı rus məzarlığında baxımsız qalmışdı. Bu məsələ məni çoxdan düşündürürdü. Təşəbbüs göstərdik, qısa zamanda həll olundu.

- Ramiz bəy, uzun illər Avropada yaşamısınız. Son illər daimi yaşayış üçün Moskvanı seçmisiniz. Avropa həyatı üçün darıxmırsınız?

- İldə bir dəfə gedirəm. İnternet məsafələri yaxınlaşdırıb. Günün çox hissəsini işləyirəm. Mənim üçün əsas işdir. 3-cü cildi tamamlamalıyıq. Yazışmaların çoxu əski əlifba ilə yazılıb. Dili çox çətindir. 100 il öncəki ana dilimizdə ərəb-fars sözləri çoxdur. Həmin sənədləri mütəxəssis köməyi olmaqdan oxumaq mümkün deyil. Bu işdə mənə Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutundan Arif Ramazanov və Şərqşünaslıq İnstitutundan Saleh Məhərrəmov yardım edir. Darıxmağa zaman qalmır.

Aygün Muradaxanlı, musavat.com
Moskva-Bakı
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
15.09.2019
Türmə nəzarətçiləri Vidadi Zeynalovun başına necə OYUN AÇIBLAR...
15.09.2019
Ən varlı azərbaycanlı "lotu"lar: "Lotu Quli" milyarder çıxdı (SİYAHI)
15.09.2019
Sabahın HAVA PROQNOZU
15.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib
15.09.2019
Bakının erməni-bolşevik işğalından azad olunmasından 101 il ötür